Cavidə böyük sevgiylə…

 

Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”.

Yeni işıq üzü görmüşHüseyn Cavid və Azərbaycan ədəbiyyatı” məqalələr toplusu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu sözləri ilə başlayır. Kiçikhəcmli bu topluda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Bakı Dövlət Universitetinin kitabxanaçılıq informasiya fakültəsinin birgə təşkil etdiyi, görkəmli mütəfəkkir, dahi şairdramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmişHüseyn Cavid və Azərbaycan ədəbiyyatı” mövzusunda məqalə müsabiqəsinin qaliblərinin yazıları öz əksini tapmışdır.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2010–cu il yanvar ayının 29–da təsis olunmuşdur. Birliyin məqsədi milli mədəniyyətimizi, adət–ənənələrimizi, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. BDU–nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Əlamdar Cabbarlının redaktorluğu ilə nəşr olunan məqalələr toplusu da birliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin məntiqi davamıdır.

Topluya daxil edilmiş yazıların müəllifləri, hələ bu gün tələbə həyatını yaşayan, yaradıcılıq sahəsində öz kövrək qələmlərini yeniyeni sınağa çəkən gənclərdir. Bu yazılar eyni mövzunu əhatə etsə də, müəlliflərin yanaşma üslub tərzi fərqlənir. Onları yaxınlaşdıran isə Cavid yaradıcılığına olan sevgidir.

Filologiya fakültəsinin tələbəsi Zübeydə Həşimova öz yazısında ədibin dramaturji fəaliyyətini əks etdirən əsərlərdəki xarakter xüsusiyyətlərə daha çox önəm verir, təhlillər apararaq belə bir qənaətə gəlir: “Cavid öz xalqı, vətəni, milləti üçün çox böyük əmək sərf etmişdir. O, bunu özünə səadət hesab edirdi. Bir daha ədəbiyyatımızda onun kimi bir dahi yetişməyəcək, çünki onun zirvəsi fətholunmazdır!!!”

Cavid yaradıcılığının üstünlüklərini, onu çağdaşlarından fərqləndirən cəhətləri göstərməyə çalışan jurnalistika fakültəsinin tələbəsi Səmra Əsgərzadə bu böyük sənətkarın ədəbiyyatımıza gətirdiyi yeniliklərdən bəhs edir, daha bir mühüm vəzifəni diqqətə çatdırır: “Sənətkara və sənətə həqiqi qiymətin verildiyi bir dövrdə bu mənəvi irsi araşdırmaq, təkcə Hüseyn Cavid sənətini incələmək çərçivəsində qalmayıb şeirin və şeiriyyətin, sənətin və sənətkarlığın sirlərini aydınlaşdırmaq kimi vacib vəzifə sayılmalıdır”.

Müsabiqənin digər bir qalibi kitabxanaçılıq informasiya fakültəsinin tələbəsi Könül Abdullayevanın yazısı isə öz orjinallığı ilə fərqənir. Yaddaşları təzələyərək tariximizin o qədər də uzaq olmayan bir məqamına toxunan müəllif Cavid Əfəndinin “Vətəninə qürbətdən dönüşünü” bədii ştrixlərlə təsvir edir, bu xeyirxah missiyanın təşkilatçısı ulu öndərimiz Heydər Əliyevin Cavidin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı gördüyü işlərin əhəmiyyətini əks etdirməyə çalışır. O, “Mən bu yazını nə üçün yazıram? “Sualına: “Məsələ hansısa bir yerə sahib olubolmamaqda deyil. Sadəcə Cavid Əfəndiyə olan sevgimi etiraf edəcəm. Əlbəttə, düşündüyüm və bacardığım tərzdə. Onu hər kəs ki sevir, bu sevginin nədən doğduğunu gözəl bilir. Bu sevginin mayasında onun vaxtilə haqsız olaraq tənqid edilən və bu gün maraqla oxunan, hər birimizə böyük həyat dərsi verən əsərləri dayanır…”—deyə cavab verir.

Topluya daxil edilmiş Günay Eyyubzadə, Ceyhun İsmayılzadə, Fəridə Abdıyeva və Aysel Həsənovanın yazılarında da Cavidə sevgi duyulur… Axı o özü də insanın ən ümdə vəzifəsini sevməkdə görürdü

 

Zümrüd Qurbanqızı

 

Respublika.- 2013.- 30 iyun.- S. 4.