“İnsan hüquqları” aylığına yekun vurulmuşdur

 

Azərbaycanda insan hüquqlarının müdafiəsi yeni və davamlı inkişaf mərhələsindədir

 

“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”

 

Heydər Əliyev.

 

Müstəqilliyinə yenidən qovuşmuş ölkəmizdə insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, uğurlu islahatların həyata keçirilməsi insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm təcrübə formalaşdırmışdır.

Hər bir sivil cəmiyyətin əsas əlamətini onun məhz qanunlar əsasında inkişafı təşkil edir. Cəmiyyət üzvləri arasında ictimai münasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən bu münasibətlərin hüquqi cəhətdən nizama salınmasına daim ehtiyac duyulur.

Azərbaycanda aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər və xalqımızın dövlətçilik ənənələri dayanır.

Son illərdə isə hüququn bütün sahələrini tənzimləyən normativ–hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının statusunu, fəaliyyət istiqamətlərini müəyyən etməklə hüquqi dövlət üçün demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə real imkanlar açmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007–ci il tarixli Sərəncamı ilə hər il iyunun 18–nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsinin təsdiqlənməsi isə bu sahəyə yeni imkanlar açmaqla, yeni yanaşma tərzi aşılamışdır.

Müstəqil dövlətimizin milli bayramlarından və əlamətdar günlərindən biri – “İnsan Hüquqları Günü” ölkəmizdə təntənəli şəkildə qeyd olunmaqla yanaşı, bizlər üçün, ümumiyyətlə insan hüquqlarının müdafiəsi ilə məşğul olan hər bir kəs üçün olduqca əziz və önəmli bir günə çevrilmişdir. Azərbaycan öz Milli İnsan Hüquqları gününü qeyd edən yeganə ölkədir.

Təqdirəlayiq haldır ki, belə bir günün dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə, ümumtanınmış insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir.

İnsan hüquqları gününün təsis edilməsi konstitusiyamızda təsbit edilmiş “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” müddəasının həyatda uğurla reallaşdığını bir daha təsdiqləmişdir.

Bu baxımdan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəldilmişdir.

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun Milli İnsan Hüquqları Günü” ərəfəsində mayın 18–dən iyunun 18–dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Yerli və mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də, vətəndaş cəmiyyəti üzvlərinə, QHT və KİV–lərə, icmalara, ümumilikdə isə hər kəsə bu ərəfədə tədbirlərin həyata keçirilməsi, insan hüquqlarına diqqətin bir qədər də artırılması, bu hüquqların təmini və təbliği məqsədini daşıyan çağırış edilir.

Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik–hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı və əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində praktik yanaşma ilə real icra olunur və təsdiqini tapır.

Mərkəzi icra hakimiyyəti orqanları – nazirliklər, komitələr və digər qurumlar tərəfindən bu əlamətdar gün ərəfəsində ölkəmizdə elan olunmuş “İnsan hüquqları aylığı” ilə bağlı insan hüquqlarına dair müxtəlif məzmunlu silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər planı təsdiqlənərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə təqdim olunmuş və həmin tədbirlərin icrasına başlanılmışdır. Görülmüş işlər barədə arayış isə aylığın yekununda həmin qurumlar tərəfindən Ombudsmana göndərilmişdir.

Hüquq–mühafizə orqanları, nazirliklər, komitələr tərəfindən aylıq çərçivəsində həyata keçirilən tədbirlər planı, demək olar ki, əhalinin bütün qruplarını əhatə etmiş və fəal iştirakları ilə yadda qalmışdır. Orta və ali təhsil ocaqlarında, uşaq evləri və internat müəssisələrində, konkret ailələrdə, müxtəlif dövlət qurumlarının, Silahlı Qüvvələrin Elmi–Tədris Mərkəzlərində, hüquq mühafizə orqanlarının Akademiyalarında, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində insan hüquqlarına dair seminarlar və treninqlər təşkil olunmuş, dövlət qurumlarının mətbu orqanları olan qəzet və jurnallarında insan hüquqlarını təbliğ edən məqalələr və yazılar dərc olunmuşdur.

Aylıq çərçivəsində insan hüquqlarına dair dövlət qurumlarının təşkil etdiyi tədbirlər isə “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”, “İnsan hüquqları ilə bağlı beynəlxalq–hüquqi aktlar”, “İnsan hüquq və azadlıqlarının Konstitusiya təminatı”, “Heydər Əliyev və insan hüquqları”, “İnsan hüquqları media müstəvisində”, “İnternet və insan hüquqları”, “Erməni təcavüzü, pozulan hüquqlarımız “, “Məişət zorakılığına qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım”, “Şəxsi hüquq və azadlıqlar”, “Müraciət hüququ”, “Sosial təminat hüququ”, “Təhsil hüququ”, “Erkən nikah”,”Əlillərin hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası”, “İnsan alverinə qarşı mübarizə” “Narkotik vasitələrdən asılılığı olan ailələrdə uşaq hüquqlarının müdafiəsi”, “Nikahın dövlət qeydiyyatının əhəmiyyəti”, “Uğurlu sabah naminə hüquqlarımızı öyrənək”, “Gender və insan hüquqları”, “Ordu, cəmiyyət və din”, “Sahibkarların hüquqlarının müdafiəsi”, “Azərbaycan dövlət siyasətində insan haqları”, “İnsan hüquqları mədəniyyət müstəvisində”, “İstehlakçıların hüquq və vəzifələri”, “Milli və etnik azlıqların, miqrantların hüquqları”, “Ətraf mühitin mühafizəsi sahəsində ölkə vətəndaşlarının hüquq və vəzifələri”, “Ətraf mühitin mühafizəsi – sağlamlığımıza təminatdır”, “Fövqəladə hallarda insan hüquq və azadlıqlarının müdafiəsi”, “Müasir Azərbaycan cəmiyyəti və dini münasibətlər”, “Gənc nəslin sağlam düşüncə və həyat tərzi”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”, “Məhkumların hüquq və vəzifələri”, “Vətəndaşların əmək hüquqları” və s. mövzularda olmaqla hüquqi maarifləndirmə məqsədini daşımışdır.

2006–cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011–ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (MFP) istər insan hüquqlarının müdafiəsi, istərsə də insan hüquqları sahəsində maarifləndirmə üçün yeni mərhələ açmaqla, icraçı qurumlar qarşısında yeni istiqamətlər və mühüm vəzifələr müəyyən etdiyindən, demək olar ki, bu sənəd dövlət qurumları üçün aylıq çərçivəsində tədbirlər planının hazırlanması və həyata keçirilməsi istiqamətində əsas mənbə olmuşdur.

Ümumilikdə Proqram mövcud prioritetlərə əsaslanaraq gələcəyə yönəlmişdir.

“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Aparatın əməkdaşlarının və Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən regional mərkəzlərin iştirakı ilə silsilə tədbirlər Bakı şəhərində və respublikanın rayonlarında davam etdirilmiş, yerlərdə təşkil olunmuş tədbirlərdə iştirak edilərək insan hüquqlarına dair müxtəlif mövzularda məruzələrlə çıxışlar edilmişdir.

“İnsan hüquqları aylığı” dövrünə təsadüf edən və MFP–nin icrası üzrə regionlarda keçirilən ictimai dinləmələr çərçivəsində hər bir rayonda əhalinin iştirakı ilə keçirilən tədbirlərin məqsədi yerlərdə məlumatlılıq səviyyəsinin artırılması, hüquqi maarifləndirmə, MFP–nin müddəalarının təbliği, əhalinin hüquq düşüncəsinin inkişaf etdirilməsi və hüquqi maarifləndirmə, mövcud çətinliklərin həlli olmuşdur.

Səfərlər çərçivəsində Müvəkkil əhalinin müxtəlif qrupları – uşaqlar, əlillər, qadınlar, ahıllar, milli və etnik azlıqlar, hərbi qulluqçular, məhkumlar və müxtəlif qapalı müəssisələrdə saxlanılan şəxslərlə görüşlər keçirmiş, onların vəziyyəti ilə maraqlanmış müraciətlərini qəbul etmişdir.

“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili əhali qruplarından biri kimi, hüquqlarının müdafiəsini daim diqqətdə saxladığı psixiatriya xəstəxanalarında müalicə olunan ruhi xəstələrlə də regionlarda görüşmüş, onların saxlandığı müəssisələrə ardıcıl baxışlar keçirmişdir.

İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Ombudsman və Aparatın əməkdaşları tərəfindən müvəqqəti saxlanma təcridxanalarında, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində baş çəkmələr həyata keçirilmiş, saxlanılan şəxslərlə görüşlər təşkil olunmuş, onlara ünvanlanan hüquqi maarifləndirmə işləri həyata keçirilmişdir.

Bunlarla yanaşı, regionlarda yerləşən orta ümumtəhsil məktəblərində müəllim və şagirdlərlə görüşlər təşkil olunmuş, Ombudsmanın Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Uşaq hüquqları üzrə pilləli tədris proqramı”nı uğurla başa vurmuş müəllim və şagirdlər sertifikatlarla təltif olunmuş, uşaqların hüquqlarını təbliğ edən təqdimatları nümayiş etdirilmişdir.

Belə ki, “Uşaq hüquqları üzrə pilləli tədris layihəsi” bu il respublikanın regionlarında, Gəncə, Mingəçevir, Quba, Qusar, Füzuli, İmişli, Lənkəran və Masallıda uğurla həyata keçirilmiş, növbəti tədris ilindən isə respublikanın regionlarında daha çox sayda orta ümumtəhsil məktəbləri əhatə olunacaqdır.

Fəaliyyətimizdə insan hüquqları təhsili də daim inkişaf etdirilən istiqamətlərdən olmuşdur. Belə ki, müxtəlif universitetlərlə əməkdaşlıq çərçivəsində aidiyyəti fakültələrin tələbələri Ombudsman Aparatında davamlı şəkildə istehsalat təcrübəsi keçir və bu sahədə bilik və bacarıqlara yiyələnirlər. Aylıq çərçivəsində də Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri Ombudsman Aparatında formalaşmış insan hüquqları təhsili şəbəkəsinə qoşulmuş və təşkil olunmuş treninqlərdə iştirak etmişlər.

Qeyd etmək istərdim ki, Müvəkkilin bu uğurlu təşəbbüsü əhaliyə pulsuz hüquqi yardım göstərilməsi və peşəkar hüquqşünasların yetişdirilməsi məqsədini daşımaqla öz müsbət nəticələrini verməkdədir. Belə ki, Ombudsmanın təşəbbüsü ilə YUNİSEF və qeyri–hökumət təşkilatları ilə əməkdaşlıqda yaradılmış “Uşaq Hüquqları Klinikası” artıq neçə ildir ki, uşaqların maraqları ilə bağlı istənilən məsələlərin həllində pulsuz hüquqi məsləhətlər verir və hüquqi yardım xidməti göstərir.

Regionlarda yerləşən “Gənclər evləri”, kolleclər və məktəblərdə bu mövzuda həyata keçirilən maarifləndirici tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Hüquqi maarifləndirmə işinin effektivliyi baxımdan müxtəlif özəklərdə, mütəmadi olaraq minlərlə insanının faydalandığı, Ahılların Resurs Mərkəzində qadınlara, ahıllara və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində isə müntəzəm fəaliyyət göstərən, insan hüquqları təhsilini nəzərdə tutan və hər il üçün tədris proqramı olan “Liderlik məktəbi”ndə insan hüquqları sahəsində məlumatlı gənclərin yetişdirilməsi işinə xüsusi diqqət yetirilmiş, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənməsinə və bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edən silsilə tədbirlər təşkil olunmuşdur.

Yeri gəlmişkən qeyd etməliyəm ki, əhalinin müxtəlif qruplarının vəziyyəti ilə maraqlanan Müvəkkil şəhid ailələrini də yaddan çıxarmır, mütəmadi onlara baş çəkir, bu ərəfədə onlarla silsilə görüşlər keçirmişdir.

Aylıq çərçivəsində həyata keçirilmiş və əsas məqsədi insanların hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşıyan tədbirlər zamanı Ombudsman Aparatının nəşrləri də geniş əhali kütləsi arasında yayılmışdır.

“İnsan hüquqları aylığı”na sayca on birinci olan, “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu” mövzusunda Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında və “18 iyun – Azərbaycanda Milli İnsan Hüquqları Günü”də təntənəli şəkildə yekun vuruldu.

Bu mötəbər toplantıda Avropa, Asiya və Amerikadan olan çoxsaylı qonaqlar – Ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edir və insan hüquqlarına dair mühüm mövzular müzakirə olunur.

Bu gün, həiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə insan hüquqları əhalinin kütləvi şəkildə iştirakının təmin edilməsi ilə ümumxalq hərəkatının tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən tədbirlər və islahatlar, idarəetmənin təkmilləşməsi insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına və öz hüquqlarının həyata keçirilməsi üçün qətiyyətli addım atmaları istiqamətində öz töhfəsini verməkdədir.

Bu baxımdan, ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə davamlı olaraq həyata keçirilən bütün tədbirlər, ardıcıl regional ictimai dinləmələr insan hüquqlarının təbliği, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq dövlət qurumları, QHT və KİV–lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin və uğurlu nəticələrin əldə olunmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına öz töhfəsini verir və insan hüquqları sahəsində Azərbaycan təcrübəsini daha da inkişaf etdirir. Bu sahədə ardıcıl sistemli iş icmaların, əhalinin bütün qruplarından, ölkənin bütün bölgələrindən insanların iştirakının, ictimai fəallığının artırılması ilə davam edir.

Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını da respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması əsas hədəfimiz kimi birgə əməkdaşlıqda insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verəcək.

Vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. Bu baxımdan da hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalı bu vərdişlərin yayılmasında səfərbər olmalıyıq.

Bunda hamımız maraqlıyıq və birgə çalışmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

 

Rəşid Rumzadə,

 

Azərbaycan Respublikası

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı

Hüquqi maarifləndirmə

sektorunun müdiri

 

Respublika.- 2013.- 23 iyun.- S. 3.