Zərərli vərdişlərə “YOX”

 

İyun ayının 20–21–də Masallı və Lənkəran rayonlarında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Müasir Gənclik və Sosial İctimai İnkişaf Birliyi Zərərli vərdişlərin törətdiyi sosial problemlər layihəsi çərçivəsində seminartreninq keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Müasir Gənclik və Sosial İctimai İnkişaf Birliyinin sədri Etibar Əsədov bildirmişdir ki, XXI əsrin ən qorxulu zərərli vərdişləri hesab olunan narkomanlıq, alkoqol düşkünlüyü, tütün, siqaret çəkmək sağlam həyat tərzi üçün təhlükəlidir, çünki sağalmaz xəstəliklər yaradır.

Çıxış edən ekspert, tibb elmləri namizədi dossent Şəhla Balayeva dünya səhiyyə təşkilatının yaydığı statistik rəqəmlərə toxunaraq dedi ki, siqaret çəkməkdən, narkotik maddə qəbulundan dünyada hər il 1 milyon insan dünyasını dəyişir. Bunların əksəriyyəti gənclərdir. Zərərli vərdişlər gənclərin həyatı üçün çox təhlükəli olduğundan uyğun maarifləndirmə işləri davam etdirilməlidir. Bu fikir digər ekspert, tibb işçisi Nazir Rufullayevin çıxışında da səslənmişdir.

Gənclər adından çıxış edən Məhəmməd Abasquluyev siqaret çəkənlər arasında qızların da çox olmasını həyəcanla tənqid etdi, onları gələcək nəsil üçün təhlükəli olan bu vərdişdən əl çəkməyə çağırdı.

Seminartreninqin iştirakçıları bu tipli tədbirlərin orta məktəblərdə də keçirilməsini xüsusi vurğuladılar.

 

Arzu ƏLİYEVA

 

Respublika.- 2013.- 25 iyun.- S. 8.