Sağlamlığa inam və təminatın ünvanı

 

Zaqatala şəhəri Faiq Əmirov küçəsi 65. Artıq dördüncü ildir ki, bu ünvan nəinki Zaqatalanın, həmçinin Balakən, Qax və Şəki rayonlarının vətəndaşlarına yaxşı tanışdır. Bura adları çəkilən rayonların birlikdə 430 min əhalisinin sağlamlığına möhkəm inam, eyni zamanda etibarlı təminat yaradan Zaqatala Müalicə Diaqnostika mərkəzidir. Yeddi şöbəsi ilə yanaşı, tranfizioloji, funksional diaqnostika kabinetləri, özünəməxsus apteki olan mərkəzdə yüksək peşəkarlıq qabiliyyəti olan bir–birindən qayğıkeş, səmimi, mehriban həkim və orta tibb işçiləri çalışır. Başqa sözlə, 226 işçisi olan mərkəzin 34 həkimi, 96 orta tibb işçisi bu şəfa ocağına üz tutanlara lazımi səviyyədə xidmət göstərmək üçün əllərindən gələni əsirgəmirlər. Səliqə–sahmanı, gözəlliklər diyarı Zaqatalaya xas olan təmizliyi, yaşıllığı ilə göz oxşayan diaqnostika mərkəzinin həyətindən başlanan xoş təəssüratlar sağlamlıq ocağına daxil olub, üz tutduğun hansısa bir şöbə və kabinetdəki ağxalatlı ömür keşikçiləri ilə ünsiyyətdə olanda, xəstəliyin barədə onlarla həmsöhbətə çevriləndə, ən müasir tibb avadanlıqlarında müayinədən keçəndə daha da zənginləşir.

Bizi isə insanlarda sağlamlığına möhkəm inam, etibarlı təminat yaradan ünvana gətirən hansısa bir xəstəliyimizlə əlaqədar müraciət etmək yox, müalicə diaqnostika mərkəzinin bu gün xidmət göstərdiyi rayonlardan eşitdiyimiz razılıqla dolu xoş xəbərlər, minnətdarlıq məktubları oldu.

Baş həkimi, tibb elmləri namizədi Nəriman Əfəndiyevi soraqladıq. Bir az əvvəl əməliyyata girdiyini bildirdilər və diaqnostika mərkəzinin məsul işçisi Gülnarə Ömərova ilə görüşməyi məsləhət gördülər. Gülnarə xanımla söhbətimiz elə maraqlı və zəngin alındı ki, əlavə şərhlərə müraciət etmədən yazmaq da olardı. Amma ağxalatlı ömür keşikçilərinin fəaliyyəti ilə əyani tanışlığı daha vacib bildik.

Müalicə diaqnostika mərkəzinin cərrahiyyə, anesteziologiya, reanimasiyaintensiv terapiya şöbələrindəki xidmətlərdən, həkim və orta tibb işçilərinin qayğıkeşliyindən daha çox razılıqlar eşitdik. Şöbə müdirləri Məmməd Məmmədovun, Nüşabə Şahməmmədovanın, İsgəndər İsgəndərovun, tibb bacıları Ülkər Şabanovanın, Pirdovuz Qədimovanın peşəkarlığı, qayğıkeşliyi sayəsində əməliyyatlar uğurlu olur, müayinə və müalicələr yaxşı səmərə verir.

Həmsöhbətimiz Gülnarə Ömərova müalicə diaqnostika mərkəzinin cərrahiyyə şöbəsinin fəaliyyətini xüsusi razılıqla qeyd etdi. Dedi ki, mərkəzdə ambulator müayinə və müalicələrlə yanaşı, cərrahi əməlliyyatlara da çox yer verilir. Cərrahiyyə sahəsində fəaliyyət göstərdiyi ötən dövrdə əldə etdiyi uğurların başlıca səbəbini burada peşəkar cərrahların çalışması, ən əsası isə diaqnostika mərkəzinin baş həkimi Nəriman Əfəndiyevin özünün cərrah kimi zəngin təcrübəyə, peşəkarlığa malik olması ilə izah etdi. Söhbətimizin bu məqamında Nəriman həkimin özü də gəlib çatdı. —Hər əməliyyatı uğurla qurtaranda, cərrah bıçağının xəstəyə yeni həyat bəxş etdiyini görəndə, sanki özümün də ömrünə yeni ömür bəxş olunur, – deyə növbəti sevincini də bizimlə bölüşdü. Əlavə edib dedi ki, mərkəzin bütün işçilərinin ürəyi bu amalla döyünür, hər hansı bir əməlliyyata elə hazırlıqdan başlayaraq nə qədər həyəcan keçirirlərsə, əməklərinin gözəl bəhrəsini görəndə o qədər sevinirlər. Həkim cərrahlar İlqar Rəhimovun, Məhərrəm Muradovun və başqalarının, şöbə müdiri Azər Salmanov olmaqla 5 həkimin, böyük tibb bacısı Sevinc Nəcəfovanın, Validə Əhmədovanın, Təranə Yaqubovanın, Alagöz Gülməmmədovanın, ümumiyyətlə 37 ortakiçik tibb işçilərinin fərəhini sözlə ifadə etmək çətindir. Nəriman həkim söhbətində onu da vurğuladı ki, uğurları nə qədər çox olsa da, bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmağın respublikanın bu gün sayılıb–seçilən, ürəklərdə böyük istək və hörmət qazanan həkim–cərrahlardan öyrənməyin, onların elmi məsləhət və tövsiyələrinə daim əməl etməyin rolu çox olur.

Müalicə diaqnostika mərkəzinə müraciət edənlər arasında böyrək xəstəliyinin, buya digər fəsadlarından əziyyət çəkənlər də çoxdur. Bu sahədə hemodializ şöbəsinin həkim və tibb işçilərinin üzərinə daha çox məsuliyyət düşür. Ən müasir tibbi aparat və avadanlıqlarla təchiz olunan şöbədə böyrək xəstəliyinin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılmışdır. Həkim–uroloq Rinat Dadaşovun bu sahədəki əməyindən xəstələr öz razılıqlarını söylədilər. O, həm xəstələrin müayinə və müalicəsində, həm də bu sahə üzrə aparılan cərrahi əməliyyatlarda əsl peşəkarlıq, həkimə xas olan yüksək qayğıkeşlik göstərir.

Dörd rayonu əhatə etməsinə baxmayaraq, Zaqatala Müalicə Diaqnostika Mərkəzinə respublikanın digər bölgələrindən də gələnlər, buradakı yüksək səviyyəli səhiyyə xidmətindən bəhrələnənlər onlarcadır. Mərkəzdə çalışan həkim və orta tibb işçilərinə olan inamın nəticəsidir ki, bu sağlamlıq ocağına müraciət edənlərin sayı ilbəil çoxalır. Təkcə 2012–ci ildə 14 min 645 xəstə sözügedən diaqnostika mərkəzinə müraciət etmişdir. Bu ilin ötən dövrünün göstəriciləri daha yüksəkdir. Ötən il ərzində 113 min 557 xəstə mərkəzin laboratoriya müayinəsindən keçmiş, 2050 xəstəyə qan və qanəvəzediciləri köçürülmüşdür. Fizioterapiya və bərpa şöbəsində 3150 xəstəyə fizioterapevtik prosedurlar göstərilmişdir. Bütün bunlar adı çəkilən ünvanda sağlamlığa inam və etibarlı təminat yaradılmasının bəhrəsi kimi dəyərləndirilir.

Müalicə diaqnostika mərkəzində səhiyyə maarifinin genişləndirilməsinə qaçqınlara, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə xidmət daim diqqət mərkəzində saxlanılır. Bir sözlə, haqqında söhbət açdığımız Zaqatala Müalicə Diaqnostika Mərkəzi ölkəmizdə səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün qarşıya qoyulan vəzifələrin layiqincə həyata keçirilməsi üçün yaradılan imkan və şəraitdən yetərincə bəhrələnir, Hippokrat andına sadiqliklərini əməli işləri ilə doğruldurlar.

 

Rasim AMANOV

 

Respublika.- 2013.- 26 iyun.- S. 8.