İSTEDADLI ALİM VƏ BÖYÜK İNSAN

 

FotoMüstəqil ölkəmizdə həyatını iqtisadiyyat elminin ən aktual problemlərinin tədqiqi ilə bağlayan insanlardan biri də Ağasəlim Kərim oğlu Ələsgərovdur. Onun haqqında yazılmış bu biblioqrafiya 1956–2013–cü illərdə nəşr edilmiş kitablarını, monoqrafiyalarını, məcmuələrdə və dövri mətbuatda dərc olunmuş əsərlərini, habelə bir sıra dövlət və hökumət tədbirlərində iştirakı barəsində məlumatları əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr sahəsində respublikada elm məktəblərinin yaradıcısı A.Ələsgərovun 85 yaşı tamam oldu.

O, 1928–ci il may ayının 22–də anadan olmuş və ömrünü əsasən iqtisadiyyat elminin tədqiqinə, yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmişdir.

A.Ələsgərov orta məktəbi bitirdikdən sonra 1946–cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna (hazırkı İqtisad Universiteti) daxil olmuş və 1950–ci ildə oranı müvəffəqiyyətlə bitirərək kənd təsərrüfatının iqtisadiyyatı üzrə ali ixtisasa yiyələnmişdir. Həmin il o, dövlət bölgüsünə əsasən Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında işə göndərilir. Burada 1953–cü ilədək iqtisadçı, baş iqtisadçı, mənzil–kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot–inventarizasiya idarəsinin rəhbəri vəzifələrində yüksək səviyyədə çalışır. Respublika direktiv orqanlarının təklifi ilə onu SSRİ Nazirlər Sovetinin qərarı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində yaradılmış siyasi iqtisad, fəlsəfə, marksizm–leninizm müəllimləri hazırlayan xüsusi məktəbə oxumağa göndərirlər. 1953–1954–cü illərdə o, buradakı siyasi iqtisad qrupunu müvəffəqiyyətlə bitirir və SSRİ ali məktəblərində həmin fəndən dərs demək hüququ (diplomu) alır.

Moskvadan qayıtdıqdan sonra A.Ələsgərov Azərbaycan Sənaye İnstitutunun siyasi iqtisad kafedrasında müəllimlik etməklə yanaşı Bakı Şəhər Soveti İcraiyyə Komitəsində də çalışır. Elmə olan böyük arzusunu nəzərə alaraq, Azərbaycan EA Rəyasət Heyəti onu yenidən Moskva şəhərinə SSRİ EA–nın İqtisadiyyat İnstitutunun aspiranturasına göndərir. 1958–ci ildə A.Ələsgərov ilk dəfə SSRİ–də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” (kolxozların timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilir.

A.Ələsgərov SSRİ–də iqtisad elminin flaqmanı olan bu institutun aparıcı aqrar alimlərinin diqqətini cəlb edir. SSRİ dağılana kimi A.Ələsgərov həmin institutun kollektivi ilə fəal əməkdaşlıq etmişdir. Təsadüfi deyildir ki, o, SSRİ EA–nın aqrar münasibətlər, dünya sosialist sistemi elmi şuralarına üzv seçilmişdir.

İqtisad elmləri namizədi diplomunu aldıqdan sonra Azərbaycan EA–nın iqtisadiyyat bölməsində kiçik elmi işçi vəzifəsinə təyin edilir. Az sonra Elmi Tədqiqat İqtisadiyyat İnstitutu təşkil edilir və 1958–1967–ci illərdə o, institutun elmi katibi işləyir. 1967–1974–cü illərdə isə A.Ələsgərov həmin institutun “Siyasi iqtisadın ümumi problemləri” şöbəsinə rəhbərlik etmişdir. 1961–ci ildə ona SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi adı verilir. İqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün 1968–ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda dissertasiya müdafiə edir. 1969–cu ildə professor elmi adına layiq görülür.

Direktiv orqanların təklifi ilə 1974–78–ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və siyasi iqtisad kafedrasının müdiri vəzifələrində işləyərək institutda elmi–tədqiqat işlərinin təşkili və yüksək ixtisaslı kadrların, ali təhsilli ixtisasçıların, elmlər namizədi və elmlər doktorlarının hazırlanması ilə məşğul olur. Bu işdə özünü yalnız müsbət cəhətdən göstərdiyi üçün Azərbaycan KP MK–nın qərarı ilə onun bilavasitə elmi–tədqiqat işləri ilə məşğul olmaq arzusunu nəzərə alaraq müsabiqə yolu ilə Azərbaycan EA–nın İqtisadiyyat İnstitutuna keçməsinə icazə vermiş və ötən dövr ərzində bu sahədə uğurla çalışmışdır. 1989–cu ildə A.Ələsgərov Azərbaycan EA–nın müxbir üzvü seçilir.

Onun iqtisad elminin bir sıra problemlərinin tədqiqi və respublikanın sosial–iqtisadi inkişafının öyrənilməsi sahəsində maraq dairəsi rəngarəng olmaqla çox genişdir və bu ölkənin tərəqqisindən irəli çıxan iqtisad elminə olan tələblərdən yaranmışdır.

1955–1956–cı illərdə A.Ələsgərov SSRİ EA–nın İqtisadiyyat İnstitutunda ölkənin ən məhşur nəzəriyyəçi və aqrarçı alimləri ilə birlikdə ilk dəfə iqtisadiyyat elmində kolxozlarda maya dəyəri kateqoriyasının obyektiv olaraq zəruriliyini və hesablanması üsulunun işlənməsinin mümkünlüyünü isbat etmişdir. O, 1957–ci ildə nəşr etdirdiyi “Kolxozlarda pambığın və taxılın maya dəyərinin hesablanması məsələləri” əsərində maya dəyərinin hesablanmasının elmi baxımdan iqtisadi əsasını və prinsiplərini göstərmişdir.

Problemin elmi baxımdan işlənib başa çatdırılmasından sonra hazırlanmış metodikanın tətbiqi ilə əlaqədar tədqiqatlar davam etdirilmiş və respublika kolxozlarında külli miqdarda ehtiyat mənbələri müəyyənləşdirilərək dövriyyəyə buraxılmışdır. Bununla əlaqədar müəllif tərəfindən daha bir sıra elmi əsərlər çap etdirilmişdir. Belə ki, 1960–cı ildə onun “Kolxozlarda pambığın maya dəyərinin aşağı salınması yolları”, 1963–cü ildə “Kənd təsərrüfatı məhsullarının maya dəyəri və onun aşağı salınması yolları” və başqa kitabları nəşr edilmişdir.

A.Ələsgərovun keçən əsrin 60–70–ci illərində diqqətini cəlb edən məsələlərdən biri də respublikamızda kənd təsərrüfatı istehsalının əsas sahəsi olan pambıqçılığın iqtisadi səmərəliliyinin yüksəldilməsi yollarının müəyyənləşdirilməsi idi. Bu problemlə əlaqədar alim pambığın dövlət alış qiymətlərinin qaydaya salınması, bu təsərrüfat sahəsində əmək məhsuldarlığının yüksəldilməsi, maya dəyərinin aşağı salınması və digər vacib məsələlərlə məşğul olmuşdur. Belə ki, “Azərbaycan SSR–də pambığın tədarük qiymətlərinin yaxşılaşdırılması məsələləri” adlı elmi əsaslandırılmış tövsiyə 1962–ci ildə Azərbaycan KP MK və Nazirlər Sovetinə təqdim edilmişdir. Həmin il Daşkənd şəhərində pambığın dövlət tədarükü qiymətlərinə həsr edilmiş ümumittifaq müşavirəsində bu məsələ yenidən əsaslandırılmış və SSRİ hökuməti tərəfindən nəzərə alınmışdır. 1963–cü ildə ilk dəfə respublikada nəşr edilmiş “Azərbaycan SSR–nin pambıqçılıq təsərrüfatlarında əmək məhsuldarlığının yüksəldilməsi yolları”na həsr edilmiş kollektiv monoqrafiyada “Canlı və əşyalaşmış əməyə qənaət və əmək məhsuldarlığı” adlı mürəkkəb fəsldə istehsal xərclərinin formalaşmasının anatomiyasını tədqiq edərək, ayrı–ayrı maddələr üzrə zəruri proporsiyaları gözləməklə onların səmərəli aşağı salınması yolları və bu prosesin əmək məhsuldarlığının yüksəldilməsinə təsiri səviyyəsinin mexanizmini vermişdir.

“Azərbaycan SSR iqtisadiyyatının çiçəklənməsi” kollektiv monoqrafiyada kənd təsərrüfatı bölməsini işləyərək, bu vacib sahədə baş vermiş müsbət kəmiyyət və keyfiyyət dəyişikliklərinin dinamikasını kompleks təhlil edərək həll edilməsinə çox böyük ehtiyac olan təxirəsalınmaz problemlərə diqqəti cəlb edir. Kənd təsərrüfatı sahəsinin maddi–texniki bazasına bu baxımdan yanaşaraq, onun iqtisadi potensialının zəifliyi, mənəvi və fiziki cəhətdən təzələnməyə böyük ehtiyac olduğunu xüsusi vurğulayaraq, ilk dəfə olaraq maddi–texniki bazanı kapital qoyuluşunun həcmi və quruluşu ilə əlaqələndirərək böyük disproporsiyaları üzə çıxarır. Meliorasiya və irriqasiya sahəsində respublikada köklü işlərin, yəni ilk növbədə yeni su kanallarının tikintisinə və istismarda olan obyektlərin yenidən qurulmasına, genişləndirilməsinə, şoranlaşmış və dövriyyədən çıxmış torpaqların tam istismara qaytarılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə təcili vəsait ayrılmasının zəruriliyindən ətraflı danışır.

Respublika ərazisində istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilib təkmilləşdirilməsi sahəsində konkret istiqamətlərin və yolların işlənməsilə bağlı 1970–1980–cı illərdə çox geniş tədqiqatlar aparmışdır. Bu mövzu üzrə ilk tədqiqatlarında “Kənd təsərrüfatı istehsalının səmərəli ixtisasaşdırılması məsələləri”, “Azərbaycan SSR–in Qərb zonasında kənd təsərrüfatının ixtisaslaşdırılması” və 1969–cu ildə nəşr edilmiş “Kənd tesərrüfatının ixtisaslaşdırılması və onun iqtisadi effektliyi” əsərlərində bu problemin metodoloji, metodik və konkret məsələləri kompleks işlənilmişdir. Ölkənin iqtisadçıları içərisində respublikanın təbii iqlim və iqtisadi potensialı baxımından dinamik tədqiqat apararaq, problemin iqtisadi mahiyyətini açıqlamış, onun iqtisadi inkişafının nəzəri və praktiki əhəmiyyətini göstərmiş və onları iqtisadi qanunların bilavasitə fəaliyyəti ilə əlaqələndirmişdir. Sonra iqtisadi ədəbiyyatda mövcud fikirləri ümumiləşdirərək, ixtisaslaşmanın amillərini elmi baxımdan əsaslandırmışdır. O, göstərmişdir ki, maddi nemətlər istehsalının bu sahəsinin ixtisaslaşdırılması üçün təbii iqlimin, müvafiq sənaye sahələrinin, nəqliyyatın zəruri növlərinin, əmək ehtiyatlarının, qiymət və digər amillərin nəzərə alınması mütləq vacibdir.

Sonra tədqiq etdiyi amillər, meyar və kompleks göstəricilər əsasında respublikada kənd təsərrüfatının ixtisaslaşdırılmasının mövcud vəziyyətini regionlar üzrə müəyyənləşdirərək, iqtisadi baxımdan qiymətləndirmiş, onun səmərəliləşdirilməsi yollarını vermişdir. Bu baxımdan “Azərbaycan kommunisti” jurnalında ardıcıl olaraq digər həmkarları ilə birlikdə bir sıra elmi məqalənin yazılıb çap etdirilməsi ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmiş və bu məqalələrdəki tövsiyələrdən respublikanın mərkəzi plan təşkilatı tərəfindən planlaşmada istifadə olunmuşdur. Kənd təsərrüfatı istehsalında hər bir regionun iqtisadi potensialını tam üzə çıxararaq, təsərrüfat dövriyyəsinə ixtisaslaşmanı təkmilləşdirmək yolu ilə cəlb edilməsinin effektliyi göstərilmişdir. Sonralar respublikada ixtisaslaşmanın dərinləşdirilməsi üçün əldə edilmiş nəticələrin xüsusi əhəmiyyət və rolu olmuşdur. Məlum olduğu kimi, 1979–cu il fevralın 22–də “Azərbaycan SSR–də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” Sov. İKP MK–nın və SSRİ Nazirlər Sovetinin qərarına əsasən respublikada sosial–iqtisadi sahədə köklü tədbirlər həyata keçirildi və yeni–yeni məsələlərin həllinə ehtiyac meydana çıxdı.

1980–ci illərdə ölkədə ərzaq probleminin həllinin qısa müddətdə təmin edilməsi tələbi respublikamız üçün də vacib idi. Bunun üçün seleksiya, toxumçuluq işlərinin yaxşılaşdırılması, gübrələrdən səmərəli istifadə edilməsi, əkinçilik sisteminin tətbiq olunması yolu ilə tarlaların məhsuldarlığının artırılması vəzifələrinin həlli qarşıya qoyulmuşdu. Heyvandarlıqda isə mal–qaranın çəkisinin çoxaldılması, tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin yetişdirilməsi, yem istehsalının xeyli artırılması və keyfiyyətinin yüksəldilməsinə digər məsələlərin həlli ilə yanaşı ehtiyat mənbələrin aşkar edilib öyrənilməsi də ön plana çəkilirdi. Bütün bunları əsas götürərək müəllif “Ərzaq proqramı və onun həyata keçirilməsi yolları” adlı nəşr edilmiş əsərdə respublikada ərzaq məhsullarına tələbatı müəyyənləşdirərək, ərzaq proqramının həyata keçirilməsi istiqamətlərini və yollarını tədqiq etmiş, aqrar–sənaye kompleksinin maddi–texniki bazasının inkişafının vacibliyini, kənd əhalisinin sosial–məişət həyat şəraitinin yaxşılaşdırılması probleminin həllinin üsullarını müəyyənləşdirmişdir.

Onun elmi fəaliyyətində Azərbaycan Respublikasının digər ölkələrlə nəqliyyat–iqtisadi əlaqələrinin təkmilləşdirilməsi məsələlərinin tədqiqi də mühüm yer tutur. Bu baxımdan onun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanıb nəşr edilmiş “Azərbaycan SSR–in respublikalararası nəqliyyat–iqtisadi əlaqələrinin təkmilləşdirilməsinin bəzi məsələləri” adlı kollektiv monoqrafiyanı göstərmək olar.

1990–cı illərdə müstəqillik bərpa edilmiş Azərbaycan Respublikasının bazar iqtisadiyyatı münasibətlərinə keçməsi ilə əlaqədar onun elmi fəaliyyəti bu vacib sahədə həyata keçirilir. Bu problemin müxtəlif məsələlərinə dair bir sıra elmi, nəzəri və praktiki əhəmiyyətli əsərlər yazıb çap etdirmişdir. Onlardan “Bazar iqtisadiyyatına keçidin aktual problemləri: nəzəri–metodoloji və sosial–iqtisadi aspeklər”, “Bazar münasibətlərinə keçid və Azərbaycanın iqtisadi inkişafının bəzi problemləri”, “Bazar münasibətlərinə keçid problemləri”, “Keçid dövrünün iqtisadiyyatı: inkişaf yolu”, “Müstəqil Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçid yollarında”, “Azərbaycan Respublikasının köklü milli iqtisadi inkişaf problemlərinin həlli yolları” və digər əsərləri göstərmək olar. Bazar iqtisadiyyatına keçidlə əlaqədar yazmış olduğu elmi əsərlərində bu prosesin meydana gəlməsinin labududlüyünün elmi əsaslarını, keçid dövrünün zəruriliyini, çoxukladlığın vacibliyini, yeni sistemə keçərkən üç mərhələnin qət edilməsinin vacibliyini və onların iqtisadi–sosial vəzifələrini çox konkret və aydın vermişdir.

Ümummilli liderimiz Heydər Əliyevin xalqın xahişi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bazar iqtisadiyyatı münasibətlərinə ağrısız və səmərəli keçməklə əlaqədar olan mürəkkəb və samballı məsələlərin köklü həllini və ölkənin iqtisadi tənəzzüldən çıxaraq inkişaf etdiyini nəşr olunduğu əsərlərində xüsusi olaraq göstərmiş və materialları nəinki respublikamızda, eləcə də Moskva Mərkəzi nəşriyyatlarında da çap edilmişdir.

90–cı illərdə Respublikamızın bazar iqtisadiyyatı münasibətlərinə keçməsi üçün onun irəli sürdüyü problemlərin həlli müvəffəqiyyətlə yüksək səviyyədə səmərəli həyata keçirilmişdir.

İqtisad elminin müxtəlif sahələrində geniş tədqiqat işləri aparmışdır. Son 20 ildə müstəqil Azərbaycan Respublikasının dünyanın müxtəlif ölkələri ilə xarici–iqtisadi əlaqələrinin tədqiqi ilə məşğul olmuşdur. Bu baxımdan “Azərbaycanın İran İslam Respublikası ilə xarici–iqtisadi əlaqələri”, “Müstəqil Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə xarici–iqtisadi əlaqələri və onun təkmilləşdirilməsi istiqamətləri”, “Ölkəmizin Orta Asiya Respublikaları ilə xarici–iqtisadi əlaqələrinin mövcud vəziyyəti və təkmilləşdirilməsi istiqamətləri” və eləcə də “Azərbaycanın Müstəqil Dövlətlər Birliyi və Avropa ölkələri (Böyük Britaniya, Almaniya Fransa, İtaliya) ilə xarici–iqtisadi əlaqələri və onun təkmilləşdirilməsi istiqamətləri”ni göstərmək olar.

Tədqiq edilmiş mövzulardan biri də “Azərbaycan Respublikasında azad ticarət zonalarının yaradılmasının zəruriliyi və gələcək inkişafı perspektivləri”dir. O, həmkarı iqtisad elmləri namizədi A.Həsənovla apardığı tədqiqatda əsaslandırmışdır ki, ölkədə azad iqtisadi zonaların yaradılması respublikamızın dünya bazarına çıxaraq beynəlxalq əmək bölgüsündə layiqli yer tutmasına, xarici investisiyaların respublikamıza cəlb edilməsinə, istehsalın səmərəli təşkilini təmin etməklə yeni texnika və texnologiyanın iqtisadiyyatın sahələrinə cəlb edilməsinə, əhalinin məşğulluğunun yaxşılaşdırılmasına və həyat səviyyəsinin yüksəldilməsinə təsir edə bilər. Müəllifin diqqətindən Müstəqil Azərbaycan və diaspor məsələsi də qaçmamışdır. O, bu məsələnin tədqiqi ilə də məşğul olmuşdur. Yuxarıda göstərilən problemləri tədqiq edərkən metodoloji, metodiki və praktiki məsələlərə bir sıra yeniliklər gətirməklə konkret təkliflər və tövsiyələri irəli sürmüşdür.

Deyilən sahədə aparılmış elmi–tədqiqat işlərindən fərqli olaraq problemin işlənilməsinin nəzəri tərəflərinin tədqiqinə üstünlük verməklə xarici–iqtisadi əlaqələrin elmi əsaslarını işləmiş və ilk dəfə xarici–iqtisadi əlaqələrin bazar iqtisadiyyatı münasibətləri şəraitində iqtisadi mahiyyətini, amillərini, iqtisadi meyarını müəyyənləşdirmiş və nəşr edilmiş elmi əsərlərdə vermişdir.

Onun bir sıra tədqiqatlarının yekunları keçmiş Milli Elmlər Akademiyasının və SSRİ EA–nın Rəyasət Heyətinin hesabatlarında sovet elminin mühüm nailiyyətləri kimi öz əksini tapmışdır.

Yubilyarın elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Ondan 36–da namizədlik dissertasiyasının elmi rəhbəri, 4–də isə doktorluq dissertasiyasının bilavasitə elmi məsləhətçisi kimi iştirak etmişdir. Yerdə qalan 38 nəfərin doktorluq və namizədlik dissertasiyalırının apponenti olmuşdur.

Hazırda namizədlik və doktorluq dissertasiyası üzərində çalışan 3 nəfərin elmi rəhbəri və 2 nəfərin isə elmi məsləhətçisidir. Yetirmələri bir sıra regionlarda çalışırlar. Uzun illər doktorluq dissertasiyasının müdafiəsi üzrə AMEA–nın İqtisadiyyat İnstitutunun ixtisaslaşmış şurasının sədr müavini vəzifəsində çalışmışdır.

Müəllifin əsərləri elmi ictimaiyyətə yaxşı tanışdır və 50 illik yaradıcılıq dövründə 229 elmi əsər, o cümlədən başqa müəlliflərlə birlikdə 36 monoqrafiya, kitabça və məqalələr toplusu nəşr etdirmiş, 8 elmi əsəri isə xarici ölkələrdə çap olunmuşdur. Onun tərəfindən bilavasitə redaktorluğu ilə xeyli elmi əsərlər nəşr edilmişdir. AMEA–nın “Xəbərləri” Humanitar və ictimai elmlər seriyası (İqtisadiyyat), “Audit” jurnalının redaktor müavini, beynəlxalq elmi və ictimai–siyasi “Obşestvo i Ekonomika” jurnalının redaksiya heyətinin üzvüdür və bu jurnalların səhifələrində elmi məqalələrlə çıxış edir.

Xarici ölkələrdə keçirilən qurultay və simpoziumlarda elmi məruzələrlə fəal iştirak etmiş, dəfələrlə respublikamızı xarici ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda təmsil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” 290 saylı 2 mart 1995–ci il fərmanına əsasən həmin Dövlət Komissiyanın üzvü, Azərbaycan Respublikasında “Dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 295 saylı 8 mart 1995–ci il fərmanına əsasən isə həmin komissiyanın üzvü seçilərək, bir sıra tədbirlərin hazırlanıb tətbiqində bilavasitə iştirak etmişdir. Müvafiq komissiyalarda kəndli (fermer) təsərrüfatının yaradılması və inkişaf etdirilməsinin iqtisadi mexanizmini Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda işləyən həmkarları ilə birlikdə hazırlayıb müvafiq təşkilatlara tətbiq edilmək üçün təhvil vermişdir.

Azərbaycan Respublikasında iqtisad elminin təşkili və inkişafında nailiyyətlərinin əldə olunmasında və xarici ölkələrdə alimlərimizin tanınmasında xidmətləri vardır. On illərdir ki, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda, yaxın və uzaq xarici ölkələrdə doğma Azərbaycanın iqtisad elminin nailiyyətlərini nümayiş etdirmiş və bu vacib işin əsas təşkilatçılarından olmuşdur. O, dəfələrlə xarici ölkələrdə olmuş və bu ölkələrdə keçirilən elmi forumlarda iqtisad elmini layiqincə təmsil etmişdir.

Onlarca elmi–nəzəri, elmi–praktiki konfransların respublikamızın müxtəlif bölgəsində təşkilatçısı olmuşdur. Keçmiş Ümumittifaq Bilik Cəmiyyətinin, eləcə də bir sıra respublikaların (cəmiyyətlərinin), Bolqarıstanın Fəxri fərmanları ilə təltif olunmuşdur.

“Əmək veteranı” və “V.İ. Leninin anadan olmasının 100 illiyi” medalları ilə təltif edilmiş, respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 1986–2005–ci illərdə ETT kompleks proqramının bir sıra bölmələrinin işlənməsində fəal iştirakına görə SSRİ Elmlər Akademiyasının, SSRİ Dövlət Plan Komitəsinin və SSRİ Dövlət Tikinti Komitəsinin birgə təşəkkürünə layiq görülmüşdür.

Hazırda respublikanın bazar iqtisadiyyatı münasibətləri şəraitində xarici–iqtisadi əlaqələr problemi və iqtisadi islahatların müvəffəqiyyətlə davam etdirilməsi məsələləri üzərində intensiv çalışır.

 

İsa Alıyev,

 

iqtisad elmləri doktoru,

professor

 

Respublika.- 2013.- 28 iyun.- S. 11.