Tarixi ədalətin bərpasına xidmət edən fərman

 

Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmana imza atdığı vaxtdan 15 il keçir. Bu fərmanın erməniləri və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.

Bu fərmanın işığında ictimaiyyət nümayəndələri ilə görüşüb, onların fikir və rəyini öyrəndik.

 

Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov:

– “Azərbaycanlıların soyqırımı” haqqında imzalanan prezident fərmanı tariximizin daha bir açılmamış səhifəsinə gur işıq saldı. Hər il martın 31–ni Azərbaycanlıların Soyqırımı günü kimi qeyd etməklə xəyalən tarixə, keçmişə qayıdır, baş verənləri yenidən ağlın süzgəcindən keçiririk.

XIX–XX əsrlərdə xalqımızın başına bir sıra faciələr gətirilib. Ermənilər tərəfindən dəfələrlə azərbaycanlılara qarşı soyqırımı törədilmiş — Bakı, Şamaxı, Quba qəzalarında, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə dinc əhali qılıncdan keçirilmiş, qadınlara, uşaqlara, qocalara belə rəhm edilməmişdir. Qarət və zorakılıqlarla müşayiət olunan soyqırımı zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə–yeksan edilmiş, adamların burun–qulaqları kəsilmiş, güllələnmiş, kütləvi qətillər törədilmişdir. Bu vəhşi aksiyalar zamanı Azərbaycana məxsus ərazilər zəbt edilmişdir.

Bu baxımdan 1918–ci ilin martında “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən Bakı Quberniyasının azərbaycanlılardan təmizlənməsini qarşısına məqsəd qoyan mənfur planı xüsusi qeyd etmək olar. Həmin günlərdə yalnız azərbaycanlı olduğu üçün minlərlə gənc sakin məhv edilmişdir. Evlərə od vurulmuş, milli memarlıq inciləri, məktəb, xəstəxana, məscid və digər abidələr dağıdılmış, Bakının böyük bir hissəsi xarabalığa çevrilmişdir.

Ermənilər zamanzaman bu mənfur niyyətlərini davam etdirmiş, xalqımıza qarşı soyqırımı, etnik təmizləmə siyasəti yürütmüşlər. Qorbaçov yenidənqurması” adlanan dövrdə bu məkrli hərəkətlər daha geniş vüsət aldı. 1988–ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk gündən Moskva əl altından erməni separatçılarını dəstəkləyir, bacardığı qədər onlara kömək göstərirdi. Hadisələrin başlanğıc mərhələsində Sumqayıtda əvvəlcədən düşünülüb hazırlanmış və xüsusi adamlar vasitəsilə həyata keçirilən “qırğın aksiyası” təşkil edib onun gedişində aparılan videofoto çəkilişlərini dünyaya yayan ermənilər mənfi azərbaycanlı obrazı da formalaşdırmağa çalışmışlar.

Bu yalaniftira dolu təbliğatın qarşısı 1993– ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alındı. Hazırda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Elə ona görədir ki, indi Azərbaycan hər səviyyədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib onların məxsus olduğu əsl qeyriinsani xislətini dünya ictimaiyyətinə çatdıra bilir.

 

Sumqayıt şəhərinin baş pediatrı, əməkdar həkim Xalidə Quliyeva:

Qonşuluğumuzda bərqərar olmuş bədnam ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımı və deportasiya siyasətini həyata keçiriblər. Ötən əsrin əvvəllərində, yəni 1905–1907–ci il birinci rus inqilabının yaratdığı tarixi şəraitdən istifadə edən ermənilər qədim Azərbaycan torpaqlarında soyqırım və təmizləmə prosesinə başlayaraq qısa bir zamanda minlərlə azərbaycanlını öldürdülər, on minlərlə soydaşımızı təhqir və işgəncə ilə yurd–yuvasından qovdular.

Ən dəhşətli olaylar isə 1918–ci ildə baş verdi. Martın 30–31–iaprel ayının ilk günlərində Bakıda 12 mindən artıq azərbaycanlı – qoca, uşaq, qadın öldürüldü.

Analoji hadisələr Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyandadaha ağır formada Şamaxıda təkrarlandı. Ümumilikdə bu hadisələrdə 30 minə yaxın yurddaşımız qətlə yetirildi.

Bu qanlı siyasət Sovet hakimiyyəti illərində də davam etdirildi. 1948–1953– illərdə artıq o zaman Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından 150 min soydaşımız deportasiya olundu.

1988–1992–ci illərdə ermənilər yenidən ən sonuncu azərbaycanlını da öz dədə–baba yurdundan didərgin saldılar. Və beləliklə ötən əsrin əvvəllərində əhalisinin 70 faizini azərbaycanlılar təşkil edən bugünkü Ermənistanda bir nəfər də olsun soydaşımız qalmadı.

Müasir mərhələdə azərbaycanlıların soyqırımı ilə bağlı baş vermiş hadisələri nəzərdən keçirərkən aydın görünür ki, xalqımız sovet hakimiyyəti illərində beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan ermənilərə qarşı kin–küdurəti, ədavəti yaddan çıxarmış, dəhşətli faciələr unudulmuşdur. Xalqımızın yaddaşından olmuşları silmək üçün 1918–ci ildə erməni və bolşeviklərin qırdığı azərbaycanlıların uyuduğu Çəmbərəkənd qəbiristanlığının yerində Dağüstü park salınmışdı. Xalqımızın ən böyük düşməni olan Şaumyanın heykəlləri ucaldılmış, onlarca küçə, kitabxana bu cəlladın adını daşımışdı. 1918–ci ilin qanlı mart hadisələrini əks etdirən bədii əsərlər, qəzetlər yandırılmış, tamamilə məhv edilmişdi.

Bəlkə də müasir mərhələdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baş verməsəydi indiki gənclərimiz erməni xislətindən, tarix boyu xalqımızın başına açdıqları dəhşətli faciələrdən xəbərsiz olacaqdı. O cəhətdən ulu öndərimiz Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı imzaladıqdan sonra bu sahədə böyük fəallıq hiss olunmaqdadır. Xalqımızın soyqırımı tarixinin öyrənilməsində bu fərmanın çox böyük əhəmiyyəti vardır. Fərmanda xalqımızın tarixində ilk dəfə olaraq ermənilər tərəfindən həmvətənlərimizin vəhşicəsinə qırılmasına, torpaqlarımızın işğalına siyasi qiymət verilmiş, alimlərimiz, ziyalılarımız qarşısında mühüm vəzifələr qoyulmuşdur. Məhz bu fərman işıq üzü gördükdən sonra hər il martın 31–i azərbaycanlıların soyqırımı günü kimi nəinki ölkəmizdə, soydaşlarımızın yaşadığı dünyanın hər nöqtəsində qeyd edilir.

 

 

Söhrab SƏFİYEV

 

Respublika.- 2013.- 31 mart.- S. 4.