XALQIN HƏKİM OĞLU

 

Onun qəfil ölümü çoxlarını sarsıtdı. Çingiz həkim neçə–neçə insanı namərd ölümün caynağından xilas etmişdi. 1 saylı klinik tibbi mərkəzin cərrahi reanimasiya şöbəsinin həkim reanimatoloqu kimi uzun illər insanların sağlamlığı keşiyində dayanmışdı.

Çingiz Həbib oğlu Nəbiyev 1960–cı il dekabrın 16–da Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1977–ci ildə 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş, Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində hərbi xidmətdə olmuşdu.

1982–ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş, 1989–cu ildə universiteti bitirmişdi.

1990–cı ildən əmək fəaliyyətinə başlayan Çingiz Nəbiyev tibb sahəsində müxtəlif vəzifələrdə çalışmış, qısa müddətdə tibb ocağının ictimaisiyasielmi həyatında fəal iştirak edən əməkdaşlardan biri kimi tanınmışdır.

Sonradan Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirən Çingiz Nəbiyev Azərbaycan tibb məsələlərinin nəzəri problemlərini araşdırmış, hüquqtibb sahələrində öz sözünü demişdir. O, tibb, fəlsəfə və hüquq elminin aktual məsələlərini əhatə edən çoxsaylı elmi məqalələrin müəllifi idi.

“Cinayətlə bağlı bəzi ziddiyyətlər və onların nəzəri həlli”, “Siyasi ölümün bir tarixi təcəssümü”, “Təfəkkür prosesinin rasional mahiyyəti”, “Hissi idrak prosesinin mahiyyəti haqqında”, “Azərbaycan xalqı dünya şöhrətli müdrik siyasi xadim Heydər Əliyev ideyalarının qüdrətinə inanır”, “Azərbaycanda demokratik xalq hakimiyyəti”, “Ölüm faktı və taktoloji duyum”, “Həyat təbii–elmi baxışların inkişafı kontekstində”, “Problema jizni i smerti”, “Azərbaycanda müstəqil dövlətçilik məsələsi”, “Siyasi ölüm problemi haqqında”, “Həyat ictimai psixologiyanın hadisəsi kimi” və s. məqalələrin, həmçinin “Qarabağ döyüşləri xatırlanır, yaxud Fikrət terrorun qarşısını necə aldı” adlı kitabın müəllifidir.

Çingiz Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyası “Fəlsəfə, SosiologiyaHüquqİnstitutunun doktorantı olmuş, “Həyat və ölüm arasında yaşantı: “Taktoloji duyumun fəlsəfi analizi” adlı dissertasiya işi müdafiəyə buraxılmışdır.

O, 20 ildən artıq bir müddətdə tibb sah

əsində dəyərli işlər görmüş, ictimaiyyət arasında böyük hörmət, nüfuz qazanmışdı. Onun bir həkim kimi uğurları doğma vətəninə və millətinə olan sevgisi ilə bağlı idi. Çingiz həkim işlədiyi 1 saylı klinik tibbi mərkəzin Reanimasiya şöbəsində yüzlərlə insanı ölümün pəncəsindən xilas etmişdi. O, həmçinin ölkənin ictimaisiyasi həyatında fəal iştirak etmişdir.

Çingiz bu dünyaya yaxşılıqlar etmək, insanları dərdlərdən, bəlalardan qorumaq üçün gəlmişdi. Bu bəşəri missiyanı yerinə yetirmək, hər bir xəstənin hayına–harayına çatmaq, onu xilas etmək üçün gecəli–gündüzlü çalışırdı. Onun yoxluğunu, əvəzsiz yerini, böyüklüyünü sanki indi duyub dərk edirik.

Dünyasını dəyişdiyi o üzüntülü anlarda yerinin açıqca göründüyünü nəinki öz tələbələrinə, öz həmkarlarına da valideynlik qayğısı göstərmiş olduğunu açıq–aşkar gördüm. Onda bildim ki, itkisindən sarsılan, ağrıyıb–acıyan təkcə mən, bacısı, qardaşı, övladı, həyat yoldaşı və əzizləri yox, bütün həyat verdiyi, ictimai həyatda onunla ünsiyyətdə olan insanlardır. İnsanın özündən sonra qoyub getdiyi, yaratdığı nə varsa, Allahın ona bəxş etdiyi istedadın nəticəsidir. Şəxsiyyət məhz öz fəaliyyəti nəticəsində yüksəlir və gələcək nəsillərə örnək olur. Yaxşı ki, Çingiz həkimin sənət yolunu qızı— Azərbaycan Tibb Universitetinin tələbəsi Gülçin davam etdirib yaşadacaqdır.

Bəli, mən Çingizin tərcümeyi–halı, ömür yolu haqqında məlumatları yada salsam da, nədənsə ürəyim sakit olmadı. Düşündüm ki, bu bir qədər rəsmi oldu, həm də Çingizin ölümü bizi necə silkələyibsə, hələ də ovuna bilmirik. Təbii ki, elə buna görə də yenidən ötənləri–keçənləri gözümün önündən keçirdim. Yadımdadır, Çingizgil, yəni Həbib əmimin uşaqları həmişə yay tətilində bizə —Gülablıya gələrdilər. Gülablı kəndinin saf havası, göz oxşayan mənzərəsi adamı heyran eləyirdi.

Bütün yayı Qarabağın bu dilbər guşəsində dincələn əmim uşaqları özləri ilə bir dünyalıq sevgi, sevinc, xatirə aparırdılar. Elə bil bütün bunlar yuxu imiş.

Erməni vəhşiliyi nəticəsində torpaqlarımız işğal edildi. Qaçqınlıq, köçkünlük dövrü başladı. Qardaşlarım, əmim oğlanları Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Beləcə dərd çəkə–çəkə, həyatın imtahanlarından keçə–keçə, doğmalarımızı itirə–itirə gəldik… Bu dünya belədir. Süleymana qalmayan dünya kimə qalıb ki! Çingizi də belə itirdik. Bu qəfil ölüm onun Qarabağı, doğma yerləri görmək arzusunu gözlərində qoydu. Təsəllimiz bircə odur ki, ondan xeyirxah əməllər, unudulmaz xatirələr yadigar qaldı. Gözəl insan, vəfalı dost, istedadlı həkim, böyük vətəndaş, Qarabağ sevdalısı Çingiz Həbib oğlunun yeri həmişə görünəcək.

 

 

Almara NƏBİYEVA,

BDU–nun elmi işçisi

 

Respublika.- 2013.- 31 mart.- S. 6.