SAHİBKARLIĞA
DİQQƏT DÖVLƏTİN PRİORİTET SAHƏSİDİR
Bu gün dövlət dəstəyi sayəsində respublikanın bölgələrində aqrar sahənin inkişaf etdirilməsində xeyli irəliləyiş əldə edilmişdir.
İmişli rayonunda da aqrar sahəyə dövlət qayğısı getdikcə gözəl bəhrələr verir. Həyata keçirilmiş islahatlar nəticəsində torpağın əsl sahibi olan insanlar həmişə olduğu kimi, bu ilk bahar günlərində yeni qüvvə və ruh yüksəkliyi ilə çalışırlar. Taxıl zəmilərində aqrotexniki tədbirlər uğurla davam etdirilir, heyvandarlar həmişəki kimi yenə də iş üstündədirlər, qışlama dövründə əldə edilmiş nəticələr müzakirə edilir, sahələrdə yem tədarükünə hazırlıq işləri gedir.
İmişlidə insanlar dədə–babadan maldarlıqla məşğul olmuş, bu torpaqlar tarix boyu qoyunçuluq üçün əlverişli ərazilər hesab olunmuşdur. İndi də belədir, imişlililər qoyunçuluqda ad qazanmışlar. Rayonun ucsuz–bucaqsız düzlərində qoyun–quzu sürülərinin sayı–hesabı yoxdur. Özü də burada yerli qoyunçuluğa daimi qayğı göstərilir, bu sahədə bir neçə iri sahibkarlıq təsərrüfatı, yüzlərlə fiziki şəxs fəaliyyət göstərir. Bunlardan biri də rayonun Cəfərli kəndində Yusif Rəhimovun başçılıq etdiyi fermer təsərrüfatıdır.
Təsərrüfat qısa zaman ərzində xeyli irəliləyişə nail olmuşdur, burada qoyunçuluq üçün əlverişli baza yaradılmışdır. Keçmiş kolxozlar ləğv edilərkən 200 başlıq heyvandarlıq ferması əmlak payı kimi götürülüb təmir edilmişdir. İndi fermada 250 baş qoyun bəslənilir, burada 30 nəfər işçi çalışır, onlar yaxşı əməkhaqqı alırlar. Bundan əlavə, təsərrüfatın 2003–cü ildə dövlət fondundan icarəyə götürülmüş 40 hektar, bələdiyyə fondundan alınmış 15 hektar torpağı vardır, bunların hamısı qoyunçuluğa yararlı sahələrdir. Ərazilərin xeyli hissəsi otlaq və biçənəklərdır. 10 hektarda yoncalıq salınmış, 8 hektarda xəsillik arpa əkilmişdir
Yusif Rəhimov deyir:
—Mən bu yerlərin ab–havasına yaxşı bələdəm, təsərrüfatımızın da bütün keçmiş və hazırkı fəaliyyəti mənim gözlərim qarşısındadır. Bizim təsərrüfatlar qoyunçuluqda həmişə nümunə, uzun illər boyu təcrübə məktəbi olmuşdur. Hələ ötən əsrin əllinci illərində burada məhsuldar qoyun cinsləri yetişdirilirdi, çoxaldılırdı və digər təsərrüfatlara verilirdi. Heyvandarlığın ənənəvi sahəsi olan qoyunçuluğu inkişaf etdirmək üçün təsərrüfatımız isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aqrar islahatların aparıldığı ilk illərdə yaradılmışdır.
Yaxşı bilirəm ki, qoyun çox bərəkətli heyvandır, artımlıdır. Amma gərək ona hər zaman yaxşı baxasan, yemini–suyunu bol eləyəsən. Son illərə qədər çətinliklərimiz vardı. Lakin ruhdan düşmədik, işləri yaxşılaşdırmaqdan ötrü xeyli tədbir görüldü. Qoyun sürülərinin qruplaşdırılmasını həyata keçirdik, çobanların iş və məişət şəraitini yaxşılaşdırmaqdan ötrü bir sıra yeniliklər yaratdıq. Bala alınması, yun tədarükü sahələrində nəzərdə tutduğumuz nəticələrə nail olmuşuq. Biz eyni zamanda damazlıq işini inkişaf etdirmək sahəsində xeyli tədbir həyata keçirmişik. Təsərrüfat növbəti illərdə yüksək keyfiyyətləri olan yerli damazlıq cinslərdən istifadə edəcək, kənardan damazlıq heyvan gətirməyə ehtiyac qalmayacaq. İndi çalışırıq ki, 100 qoyundan ən azı 100 bala alınsın. Bunun üçün sürülərdə ana qoyunların sayı çox olmalıdır. Bizim iqlim, su, torpaq və relyef şəraitində mələz heyvanlar yetişdirmək daha səmərəlidir. Sahibkarlara üzümü tutub deyirəm ki, bizim yerlərdə cins qoyunları cütləşdirməklə yaxşı sürü yetişdirmək mümkündür və lazımdır. Azərbaycan regionlarının sosial–iqtisadi inkişafına dair yeni Dövlət Proqramının tələblərinə uyğun olaraq 2015–ci ildə müəssisədə bəslənilən qoyunların sayını ikiqat artıracağıq. Bu məqsədə çatmaqdan ötrü konkret tədbirlər planı hazırlamışıq.
Yusif Rəhimov onu da qeyd etdi ki, ölkədə sahibkarlar üçün yaradılan şəffaf iqlim, mükəmməl iş şəraiti, kənd zəhmətkeşlərinin gərgin zəhmətinə verilən yüksək qiymət və göstərilən dəstək bizdə işləmək həvəsini qat–qat artırmışdır. Yaxın vaxtlarda isə təsərrüfatı daha da inkişaf etdirməkdən ötrü güzəştli kredit götürmək planlaşdırılır. Bunun üçün artıq xüsusi biznes–plan tərtib olunmuşdur.
Kənd adamları ölkə rəhbərliyinin
aqrar sahə qarşısında qoyduğu vəzifələrin mahiyyətini
yetərincə dərk edirlər, ona
görə də ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasında var qüvvə ilə
çalışırlar. Onlar bir daha əyani
şəkildə görürlər ki,
dövlətin rəhbəri kənd adamlarının əməlinə
necə böyük qiymət verir, onların işlərinin irəli getməsindən
ötrü necə böyük
qayğı və diqqət göstərir. Torpaq sahiblərinə, heyvandarlara
və aqrar sahənin digər sahələrində
çalışan insanların fəaliyyəti üçün normal
şərait yaradılır. Onlar da bundan ruhlanaraq
bu günlər yalnız yenilik
həvəsi ilə işləyirlər. Hər
şeydən görünür ki, onlar dövlətin və
onun başçısının müəyyən
etdiyi vəzifələrə cavab olaraq öz
sözlərini daha böyük
əzmkarlıqla deyəcək, Vətəni əmək
nailiyyətləri ilə sevindirəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 29 mart.- S. 4.