Zamanın seçdiyi şəxsiyyət

 

Müstəqil Azərbaycan dövləti bu gün dünyanın ən uğurlu ölkələri sırasındadır. Respublikanın iqtisadiyyatı sürətlə və dinamik inkişaf edir, sosial sfera dövrün tələblərinə uyğun qurulur.

Paytaxtımızın və regionların, ildən–ilə dəyişib yeniləşən mənzərələri ölkəmizin böyük maliyyə imkanlarından xəbər verir. Ölkə həyatının müxtəlif sahələrini əhatə edən yeni möhtəşəm quruculuq proqramları həyata keçirilir, insanların rifahı, güzəranı ilə bağlı məsələlər ardıcıl şəkildə həll olunur. Bir sözlə, Azərbaycan geniş tərəqqi və müasirləşmə yolunda inamla irəliləyir. Bu inkişaf yolu və Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi, zəmanəmizin fenomenal qabiliyyətə malik bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013– il tarixdə sərəncam imzalanmışdır. Sərəncamda deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi, Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzangörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Xalqımızın ümummilli lideri Heydər Əliyevə böyük ehtiramsonsuz məhəbbətinin ifadəsi kimi son bir neçə ildir may ayının birinci ongünlüyü ölkəmizdə gül bayramı kimi qeyd olunur. Bu sevgi və ehtiramın ifadəsi olaraq insanlar bu günlərdə ümummilli liderin xatirəsini ehtiramla yad edir, məzarı və büstü önünə gül dəstələri qoyurlar. Dövlət başçımızın “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq Bakıda və bölgələrdə keçirilən silsilə tədbirlər dahi şəxsiyyətin Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərinin, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələrinin bir daha təhlili, gələcək nəsillərə çatdırılması üçün əhəmiyyətlidir. “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsi ulu öndərin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir.

Azərbaycanın müstəqillik yolunda hansı çətinliklərdən keçdiyi barədə tarixin vərəqlənməsinə, hər bir səhifənin təhlil olunmasına böyük ehtiyac duyulur. Böyük öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi, tarixin hər bir səhifəsi bizim üçün əziz olmalıdır. Tarixin parlaq səhifələri kimi, faciəli səhifələri də vardır. Müstəqilliyimizin ilk illərində yaşanan durum Azərbaycan adlı dövləti dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş qarşıdurmasının dərinləşməsi kimi bir faciə ilə üz–üzə qoymuşdur. 1993– ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı bu bəladan xilas etməklə yanaşı, bugünkü inkişaf, tərəqqi yolunda irəliləyən Azərbaycanın təməlini qoymuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti xalqımızın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Böyük öndərin həyat və fəaliyyətinə qısa bir ekskurs edək. Çünki bu tarixi bilmək hər kəs üçün vacibdir. Heydər Əliyev 1941–ci ildən Naxçıvan MSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944– ildə dövlət təhlükəsizliyi orqalarında işə göndərilib. 1967–ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəlib. Tarixə nəzər salsaq, görərik ki, Sovetlər Birliyi dövründə İttifaq respublikalarında təhlükəsizlik orqanlarına rəhbərlik edənlər başqa millətdən olmuşdur. Yeganə azərbaycanlıdır ki, Heydər Əliyev respublikamızda Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmişdir. İki il sonra böyük şəxsiyyət Azərbaycan KP MK–nın 1969–cu il iyul plenumunda Azərbaycan KP MK–nın birinci katibi seçilmişdir. O vaxt Azərbaycan İttifaqda ən geridə qalmış respublika olmuşdur. Dahi şəxsiyyət hakimiyyətə gələn kimi Azərbaycanın sosialiqtisadi inkişafına diqqət yetirmiş, sənayenin, kənd təsərrüfatının inkişafına səy göstərmişdir.

Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən Azərbaycanda sənayenin strukturunun təkmilləşməsinə dair çox mühüm qərarlar qəbul edilmişdir. Nəticədə sənayenin yeni sahələri yaradılmış, istehsalın madditexniki bazası yüksəlmişdir. Azərbaycan 1976–1980–ci illərdə sənayedə məhsul istehsalının artımına görə İttifaqda birinci yerə çıxmışdır. Böyük rəhbər Azərbaycan iqtisadiyyatının madditexniki bazasının möhkəmləndirilməsi, sənaye sahələrinin, istehsal obyektlərinin istifadəyə verilməsi məqsədilə keyfiyyətli investisiya strategiyasını hazırlamış və onun uğurlu həllinə nail olmuşdur. Ulu öndərin gündəlik qayğısı və səyi nəticəsində respublikada kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə demək olar ki, yenidən qurulmuşdur. O, həm də elm, təhsil, mədəniyyət və incəsənətimizə böyük diqqət və qayğı göstərmişdir. Məsələn, SSRİ–nin ən nüfuzlu ali hərbi məktəblərinə hər il 800 nəfərdən artıq azərbaycanlı gənc təhsilə göndərilmişdir. Bu böyük dövlət adamı sovet hökumətinin ən möhtəşəm nəzərə çarpdığı 70–ci illərin sonlarında yalnız bir neçə nəfərin görə biləcəyi nadir uzaqgörənliklə İttifaqın içəridən dağılacağını görüb, müstəqil Azərbaycana milli zabit kadrların necə vacib olduğunu bilmişdir. Elə bu səbəbdən də Bakıda C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmuşdur. Azərbaycançılıq, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək böyük siyasətçinin ən ümdə amalı olmuşdur. O dövrün statistik məlumatlarına görə, SSRİ–də yalnız iki respublika mənfəətlə işləyirdisə, onlardan biri də Azərbaycan idi.

İllər ötdükcə Heydər Əliyevin siyasi nüfuzu, dövlətçilik təcrübəsi, diplomatik bacarığı, şöhrəti respublika hüdudlarını aşıb beynəlxalq aləmə yayılmışdır. 1976–cı ildə Heydər Əliyev MK–nın Siyasi Bürosu üzvlüyünə namizəd, 1982–ci ildə isə Siyasi Büro üzvü seçilmiş, daha sonra Nazirlər Soveti sədrinin 1–ci müavini vəzifəsinə irəli sürülmüşdür. SSRİ kimi bir nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmaq Heydər Əliyev potensialına, idarəçilik qabiliyyətinə və fəaliyyətinə verilən yüksək qiymət idi.

M.Qorbaçovonun ətrafındakı erməni mafiyası 1985–ci ildə hakimiyyətə gəldikdən sonra öz məkrli məqsədlərini həyata keçirmək yolunda Heydər Əliyevi əsas maneə bilirdilər. 1987–ci ildə xəstəlik bəhanə edilərək böyük dövlət xadimi tutduğu vəzifələrdən uzaqlaşdırılmışdır.

1993– ilin yayında öz tarixinin ən faciəli günlərini yaşayan Azərbaycan xalqı hamılıqla özünün yeganə pənahına üz tutmuşdur. Daxildə vətəndaş müharibəsi təhlükəsi yaranmış, torpaqlarımızın erməni quldurları tərəfindən işğal olunduğu bir vaxtda xalqımız öz nicatını Heydər Əliyevdə görmüşdür. Dahi şəxsiyyətin böyük siyasətə, dövlət sükanı arxasına ikinci qayıdışı beləcə başlamışdır. Bununla da Heydər Əliyev Azərbaycanı Azərbaycan xalqına qaytarmışdır. Bu müdrik dövlət xadimi on il müstəqil Azərbaycana uğurla rəhbərlik etmişdir.

Təsadüfi deyildir ki, 1993– ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin gördüyü işlər onun 1969–1982–ci illərdə gördüyü işlərin davamı kimi dəyərləndirilir. Böyük siyasətçi xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarmışdır.

1994– ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını və sonrakı inkişafın bünövrəsini qoymuşdur. Bu gün Azərbaycanın qeyrineft sektorunun inkişafı sahəsində qazandığı uğurlar da məhz neft siyasətinin məntiqi nəticəsi kimi qeyd olunur.

Bu gün ümummilli liderin əsasını qoyduğu siyasət bütün istiqamətlərdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ölkəmiz dünyanın sayılıb–seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Artıq dünyanın ən aparıcı dövlətləri Azərbaycanla hesablaşır və respublikamızla bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bu gün Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bütün bunlar Heydər Əliyev siyasətinin qələbəsi, uğurlarımızın davamlılığı, Heydər Əliyev ideyalarının təntənəsidir.

Müasir Azərbaycan dövlətinin banisi olan böyük öndər Heydər Əliyev ölkəmizin dönməz və davamlı inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanmışdır. Zəmanəmizin ən görkəmli siyasi xadimi öz uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə ümummilli liderə çevrilmişdir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor.

 

Respublika.-2013.-15 may.-S.8.