Ürəklərdə yaşayan ulu rəhbər

 

Müstəqil Azərbaycan dövlətinin memarı, dahi rəhbərimiz Heydər Əliyev cəmiyyətin bütün sahələrində olduğu kimi ölkənin su təsərrüfatı və meliorasiya sahəsində də mühüm islahatlar apararaq bu sistemin formalaşmasına və inkişafına nail olmuşdur.

Keçən əsrin 60–cı illərində Azərbaycan o zamankı SSRİ–nin geridə qalmış aqrar ölkələrindən biri idi. 1969–cu il iyulun 14–də Heydər Əliyev dövlət başçısı seçiləndən sonra vəziyyət tamamilə dəyişdi. Heydər Əliyev kadrların hazırlığına, onların yerləşdirilməsinə xüsusi diqqət verdi. Kür, Araz və Tərtər çayları üzərində böyük su anbarları — su elektrik stansiyaları tikildi, kanallar çəkildi, subartezian quyuları qazıldı, içməli və əkin suyu ilə təminat xeyli yaxşılaşdırıldı.

Təkcə Tərtər bölgəsində 420–dən artıq subartezian quyusu istismara verildi, susuzluqdan yanan torpaqlar cana gəldi. 12–15 sentner məhsul verən sahələrdə 30–35 sentner pambıq yetişdirildi, digər əkinlərin də məhsuldarlığı rekord səviyyəyə qaldırıldı.

Ötən əsrin 70–ci illərində Azərbaycanın sürətli inkişafını yaxşı xatırlayıram. 1972–ci ilin yayında unudulmaz rəhbər Tərtərə gəlmişdi. Onun çox işgüzar söhbət və görüşləri rayon əməkçilərində böyük ruh yüksəkliyi, əmək coşqunluğu yaratdı. O vaxtadək respublikanın ən kiçik və kasıb rayonlarında olan Tərtərin iqtisadiyyatı dirçəldi və inkişafa qədəm qoydu.

Fəxr edirəm ki, rayonun ozamankı inkişafında mənim də azçox iştirakım olub. 1974– ildə Azərbaycan Dövlət Neft Akademiyasını (o vaxtkı Az. NKİ) bitirib Tərtər Rayon Subartezian Quyularının İstismarı İdarəsində elektrik montyoru kimi əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrə irəli çəkilmişəm. 2004– ildə mənə etimad göstərildi və idarəyə rəis təyin edildim. Fəaliyyətimi yüksək qiymətləndirən Yeni Azərbaycan Partiyası və rayon icra hakimiyyəti məni fəxri fərmanlarla təltif ediblər. Onu da qeyd edim ki, 1993– ildən YAP–ın üzvüyəm, partiyanın rayon təşkilatının yaradıcılarından biriyəm.

Ulu öndər Tərtərdə səfərdə olarkən demişdir ki, “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi və əməksevər insanların yaşadığı bir diyardır”.

Bu məşhur sözlər Tərtər şəhərinin baş meydanında ulu öndərin əzəmətli portreti olan pannoda əks olunmuşdur. Bu sözlər hər bir tərtərlinin qəlbində xoş duyğular oyadır. Biz ulu öndərin parlaq xatirəsini əziz tutur, böyük ehtiram bəsəlyirik. Rayonun ən gözəl və böyük prospekti ulu öndərin adını daşıyır. Təzə tikilmiş Heydər Əliyev Mərkəzi ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən zəngin fotoeksponatlara malikdir, rayon sakinləri və məktəblilərin ən çox baş çəkdikləri məkandır.

Dahi rəhbərin 90 illik yubileyi ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hələ fevral ayında imzaladığı sərəncama əsasən geniş tədbirlər planı hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Burada ən müxtəlif tədbirlər öz əksini tapmışdır. Mart ayından başlayaraq demək olar ki, hər gün rayonda yubileylə bağlı tədbir keçirilib.

 

 

Rüfət QASIMOV,

Tərtər Rayon Subartezian

Quyularının İstismarı İdarəsinin rəisi.

 

Respublika.-2013.-15 may.-S.9.