Güclü iqtisadiyyatın formalaşdırılmasında alimin yeri və rolu

 

Azərbaycan elmi ictimaiyyəti iqtisad elminin görkəmli şəxsiyyətlərindən biri, aqrar iqtisad məktəbinin formalaşmasında xüsusi əməyi olmuş Əhməd Əkbər oğlu Mahmudovun 90 illiyinə hazırlaşır. Ölkə iqtisadiyyatının inkişafında, iqtisad elminin zənginləşməsində, iqtisadçı kadrların hazırlanmasında AMEA–nın iqtisadiyyat üzrə ilk akademiki Əhməd Mahmudovun əvəzsiz xidmətləri olmuşdur.

Sosialist təsərrüfatçılıq sistemi ilə idarə olunan Azərbaycan iqtisadiyyatı ötən əsrin 70–ci illərinə qədər getdikcə tənəzzülə uğramış, elmin istehsalatdan ayrı mühitdə fəaliyyəti artıq reallığa çevrilmişdi. 1969–cu ildə Azərbaycan KP MK–nın iyul plenumunda ulu öndər Heydər Əliyevin birinci katib seçilməsi ölkə həyatında ciddi, pozitiv dəyişikliklərin əsasını qoydu.

Məhz ümummilli liderimizin təkzibedilməz, inandırıcı arqumentləri, prinsipiallığı, inadkarlığı sayəsində 1970–ci ildə Sov. İKP MK–nın və SSRİ Nazirlər Sovetinin 23 iyul tarixli “Azərbaycan SSR–də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarı qəbul olundu. Azərbaycan KP MK–nın avqust plenumu bu qərar əsasında aqrar– sənaye kompleksinin mövcud durumuna real qiymət verməklə inkişafın konseptual istiqamətlərini müəyyənləşdirdi. Bu zaman qarşıya qoyulan mühüm məsələlərdən biri aqrar sahəyə prioritetlik verilməsi və onun inkişafının elmi cəhətdən əsaslandırılmış təməl üzərinə keçirilməsi mühüm məqsəd kimi ölkə alimlərinin üzərinə düşmüşdü.

Həmin dövrü səciyyələndirən ölkə Prezidenti cənab İlham Əliyev qeyd edir: “Bütün dövrlərdə – 1970–ci illərdə, ondan sonra, 1990–cı illərdə Heydər Əliyevin elmə diqqət və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir”.

İqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı da bu illərdə təmərküzləşmə və regional ixtisaslaşma nəticəsində görünməmiş inkişaf tempinə çatmış və nəticədə pambıqçılıq, üzümçülük, meyvəçilik kimi ixracyönümlü sahələrdə məhsul istehsalı 3–4 dəfə, digər sahələrdə, məsələn, taxılçılıqda, heyvandarlıqda, quşçuluqda məhsul istehsalı isə ən azı 2 dəfə artmışdı. Azərbaycan kəndinin sosial siması dəyişmiş, xüsusən kənd əhalisinin gəlirlilik səviyyəsi respublikanı İttifaq miqyasında öncül mövqeyə çıxara bilmişdi. Bu nəticələrin əldə olunmasında Əhməd Mahmudovun rəhbərlik etdiyi Azərbaycan aqrar iqtisad məktəbinin böyük əməyi olmuşdur.

Biz görkəmli alimin elmi əsərlərinin xronologiyasına diqqətlə nəzər yetirsək, ölkə iqtisadiyyatının əsas tərkib hissəsi olan aqrar iqtisadiyyatın problem məsələlərinin, o cümlədən: torpaq münasibətləri, sudan istifadə, əməyin təşkili, mütərəqqi texnologiyaların tətbiqi, kooperasiya və inteqrasiya məsələləri, maliyyə, maddi–texniki təchizat, istehsalın intensivləşdirilməsi, ərzaq təminatı və ən nəhayət, iqtisadi səmərəliliyin yüksəldilməsi mövzularının üstünlük təşkil etdiyini görərik. Yəni Ə.Mahmudov inkişaf etmiş ölkələrdə olduğu kimi, müasir Azərbaycan kənd təsərrüfatının da yalnız intensiv amillər üzərində qurulması yolu ilə inkişafını ön plana çəkirdi.

Ə.Mahmudov intensivləşdirmənin fəaliyyət mexanizminin konkret təhlilini verərək qeyd edirdi ki, kənd təsərrüfatının iqtisadi səmərəliliyini müəyyən etmək üçün bir və ya iki göstərici kifayət deyildir. Odur ki, intensivləşmənin iqtisadi səmərəliliyinə təsir edən bütün amillər çox zaman çətinlik yaratsa da, nəzərə alınması vacibdir. Buna görə də görkəmli alim öz tədqiqatlarında kənd təsərrüfatının intensivləşdirilməsi prosesinin ayrı–ayrı amillər üzrə təhlilinə geniş yer verərək, onları əsasən iki qrupa—təbii və texniki–iqtisadi amillərə ayırırdı. O, kənd təsərrüfatının intensivləşdirilrməsinin bu iki amili arasında mövcud olan uyğunsuzluqları aşkara çıxarır və onların aradan qaldırılması yollarını göstərirdi. Alimin fikrincə, təbii amillər istehsalın intensivləşdirilməsinin zəruri əsasını və fərqlərini yaradır. İstehsalatda intensiv amillərin tətbiqi onun ixtisaslaşdırılması və təmərküzləşdirilməsinin optimallaşdırılması yolu ilə intensivləşdirilməsinə imkan verir. Texniki amillər isə fəaliyyətin intensivləşdirilməsi dərəcəsindən və təsərrüfatın iqtisadi vəziyyətindən asılı olaraq araşdırılmalıdır.

Bütün bunları iqtisadçı alimin tədqiqat metodikasına və metodologiyasına diqqət çəkmək naminə qeyd etmirəm. Yəni o, seçdiyi obyektin tədqiqində ilk baxışdan aydın, öyrənilmiş görünən və bir çox tədqiqatçıların seçə bilmədikləri məqamları müəyyənləşdirir, onların vacibliyini əsaslandırır, həlli yollarını göstərirdi. Bu prinsip Əhməd müəllimin bütün tədqiqatlarında tətbiq etdiyi yanaşmalarda özünü göstərirdi. Onun əsərləri şərhçilikdən, təsvirçilikdən, faktoqrafikadan tamamilə uzaq olmaqla iqtisadiyyatın bu və ya digər sahə üzrə vacib problemlərinin nəzəri və praktiki həllini özündə ehtiva edən bir orijinallığa malikdir. Prezident İlham Əliyevin bazar iqtisadiyyatına keçid dövrünün başa çatmasını bəyan etməsindən sonra aqrar sahənin inkişafında intensiv amillərə üstünlük verilməsinə dair konseptual göstərişləri həmin prosesin respublika kənd təsərrüfatının müasir inkişaf mərhələsində davamlı olmasının həm iqtisadi, həm də institusional vasitələrlə dəstəklənməsini bir daha əsaslı surətdə şərtləndirir.

Məlumdur ki, kənd təsərrüfatının aparıcı sahəyə çevrilməsi zərurəti onun əvəzolunmaz sosial–iqtisadi funksiyaları ilə şərtlənir. Sahənin prioritetliyi ali dövlət rəhbərliyi tərəfindən bəyan olunmuş, onun üstün inkişafının təmin edilməsi üçün kompleks tədbirlər görülmüş və görülməkdədir. Həmin prosesin davamlı olması həm iqtisadi, həm də institusional vasitələrlə dəstəklənir.

Müasir dövrdə ölkə başçısının kənd təsərrüfatının inkişafında intensiv amillərin tətbiqinə önəm verməsi sosialist təsərrüfatçılıq sistemindən fərqli olan indiki şəraitdə bu sahədə tədqiqatların daha da dərinləşdirilməsini tələb edir

Görkəmli alimin yuxarıda reyd edilən bu yanaşma tərzinə sadiq qalmaqla bugünki araşdırmalarımız göstərir ki, indiki şəraitdə aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsi üçün kənd təsərrüfatının investisiya cəlbediciliyinin artırılması yollarının tədqiqi prioritet olmalıdır.

Müasir dövrdə ölkə başçısının kənd təsərrüfatının inkişafında intensiv amillərin tədbiqinə önəm verməsi sosialist təsərrüfatçılıq sistemindən fərqli olan indiki şəraitdə bu sahədə tədqiqatların daha da dərinləşdirilməsini tələb edir.

Kənd təsərrüfatının, eləcə də onunla bilavasitə iqtisadi–texnoloji cəhətdən bağlı olan sahələrin intensiv məcrada inkişafı maliyyə təminatından, bu təminat isə onun investisiya cəlbediciliyi qabiliyyətindən birbaşa asılıdır. Hazırda geniş təkrar istehsalı imkanlarının gerçəkləşdirilməsi insanların məşğulluq probleminin həllində həlledici rol oynamaqdadır. Bu, milli iqtisadi təhlükəsizlik, o cümlədən ərzaq təhlükəzliyi müstəvisində daha böyük aktuallıq kəsb edir. Qloballaşmanın müsbət və mənfi cəhətlərinə elmi əsaslandırılmış münasibətin formalaşması baş verir və bu prosesdə aqrar sahənin prioritetliyi bir daha öz zəruriliyini şərtləndirir. Belə məqamlar kənd təsərrüfatı, aqroemal sənayesi və müvafiq infrastruktur şəbəkəsinin inkişafına iqtisadi siyasətdə xüsusi önəm verilməsinin səbəbləri qismində diqqətəlayiqdir.

Ölkəmizdə istehsal və resurs potensialının səmərəli istifadəsi strateji əhəmiyyətli istiqamət kimi daim diqqət mərkəzindədir. Resursların çoxtəyinatlı istifadəsi imkanları şəraitində prioritetlərin əsaslandırılması kompleks tədqiqatlar sayəsində mümkündür. Qloballaşma dövrünün səciyyəvi cəhətlərindən biri həmin seçimdə aqrar sahəyə önəm verilməsində ifadə olunur. Özü də bu imtiyaz kənd təsərrüfatının inkişafı zərurətindən daha çox cəmiyyətin həmin sahəyə artan ehtiyacı ilə bağlıdır.

Azərbaycanda həyata keçirilən investisiya siyasəti aqrar sahənin prioritetliyini nəzərə almaqla, vəsait qoyuluşlarının istifadə səmərəliliyinin yüksəldilməsinə yönəlmiş sistemli tədbirlərlə müşayiət edilir. Ölkədə 2004–cü ildən başlayaraq həyata keçirilən inamlı regional inkişaf proqramları əyani sübutdur. Bunun müsbət nəticəsi göstərir ki, həmin tədbirlər gələcəkdə daha da genişmiqyaslı olmalıdır. Müstəqilliyin ilk on beş ilində kənd təsərrüfatının əsas kapitala investisiyalarda xüsusi çəkisi 1 faizdən çox olmamışdırsa, son illər bu göstərici 5 faizə yaxınlaşır.

Təbii ehtiyatların qorunub saxlanılmasına, onlardan istifadə səmərəliliyinin artırılmasına, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və istehlakı ilə bağlı bütün mərhələlərdə itkilərin azaldılmasına yönəlmiş sanballı sərmayə qoyuluşu reallaşdırılmadan kənd təsərrüfatı məhsullarının davamlı istehsalının təminatı mümkün deyildir. Ona görə də milli aqrar sahəyə, xüsusilə kənd təsərrüfatına investisiya qoyuluşu məhsul istehsalının artırılması, yoxsulluq səviyyəsinin daha da azaldılması və dayanıqlı ekoloji mühitin formalaşdırılmasına müsbət təsir göstərən ən səmərəli vasitədir.

Ümumiyyətlə, kənd təsərrüfatına investisiya qoyan bütün investorlar və kənddə fəaliyyət göstərən sahibkar idarəçiliyi, makroiqtisadi sabitliyin səviyyəsi, kəndin infrastrukturu, mülkiyyət hüquqlarının müdafiəsi və səmərəli bazar təsisatlarının fəaliyyəti elə həddə çatdırmalıdırlar ki, mövcud resursların səfərbər edilməsinə maraq artsın və onlar kənd təsərrüfatına sərmayə qoyuluşu ilə bağlı risklərə getməkdən çəkinməsinlər. Beləliklə, kənd yerlərində ən xırda sərmayədarlardan başlamış ən iri investorlara qədər hər kəsə xüsusi diqqətlə yanaşılması vacibdir.

Araşdırmalar göstərir ki, bu gün respublika kənd təsərrüfatlarında böyük xüsusi çəkiyə malik xırda təsərrüfatlar öz aktivlərini yaratmaqda və yığım prosesində, eləcə də kənd təsərrüfatına xas olan risklər və qeyri–müəyyənliklərlə bağlı problemlərin həllində üzləşdikləri məhdudlaşdırıcı amillərin aradan qaldırılması üçün dəstəklənməyə ehtiyac duyurlar. İstehsal kooperativləri və digər istehsalçı təşkilatlar kiçik torpaq sahibkarları bu problemlərin bir qisminin öhdəsindən gəlinməsinə şərait yarada, etibarlı sosial zəmanətlər sistemi isə ən yoxsul fermer təsərrüfatlarının maliyyə durumunun daha da zəifləməsinin qarşısını almağa, səmərəli aktivlər toplanılmasına imkan verə bilər. Bu mənada ölkə Prezidentinin sözügedən sahədə ərzaq təhlükəsizliyinin etibarlı təminatı və ixrac potensiallı kənd təsərrüfatı istehsalının qurulması üçün 50 iri təsərrüfatın yaradılmasına xüsusi diqqət yetirilməsinə dair verdiyi tapşırıqlarının reallaşdırılması vacibdir. Burada dövlət səhmlərinə xüsusi əhəmiyyət verilməsi postsovet ölkələrində reallaşdırılması labüd sayılan dövlət kapitalizm prinsiplərindən qaynaqlanır.

Genişmiqyaslı investisiyalar istehsalın həcmini və məşğulluq səviyyəsini artırmağa, ixracı tənzimləməyə, yeni texnologiyaları tətbiq etməyə imkan verir. Lakin bunun üçün yerli sahə və icmaların yaradılmasına və onların müdafiə edilməsinə, təbii resursların deqradasiyasına yol verməmək şərtilə adekvat idarəçilik sisteminin formalaşdırılmasına ehtiyac vardır. Daha doğrusu, gələcək naminə kənd təsərrüfatına investisiya qoyulması təkcə iqtisadiyyatın bu sahəsində fiziki kapital toplanmasına imkan yaratsa da, bu, qarşıya qoyulmuş məsələnin həllinin yalnız bir hissəsidir. Məsələnin tam həlli üçün proses kənd təsərrüfatının davamlı gələcəyini təmin edən insan potensialı institutlarının yaradılması ilə tamamlanmalıdır. Bu məqsədlə intellektual potensialın inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi istər ərzaq təhlükəsizliyi və istərsə də daxili bazarın effektiv fəaliyyətinin təmin olunması baxımından məqsədəuyğun olardı.

Son 50 ildə bir sıra inkişaf etmiş ölkələrdə toplanmış təcrübə göstərir ki, kənd təsərrüfatı sahəsində elmi–tədqiqat və təcrübi–konstruktor araşdırmalarına, təhsil və kəndin infrastrukturu sahələrinə, kənd iqtisadiyyatına dövlət investisiyaları istehlak mallarının alınması üçün ayrılan vəsaitlər nəzərə alınmadıqda belə çəkilən digər xərclərlə müqayisədə daha rentabellidir. Yəni kənd təsərrüfatı üçün ictimai mallara sərmayə qoyuluşu həm istehsalın artırılması, həm də kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi baxımından əsaslı müsbət nəticələr verir.

Araşdırmalar göstərir ki, kənd rayonlarında və ən başlıcası, sərhəd bölgələrində ictimai mallara investisiyalar öz xarakterinə görə, bir qayda olaraq, qarşılıqlı effekt verir. Adətən, təhsilə, infrastruktura və kənd iqtisadiyyatına yönəldilən investisiyalar kənd təsərrüfatının investisiya cəlbediciliyinin yüksəlməsinə və bu sahəyə investisiyaların daha da artmasına gətirib çıxarır. Çox vaxt isə bu bütövlükdə kənd rayonlarında iqtisadi artımın ən mühüm mənbələrindən birinə çevrilir.

Əlverişli investisiya şəraitinin vaxtında və düzgün formalaşdırılması kənd təsərrüfatı üçün son dərəcə zəruridir. Lakin xırda torpaq sahiblərinin öz vəsaitlərini investisiyaya çevirə bilməsi və irimiqyaslı investisiyaların sosialyönümlü hədəflərə istiqamətləndirilməsi üçün bunlar heç də kifayət deyildir. İstər dövlət və istərsə də donorlar xırda torpaq sahiblərinə maliyyə dəstəyinin verilməsinə xüsusi, son nəticəyə hesablanmış qayğı və məsuliyyətlə yanaşmalıdırlar. Başqa sözlə, investorların fəaliyyəti kiçik torpaq sahibkarlarının çox tez–tez üzləşdikləri, kənd təsərrüfatına investisiya qoyuluşunu məhdudlaşdıran ciddi problemlərin həllinə, o cümlədən onların vəsaitlərinin toplanması və artırılmasına yönəlmiş investisiyalaşmada mövcud maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Çünki kiçik torpaq sahibləri istehsalın davamlılığı üçün zəruri kapital həcmini toplamağı və ya əlavə risklərə getməyi heç də həmişə məqbul saymırlar.

Buna görə də kiçik torpaq sahiblərinin mülkiyyət hüquqları daha etibarlı qorunmalı və bu məqsədlə kənddə infrastruktur, kommunal xidmətlər şəbəkəsi müasir tələblər səviyyəsinə yüksəldilməlidir. İstehsalçıların daha güclü təşkilatları formalaşdırılmalı və onlar xırda aqrar sahibkarların üzləşdiyi risklərin öhdəsindən gəlməkdə və istehsalın miqyasının artması ilə əlaqədar qənaətə, başqa sözlə, miqyas effektinə nail olmaqla bazara çıxmaqda onlara kömək edilməlidir. Yalnız bu şərait, sosial zəmanətlər və transfert tədiyə sistemləri istehsalçılara öz aktivlərinin ya kənd təsərrüfatına, ya da öz seçimləri əsasında başqa fəaliyyət növlərinə sərf etmələrinə imkan verə bilər. Bununla da kənddə alternativ məşğulluq səviyyəsinin artırılmasına şərait yaranar.

Məlumdur ki, dövlət və özəl investorlar kənd təsərrüfatına yönəltdikləri maliyyə resurslarını müxtəlif istiqamətlərə və müxtəlif səbəblərlə əlaqədar sərf edirlər. Bu şəraitdə bəzən investisiya ilə istehsal xərclərini kompensasiyasını, bir–birindən ayırmaq çətin olur. Başqa sözlə, investisiya gələcəkdə daha çox gəlir və ya başqa nemətlər gətirəcək aktivlərin akkumulyasiyası deməkdirsə, xərclər isə adətən investisiya sayılmayan cari məsrəfləri və transfert tədiyələrini əhatə edir.

Konseptual və empirik məhdudiyyətlərə baxmayaraq, təhlillər göstərir ki, gəlirlərinin səviyyəsi aşağı və orta səviyyədə olan ölkələrdə fermerlərin öz təsərrüfatlarına əsas fondlar üçün ayırdıqları illik investisiyalar həmin bu ölkələrdə hökumətlərin kənd təsərrüfatına ayırdığı investisiyalarla müqayisədə dörd dəfədən yüksəkdir. Yəni bu ölkələrdə fermerlərin öz investisiyalarının həcmləri donorların və xarici özəl investorların kənd təsərrüfatına istiqamətləndirilmiş xərclərindən daha artıqdır. Fermerlərin xüsusi investisiyalarının xeyli üstün olması isə o deməkdir ki, bu subyektlər həqiqətən ölkə üzrə kənd təsərrüfatına investisiyaların keyfiyyətinin və səmərəsinin artırılmasına yönəlmiş inkişaf strategiyasının mərkəzində dururlar.

Gəlirlərin səviyyəsi aşağı və orta olan ölkələrin çoxunda isə fermerlər əlverişsiz şəraitlə üzləşirlər. Həmin ölkələrdə kənd təsərrüfatına investisiya qoymaq üçün, praktiki olaraq, stimul zəifdir. Yəni çox vaxt konkret məhdudlaşdırıcı obyektiv və subyektiv amillər, o cümlədən yoxsulluğun yüksək səviyyəsi, mülkiyyət hüquqlarının zəif qorunması, bazarların və maliyyə xidmətlərinin əlyetərli olmaması, sarsıntılara, kataklizmlərə davamsızlıq və riskə getmək imkanlarının qeyri–müəyyənliyi kiçik torpaq mülkiyyətçilərinə ciddi mənfi təsir göstərir. Ölkəmizdə bu kimi problemlər öz həllini əsasən tapsa da, kənd təsərrüfatı ilə məşğul qurumların gəlirlilik səviyyəsi, təəssüf ki, hələlik istənilən səviyyədə olmayıb, potensial imkanlara adekvat deyildir.

Mühüm məsələlərdən biri də kənd təsərrüfatı istehsalında fəaliyyət göstərən sahibkarlıq qurumlarına ölçüsündən asılı olmayaraq eyni dərəcədə məqbul investisiya mühitinin yaradılmasıdır. Kiçik torpaq mülkiyyətçiləri və iri təsərrüfatlar üçün eyni şəraitin təmin edilməsi – həm bərabərliyə, həm iri investorların iqtisadi maraqlarının gücləndirilməsinə, həm də iqtisadi səmərəliliyə nail olunması baxımından zəruridir. İstehsalçıların effektiv və kompleks təşkilatları xırda torpaq sahibkarlarının bazarlardan, təbii ehtiyatlardan və maliyyə xidmətlərindən istifadə zamanı üzləşdikləri bir sıra obyektiv və subyektiv məhdudiyyətlərin çox qismini aradan qaldırmağa kömək edə bilər.

Sosial transfertlər və sosial təhlükəsizliyin təmin edilməsi proqramları yoxsul, xırda torpaq sahibkarlarının əsas vəsaitlər bazasını genişləndirə bilməsi üçün bir vasitə rolu oynayır. Bu tədbirlər yoxsul, xırda torpaq mülkiyyətçilərinin üzləşdiyi iki ən ciddi məhdudlaşdırıcı amilin onların xüsusi vəsaitlərinin və kreditlərdən istifadə etmək imkanının zəifliyi, risklərlə üzləşdikləri halda zəmanətlərin olmaması reallıqlarının aradan qaldırılmasında mühüm tənzimləyici vasitə ola bilər. Həmin mexanizmlər xırda və maliyyə cəhətdən zəif torpaq mülkiyyətçilərinin aktivlər bazası yaratmasına və yoxsullar kateqoriyasından çıxmasına imkan yaradar. Lakin unutmaq olmaz ki, aktivlərin (insan kapitalı, fiziki kapital, resurs və maliyyə kapitalı) və fəaliyyət növlərinin seçimi (kənd təsərrüfatı ilə bağlı və ya ona aid olmayan fəaliyyət) mövcud stimulların strukturundan, habelə ayrı–ayrı ailə və ev təsərrüfatlarının konkret şəraitindən asılı olacaqdır.

Bir daha qeyd edək ki, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət göstərdiyi investisiya şəraiti onların öz inkişafına sərmayə qoyması imkanlarına birbaşa müsbət təsir göstərir. Əlverişli investisiya şəraitinin olub–olmaması bazarlardan və dövlət tənzimlənməsinin səmərəliliyindən birbaşa asılıdır. Yəni bazarlar vasitəsilə yaradılan qiymət stimulları fermerlər və digər istehsalçılar üçün vəsaitlərin məqbul mənfəətlə investisiyaya transformasiyası imkanlarının nə vaxt və harada yaranması indikatoru rolunu oynayır.

Dövlət və özəl investorlar bazarlarda yaranmış imkanlardan sosial mənada məsuliyyətlə istifadə etmələrinə imkan verən hüquqi, siyasi və institusional şərait yaradılmasında məqsədyönlü fəaliyyət üçün məsuliyyət daşıyırlar. Əlverişli şərait və müvafiq bazar stimulları olmadıqda fermerlər kənd təsərrüfatına kifayət qədər vəsait qoymayacaq və onların investisiyaları sosial mənada optimal nəticə verməyəcəkdir. Həqiqətən, özəl investisiyalar üçün əlverişli şərait yaradılması və bu şəraitin qorunub saxlanması özlüyündə ən etibarlı investisiyadır və onu dövlət bölməsi həyata keçirə bilər.

Yaxşı məlumdur ki, əlverişli investisiya şəraitinin ümumi elementləri, o cümlədən səmərəli idarəçilik, makroiqtisadi sabitlik, şəffaf və sabit ticarət siyasəti, effektiv bazar təsisatları və mülkiyyət hüquqlarına riayət edilməsi və s. amillər kənd təsərrüfatında əlverişli şərait yaradılması üçün eyni dərəcədə mühüm əhəmiyyətə malikdirlər.

Dövlət iqtisadiyyatın digər sahələri tərəfindən kənd təsərrüfatının dəstəklənməsi, mütərəqqi vergi siyasəti, mübadilə məzənnələrinin uyğunlaşdırılması, münasib ticarət siyasəti kimi yollarla kənd təsərrüfatına investisiya qoyulmasına şərait yaratmalıdır.

İrimiqyaslı investisiyalar istehsalın və ixracın həcminin artırılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və texnologiyaların sürətli tətbiqinə yeni perspektivlər açır. Lakin eyni zamanda bu investisiyalar torpaq mülkiyyətçilərinin hüquqlarının pozulması və ətraf mühitə mənfi təsirdə ifadə olunan risklərlə də bağlı ola bilər. Buna görə də dövlətin, yerli icmaların və digər strukturların birgə fəaliyyətində yerli qurumların hüquqlarına riayət edilməli, onlara müştərək fəaliyyətə nəzarət etmək səlahiyyətləri verilməlidir.

Məlumdur ki, kənd təsərrüfatına irimiqyaslı investisiya axınının reallaşdırılması üçün yerli fermerlərə əlavə dəyərin yaradılmasında birbaşa iştirak etmək imkanı verən alternativ və daha az diskriminasiyalı təsərrüfatçılıq modellərinin tədbiqinə şərait yaradılması dövlətin əsas funksiyalarından biridir. Bu məqsədlə sənaye və kənd təsərrüfatı məhsulları qiymətlərində sonuncunun xeyrinə olmayan disparitetin tənzimlənməsi, qiymətli kağızlar və ipoteka kreditləri bazarlarının inkişafı tədbirləri daha fəal surətdə təmin edilməlidir. Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarının təşkilatlanması, onların könüllü əməkdaşlığa təşviq edilməsi, yerli özünüidarə strukturları ilə birgə fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu tədbirlərin vaxtında reallaşdırılması kənd təsərrüfatının investisiya imkanlarının genişlənməsinə və istehsalın səmərəliliyinin artmasına şərait yaradar.

Sadalanan problemlər və onların həlli yolları üzərində düşünərkən, akademik Əhməd Mahmudovun qiymətli elmi irsi daim diqqət mərkəzində olmalı, müasir iqtisadçı alimlər ondan layiqincə bəhrələnməlidirlər.

AMEA–nın İqtisadiyyat İnstitutunun 25 ildən çox müddətdə direktoru, Azərbaycan iqtisadiyyatının güclənməsində özünəməxsus yeri və rolu olan, ölkə iqtisadçılarının böyük hörmət bəslədikləri akademik Ə.Mahmudov yaxşı bilirdi ki, elm adamlarını arxasınca aparmaq üçün onların inamını qazanmaq, zaman və məkandan asılı olmayaraq səmimi olmaq lazımdır. Əhməd müəllimin şəxsi, insani keyfiyyətlərinə gəldikdə isə, deməliyik ki, o, sarsılmaz əqidə sahibi kimi ziyalılıq və tələbkarlığın vəhdəti idi. Ə.Mahmudov heç vaxt iqtisad elmini öz inhisarına almağa cəhd göstərməmiş, statusundan asılı olmayaraq bütün elmi–tədqiqat müəssisələri və istedadlı tədqiqatçılar qarşısında yaşıl işıq yandırmağa çalışmışdır.

Əhməd müəllimin özünəməxsus insanlıq dünyası var idi. Yüksək insani keyfiyyətlər, intellektual səviyyə, alim sanbalı, böyük təşkilatçılıq və idarəçilik bacarığı elm aləmində onun özünəməxsus yerini müəyyənləşdirmişdi.

Bu gün bütün aqrar iqtisadçılar, o cümlədən Azərbaycan Elmi–Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun kollektivi, doktorantları Ə.Mahmudovu fəxrlə yad edir və əmindirlər ki, görkəmli alimin əziz xatirəsi qəlblərdə daim yaşayacaq, ideya və tövsiyələri yaradıcılıq meyarı olacaqdır.

 

 

Sadıq SALAHOV,

Elmi–Tədqiqat Kənd Təsərrüfatının

İqtisadiyyatı və Təşkili İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor.

 

Respublika.-2013.-15 may.-S.10.