GƏNCƏDƏ MƏİŞƏT TULLANTILARININ İDARƏ EDİLMƏSİ LAYİHƏSİNİ ALMANİYA İNKİŞAF BANKI MALİYYƏLƏŞDİRƏCƏK

 

Gəncə şəhərinin ekoloji mühiti təmizliyi və məişət tullantılarının idarə olunması ilə almanlar məşğul olacaqlar. Almaniyanın KFV İnkişaf Bankının maliyyələşdirəcəyi “Gəncə şəhərində bərk tullantıların idarə edilməsi layihəsi”nin icra mexanizminin və qiymətləndirilməsinin müzakirəsi məqsədilə bankın Avropa və Mərkəzi Asiya ölkələri üzrə Baş direktoru, xanım Şerifa Larabinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlmişdir.

Almaniyalı qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəbul etmişdir. Nümayəndə heyətinin üzvlərini səmimi salamlayan icra başçısı həyata keçirilməsi nəzərdə tutulan layihənin icrasında maraqlı olduqlarını xüsusi vurğulayaraq yerli mütəxəssislərlə birlikdə keçiriləcək müzakirələr zamanı şəhərin hüdudlarının böyüməsinə, yeni–yeni qəsəbələrin salınmasına və əhali artımına diqqət yetirməyin vacibliyindən danışmışdır.

Elmar Vəliyev böyüyüb inkişaf etməkdə olan şəhər üçün layihənin icrasının əhəmiyyətini bir daha vurğulamış, onun vaxtında və uğurla başa çatdırılması üçün hər cür şərait yaradılacağına əminlik ifadə etmişdir.

Rəsmi qəbul zamanı söhbətdə xanım Şerifa Larabi demişdir ki, layihə üzrə bütün texniki–iqtisadi göstəricilər işlənib hazılrlanıb və məsələ ilə bağlı Azərbaycan Hökümətinin də qərarı var. Biz Almaniya Hökümətinin tapşırığı ilə qiymətləndirmə işlərini həyata keçirəcəyik. Son nəticələri həm Azərbaycan, həm də Almaniya hökümətləri qiymətləndirəcəklər. Birgə işə Almaniya hökümətinin də maraqlı olduğunu qeyd edən qonaq Avropa İttifaqı ilə münasibətlərdən sonra layihənin icrasına qrantların cəlb edilməsinin gözlənildiyini bildirdi.

Xanım Larabi demişdir ki, ekoloji mühitin qorunmasına və insan sağlamlığına böyük töhfə verəcək layihəyə Avropa Birliyin də xüsusi diqqət verir.

Ekoloji mühitin qorunması, məişət trullantılarının idarə edilməsi sahəsində rəhbərlik etdiyi bankın böyük təcrübəsi olduğunu xüsusi vurğulayan qonaq layihəyə Gəncə şəhər rəhbərliyinin marağından məmnunluq duyduqlarını bildirmiş və birgə fəaliyyətin uğuru üçün əllərindən gələni edəcəklərinə əminlik ifadə etmişdir.

Qiymətləndirmə üzrə aparılan müzakirələr başa çatdırıldıqdan sonra layihənin icrasına ilin sonunadək başlamaq nəzərdə tutulur. Bərk tullantıların idarə edilməsi mərhələlər üzrə həyata keçiriləcəkdir. İlk dövr məişət tullantılarının toplanması və daşınmasını, tullantıların toplanması üçün xüsusi poliqonun yaradılmasını əhatə edir. Daha sonra məişət tullantılarının emalı məsələsi gündəmə gələcəkdir.

Almaniyanın KFV İnkişaf Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə Baş direktoru, xanım Şerifa Larabi müxbirimizlə söhbət zamanı demişdir ki, məqsədimiz Gəncə şəhərinin məişət tullantılarının sanitar və ekoloji baxımdan təmizliyinin idarə edilməsidir. Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçiricəyimiz layihə ekoloji tullantıların idarə edilməsinə, ekoloji mühitin sağlamlaşdırılmasına təkan verəcək və səhiyyənin inkişafına xidmət göstərəcək.

Tullantıların idarə edilməsi ilə ona nail olunacaq ki, yeraltı sular çirklənməsin və təbii ehtiyatlara zərər dəyməsin, həmçinin ondan çıxan buxar və qaz ətraf mühiti çirkləndirməsin.

 

 

Y.TANRIVERDİYEV

 

Respublika.-2013.-15 may.-S.11.