İnsan hüquqlarının qorunması ali məqsəddir

 

Azərbaycan tarixinin müasir dövrü ulu öndərimizin adı və fəaliyyəti ilə sıx bağlı olmaqla, XX əsrin 60–cı illərindən XXI əsrin əvvəllərinə qədər olan dövr Heydər Əliyevin epoxası kimi qəbul edilir.

Ümummilli liderimiz hələ birinci dəfə Azərbaycana rəhbərlik edərkən, bütün sahələrin inkişafı ilə yanaşı, ölkədə qanunçuluğun və hüquq qaydalarının qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirirdi. Azərbaycan rəhbərliyinə irəli çəkildikdən qısa müddət sonra keçirilən plenumdakı çıxışında o, ölkənin idarə olunmasında hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluğun üzərinə böyük məsuliyyət düşdüyü və bu orqanda işləyən kadrların qanunların aliliyinə hörmət etməsinin vacibliyinə diqqəti cəlb etdi. Heydər Əliyevin hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlaması ölkəmizdə haqqın və ədalətin zəfər çalmasında əvəzsiz rol oynamış, mənəvi və əxlaqi cəhətdən təmiz kadrlar işə cəlb edilmişlər. Prokurorluq orqanlarının əməkdaşlarının bütöv bir nəsli Heydər Əliyev ideyalarından və dövlətçilik siyasətindən bəhrələnmiş, onun rəhbərliyi altında hərtərəfli şəxsiyyət kimi formalaşmışdır. Həmin illərdə də mövcud çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, prokurorluq orqanlarının əməkdaşları Heydər Əliyevin rəhbərliyi altında ölkədə qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə əlaqədar müəyyən işlər görmüşlər.

Ötən əsrin 90–cı illərinin əvvəllərində SSRİ–də cərəyan edən ictimai–siyasi proseslərin məntiqi nəticəsi kimi Sovet dövlətinin dağılması və müstəqil dövlətlərin meydana gəlməsi postsovet məkanında demokratiya erasının və yeni cəmiyyət quruculuğunun başlanğıcı oldu. Azad, ədalətli hüquqi və demokratik cəmiyyət yaradılması yolundakı proseslərdə Azərbaycan keçmiş Sovet respublikalarının əksəriyyətindən öndə gedirdi. Nəticədə 1991–ci il oktyabrın 18–də qəbul edilən “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan müstəqillik əldə etdi.

Lakin təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eyni zamanda hakimiyyətin səriştəsiz əllərdə olması, sosial–iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, eləcə də yeni qanunvericilik bazasının olmaması azad, demokratik cəmiyyət və hüquqi dövlət qurulmasında ciddi problemlər yaratmışdı.

Bu problemlər yalnız 1993–cü ildə Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra öz həllini tapmağa başladı. Ulu öndər böyük siyasi uzaqgörənliklə iqtisadi və siyasi həyatın bütün sahələrində köklü islahatlar aparmaqla, yeni müstəqil Azərbaycan dövlətini qurdu. Respublikamızda ictimai–siyasi sabitliklə yanaşı, qanunvericiliyn və hüquq qaydalarının bərpası istiqamətində də əsaslı tədbirlər həyata keçirildi. Bu sahədə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994–cü il tarixli Fərman çox önəmli roy oynadı. Respublikamızın prokurorluq orqanları həmin Fərmiandan irəli gələn vəzifələri yerinə yetirərək, cinayətkarlıqla mübarizədə və cinayətkarlığın artmasına şərait yaradan halların aradan qaldırılmasında layiqli xidmətlər göstərmişlər.

Ötən əsrin 90–cı illərinin əvvəllərində respublikamızda separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında ölkə rəhbəri tərəfindən prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulmuşdu. Prokurorluq orqanlarının əməkdaşları dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsində tam məsuliyyəti ilə çalışaraq, onlara göstərilən etimadı doğrultmuşlar.

Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə sosial–iqtisadi və ictimai–siyasi həyatın bütün sahələrində, ardıcıl və sürətli inkişafa zəmin yaradan köklü və əsaslı islahatlar həyata keçirilmişdir. Gələcək inkişafın strateji istiqamətlərinə uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hərtərəfli və dinamik inkişaf mərhələsini yaşayan respublikamızda aparılan mütərəqqi islahatların tətbiq sahələrindən biri də hüquq sistemi olmaqla, müvafiq dövlət təsisatlarının fəaliyyətinin inkişaf etmiş dövlətlərin standartlarına uyğun şəkildə qurulmasına, o cümlədən prokurorluq orqanlarının tamamilə yeniləşməklə, müasir məzmunlu sivil bir orqana çevrilməsinə möhkəm zəmin yaradılmışdır.

Milli prokurorluq orqanlarının əsası 1918–ci ildə qoyulmaqla Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918–ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamış və uzunmüddətli inkişaf yolu keçmişdir. Lakin Azərbaycanda prokurorluq orqanlarının dünya standartlarına uyğun fəaliyyəti, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunmasına əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və konstitusion statusa malik olmaqla, dövlət idaretmə sistemində öz yerini tutması yalnız Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə–hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.

Həyata keçirilmiş islahatlar nəticəsin

də ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsini əsas məqsəd kimi müəyyən edən hüquq sistemi yaradılmışdır. Digər dövlət təsisatları kimi Azərbaycan Respublikasının Prokurorluğu da demokratik bir inkişaf yolu keçərək, sinfi mənafelərə xidmət edən bir orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən bir quruma çevrilmişdir.

Heydər Əliyevin 17 iyul 1998–ci il tarixli sərəncamına əsasən, hər il oktyabr ayının 1–nin prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməsi də dövlət orqanları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə qiymətləndirilməsinin təzahürüdür. Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi altında təntənəli şəkildə qeyd edilmişdir.

Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq, 12 noyabr 1995–ci ildə keçirilmiş ümumxalq səsverəməsi–referendumda qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızın hüquqi, demokratik dövlət quruculuğu istiqaməstində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən etmiş, ən yüksək hüquqi qüvvəyə malik olmaqla, hüquq sisteminin bünövrəsini təşkil etməklə, əsaslı məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır.

Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasınını Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək, onun statusunu müəyyənləşdirmişdir. Konstitusiyanın müəyyən etdiyi meyarlar əsasında 07 dekabr 1999–cu ildə qəbul olunmuş Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu, həmin qanunla nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinin başlanması və ibtidai istintaq aparılmasını, cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və bu zaman qanunlara riayət olunmasının təmin edilməsini, təhqiqat və əməliyyat–axtarış fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarəti, məhkəmədə iddia qaldırılmasını (ərizənin verilməsini), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etməsini, məhkəmələrdə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etməklə, dövlət ittihamının müdafiəsini, məhkəmə qərarlarından protest verilməsini, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirakı prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir.

Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunduqdan sonra prokurorluğun müasir dövrün tələblərinə və demokratik prinsiplərə uyğun sivil təsisata çevirilməsi üçün lazımi şəraitin yaradılmasına baxmayaraq, bu qurumda müəyyən müddət ərzində əhəmiyyətli dəyişikliklərin və islahatların aparılması prosesində nəzərə çarpacaq geriliyə yol verilməklə, xeyli dərəcədə lənglik və bir sıra neqativ hallar müşahidə olunmuşdur.

26 aprel 2000–ci ildə ümumilli liderimiz Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, fəaliyyət üçün zəruri normativ hüquqi baza, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün əlverişli mühit yaradılmışdır. Həmin görüşdə ölkə rəhbəri prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.

Bu tarixi müşavirədən sonra ölkəmizdə həyata keçirilən islahatların ümümi təbiətinə uyğun olaraq Azərbaycan Prokurorluğunda dövrün tələblərinə cavab verən hərtərfli islahatlara start verilmiş, məhkəmə–hüquq islahatları çərçivəsində kompleks tədbirlər müəyyən olunmaqla, mərhələ–mərhələ həyata keçirilməyə başlanmış, prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş, zamanın tələblərindən irəli gələn bir sıra yeni idarələr və şöbələr yaradılmışdır. Həyata keçirilmiş hərtərfli islahatlar nəticəsində bu gün Azərbaycan Prokurorluğunun normal fəaliyyət üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri yaradılmış və o, iş metodları olan sivil, çevik və işlək dövlət təsisatına çevirilmişdir. Eyni zamanda, prokurorluğun əməkdaşlarının sıralarının saflaşdırılması, işdə mövcud olan neqativ təzahürlərin, çatışmazlıqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr potensialının formalaşdırılması, ilk növbədə, dövlətçilik maraqlarına xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlar əldə olunmuşdur.

Ölkəmizdə həyata keçirilən məhkəmə–hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış Prokurorluq orqanlarında qulluq keçmə haqqında, Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında, Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında, Prokurorluğun rəsmi emblemi haqqında və digər qanunvericilik aktlarının qəbul edilməsi, Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.

Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002–ci il sentyabrın 19–da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu prokurorluğun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər öyrənilməklə, qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq, yeni cinayət–prosessual və digər statut qanunların qəbulu ilə əlaqədar Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələlərini tənzimləyən təşkilati və sahəvı əmr, təlimat və qaydalar hazırlanaraq, icraya yönəldilmişdir. Normativ hüquqi bazanın yaradılmasının məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri adlı toplu ilk dəfə olaraq nəşr edilmiş və sonradan isə həmin toplunun özündə yeni əmr və göstərişləri əks etdirən iki cilddən ibarət ikinci və üçüncü nəşrləri çapdan çıxmışdır.

İslahatların həyata keçirilməsi prosesində Azərbaycan Prokurorluğu elmi–praktiki jurnalının təsis edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun veb–saytının yaradılması, habelə Azərbaycan Prokurorluğu muzeyinin yenidən təşkil olunması prokurorluq orqanlarının fəaliyyətində aşkarlığın daha da geniş şəkildə təmin edilməsi, milli prokurorluğun tarixi keçmişinin öyrənilməsi və kadrların müasir tələblər səviyyəsində formalaşdırılması işinə müsbət təsir göstərmişdir.

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə–hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formlaşmasında və ictimai–siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır.

Hüquqi islahatlar dövründə qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Terroçuluğa qarşı mübarizə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və digər qanunlar, Cinayət, Cinayət–Prosessual, Cəzaların İcrası, Mülki–Prosessual, İnzibati Xətalar, Seçki Məcəllələri və bir sıra digər mühüm normativ–hüquqi aktlar bütövlükdə müasir demokratik cəmiyyətdə prokurorluğun rolu və yerini müəyyən etmişdir.

Azərbaycan BMT–nin üzvü olaraq Korrupsiyaya qarşı mübarizə haqqında Konvensiyanı imzalayan və ratifikasiya edən ilk dövlətlər sırasındadır. 2003–cü il dekabr ayının 30–da Korrupsiyaya görə cinayət və mülki–hüquqi məsuliyyət haqqında Avropa Konvensiyaları Milli Məclis tərəfindən ratifikasiya olunmuş və mövcud posedura uyğun olaraq 1 iyun 2004–cü ildə Azərbaycan QREKO–ya üzv qəbul edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin 3 mart 2004–cü il tarixli Sərəncamı ilə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması prokurorluğa dövlət başçısı səviyyəsində göstərilən yüksək etimadın təzahürü olmaqla yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm addım olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və bu sahədə işin daha səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2004–cü il tarixli Fərmanı ilə idarənin Əsasnaməsi təsdiq edilmiş və 2005–ci ilin yanvar ayının 1–dən etibarən Korrupsiyaya qarşı mübarizə haqqında Qanun qüvvəyə mindikdən sonra idarə real fəaliyyətə başlamışdır.

Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011–ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Sərəncamda dövlət quruculuğu sahəsində davam etdirilən islahatların və ölkəmizin cinayət hüquq sisteminin inkişafının demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyətinin keyfiyyətcə yeni səviyyədə qurulmasınının zəruriliyi xüsusi vurğulanmış, prokurorluq orqanlarının sisteminin və strukturunun daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra vacib tədbirlər müəyyən edilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar Respublika Prezidentinin 01 oktyabr 2009–cu il və 26 yanvar 2010–cu il tarixli Sərəncamlarına əsasən, Baş Prokurorluqda müstəqil qurumlar kimi Elm–Tədris Mərkəzi və Hüquqi təminat və informasiya idarəsinin yaradılması nəzərdə tutumuşdur. Bu barədə Baş Prokurorluq üzrə əmrlərə müvafiq olaraq, Kadrlar İdarəsinin Tədris mərkəzinin bazasında idarə hüququnda Elm–Tədris Mərkəzi, Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələrinin ləğvi hesabına Hüquqi təminat və informasiya idarəsi yaradılmışdır.

Prokurorluq işçilərinin peşə bayramları ərəfəsində ölkə başçısının sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi prokurorluq işçilərinin fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi olmuşdur.

Azərbaycan Prezidentinin 27 dekabr 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Baş Prokurorluğa şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui–istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, habelə bu sahədə institusional islahatların davam etdirilməsi vəzifələri həvalə edilmişdir.

Həmin vəzifələrin icrası ilə əlaqədar Baş Prokurorluqda Tədbirlər Planı hazırlanıb icraya yönəldilmiş və prokurorluq əməkdaşları qeyd olunan sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Hazırda Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirilən tələblər səviyyəsində təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğun şəkildə keyfiyyətcə yeni mərhələyə qaldırılması istiqaməstində məqsədyönlü tədbirlər həyata keçirilir.

 

 

Nazim Abbasov,

Baş Prokurorluğun Prokurorluqda

istintaqa nəzarət idarəsinin rəisi,

III dərəcəli dövlət ədliyyə müşaviri

 

Respublika.- 2013.- 1 may.- S. 5.