Azərbaycan elmi və təhsilində uğurlu islahatlar müəllifi

 

Çoxəsrlik dövlətçilik tariximizdə Heydər Əliyev epoxası müstəsna əhəmiyyətə malikdir. Taleyüklü hadisələrlə zəngin olan bu dövr ərzində dünya səviyyəli və görkəmli dövlət başçısı, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı və canından artıq sevdiyi millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkənin ictimai–siyasi, iqtisadi və mədəni–mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın əldə etdiyi nailiyyətlərin hamısı bu dahi şəxsiyyətin adı və fəaliyyəti ilə bağlıdır. Mübaliğəsiz demək olar ki, Heydər Əliyev dühası milli tarixi varlığımızın real təcəssümü olmuşdur. Onun tarixi ideyaları və sönməz əməlləri daim yaşamaqdadır.

Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırlar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndərimiz Heydər Əliyev idarəçiliyinin bütün mərhələrində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür. Bu sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ümummilli liderimiz milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

Dövrün tələblərinə cavab verən mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi–əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlər olmuşdur.

Ümummilli liderin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialını, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. “Təhsil millətin gələcəyidir”—deyən Heydər Əliyevin ötən əsrin 70–80–ci illərində respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adevkat əks–sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Məhz bu illərdə təhsil sisteminin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın intellektual resurslarının güclənməsi üçün səylə çalışmışdır. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlanan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil islahatlarının əsasını təşkil etmişdir.

Ulu öndər Heydər Əliyev kosmopolit ideyaların zehinlərə zorla yerləşdirildiyi bir dövrdə milli məfkurənin qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70–ci illərində nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.

Hələ XX əsrin 70–ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsini qoymuşdur. O, özünün bütün şüurlu həyatı boyu istər əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etməyə çalışmışdır ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi təəssübkeş himayəçisidir. Azərbaycan təhsil sisteminin 30 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, müxtəlif mərhələlərdə, xüsusən 80–ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəsiz xidmətlərinin bəhrəsidir.

Heydər Əliyevin titanik səyi nəticəsində hər il yüzlərlə gənc ali təhsil almaq üçün SSRİ–nin ən nüfuzlu, ən mötəbər universitetlərinə göndəriş alırdı. Bir sözlə, təhsilin səviyyəsinə, savadsızlığın ləğv edilməsinə görə Azərbaycan nəinki bütün başqa müsəlman ölkələrini, hətta bir çox Avropa dövlətlərini xeyli qabaqlamışdı.

O illərin mənzərəsini əks etdirən bəzi faktları və rəqəmləri xatırlamaq yerinə düşər: 1970–1980–ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda keçmiş Sovet İttifaqının 50–dən çox böyük şəhərinin 170–dən artıq məşhur ali məktəbində ən zəruri ehtiyac duyulan 250–dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil almış, onlar yüksək ixtisaslı mütəxəssislər kimi hazırda ölkəmizdə və onun hüdudlarından kənarlarda çalışmaqdadırlar. Müqayisə üçün deyək ki, 1970–ci ildə başqa şəhərlərin ali məktəblərinə cəmi 60 nəfər tələbə göndərilmişdisə, cəmi beş il sonra 1975–ci ildə 674 nəfər tələbə göndərilmişdir.

Əgər 70–80–ci illərdə yaranmış zəngin təhsil ənənələri olmasaydı, bu gün ən qabaqcıl ölkələrdəki təhsil sistemləri ilə rəqabətə girə biləcək səviyyədə təhsilə də malik ola bilməzdik. Bu uğurlar isə əsrin üçdə biri qədər Azərbaycana rəhbərlik edən mahir siyasətçi, uzaqgörən lider Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsidir.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqda təbii olaraq meydana çıxan çətinliklər həyatın bütün sahələrində olduğu kimi, təhsilə öz mənfi təsirini göstərmişdi.

Ulu öndərimiz Heydər Əliyev 1993–cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ölkədə həyat yenidən öz məcrasına düşdü. İctimai–siyasi sabitlik bərpa olundu. Elmin, mədəniyyətin, təhsilin inkişafı intensiv xarakter almağa başladı.

Təhsili milli tərəqqinin aparıcı amilinə çevirmək üçün bu sahədə əsaslı və genişmiqyaslı islahatlara ehtiyac duyulurdu. Bu missiyanı da ulu öndərimiz Heydər Əliyev böyük cəsarətlə üzərinə götürdü.

1993–cü ilin ikinci yarısından başlayaraq Azərbaycan təhsilinin qarşısında yeni üfüqlər açıldı. Təhsil sistemi həm struktur, həm də məzmun etibarilə yeniləşməyə başladı. Ən əhəmiyyətlisi isə odur ki, təhsildəki islahatlar kortəbii, pərakəndə halda deyil, düşünülmüş vahid strategiya, konkret Dövlət Proqramı əsasında aparıldı.

Milli ənənələrə, ümumbəşəri örnəklərə söykənən, dünya təhsil standartlarına cavab verən təhsil sistemi yaratmaq sahəsində Azərbaycanın dövlət rəhbərliyi səviyyəsində xeyli işlər görüldü. Əvvəlki mütərəqqi ənənələri yeni şəraitdə bərpa etməklə yanaşı, təhsil sistemimiz milli inkişafın və milli özünüdərkin tələblərinə uyğun yeniləşməyə başladı. 1999–cu il iyun ayının 15–də ulu öndər “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının təsdiq edilməsi barədə” sərəncam imzaladı. 2000–ci il iyun ayının 13–də Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı milli təhsilimizin çox mühüm problemlərinin həlli yolunda əsaslı addım idi.

2003–cü il fevralın 17–də ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003–2007–ci illər) təsdiq edilməsi haqqında” sərəncamı bu sahədə əsaslı dönüş yaradılmasına imkan verdi.

Orta ümumtəhsil məktəblərində oxuyan istedadlı uşaqların aşkara çıxarılması və onlara dövlət qayğısının göstərilməsi vətəndaşlarımızın Konstitusiyada təsbiq edilmiş hüquqlarının tərkib hissəsidir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə istedadlı uşaqlara dövlət himayəsinin nümunəsini öz əməli işi ilə sübuta yetirmişdir. Şagirdlərin dərsliklərlə mərhələ–mərhələ dövlət təminatına keçməsi də öz həllini tapıb.

Yeni təhsil islahatı proqramında xüsusilə istedadlı uşaqların təhsilinə geniş imkanlar açan yeni tipli təhsil müəssisələrinin yaradılması başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.

“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Prezident fərmanı, həmin fərmana uyğun olaraq Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabı”nın yaradılması, Prezidentin xüsusi təqaüdünün təsis edilməsi təhsilimizin sabahına verilən qiymətin ən bariz ifadəsidir.

Təhsilimizin sabahını düşünərkən bugünkü reallıqlar tam əminliklə deməyə imkan verir ki, bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən köklü islahatların məqsədi təkcə hərtərəfli biliyə və savada malik insanlar yetişdirmək yox, həm də müstəqil, demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən, Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da dərinləşməyə kömək göstərən əsl vətəndaş, şəxsiyyət tərbiyə etməkdir.

İllər keçəcək, əsrlər dəyişəcək, amma bir fakt faktlığında qalacaq: tarix boyu dünyanın sayılan və seçilən siyasi liderləri sırasına Azərbaycan XX əsrdə Heydər Əliyev kimi dahini bəxş etdi! Bu, xalqımızın xoşbəxtliyidir!

 

 

Məhəmməd Bayramov,

Bakı Şəhəri üzrə Təhsil

İdarəsinin müdir müavini,

əməkdar müəllim

 

Respublika.- 2013.- 1 may.- S. 7.