GÖRKƏMLİ OFTALMOLOQ ALİM AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 90 İLLİK YUBİLEYİ BÖYÜK EHTİRAMLA QEYD OLUNMUŞDUR

 

Lənkəran

 

Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəl görkəmli alimin şərəfli ömür yolunu əks etdirən film nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə mərkəzi rayon xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq Zərifə xanım Əliyevanın həyatı, həkimlik və elmi fəaliyyəti barədə məlumat vermişdir.

Sonra xəstəxananın baş həkiminin müavini Əbülfət Məmmədovun məruzəsi dinlənilmişdir. O, Zərifə xanım Əliyevanın mənalı ömür yolu, oftalmologiya sahəsində ixtiraları, misilsiz xidmətləri və tibb elminə gətirdiyi yeniliklər barədə danışmışdır.

Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini, tanınmış oftalmoloq Taleh Məmmədov, Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov və başqaları tədbirdə çıxış edərək Zərifə xanım Əliyevanın görkəmli oftalmoloq, ictimai xadim, xeyirxah insan kimi xalqımız tərəfindən sevildiyini, xatirəsinin daim əziz tutulduğunu bildirmişlər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müaviniictimaisiyasihumanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli tədbiri yekunlaşdıraraq akademik Zərifə Əliyevanın 90 illik yubileyilə əlaqədar rayonda silsilə tədbirlərin keçirildiyini, əlamətdar yubileyin elm, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, rayonun bütün idarə, müəssisə və təşkilatlarında təntənəli şəkildə qeyd olunduğunu söyləmişdir.

 

***

 

Lənkəran Dövlət Universitetinin iclas zalında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan universitetin rektoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov görkəmli oftalmoloq alimin Azərbaycan tibb elminə verdiyi misilsiz töhfələrdən, səhiyyə sahəsində misilsiz xidmətlərindən danışmışdır.

Sonra Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti barədə film nümayiş etdirilmişdir.

Universitetin kimya–biologiya kafedrasının dosenti Məlahət Ağayeva “Görkəmli oftalmoloq–alim, gözəl insan” mövzusunda məruzə etmiş, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu və zəngin elmi fəaliyyəti barədə ətraflı danışmışdır.

Universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, kimya–biologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov, kafedranın baş müəllimi Əhmədağa Tahirov, dil və ədəbiyyat kafedrasının müdiri, dosent Yədulla Ağazadə, tələbələrdən Aygün Əlizadə, Sevinc Şirzadova tədbirdə çıxış etmiş, görkəmli alimin oftalmologiya sahəsində qazandığı nailiyyətlərin Azərbaycan elminə dünya şöhrəti gətirdiyini bildirmişlər.

Tədbirdə Sevil Əliyevanın şair Fikrət Qocanın sözlərinə bəstələdiyi “Ana” mahnısı səslənmiş, tələbələrin hazırladığı bədii kompozisiya nümayiş etdirilmişdir.

 

***

 

Lənkəran Tibb Kollecində akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Kollecin iclas zalına təhsil ocağının kollektivi, Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının səhiyyə işçilərinin nümayəndələri toplaşmışdılar.

Tədbiri giriş sözü ilə kollecin direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent İqbal Əmənullayev açmışdır.

Sonra görkəmli alimin həyat yolu haqqında videoçarx nümayiş olunmuşdur. Kollecin müəllimi Günay Səfərovanın akademik Zərifə Əliyevanın həyatı və tibb sahəsində fəaliyyəti barədə məruzəsi dinlənilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini–ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın müstəsna xidmətləri barədə söhbət açmış, onun işıqlı xatirəsinin ürəklərdə əbədi yaşayacağını qeyd etmişdir.

Tədbirin sonunda akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş fənn olimpiadasının qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

***

 

Lənkəran şəhər mərkəzi kitabxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə “Zərif əllərin payladığı nur” mövzusunda kitab sərgisi təşkil olunmuşdur.

Kitabxananın oxu zalında keçirilən tədbirdə kinorejjisor Vaqif Mustafayevin ekranlaşdırdığı “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunmuşdur.

Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Validə Məmmədova tədbiri açaraq akademik Zərifə xanım Əliyevanın həyat yolu haqqında məlumat vermişdir. Lənkəran şəhər uşaq–sağlamlıq mərkəzinin həkimi Yeganə Quliyeva görkəmli oftalmoloq alimin tibb sahəsində qazandığı nailiyyətlər barədə ətraflı danışmışdır.

Tədbirdə kitabxananın işçilərindən Siddiqə Rzayeva, Elnurə Dadaşlı çıxış edərək akademik Zərifə xanım Əliyevanın gözəl ana, vəfalı ömür–gün yoldaşı, yüksək insani keyfiyyətləri özündə birləşdirən ziyalı olmasını bildirmişlər.

Tədbir iştirakçıları “Zərif əllərin payladığı nur” mövzusunda təşkil olunmuş kitab sərgi ilə tanış olmuşlar.

 

Astara

 

Görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Dəyirmi masa” keçirilmişdir.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlqar Malıyev tədbiri giriş sözü ilə açaraq akademik Zərifə Əliyevanın şərəfli ömür yaşadığını, Azərbaycanın tibb elminə, xüsusən tibbin oftalmologiya sahəsinə misilsiz töhfələr verdiyini bildirmiş, onun əziz xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu qeyd etmişdir.

Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova “O, əsl gözəllik mücəssəməsi idi” mövzusunda məruzə etmişdir. YAP rayon təşkilatı qadınlar şurasının sədri Aygül Məmmədova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımova, şəhər 1 və 3 saylı orta məktəblərinin müəllimləri Günel Nəcəfova və İlhamə Məmmədova Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan, elmi nailiyyətlərindən danışmışlar.

YAP rayon təşkilatının sədri Firudin Əhmədov tanınmış oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolundan söhbət açmış, onun təkcə elmi fəaliyyəti ilə deyil, nəcib, humanist, xeyirxah əməllərinə görə xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir.

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2013.- 1 may.- S. 8.