“Azərpoçt” MMC qızıl sertifikata layiq görüldü

 

Azərbaycanda rabitə sektorunun inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahənin beynəlxalq tələblər səviyyəsində olması üçün mühüm tədbirlər həyata keçirmişdir. “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” deyən ulu öndər bu sahəyə həmişə diqqət və qayğı göstərmişdir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlara imza atıb. Azərbaycanda informasiya–kommunikasiya texnologiyalarının yerlərdə geniş tətbiqi bu kursda prioritet istiqamətdir.

Bu barədə ölkə Prezidenti demişdir: “Mən növbəti illərdə prioritet arasında, ilk növbədə informasiya–kommunikasiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə dünyanın inkişafı bu istiqamətdə gedir. Ona görə də bu sahəyə xüsusi diqqət göstərilməlidir”. Azərbaycan Prezidenti rabitə sahəsində son illər əldə olunan möhtəşəm nailiyyətləri nəzərə alaraq 2013–cü ili İnformasiya–kommunikasiya texnologiyaları ili elan etmişdir. Azərbaycanda son illər rabitə sektorunda əldə olunan uğurlarda rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun bu sahəyə göstərdiyi diqqəti, onun rəhbərliyi ilə aparılan islahatlar əsas rol oynamışdır. Bu qayğının nəticəsidir ki, bu gün ölkə poçt rabitəsi özünün ən inkişaf, tərəqqi mərhələsindədir. Respublikanın hər yerində yeni–yeni poçt şöbələri tikilir, təmirə ehtiyacı olan şöbələr müasir üslubda təmir olunaraq yenidən əhalinin istifadəsinə verilir.

Ölkə poçt rabitəsinin beynəlxalq aləmdə nüfuzu ildən–ilə artır. Təsadüfi deyil ki, “Azərpoçt” MMC və “Azərekspresspoçt” PM ÜPİ–nin qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülmüşdür. 192 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004–cü ildən üzv ölkələr arasında göstərilən poçt xidmətlərinin müəyyən standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmanın nəticələrini aparır. 2004–cü ildən 2012–ci ilə qədər bu sertifikatlaşmada cəmi 50–dən çox ölkənin təyin olunmuş poçt operatoru iştirak etmişdir. Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan kateqoriyalara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Aparılan 5 mərhələli qiymətləndirmədən uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq, yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya S (bürünc) səviyyəli sertifikat verilir.

Azərbaycan Poçt Operatoru — “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və ÜPİ–nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra Ümumdünya Poçt İttifaqının eksperti Azərbaycana ezam edilmişdir. ÜPİ–nın eksperti tərəfindən “Azərpoçt” MMC–də audit yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsində Azərbaycan poçtunun Ümumdünya Poçt İttifaqının keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilmiş, Azərbaycan poçtu mümkün olan maksimum bal toplaya bilmişdir.

Onu da qeyd edək ki, audit yoxlamasını aparan ekspert tək Bakıda deyil, Azərbaycanın kənd və qəsəbələrində də yoxlamalar aparmışdır. Yoxlamaların nəticəsində məlum olmuşdur ki, kənd və qəsəbələrdə fəaliyyət göstərən poçt şöbələri ilə Bakı şəhərində olan poçt şöbələri arasında heç bir fərq yoxdur. Şəhər və kəndlərdə əhaliyə xidmət göstərən poçt şöbələri müasir tələblərə cavab verir.

Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə “Azərpoçt” MMC–yə daxil olan məktubda bildirilib ki, bu təşkilatın keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlanmasının nəticələri təsdiqlənib və “Azərpoçt” MMC qızıl səviyyəli sertifikata layiq görülüb. Bundan başqa “Azərekspresspoçt” PM–də 2012–ci ilin yekunlarına görə növbəti dəfə (7–ci dəfə) Ümumdünya Poçt İttifaqının EMS kooperativinin qızıl səviyyəli sertifikatına layiq görülüb.

Ümumdünya Poçt İttifaqının bu il aprel ayının 19–da yaz sessiyasının plenar iclası keçirilmişdir. İclasda 170 ölkədən minə yaxın nümayəndə iştirak edirdi. Plenar iclasın sonunda Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hüseyn A kateqoriyalı (qızıl) sertifikatı təntənəli şəkildə Azərbaycandan olan nümayəndəmiz Fərid Cəfərova və Aqşin Həsənzadəyə təqdim etdi. ÜPİ–nin baş direktoru Bişar Hüseyn təqdimetmə mərasimində çıxış edərək qeyd etdi ki, son illər Azərbaycan sürətlə inkişaf edir, bütün sahələrdə iqtisadi yüksəlişə nail olunub.

Azərbaycan haqqında geniş və ətraflı məlumat verən baş direktor Bişar Hüseyn onu da vurğulamışdır ki, Azərbaycanın rabitə sektoru da özünün tərəqqi, inkişaf dövrünü yaşayır, uğurlu nəticələrə imza atır. Bu gün hər iki qızıl səviyyəli sertifikatın Azərbaycan poçtuna təqdim olunması bunun bariz nümunəsidir. Bu uğurlar bizim hamımızı sevindirir və ümidvar olduğumuzu bildiririk ki, Azərbaycan poçtu bundan sonra da uğurlarının sırasını artıracaq, yüksək nəticələr əldə edəcəkdir.

Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, belə təntənəli sürətdə sertifikatlar Ümumdünya Poçt İttifaqının plenar iclasında təntənəli sürətdə baş direktor tərəfindən təqdim olunur. Bu Azərbaycana, poçtumuza olan yüksək diqqət və hörmətin əyani təzahürüdür.

 

 

Əli SADIQOV

 

Respublika.- 2013.- 1 may.- S. 10.