Ölüm sevinməsin qoy

 

Bu günlərdə general M.Əsədov adına Xətai rayon 29 saylı tam orta məktəbdə görkəmli dövlət xadimi Məhəmməd Əsədovun anım gününə həsr edilmiş “Ölüm sevinməsin qoy” adlı tədbir keçirilmişdir. 20 noyabr 1990–cı ildə Qarakənd səmasında erməni quldurları tərəfindən vertolyotun vurulması nəticəsində həlak olmuş Azərbaycanın igid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində ucaldılmış M.Əsədovun əzəmətli büstü qarşısına tər çiçək dəstələri düzmüşlər. Məktəbin akt zalında Zəngilan rayon 4 nömrəli tam orta məktəbin və Xətai rayon 29 saylı tam orta məktəbin şagirdləri vətənpərvər mövzulu şeirlər söyləmişlər.

General M.Əsədov adına Xətai rayon 29 saylı tam orta məktəbin direktoru Ələddin Əliyev vətənin igid oğlu, vətənpərvər ziyalı Məhəmməd Əsədovun qısa, lakin mənalı ömür yolundan ürək yanğısı ilə danışmışdır. “General Məhəmməd Əsədov” kitabının müəllifi, professor, yazıçı Elçin Mehrəliyev kitabın işıq üzü görməsində yardım etmiş Nazim Əsədova təşəkkürünü bildirmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fəttah Quliyev vətənimizin azadlığı, ərazi bütövlüyünün qorunmasında yorulmadan mübarizə aparmış M.Əsədovun fədakarlığından, cəsurluğundan söhbət açmışdır.

1990–cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin daxili işlər idarəsi polis rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik, Bakı Slavyan Universitetinin baş müəllimi Sadir Məmmədov general Məhəmməd Əsədovun rəhbərliyi ilə gördükləri işlərdən danışmışdır.

O, xüsusi polis dəstələrinin yaradılmasında M.Əsədovun xidmətlərindən söz açmış, bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Şair Oqtay Zəngilanlı vətənin qeyrətli oğlu Məhəmməd Əsədova həsr etdiyi “Ağlayır ana Zəngilan” şeirini ürək ağrısı ilə oxumuşdur və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xətai–Suraxanı bölməsinin müdiri, şair Əliş Əhmədoğlu, Qarabağ müharibəsi veteranı, döyüşçü Elşən Rəhimov Məhəmməd Əsədovun yüksək təşkilatçılıq qabiliyyətindən, insani keyfiyyətlərindən danışmışlar.

Çıxış edənlər “Zəngəzurun səsi” qəzetində general–mayor Məhəmməd Əsədovun dövlətçiliyimizin möhkəmləndirilməsində gördüyü xidmətlər barədə son dərəcə maraqlı silsilə yazılar dərc etdiyinə görə qəzetin redaktoru Raziyə İmranqızına və yaradıcı heyətə təşəkkürünü bildirmişlər.

Sonda generalın oğlu Nazim Əsədov atasına göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

 

Yavər NURİYEV,

“Zəngəzurun səsi” qəzetinin

təsisçisi və baş redaktoru

 

Respublika.- 2013.- 1 may.- S. 11.