Tarixi şərəfləndirən insan

 

Bəşər sivilizasiyasının ali varlığı sayılan insan ta qədim zamanlardan günümüzədək ədalətli cəmiyyətə qovuşmaq, haqqın yüksək mənəvi–siyasi və hüquqi dəyər tək qəbul olunduğu sivil dövlətdə yaşamaq kimi müqəddəs bir amalı daim qəlbində yaşatmışdır. Bəşəriyyətin təkamül prosesi də, əslində insan hüquq və azadlıqlarının düşüncələrdən, xəyallardan gerçəkliyə çevrilmə prosesində müşahidə olunan mübarizələr tarixidir. Dünyada onun maddi və mənəvi varlığını məhdudlaşdırmaq istəyən maneələri, sədləri dəf etməyə çalışan insan daim haqq–ədalət axtarışında olmuş, mükəmməl cəmiyyətə, ilk növbədə daxili azadlığını təmin edəcək demokratik dövlətə qovuşmaq üçün qərinələr boyu mücadilə aparmışdır. Həmin meyarları mənəvi dünyasında yaşadacaq, yüksək daxili demokratizmi ilə hüquqi dövlətin ideoloji–siyasi əsaslarını yaradacaq kamil şəxsiyyət, fenomen lider axtarışları hər bir xalqın tarixində oxşar bir səhifə təşkil edir.

Azərbaycan insanı da xalqımızın tarixən formalaşmış zəngin ənənələri əsasında milli dövlətçilik modeli yarada biləcək güclü sərkərdəyə, liderə daim ehtiyac duymuş, fəqət bu istəyini yalnız XX əsrin sonlarına doğru — ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirə bilmişdir. Bu günün zirvəsindən baxdıqda Heydər Əliyevin idarəçiliyinin hər iki mərhələsində xalqının hüquqlarını qoruyan, haqqı–nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri qabarıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə milli yaddaşını, mənəvi–əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini cəmləyə bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Böyük şəxsiyyət bütün maneələri adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyətin bütün sahələr üzrə proporsional inkişafının konseptual formulunu ortaya qoymuşdur. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq hələ ötən əsrin 70–80–ci illərində Azərbaycanda nəinki dissident yazarlar olmamış, əksinə tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yazmış, ulu öndərin milliliyi, xalqına bağlılığı onları təqib və həbs təhlükəsindən hifz etmişdir.

Fransız mütəfəkkiri Ş.Monteskye “Qanunların ruhu” əsərində haqlı olaraq yazırdı ki, “Ədalətlə idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır”. Məhz belə bir harmoniya ədalətli cəmiyyət, hüquqi dövlət ideyasını arzulardan həqiqətə çevirir: insanın bir varlıq kimi mövcudluğu, vətəndaş kimi özünütəsdiqi hüquq və azadlıqlarını, vəzifə və borcunu, əxlaqi məsuliyyətini dərk etdiyi andan başlayır. Ulu öndər Azərbaycanda dövlət–vətəndaş münasibətlərinin hüquq müsitəvisində qanunla tənzimləndiyi, bütün insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Bütöv, kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınması, bu mənəvi–əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur. Bu dəyərlərə sadiqlik, ilk növbədə Heydər Əliyevin yüksək daxili demokratizmindən, hər kəsə örnək ola biləcək vətəndaşlıq məsuliyyətindən qaynaqlanmış, ümummilli lider hər bir fərdin maraq və mənafeyinin ödənməsini, qanuni hüquqlarının qorunmasını dövlətin fundamental vəzifəsi saymışdır.

“Dövlət yalnız iki halda sarsıla bilər: cinayətkar cəsasız qalanda və günahsız cəzalandırılanda” – deyən ümummilli lider, eyni zamanda ədaləti ədalətsizliklə bərpa etməyin yolverilməzliyini önə çəkmiş, tutduğu vəzifədən, milli–irqi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq hər bir insanın qanun qarşısında bərabərliyi prinsipindən çıxış etmişdir. Azərbaycana 34 illik rəhbərliyi dövründə bir kimsə Heydər Əliyevin ədalətsiz qərarlar qəbul etməklə haqqı nahaqqa qurban verdiyinin, ədalətsizliyə haqq qazandırdığının şahidi olmamışdır. Heydər Əliyevin folklorumuzda xalqın saf ideallarının ümumiləşmiş, rəmzi ifadəsi kimi təcəssüm olunan ədalətli şahlara, sərkərdələrə xas tərzdə hələ 70–ci illərdə sərbəst qiyafədə mağazalarda, küçə və meydanlarda, dövlət idarələrində olaraq xalqın dərd–sərini, problemlərini, arzu–istəklərini yaxından öyrənməsi, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar barəsində sərt ölçülər götürməsi ilə bağlı bu gün də maraqlı xatirələr dolaşır. Ulu öndər hələ o dövrdən insanlarla canlı təmasda olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənməyi, bunun nəticəsində təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə pozitiv ənənə kimi yaratmış, hakimiyyət məmurlarının sadə xalq kütlələri ilə münasibətdə sərgilədiyi psixoloji baryerlərə, bürokratik əngəllərə qarşı çıxmışdır.

Ümummilli lider Heydər Əliyevin yaratdığı spesifik idarəçilik sisteminin üstün cəhətlərindən biri də məhz kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması — daha çox yüksək mənəvi–əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək bilik səviyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Azərbaycana birinci rəhbərliyi dövründə geniş imtiyazlara malik vəzifə mənsublarının övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmış, imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur. Böyük öndərin ötən əsrin 70–80–ci illərində minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının ifadəsidir.

Hakim ideologiya ilə uzlaşmayan “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, xalqımızın tarixini obyektiv şəkildə qələmə almış tarixçi Ziya Bünyadovu dövlət mükafatına layiq görən də, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün iki ilə yaxın mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də, nəhayət 1990–cı ilin 21 yanvarında — Kremlin bir addımlığında xalqımıza qarşı qətliam törətmiş mənfur imperiyanı ifşa edən də Heydər Əliyev idi! Böyük sərkərdə xarizmatik liderlərə xas tərzdə lazımi anda qətiyyət, cəsarət və prinsipiallıq göstərmək əzmini, eləcə də daim xalqının yanında olduğunu sübuta yetirə bilmişdir.

Bu zəngin mənəvi keyfiyyətləri sayəsində ulu öndər ictimai fikirdə xilaskarlıq mücəssəməsi kimi qəbul olunmuşdur. 1993–cü ilin iyununda canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin itirilməsi, vətəndaş qarşıdurması, xaos və anarxiya burulğanına sürüklənən müdrik xalqımız çıxış yolunu Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasında görmüşdür. Ümummilli lider xalqın təkidli çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, respublikamızın başı üstünü almış digər ciddi təhlükələrin aradan qaldırılmasına nail olaraq milli inkişaf konsepsiyasını hazırlamışdır. Bu model spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Ulu öndər xalq hakimiyyətinin tam təmin olunmasına çalışmaqla hakimiyyət bölgüsü prinsipinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuş, insan hüquq və azadlıqlarının maksimum dərəcə qorunmasını hakimiyyətin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdir. Nəticədə insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edən islahatların, habelə demokratikləşmə prosesinin qaçılmazlığı fikri cəmiyyətdə getdikcə daha möhkəm əsaslarla intişar tapmağa başlamışdır.

Prezident İlham Əliyevin 2013–cü il 21 yanvar tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncamında vurğulanır: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

Heydər Əliyevin qayğısının, diqqət və himayəsinin “barını dadanlar” sırasında Elmlər Akademiyasının da adı var. Ölkənin alim və ziyalıları unutmuş deyillər ki, AXC–Müsavat cütlüyünün iqtidarı dönəmində Elmlər Akademiyasının bir qurum kimi ləğv edilməsi ilə bağlı intensiv fikirlər səslənirdi. Yəqin ki, bu belə də olacaqdı… tarixin oxu dəyişməsə idi.

AMEA–nın 2011–ci il aprelin 26–da keçirilmiş illik yığıncağında çıxış edən Prezident İlham Əliyev həmin günləri xatırlayaraq demişdir: “…Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta — siz yəqin ki, bunu yaxşı xatırlayırsınız— 1992–ci ildə Akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993–cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı”.

“Sosial–iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir” — söyləyən böyük rəhbər hələ 1970–80–ci illərdə Azərbaycanın müasir və müstəqil və güclü bir dövlətə çevrilməsi üçün elm strategiyasını işləyib hazırlamış və onu uğurla həyata keçirməyə başlamışdır.

1997–ci il yanvarın 31–də AMEA rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edən ulu öndər elm sahəsində islahatların aparılmasının vacibliyini xüsusi vurğulamış, Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarını və Milli Elmlər Akademiyasının bundan irəli gələn vəzifələrini müəyyənləşdirmişdir.

Həmin vaxtdan başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası ümummilli liderimizin tövsiyələrini rəhbər tutaraq islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi–tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadrların məsuliyyətinin artırılması, elmi idarə və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul etmiş və konkret tədbirlər həyata keçirmişdir.

İnsan Hüquqları İnstitutunun yaradılması da unudulmaz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Belə ki, o həmişə ədalətin, haqqın yanında olmuş, Azərbaycan vətəndaşlarının şəxsi rifah və hüquqlarını yüksək qiymətləndirərək bütün dəyərlərdən uca tutmuşdur. Bu böyük şəxsiyyətin institutumuz və onun kollektivi üçün taleyüklü səciyyə daşıyan 1998–ci il 30 noyabr tarixli sərəncamında deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respubliukası Prezidentinin 1998–ci il 22 fevral tarixli fərmanına uyğun olaraq qərara alıram: “İnsan hüquq və azadlıqları probleminə dair elmi–tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları üzrə Elmi–Tədqiqat İnstitutu yaradılsın.

İlk nömrəsi 1993–cü ildə işıq üzü görən “Dirçəliş” jurnalı da 1995–ci ildən etibarən məhz ulu öndər Heydər Əliyevin xeyir–duası ilə nəşrini davam etdirmişdir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli olmuşdur. İcimai–siyasi sabitlik faktoru bu modelin ən əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Bu siyasi sabitliyin nəticəsidir ki, bu gün demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi hüdudlardan kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır. Bu irs demokratiyanın kütləvi özbaşınalıq kimi başa düşülməsinə və yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. Bu kursun bütün sahələrdəki tənzimləmə funksiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.

Ümummilli lider Heydər Əliyevin ədalətli rəhbər imicini şərtləndirən başlıca məziyyətlərlən biri də onun bağışlamağı bacaran, humanist və nəcib şəxsiyyət olmasıdır. Xarakterindəki sərtliyi, xarizması, qətiyyəti, xəyanət, riyakarlıq və yalana qarşı barışmaz münasibəti ilə yanaşı, ulu öndər daxilən kövrək və mərhəmətli insan idi. Zahirən paradoks yaradan bu iki keyfiyyət Heydər Əliyevi Azərbaycan insanının nəzərində daha da ucaldır, onun böyüklüyünü, əzəmətini tam şəkildə isbata yetirir. Ulu öndər respublika rəhbərliyinə qayıtdıqdan az sonra əfvetmə institutunu bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə güvəncini, ümid və etimadını artırmışdır. Heydər Əliyev cəzanın adekvatlığı və humanistliyi məsələlərinə də xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə–hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəlilik əmsalının gücləndirilməsi məqsədilə qanunvericiliyin ildən–ilə təkmilləşdirilməsinə çalışmışdır. Heydər Əliyev bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışmışdır. Fəlsəfi anlamda ailəni kiçik “dövlət modeli” kimi dəyərləndirən ulu öndər insanları bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara humanist münasibətini daim önə çəkmişdir.

Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. O, cəmiyyətdə yekdilliyi təmin edərək onun müxtəlif istiqamətlər — sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam” – deyən ümummilli lider azərbaycanlılara xas gözəl nə varsa, hamısını öz şəxsində bir araya gətirmişdir.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında vurğulandığı kimi, “Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş, öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, ona milli ruhun, milli–mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir”.

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji–nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı–ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi–nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli–dini mənsubiyyətindən asılı olmayaraq hər bir həmvətənimizin bu torpaq üçün yiyəlik və məsuliyyət hissi yaşaması da milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün ilk növbədə etnik–dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir.

Ulu öndər çıxışlarında hər zaman xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli–mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diqtələri bir çox hallarda milli–mənəvi dəyərlərə, adət–ənələlərə, saf duyğulara qarşı yönəlir. Heydər Əliyevin Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli özünəməxsusluğunu qorumuşdur. Bu dahi insan Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Dahi öndərin böyüklüyü həm də ondadır ki, milli ənənələrimizə bu dərəcədə yüksək bağlılıq onun timsalında bəşəri tərəqqi ilə təzad yaradan konservativ yanaşma kimi sezilməmişdir.

Bütün güc və qüdrətini xalqına bəslədiyi inam və bağlılıqdan alan, taleyi Azərbaycanın taleyindən ayrılıqda dərk edilməyən Heydər Əliyev bəşəriyyətin ən nüfuzlu dövlət xadimlərindən biri kimi daim ehtiramla xatırlanacaq, yad ediləcək. Bizlərsə dahi rəhbərin layiqli siyasi varisi — Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün strateji istiqamətləri üzrə uğurlu və dinamik islahatların aparılması, ciddi nailiyyətlərin əldə olunması ilə gələcəyə böyük ümidlər bəsləyirik.

Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində köklənmiş mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi xəttini dönmədən davam etdirməyə qadir peşəkar, intellektli və praqmatik lider tərəfindən idarə olunması Azərbaycanın iqtisadi və geosiyasi durumundan irəli gələn tələbat idi. Məhz belə bir mərhələdə İlham Əliyev fenomeni bir tərəfdən ölkəmizdə gedən ictimai–siyasi proseslərin məntiqi, digər tərəfdən isə Heydər Əliyev siyasi kursunun varisliyi axtarışında olan cəmiyyətin sosial sifarişi kimi Azərbaycan və dünya siyasətində önə çıxmışdır. Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti hakimiyyət estafetinin bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni liderə cənab İlham Əliyevə ötürülməsini diktə etmişdir. Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən bu kamil şəxsiyyət ulu öndərin layiqli siyasi və mənəvi varisi olmaq üçün cəmiyyətdən lazımi dəstəyi ala bilmişdir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, yeni, müasir və möhkəm dövlətçilik modelinin yaradılması təkmil hüquqi mexanizmlərin formalaşdırılmasından çox asılıdır. Bu amili peşəkarlıqla nəzərə alan cənab İlham Əliyev ictimai həyatın ən müxtəlif sahələrini tənzimləyən qanunların daha da təkmilləşdirilməsinə, onların işləkliyinə, çevikliyinə nail olmağa çalışır. Dövlət başçısı praqmatik və rasional addımları ilə ötən 10 ildə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, respublikanın iqtisadi resurslarının bu yöndə səfərbər olunmasını təmin etmişdir. 2003–cü ildən respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit və işlək iqtisadi–siyasi sistemin təşəkkülünə, sosial vəzifələrin həllinə, əhalinin sosial–rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı və sonu görünməyən demokratiya magistralında uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəltməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.

Azərbaycanın sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusun əldə olunmasına, liberallaşmaya xidmət edən hüquqi–siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini də obyektiv zərurətə çevirir. Respublikamız demokratiyanın universal prinsiplərindən uzaqlaşmamaq şərtilə özünün milli–tarixi adət–ənənələrini, siyasi–mədəni köklərini, milli–mənəvi dəyərlərini ehtiva edən demokratiya modeli formalaşdırmağa çalışır. Son 10 ildə ölkədə demokratikləşmə prosesinin dövlətin siyasi, iqtisadi, sosial, mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməsi deməyə tam əsas verir ki, Azərbaycanda demokratik transformasiya milli inkişaf strategiyasının ana xəttinə çevrilmişdir.

Respublikanın inkişafının bütün prioritet istiqamətləri üzrə ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev hər bir xalqın, millətin, bütövlükdə cəmiyyətin inkişafında müstəsna rol oynayan elmin, təhsil və mədəniyyətin qayğısına qalaraq bu fəaliyyət sferalarının davamlı və zəmanətli inkişafını təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir. 2009–cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, elmi araşdırmaları stimullaşdıran Elmin İnkişafı Fondu yaradılmışdır.

Son illər Azərbaycanın sivilizasiyaların dialoq məkanına, əməkdaşlıq və sülh paytaxtına çevrilməsi diqqətdən yayınmır. Sivilizasiyaların dialoqu və tolerant düşüncə tərzi cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində əldə olunmuş tarixi nailiyyət olaraq demokratik cəmiyyətin, mədəniyyətlərarası münasibətlərin təməl prinsiplərindəndir.

Respublikamız dərin tarixi köklərə malik, etnik və dini dözümlülük baxımından nadir dünyəvi müsəlman ölkəsidir. Hazırda Azərbaycanda mövcud olan etnik–dini tolerantlıq bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilə bilər. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət–ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atmaqdadır.

Ölkədə etnik–milli və dini tolerantlığın inkişafında ulu öndər Heydər Əliyevin adını və xeyirxah əməllərini yaşadan fondun da xidmətləri müstəsnadır. Fondun prezidenti, UNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində ölkəmiz sözün əsl mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoq və ortaq məxrəc axtardığı məkana çevrilmişdir. Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir.

Tolerantlıq nümunəsi sayılan Azərbaycan fondun xətti və Birinci xanımın rəhbərliyi ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri–maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihəyə imza atır.

Ümumilikdə son 10 ilin yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə dövlət başçısına ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin–amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir, Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir. Çünki xalq öz həyatında, taleyində baş vermiş köklü keyfiyyət dəyişikliklərinin, bizi ümidli perspektivlərə yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir. Bütün bunlar tam və qəti şəkildə deməyə əsas verir ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir və onun rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin davam etdirilməsi tarixi zərurət və sosial sifarişdir.

 

 

Aytən MUSTAFAYEVA,

AMEA İnsan Hüquqları üzrə

ET İnstitutunun direktoru, fəlsəfə

doktoru, Milli Məclisin deputatı

 

Respublika.- 2013.- 2 may.- S. 9.