Ulu öndərin xalqımızın tarixi yaddaşının qorunmasında rolu

 

XX əsrin ortalarında Azərbaycan tarixinin siyasi həyatına bütün varlığı ilə qoşulan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz nüfuzu, yorulmaz fəaliyyəti, siyasi zəkası ilə vətən tarixində unudulmaz bir iz qoymuşdur. Çağdaş dövrümüzdə müstəqil Azərbaycanın banisi olmuş Heydər Əliyev dövrümüzün görkəmli siyasi liderlərinin siyahısında xüsusi yer tutmuşdur. 1969–cu il iyulun 14–də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyev ölkəmizin soisal–iqtisadi inkişafı, xalqın maddi rifahının yüksəlməsi üçün mühüm işlər görmüşdür. Onun yorulmaz fəaliyyəti hələ sovetlər dönəmində özünün əməli nəticələri ilə diqqəti cəlb edirdi. Belə ki, 1969–1982–ci illərdə Azərbaycanda sənayenin illik artımı 7,9 faiz olmuşdur. Əgər XX əsrin əvvəllərindən 1969–cu ilədək Azərbaycan da 735 sənaye obyekti tikilmişdisə də, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə onların sayı 1048–ə çatmışdı. 1970–ci ildə Bakıda, Cənubi Qafqaz məkanında, ən iri poladttökmə zavodu istifadəyə verilmiş, 1971–ci ildə Kür su kəməri Bakıya gətirilmiş, 1976–cə ilin dekabrında Azərbaycanda ən iri neftayırma qurğusu işə salınmış, 1982–ci ildə Sabirabadda iri su təchizat kompleksi istifadəyə verilmişdi. Bu illərdə Bakı şəhərinin urbanizasiyasına xüsusi diqqət göstərilmiş, yeni qəsəbələr– 8–ci km. Musabəyov, “Bakıxanov”, “Əhmədli”, Günəşli, mikrorayonlar salınmış, 1969–1982–ci illərdə ölkə əhalisinə 376,1 min yeni tikilmiş mənzil paylanmışdı. Müasir nəqliyyat–Metro şəbəkəsi genişlənmiş, “Ulduz”, “Neftçilər”, “Nizami” və digər stansiyalar açılmışdı.

Ötən əsrin 90–cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etmişdir. Lakin Azərbaycan bir çox problemlərlə üz–üzə qalmışdı. Belə ki, hələ 1988–ci ilin əvvəllərində erməni millətçiləri qondarma “Dağlıq Qarabağ” problemini ortaya ataraq onu hərbi transformasiya həddinə çatdırsalar da, xalqımızın iradəsini qıra bilmədilər. Xalq demokratiyanın inkişaf xəttini əsas götürərək, 1991–ci il də Azərbaycan Respublikasıının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Azərbaycan Respublikasıının dövlət atributları qəbul olundu. Respublika beynəlxalq təşkilatlara qoşuldu. Dövlətimiz 1991– ci ilin dekabrında İslam Konfransı Təşkilatına, 1992–ci ilin fevralında Helsinki müşavirəsinin Yekun Aktına və 1992–ci ilin martında BMT–yə üzv qəbul olundu. Lakin müstəqil Azərbaycan Respublikası özünün bu ilk addımlarını ağır sosial–siyasi vəziyyətdə atırdı.

Bu dövrdə ölkədə baş alıb gedən siyasi böhranın qarşısını almaq məqsədi ilə xalqımız öz böyük oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. 1993–cü il iyulun 15–də Heydər Əliyev Ali Sovetin sədri, 1993–cü il oktyabrın 3–də Azərbaycan Respublikasıının Prezidenti seçildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkə parçalanmadan qurtuldu, separat qüvvələrin fəaliyyəti Heydər Əliyevin gördüyü əməli tədbirlər nəticəsində zərərsizləşdirildi. Bakıda dövlət çevrilişi cəhdlərinin qarşısı alındı! Azərbaycanda terrorizmə qarşı mübarizə gücləndirildi! Azərbaycan Respublikasıı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dünyəvi dövlət quruculuğu prosesini məqsədyönlü şəkildə davam etdirərərək, 1995–ci il noyabrın 15–də ümumxalq referendumu ilə Azərbaycan Respublikasıının Ali qanunu ilk Konstitusiyasını qəbul etdi.

Heydər Əliyevin qondarma “Dağlıq Qarabağ” probleminin həlli yollarında apardığı əməli tədbirlər nəticəsində, XX əsrin əvvəllərində bolşevik süngüsünün köməyi ilə tarixi Azərbaycan torpaqlarında yaranmış, Ermənistan adlı dövlətin Azərbaycana hərbi təcavüzü dayandırıldı və 1994–cü il mayın 12–də atəşkəs əldə edildi.

Azərbaycanın iqtisadi inkişafını əsas götürən ulu öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət müstəqil ola bilər” prinsipini əsas götürərək, dünyanın 8 iri ölkəsinin 13 ən məşhur neft şirkətləri ilə 1994–ci il sentyabrın 20–də “Əsrin müqaviləsi” kontraktını imzaladı. Bununla da yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. 1999–cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankeri dünya bazarına çıxarıldı.

Bu illərdə aqrar sahədə də mühüm işlər aparılmış, xalq təsərrüfatının iqtisadi əsaslarının möhkəmləndirilməsində mühüm nailiyyətlər əldə olunmuşdur. 1996–cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı. Torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi.

Strateji–coğrafi məkanda yerləşən, Böyük İpək yolunun əsas ticarət və nəqliyyat qovşaqlarından biri olmuş Azərbaycan, Avropa Birliyinin TASİS proqramı çərçivəsində TRASEKA layihəsinə qoşulmuş Avropa–Qafqaz–Asiya ticarət marşrutunun bərpasının təşəbbüsçülərindən olmuşdur. Bu layihəni canlandırmaq məqsədi ilə 1998–ci ildə sentyabrın 8–də ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək yolunun bərpası üzrə TRASEKA layihəsi çərçivəsində Avropa və Asiya Dövlət başçılarının 1–ci zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu konfransın mühüm qərarlarından biri Böyük İpək yolu proqramını həyata keçirən təşkilatın katibliyini Bakıda yerləşdirmək qərarı olmuşdu.

Azərbaycanın inkişaf yollarında özünün izini qoyan, xalqın tarixi yaddaşının qorunmasına ciddi diqqət yetirən Heydər Əliyev 22 iyun 1999–cu ildə Milli Arxiv haqqında Qanun imzalamış, qarşıya Arxiv işinin təşkilinin vahid prinsipinin müəyyən olunması vəzifəsini qoymuş və 27 sentyabr 2003–cü il tarixli fərmanı ilə Milli Arxiv İdarəsi haqqında Əsasnaməni təsdiq etmişdi. Heydər Əliyev siyasətinin davamçısı və siyasi varisi Prezident İlham Əliyev də xalqın tarixi yaddaşının qorunub saxlanmasına xüsusi diqqət yetirmiş, 21 iyun 2007–ci il tarixli Sərəncamına əsasən Siyasi Partiyalar və ictimai Hərəkatlar Dövlət Arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdi. 22 iyul 2009–cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (APR İİ SSA) adlandırılmışdır. Qısa bir müddət ərzində Siyasi Sənədlər Arxivi İdarəsinin direktoru M.Bağırovun rəhbərliyi ilə xalqımızın tarixi yaddaşının qorunması üçün böyük işlər görmüş, arxiv fondlarında saxlanılan 1.100.000–dən artıq sənədlərin mühafizəsi müasir standartlara uyğunlaşdırılmış, yeni müasir texniki avadanlıqlar əldə edilmiş, arxivin fondlarında saxlanılan sənədlərdən 239.378 vərəqi bərpa edilmiş, 1.295 sənəd dezinfeksiya olunmuş, XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr olunan qəzetlərdən 554–ü bərpa olunub, cildlənmişdir. APR İİ SSA–nın oxu zallarında araşdırmalar aparan tədqiqatçılar üçün dünya standartlarına uyğun iş şəraiti yaradılmışdır. Qısa müddət ərzində ulu öndərin xalqın tarixi yaddaşının qorunması istiqamətindəki kursu əsas götürən Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi Azərbaycan tarixinin açılmamış səhifələrinin izi ilə MDB dövlətlərinin və bir–sıra xarici dövlətlərin arxivlərində saxlanılan qiymətli sənədlər xarici ezamiyyətlərə göndərilmiş əməkdaşlar tərəfindən gətirilmiş və arxiv fondlarında yerləşdirilmişdir. Bu işdə Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə Azərbaycan ziyalıları da öz köməkliklərini əsirgəmirlər. Belə ki, tanınmış tarixçi, professor Cəmil Həsənli dünyanın bir–sıra dövlətlərinin arxivlərində işləmiş və XX əsr Azərbaycan tarixi üçün ən önəmli olan ölkəmizin sosial–siyasi problemləri ilə bağlı çox qiymətli sənədləri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş Ə.Topçubaşovun şəxsi arxivindən tarixi sənədləri əldə etmişdir. Görkəmli tarixçi Parisin Rusiya, Qafqaz və Mərkəzi Avropa institutunda saxlanılan, çağdaş Azərbaycan tarixinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edən, vətənimizin tarixi ilə bağlı son dərəcə mühüm olan tarixi sənədlərin bir hissəsini də Azərbaycana gətirmiş və xalqın tarixi yaddaşının qorunması məqsədi ilə bu sənədləri Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə təqdim etmişdir.

Arxivimiz xalqın tarixi yaddaşının qorunmasına xüsusi önəm verən ulu öndər Heydər Əliyevin siyasətini əsas götürərək, konfranslar keçirir, respublika ictimaiyyətini və ziyalıları APR İİ SSA–da mühafizə olunan sənədlər və digər faktiki materiallar əsasında mütəmadi olaraq təşkil etdiyi sərgilərlə tanış edir. Hazırda idarə bu günlərdə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini maraqlı sərgi ilə qeyd etməyə hazırlaşır.

 

 

Kəmalə ƏZİMZADƏ,

Azərbaycan Respublikası

Prezidentinin İşlər İdarəsinin

Siyasi Sənədlər Arxivinin şöbə müdiri

 

Respublika.- 2013.- 2 may.- S. 10.