“Ruhumuzun ünvanı Şuşa”

 

Atatürk Mərkəzində əməkdar jurnalist, istedadlı qələm sahibi, bir çox kitabların müəllifi, biri–birindən maraqlı və məzmunlu yazıları ilə mətbuat səhifələrində müntəzəm çıxış edən Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, yazıçı–publisist Flora Xəlilzadənin zəngin faktlara əsaslanaraq yazıb ərsəyə gətirdiyi “Ruhumuzun ünvanı Şuşa” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Atatürk Mərkəzinin rəhbəri, AMEA–nın müxbir üzvü, professor Nizami Cəfərov Şuşanın tarixini sadə və oxunaqlı, eləcə də şirin bir dillə qələmə alan tanınmış jurnalist Flora Xəlilzadənin zəngin faktlara əsaslanaraq yazdığı belə bir kitabın təqdimata olduqca böyük ehtiyacı olduğunu diqqətə çatdırdı və kitabın müəllifinə öz təşəkkürünü bildirdi.

Daha sonra çıxış edən “Ruhumuzun ünvanı Şuşa” kitabının redaktoru, professor Qəzənfər Paşayev dərin müşahidələr aparan, Şuşanın tarixini, mədəniyyətini geniş şəkildə qələmə alan Flora Xəlilzadəyə yeni yaradıcılıq uğurları arzuladı və qeyd etdi ki: “Flora Xəlilzadə dərin müşahidəetmə qabiliyyətinə malik olan bir jurnalistdir. Onun ərsəyə gətirdiyi bu kitabı eyni zamanda gələcək nəslin istifadə edib, bəhrələnə biləcəyi elmi–tədqiqat nümunəsi kimi dəyərləndirdi. Bu kitab müəllifin Şuşa sevgisi və ağrısından yaranıb, kitabı oxuyarkən onun hər misrasının qəlb ağrısı və həssas duyğularla yazıldığı hiss olunur”.

Müəllif F.Xəlilzadə Şuşa ilə əlaqədar müxtəlif mətbuat səhifələrində 100–ə yaxın məqalə dərc etdirdiyini diqqətə çatdırdı. “Kitabda çap etdirdiyim məqalələri arxiv sənədlərinə istinad edərək qələmə almışam. Apardığım araşdırmalar zamanı o nəticəyə gəldim ki, Şuşada təkcə musiqi xadimləri deyil, eyni zamanda elmin müxtəlif sahələrində tanınmış şəxsiyyətlər də boya–başa çatıb. Bir çox sahələr var ki, onların banisi məhz Şuşada dünyaya göz açıblar. Bu baxımdan şərqin ilk operasının, balet və simfonik muğam əsərlərinin yaradıcılarını qeyd etmək olar. 19–cu əsrdə Paris, London kimi Avropanın bir çox paytaxt şəhərləri ilə müqayisə edilən Şuşa ən dəbdəbəli şəhər statusu alıb”.

Yeni nəşri birinci kitab adlandıran F.Xəlilzadə onu da vurğuladı ki, üzərində işləyəcəyim ikinci kitab üçün araşdırmalar aparıram. Ümidvaram ki, ikinci kitabımı sona çatdırana qədər qələbə müjdəsini eşidəcəyəm.

Təqdimat mərasimində millət vəkilləri—Qənirə Paşayevə, Musa Quliyev, Flora Qasımova, professor Vilayət Əliyev, Vaqif Arzumanlı, Şuşanın icra başçısının müavini Vüsalə Fətəliyeva, Şəfəq Nasir və başqaları kitabla bağlı öz fikir və mülahizələrini söylədilər.

 

 

Məhəmməd Vəliyev

 

Respublika.- 2013.- 3 may.- S. 10.