Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə kitabxanada keçirilmiş tədbir

 

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bu il ulu öndərin anadan olmasınm 90 ili tamam olur. Bu münasibətlə may ayının 1–də respublikamızın hər yerində olduğu kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi–Texniki Kitabxanasında da Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bağlı yubiley tədbiri keçirilmişdir. Tədbirdə komitənin aparat rəhbəri Elçin Quliyev, işlər idarəsinin müdiri Natiq Vəliyev, Bakı Dövlət Universitetinin müəllim–tələbə kollektivinin nümayəndələri, oxucular və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Respublika Elmi–Tədqiqat Kitabxanasının direktoru İradə Musayeva ümummilli lider Heydər Əliyevin ömür yolu və Azərbaycan xalqı və dövlətçiliyi naminə gördüyü böyük xidmətlər haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın tarixində silinməz izlər qoymuşdur.

Müstəqilliyimizin ilk illərində məhz Heydər Əliyevin yorulmaz və ardıcıl fəaliyyəti nəticəsində mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabxana işi sahəsində olduqca ciddi tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl kəskin maliyyə çətinliyinə baxmayaraq, kitabxana şəbəkələri qorunub saxlanıldı. Bu gün fəxrlə demək olar ki, Azərbaycan MDB ölkələri içərisində dövlət kitabxana şəbəkəsini qoruyub saxlayan, kitabxana müəssisələrinin özəlləşdirilməsini qadağan edən yeganə respublikadır.

Böyük öndər Heydər Əliyev kitabxananı “xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” adlandırmışdır. Fərəhləndirici haldır ki, kitabxana işi haqqında bir çox sərəncamlar və dövlət qərarları verilmiş, 1999–cu ildə Milli Məclis tərəfindən “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən imzalanması mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət qayğısının təzahürüdür.

İradə Musayevanın giriş sözündən sonra Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elçin Quliyev, işlər idarəsinin müdiri Natiq Vəliyev, Kitabxana Həmkarlar Komitəsinin sədri Azadə Orucova, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı İradə Əliyeva da çıxış etdilər. Natiqlər öz çıxışlarında dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixindəki müstəsna yerindən və xalqımızın milli irsinə verdiyi töhfələrdən bəhs etdilər. Xüsusilə vurğuladılar ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Tədbirdə çıxış edənlər belə bir ümumi fikri ifadə etdilər ki, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin layiqli davamçısı kimi kitabxanaçılığın inkişafı naminə onun həyata keçirdiyi böyük işləri bu gün də əzmlə davam etdirir.

Müasir Azərbaycan tarixinin yeni parlaq səhifələrinin yazılmasında böyük rolu olan bu dahi şəxsiyyət əbədi olaraq bizim ümummilli liderimizdir. İllər, əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər Əliyev dövrü tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq.

 

 

İradə ZÜLFƏLİQIZI

 

Respublika.- 2013.- 3 may.- S. 8.