Xalqı öz arzusuna qovuşduran lider

 

Hər bir xalqın tarixi şans və milli iradə əsasında müstəqil dövlət qurmaq istəyini gerçəkləşdirməsi, ilk növbədə lider fenomeni ilə bağlıdır. Bəşər övladının əsrlər boyu ədalətli, sivil və hüquqi dövlətdə yaşamaq idealının gerçəkliyə çevrildiyi ictimai–iqtisadi formasiya kimi üstün mövqelərini qoruyan demokratiya belə, lider fenomeninin müasir fəlsəfi–siyasi fikirdəki yerini və mövqeyini qətiyyən zəiflətmir. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri–adi və fenomen şəxsiyyət — ümummilli lider Heydər Əliyev də daim xilaskar və qurucu lider kimi xatırlanır, onun dövlət və xalq qarşısındakı xidmətləri daim ehtiramla yad edilir.

90 illik yubileyi respublika miqyasında qeyd olunan ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Cəmiyyət həyatının müxtəlif sahələrində haqq–ədalət prinsipinin qorunmasına çalışan ulu öndər yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

1991–ci ilin 18 oktyabrında istiqlaliyyətini elan etmiş Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial–iqtisadi böhran, xaos və anarxiya mühiti bir daha təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat–qat çətindir. 1991–1993–cü illərdə respublikamız de–yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

1993–cü ilin iyun ayında Gəncədə törədilən qanunsuzluqlar və silahlı qiyam isə ölkədəki hərc–mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı–ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Belə böhranlı və ağır şəraitdə Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi. 1993–cü ilin iyununda ölkədə yaşanan təlatümlər də təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşunə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən uğurla gələ bilər. İyun ayının 9–da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC–Müsavat hakimiyyətinin təkidli istəyi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəl idarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993–cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. 1993–cü ilin oktyabrın 10–da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” – deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə başlamışdır. Ümummilli lider cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalaşdırmaqla, əslində mükəmməl dövlət idarəçilik məktəbi yaratmışdır.

Bu mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirən ulu öndər sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994–cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq–mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995–ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur.

Prezident İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında qeyd olunduğu kimi, “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

1996–2003–cü illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998–ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998–ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. İnsan hüquqları sahəsində proqram xarakterli bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998–ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır. “Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum — Məhkəmə–Hüquq Şurası yaradılmışdır. 2000–ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçilməsi də ulu öndərin müstəqil məhkəmə hakimiyyətinin yaradılması sahəsində tarixi xidmətlərindən biridir.

Ümumi şəkildə ifadə etsək, 1993–cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998–ci ilin fevralında bu cəzanın tam ləğvi; 32 əfv, 8 amnistiya aktının imzalanması, 1996–cı ildə Hüquq İslahat Komissiyasının yaradılması və “Konstitusiya məhkəməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və s. mütərəqqi ruhlu qanunların qəbuluna start verilməsi; 2001–ci ilin 17 yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi; İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması; 2002–ci il 24 avqust tarixdə Azərbaycan Respublikasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi kimi mühüm islahatlar məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır.

Müstəqil Azərbaycan dövlətinin banisi — ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özundən sonra inamla idarə edəcək, coxşaxəli mütərəqqi islahatların uğurunu təmin edəcək müasir lider də yetişdirmişdir. Hələ 2003–cu ilin oktyabrında ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyuk umidlər bəsləyirəm” deməklə cəmiyyətə özünün layiqi davamcısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 10 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin seçimin düzgünlüyünə bir daha əmin oluruq.

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Prezident İlham Əliyevin tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əməl etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Dövlət başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bunların qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir. Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin–amanlıq şəraitində və rifah halında yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial–siyasi, milli–əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin–amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımlar cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir.

İqtisadi sahədə reallaşdırılan islahatlar — azad sahibkarlığın möhkəmləndirilməsi, işgüzar mühitin liberallaşdırılması, investisiyalara dövlət təminatının gücləndirilməsi, qeyri–neft sektorunun, informasiya–kommunikasiya texnologiyalarının inkişafı, vətəndaşların təşəbbüskarlığına geniş meydan verilməsi kimi mühüm tədbirlər Azərbaycanda səmərəli iqtisadiyyatın formalaşdırılmasına xidmət edir. Nəhayət, bütün bu addımlarla paralel şəkildə siyasi və hüquqi azadlıqların təminatı vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların davam etdirilməsi ölkədə şəxsiyyətin və fərdin azadlığına xidmət edir.

Son illər bu islahatların məntiqi yekunu olaraq respublikada demokratik proseslər sürətlənmiş, qanunçuluq bütün səviyyələrdə möhkəmlənmiş, sosial ədalət meyarına riayət olunmuş, hakimiyyət bölgüsü prinsipləri qorunmuş, hüquq–mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatlar aparılmış, siyasi mühitin liberallaşdırılması istiqamətində davamlı addımlar atılmışdır. Ötən 10 ildə insan hüquq və azadlıqlarının daha etibarlı təmini baxımından “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004–2006–cı illər) təsdiq edilməsi haqqında” 3 sentyabr 2004–cü il tarixli, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 19 yanvar 2006–cı il tarixli, “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli, habelə “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında”, “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 28 dekabr 2006–cı il tarixli, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007–ci il tarixli, “Azərbaycan Respublikasının qeyri–hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 27 iyul 2007–ci il tarixli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 13 dekabr 2007–ci il tarixli, habelə 2011–ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı qeyd etmək olar.

İnsan və vətəndaş hüquq–azadlıqlarının etibarlı təmini baxımından 2009–cu il martın 18–də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusi vurğulamaq lazımdır. Ümumxalq referendumunda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Referendumda ictimai dəstək almış hüquqi yeniliklər 1948–ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə, 1950–ci il tarixli “İnsan Hüquqları üzrə Avropa Konvensiyasına”, 1966–cı il tarixli “Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”a, 1989–cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın və s. müddəalarına tam uyğun olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq, prinsip və normaları ilə uzlaşdırılmasına yönəlmişdir.

Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni–yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial–iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir–birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.

Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki siyasəti bu gün də uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı — Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız sürətli sosial–iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri insan hüquqlarının təmini sisteminin təkmilləşdirilməsində də öz sözünü deyir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.

 

 

Natiq ABDULLAYEV,

Lənkəran rayon prokuroru,

baş ədliyyə müşaviri

 

Respublika.- 2013.- 4 may.- S. 11.