Ədliyyə sistemində mütərəqqi islahatların müəllifi

 

Bəşəriyyətin təkamül və inkişaf mərhələləri böyük dühaların, siyasət ustadlarının öz xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunu xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olmaqla, müasir dövlətçiliyin ideoloji–siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşdurmuş, milyonlarla insanın qəlbində özünə möhtəşəm abidə ucaltmışdır.

 

Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013–cü il 21 yanvar tarixli sərəncamında göstərildiyi kimi: “Azərbaycanın vətəndaş müharibəsi həddinə çatdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün — 1993–cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bilmişdir”.

Ümummilli lider Heydər Əliyev 1993–cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Ulu öndər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm olaraq yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. 1995–ci ilin 12 noyabrında ümumxalq referendumu əsasında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Əsas Qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Həyata keçirilən məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili məsələləri olmuşdur.

Konstitusiyanın qəbulundan sonra respublikada məhkəmə–hüquq islahatları ilə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin də keyfiyyətcə yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Demokratik inkişaf yolu ilə inamla irəliləyən Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya kursu seçməsi, Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ədliyyə sistemində əsaslı islahatların aparılmasını, bu orqanın funksiyalarının təkmilləşdirilməsini, fəaliyyət dairəsinin genişləndirilməsini prioritet məsələlər kimi önə çıxarmışdır. Bu mərhələdən davamlı olaraq həyata keçirilən islahatlar respublikamızın dövlət quruluşu sistemində ədliyyə orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, onun statusunun, fəaliyyət prinsiplərinin, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi məqsədi daşımışdır.

Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının rolunu daim yüksək dəyərləndirmiş, hələ 70–ci illərdə bu sahədə başladığı islahatları keyfiyyətcə yeni mərhələdə əzmlə davam etdirərək ədliyyə sisteminin mahiyyətcə təkmilləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrin cəmiyyətdəki yüksək statusunun qorunması, eləcə də insan hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəmə qərarlarının icrası məsələsi də xüsusi diqqətdə saxlanılmış, 1999–cu il 28 dekabr tarixdə “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” qanunun qəbulu bu istiqamətdə mühüm addım olmuşdur. Qanunun qüvvəyə minməsi ilə bağlı əvvəllər məhkəmə qərarlarının icrası ilə məşğul olmuş ədliyyə polis qurumları ləğv olunmuş, məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır. Bundan əlavə “İslah–əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmini edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999–cu il 11 fevral tarixli “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah–əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999–cu il 9 oktyabr tarixli fərmanları respublikamızda ədliyyə sahəsində köklü islahatların aparılmasında dönüş nöqtəsi olmuşdur.

Cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi MDB məkanında ilk dəfə məhz Azərbaycanda həyata keçirilmiş, bununla da respublikada vahid islah–təsir siyasətinin gerçəkləşdirilməsi, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılmasına təkan verilmişdir. Azərbaycan Respublikası Prezidenitinin “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi”nin tətbiq edilməsi haqqında” 2000–ci il 25 avqust tarixli fərmanına uyğun olaraq cinayət cəzalarının icrası, məhkum edilmiş şəxslərin saxlanılması, onların islahı, mühafizəsi, müşayiət edilməsi və s. tədbirlərin həyata keçirilməsinin təşkili və təmin edilməsi səlahiyyətlərini Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həyata keçirir.

Ümumiyyətlə, 1993–2003–cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, bu müddətdə 70–dək qanun və digər normativ–hüquqi akt qəbul olunmuşdur. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü elan edilmişdir. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmış, Azərbaycanın ədliyyə tarixinə, müsbət ənənələrinə ehtiramın təzahürü kimi dəyərləndirilmişdir.

Respublikamızın tarixində ilk dəfə olaraq yerli özünüidarə orqanları kimi formalaşmış bələdiyyələrin fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkili məqsədilə 2002–ci ildə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi (hazırda “Bələdiyyələrlə iş mərkəzi” adlanır) yaradılmışdır.

Notariat və vətəndaşlıq vəziyyəti aktları orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatlar həyata keçirilmiş, onların fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması diqqət mərkəzində olmuşdur. Bütün sahələrdə əhalinin rifahının, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ulu öndərin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002–ci il tarixli fərmanı ilə qeydiyyatla bağlı bəzi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar şəkildə də aparılması qaydaları müəyyən edilmişdir.

Son 10 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Dövlət başçısının hələ 2006–cı il 18 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” Ədliyyə Nazirliyinin normativ–hüquqi bazasının təkmilləşdirilməsi məqsədi daşımış, mühüm əhəmiyyətə malik bu sənədlə ədliyyə orqanlarının yeni fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyən edilmişdir. Yeni Əsasnaməyə uyğun olaraq nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq–mühafizə orqanı statusu verilmişdir. Yeni qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ–hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır, notariat orqanlarının fəaliyyətini, vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasını təmin edir, hüquqi şəxslərin dövlət reyestrini, həmçinin Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini həyata keçirir.

Yeni Əsasnamə ilə Ədliyyə Nazirliyinə həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan normativ xarakterli aktlarının qüvvədən düşməsi, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququnun verilməsi də olduqca mühüm əhəmiyyət kəsb edir. Əsasnamə həmçinin Ədliyyə Nazirliyinə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin təmini, onların pozulmasının qarşısının alınması kimi mühüm vəzifələrin həvalə edilməsi ölkədə hər bir fərdin mənafeyinə xidmət edən liberal ruhlu islahatların davamı kimi təqdirəlayiqdir.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisin 26 may 2006–cı il tarixli iclasında qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ədliyyə strukturlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən etmişdir. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi kimi vacib məqamlar da əksini tapmışdır. Qanunun 2–ci fəsli ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələlərinə həsr olunmuşdur. Burada müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan Azərbaycan Respublikası vətəndaşının şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibə əsasında ədliyyə orqanlarına qulluğa qəbul edilmək hüququ təsbit edilmişdir. İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün sınaq keçmə müddəti, həmçinin işə başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə andiçmə nəzərdə tutulmuşdur.

Belə bir qanunun imzalanması göstərir ki, nazirliyin çoxşaxəli fəaliyyət istiqamətləri sırasında kadrlarla iş mühüm yer tutur. Ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək, əməkdaşların vəzifədə irəli çəkilməsi, onların təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək, zəruri kadr ehtiyatı formalaşdırmaq əsas məqsədlər sırasındadır. Bunun üçün işə qəbulun aşkarlıq şəraitində, şəffaf üsullarla həyata keçirilməsi də təmin olunmuşdur. Bu sahədə ilk addımlar 2004–cü ildə atılmış, nazirliyin tibb, penitensiar və əhalinin dövlət reyestri xidmətlərinə vakant vəzifələrə işə qəbulun açıq müsabiqə əsasında keçirilməsinə başlanılmışdır. 2006–cı ildə dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi qərara alınmış, dekabrın 9–da Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq ədliyyə orqanlarında işləmək istəyən namizədlərlə test imtahanı keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli fərmanı isə Ədliyyə Nazirliyinin fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində təşkili baxımından bir sıra yeni idarələrin yaradılmasını nəzərdə tutmuşdur. Fərmanın preamblua hissəsində göstərilmişdir ki, ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Bu zərurətdən irəli gələrək fərmanda ədliyyə sistemi üzrə böyük struktur dəyişiklikləri nəzərdə tutulmuşdur: Qanunvericilik, Qeydiyyat və notariat baş idarələri, İnsan hüquqları və ictimayyətlə əlaqələr idarəsi, regional ədliyyə şöbələri və rayon (şəhər) qeydiyyat şöbələri yaradılmış, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Məhkəmə Ekspertizası Elmi Tədqiqat, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu müvafiq olaraq Penitensiar Xidmət və Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmışdır.

Fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmış, habelə regionların sosial–iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına xidmət etmişdir. Ali hüquq təhsili şəxslərin ixtisasları üzrə peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədilə Ədliyyə Nazirliyi yanında Hüquq–Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması da Azərbaycan ədliyyəsinin son illər ərzində əldə etdiyi mühüm uğurlardandır.

Aparılan islahatlar çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması və onun müasir tələblər səviyyəsində qurulması işi də daim xüsusi diqqət mərkəzində saxlanılmışdır. Nazirliyin təklifləri əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə müəyyən səlahiyyətlərin icra hakimiyyəti nümayəndəliklərinə verilməsi, bu sahədə dövlət qeydiyyatını tənzimləyən yeni normativ–hüquqi aktların hazırlanaraq təsdiq olunması, geniş hüquqi maarifləndirmə işinin aparılması, kadrların peşə hazırlığının artırılması məqsədilə seminar və təlim məşğələləri keçirilmişdir.

Ailə hər bir normal insanın ən böyük sərvəti, zinəti, həyatının mənasıdır. Son illər insanların sosial rifah halında baş verən əhəmiyyətli dəyişikliklər, işsizlik probleminin həlli, yoxsulluğun səviyyəsinin aşağı düşməsi, gənc ailələrin mənzil probleminin həlli üçün ipoteka kreditlərinin verilməsinə başlanılması gənclərin vaxtında nikaha girməsini, dayanıqlı ailə qurmasını şərtləndirən mühüm amillərdəndir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla həyata keçirilməsi prosesində ədliyyə naziri Fikrət Məmmədovun yüksək təşkilatçılığı, nizam–intizama, peşəkarlığa və dövlət mənafelərinə sadiqliyi də əhəmiyyətli rol oynamışdır.

Rəsmi Qəbullar Sarayı fəaliyyətini günün tələbləri səviyyəsində quraraq dövlətin məqsədyönlü siyasətinin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır. İnanırıq ki, dövlət başçısının uğurla həyata keçirdiyi çoxşaxəli islahatlar nəticəsində respublikada hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm uğurlar əldə olunacaqdır.

 

 

Həqiqət SƏLİMOVA,

Rəsmi Qəbullar Sarayının

direktor müavini

 

Respublika.- 2013.- 4 may.- S. 12.