Tarixin gedişatını dəyişməyi bacaran böyük şəxsiyyət

 

Yaradıcı həyatının tam 34 ilini Azərbaycanın rəhbərliyinə həsr etmiş böyük dövlət adamı Heydər Əliyev fenomenal tarixi şəxsiyyət idi.

Onu öz dövrünün tarixin yaradıcısı adlandırmaq olar. Bu, mübaliğəsiz belədir. Müasir Azərbaycan tarixinin çox vacib bir dövrü, habelə bugünkü həyatımız məhz bu böyük vətən oğlunun siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə bağlıdır. Heydər Əliyev tarixə ictimai–siyasi, sosial, mədəni, iqtisadi proseslərin axarını dəyişməyi, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran lider kimi düşüb–bu fakt da hamının birmənalı şəkildə təsdiqlədiyi həqiqətdir. Heydər Əlirza oğlu Əliyevin adı Azərbaycanın çağdaş dövr tarixinə bu tarixin gerçək yaradıcısı kimi yazılıb. 1969–cu il iyulun 14–dən etibarən Sovet Azərbaycanına rəhbərlik etməyə başlayan Heydər Əliyevin adı Azərbaycan Sovet Sosialist Respublikasının əldə etdiyi bütün ictimai uğurların sinoniminə çevrilib. Məsələyə daha geniş kontekstdə yanaşsaq, bəlli olar ki, Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin simvoluna çevrilib.

Heydər Əliyev nəinki Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin I müavini kimi çox mötəbər rəhbər vəzifədə işləyərkən, hətta Siyasi Büro üzvlüyünə namizəd və Azərbaycan SSR Kommunist Partiyası MK–nın I katibi vəzifəsində çalışarkən də bütün SSRİ–də nüfuzlu siyasi xadim kimi qəbul olunur və yüksək dəyərləndirilirdi. İkinci vacib məqam isə bundan ibarətdir ki, Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin həyatının ən vacib strateji əhəmiyyətli sahələrinə rəhbərlik edirdi. Bura sosialist düşərgəsi ölkələri ilə əlaqələrdən, Yaxın Şərq probleminin həlli ilə bağlı məsələlərdən tutmuş Uzaq Şərq, Mərkəzi və Cənub–Şərqi Asiya, Latın Amerikası ölkələri ilə əlaqələrə rəhbərlik kimi geniş spektrli xarici siyasət problemləri, həm də ağır sənaye, dəmir yolu, nəqliyyat, tikinti, səhiyyə, təhsil, gənclərlə iş və s. bu kimi əhəmiyyətli sosial–iqtisadi sferalara birbaşa nəzarət və rəhbərlik problemləri daxil idi. Azərbaycan məhz Heydər Əliyevin titanik əməyinin, qeyri–adi işgüzarlığının, fitri rəhbərlik və təşkilatçılıq istedadının sayəsində keçmiş SSRİ–nin ən nüfuzlu subyekti idi. Azərbaycanda sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elmtutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, respublikamızın intellektual, elmi–texniki və iqtisadi potensialı ölçüyəgəlməz dərəcədə artmışdı.

Heydər Əliyev Azərbaycan SSR–ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər SSRİ–nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilirdi. Azərbaycanın gələcəyi üçün çox nadir ixtisaslar üzrə milli kadrların hazırlanması bilavasitə Heydər Əliyevin xidmətləri–nin nəticəsi idi. Həmin illərdə 10 mindən çox azərbaycanlı gənc həmin ali məktəblərdə təhsil alaraq respublikaya qayıtmışlar və hazırda Azərbaycanın inkişafına xidmət göstərirlər.

Heydər Əliyev Azərbaycana və azərbaycanlılara gerçək lider və vətənimizin simvolu olmaqla onların haqqını hər yerdə və həmişə müdafiə edirdi. Azərbaycan Heydər Əliyevdən ötrü həmişə hər şeydən öndə idi. O, dünyanın qapılarını azərbaycanlıların üzünə açmışdı, Azərbaycanın və azərbaycanlıların adını hər yerə yayırdı, xalqını öndə görmək üçün mümkün olan və olmayan hər şeyi edirdi. Heydər Əliyev SSRİ Ali Sovetinə Azərbaycandan seçilən deputatların sayının və keyfiyyət göstəricilərinin artırılmasına böyük diqqət və qayğı göstərirdi! O, ilk növbədə Azərbaycanın SSRİ Ali Sovetində daha çoxsaylı deputat korpusu ilə təmsil olunmasına nail olmuşdu. Sonra isə həmin deputatların keyfiyyət tərkibinin yaxşılaşdırılmasına diqqət yetirmişdi. Heydər Əliyevə qədərki dövrdə Azərbaycandan bu mötəbər quruma əsasən qabaqcıl fəhlələri, çobanları, sağıcıları, pambıqçıları, taxılçıları deputat seçirdilər. Heydər Əliyev bu kiçik respublikada SSRİ miqyaslı ölkəni idarə etməyə qabil olan ziyalıların və mədəniyyət xadimlərinin–alimlərin, bəstəkarların, rəssamların, ədiblərin, heykəltəraşların, kinorejissorların, aktyorların və digərlərinin də yetərincə olduğunu sübuta yetirdi. Bu, azərbaycanlılara SSRİ miqyasında daha böyük hörmət qoyulmasına, xalqımızın real gücünün və potensialının üzə çıxmasına səbəb oldu.

Bütün bunlar Heydər Əliyev zəkasının və qətiyyətinin məhsulu idi və heç kimin nəzərindən yayınmırdı. Buna görə idi ki, Azərbaycan o dövrdə böyük beynəlxalq sərgilərin, elmi konfransların keçirildiyi məkan kimi də şöhrətlənirdi. Xarici ölkələrin liderləri, o cümlədən Finlandiya, Yəmən, Almaniya Demokratik Respublikası, Macarıstan, Fələstin, Çexoslovakiya, Bolqarıstan, Suriya, Kuba, Efiopiya, Misir və digər ölkələrin dövlət, hökumət və parlament rəhbərləri 70–ci illərdə Azərbaycanda rəsmi dövlət səfərlərində olmuşdular. Bundan əlavə, Heydər Əliyev hələ Azərbaycan SSR–ə rəhbərlik etdiyi illərdə SSRİ nümayəndə heyətinin başçısı kimi Vyetnam, ADR, Suriya, Hindistan, Yuqoslaviya, Meksika, Laos və digər ölkələrə rəsmi səfər etmiş, orada SSRİ hökuməti adından danışıqlar aparmışdı. Bu, Heydər Əliyevin nüfuzunun hələ 70–ci illərdə də SSRİ miqyasında etiraf və qəbul edilməsi demək idi. Heydər Əliyevin Moskvadakı 5 illik fəaliyyəti çoxsaylı dissertasiya, elmi–tədqiqat işlərinin araşdırma mövzusu olacaq qədər geniş və çoxşaxəlidir. Heydər Əliyev bütün sovet vətəndaşlarının həyatına sözün əsl mənasında daxil olmuşdu. O, Sovet dövrünün ən enerjili, çevik, ağıllı, qətiyyətli liderlərindən biri kimi yaddaşlara əbədi hopub.

Heydər Əliyev öz bacarığı, qeyri–adi biliyi, fitri istedadı, dərin zəkası, dəmir məntiqi, sarsılmaz iradəsi, səmimiyyəti ilə bütün sovet vətəndaşlarının sevimlisi, kumiri, gerçək lideri idi. Ona sadəcə ehtiramla yanaşmırdılar, ona yalnız inanmırdılar, onu həm də çox sevirdilər. O, hamını valeh etmişdi. Heydər Əliyev SSRİ Ali Sovetinə məhz RSFSR ərazisindən—Altay diyarından seçilmişdi. Bu, ona hər yerdə olan sevginin təzahürü idi.

Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur.

Dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 35 ilə yaxın bir dövr ərzindəki titanik fəaliyyəti bu sözlərdəki həqiqəti dəfələrlə təsdiq etmişdir. Onun bütün ömrü doğma vətənin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Heydər Əliyevin işləyib hazırladığı milli dövlətçilik strategiyasının məhək daşını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. İqtisadiyyatımızın hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin ən intensiv inkişaf mərhələsini təşkil edir. Ümummilli lider sözün əsl mənasında Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, dövlətçiliyin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Məhz bunun nəticəsində Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Tale XX yüzillikdə Azərbaycana Heydər Əliyev kimi nadir istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş etmişdir.

Türkiyənin 9–cu prezidenti Süleyman Dəmirəl demişdir: “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918–1920–ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə də yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini dünyaya tanıtmışdır. Dünya Azərbaycan dövlətini sadəcə tanımaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır”.

Bu doğrudan da belədir. Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Göründüyü kimi, Heydər Əliyev kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və Azərbaycanın daha da inkişif edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı ümummilli liderimiz artıq yaradıb və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir.

 

 

Akif RƏHİMOV,

“İlqar–MR” şirkətinin prezidenti

 

Respublika.- 2013.- 4 may.- S. 12.