Səhiyyənin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir

 

Əbədiyaşar, ümummilli liderimiz Heydər Əliyev son bir neçə əsrdə xalqımızın yetirdiyi ən nadir şəxsiyyət və qüdrətli dövlət xadimidir. Heydər Əliyev respublikaya rəhbərliyinin bütün dövrlərində xalqına və vətəninə sonsuz məhəbbət, sədaqət hissi ilə qurub–yaratmış, ölkəmizin gələcək inkişafı, firavanlığı və müstəqilliyi naminə yorulmaq bilmədən çalışmışdır. Müstəqil Azərbaycan dövlətinin bugünkü uğurları məhz Heydər Əliyev strategiyasının bəhrəsidir. Belə ki, onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyatın bütün sahələrində geniş islahatlar həyata keçirilmiş, ölkədə baş verən proseslərə şəxsi nəzarəti, tələbkarlığı və obyektivliyi öz müsbət nəticələrini vermişdir.

Ümummilli lider hələ 1969–cu ildə respublikaya rəhbərliyə gələndə Azərbaycan keçmiş sovet respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Məhz onun titanik zəhməti, səyi, yüksək təşkilatçılığı sayəsində tez bir zamanda ölkə iqtisadiyyatında baş verən dirçəliş həyatın ayrı–ayrı sahələrinin inkişafını təmin etdi, o cümlədən milli səhiyyəmiz də özünün inkişaf mərhələsinə qədəm qoydu.

1970–1980–ci illərdə Azərbaycanda yüzlərlə iri yeni obyektlər inşa edildi və səhiyyənin inkişaf etdirilməsi üçün çox mühüm işlər görüldü. Həmin dövrdə yaradılan böyük xəstəxanalar, müalicə ocaqları, tibb mərkəzləri bu gün də xalqımıza xidmət edir.

Moskvada Sov.İKP MK Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini olarkən də Sovet İttifaqı miqyasında bilavasitə səhiyyəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycan səhiyyəsinin problemlərini yaxından öyrənir və onun həllinə çalışırdı. Səhiyyənin, onun maddi–texniki bazasının inkişafı, səhiyyə ocaqlarının ilbəil müasir avadanlıqla təchiz olunması, bu sahədə çalışanların maddi ehtiyaclarının ödənilməsi üçün o, şəxsi nüfuzundan daha çox istifadə edirdi. O illərdə səhiyyəyə bir vacib sosial sahə kimi diqqət yetirən ulu öndərin gördüyü işlərin nəticəsində ölkə səhiyyəsinin maddi–texniki imkanları möhkəmlənmiş, bu sahədə güclü kadrlar yetişmiş, elmi potensial yaranmışdı. Təəssüf ki, sonrakı dövrdə respublikada baş vermiş dəyişikliklər, mövcud sosial–iqtisadi böhran nəticəsində səhiyyə diqqətdən kənarda qaldı, bu sahədə böhran kəskinləşdi, səhiyyədə tənəzzül baş verdi.

Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın xahişi ilə respublikaya hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, bu sahədə də anarxiyaya, tənəzzülə son qoydu. Azərbaycanda demokratik–hüquqi və dünyəvi dövlət quruculuğu işləri geniş vüsət aldı. Müstəqil Azərbaycan dövləti inkişafa doğru istiqamət götürdüyü andan etibarən səhiyyə sahəsində də köklü islahatlara başlanıldı. Məhz ulu öndərin səhiyyəyə diqqət və qayğısı sayəsində respublikada geniş yayılmış infeksion xəstəliklərin, epidemiyaların qarşısı alındı, bəzi yoluxucu xəstəliklər–polimielit və difteriya ləğv edildi. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, xidmətin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı. Ulu öndərin 1998–ci il 13 mart tarixli sərəncamı ilə səhiyyə sistemində islahatlar aparmaq məqsədi ilə hökumət komissiyası yaradıldı, həmin ilin dekabrında “Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında əsasnamə” təsdiq olundu.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qanunvericilik aktlarının və dövlət proqramının əməli surətdə həyata keçirilməsi məqsədi ilə bir sıra normativ və metodik sənədlər işlənib hazırlandı və təsdiq edildi.

Ulu öndər həkimlərin şərəfli işini yüksək qiymətləndirir və öz çıxışlarında bu fikri hər dəfə qeyd edirdi. O, 1995–ci il dekabrın 29–da Respublika Ailə–Sağlamlıq Mərkəzinin açılış mərasimindəki çıxışında deyirdi: “Səhiyyə cəmiyyətimizin müqəddəs sahələrindən biridir. Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsın. Həkim adı, şəfqət bacısı adı şərəfli addır. Bu adı, onun mənəvi məzmununu qoruyub saxlamaq lazımdır”.

Ümummilli lider səhiyyə işçilərinə hörmət və ehtiram göstərir, eyni zamanda onları öz üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə səfərbər edirdi.

Tarixdən bəllidir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918–ci il iyunun 17–də Səhiyyə Nazirliyinin yaradılması barədə qərar qəbul etmişdir. 1988–ci ildə isə Heydər Əliyev hər il iyun ayının 17–nin tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı. Bu, ulu öndərin milli səhiyyəmizə diqqət və qayğısının təzahürü idi.

Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün digər sahələrlə yanaşı, səhiyyənin də inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Elə buna görə də səhiyyəyə ayrılan büdcə vəsaiti ilbəil artırılır. Azərbaycanda bu sahəyə ayrılan vəsaitin artım tempi dünyanın əksər ölkələrindən yüksəkdir. Belə ki, mütəmadi olaraq həkimlərin, tibb işçilərinin əməkhaqlarının artırılması, səhiyyə ocaqlarının müasir standartlar səviyyəsində təmiri, yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz olunması, yüksək keyfiyyətli dərman preparatları ilə təmin edilməsi, yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsi bu sahənin sürətli inkişafından xəbər verir. Bu inkişafda öz payı olan özəl tibb müəssisələrinin açılmasına da dövlətimiz tərəfindən geniş imkanlar yaradılıb. Belə ki, artıq respublikamızda xeyli sayda özəl klinikalar, xəstəxanalar fəaliyyət göstərir. Onların arasında klinikamızın da xüsusi yeri var. 2006–cı ildə Səhiyyə Nazirliyinin lisenziyası əsasında yaradılan Medi–Lux klinikası fəaliyyət göstərdiyi illərdə dövlətimizin diqqət və qayğısını hər an hiss edir. Ən əsası isə, onu qeyd etmək istəyirəm ki, dövlət başçımızın bu sahəyə xüsusi nəzarəti, diqqəti sayəsində yersiz, kənar müdaxilələrin qarşısı alınıb. Bu da normal işləməyə, sözün əsl mənasında, insanların sağlamlığı keşiyində ayıq–sayıq dayanmağa imkan verir. Cərrahiyönlü klinikamızda bütün növ cərrahi əməliyyatlar aparılmaqla yanaşı, eyni zamanda, doğum şöbəsi və dəqiq analizlər aparmağa imkan verən laboratoriya da var. 100–ə yaxın tibb personalı olan klinikanın həkimləri mütəmadi olaraq tibbi olan yenilikləri öyrənmək, işlərinə tətbiq etmək üçün xarici ölkələrə qısamüddətli kurslara gedir, seminar və konfranslarda iştirak edirlər. Bir sözlə, Medi–Lux klinikası özəl struktur olmasına baxmayaraq, hər zaman gündəlik işində Səhiyyə Nazirliyinin əmr və metodik göstərişlərini əsas tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı səhiyyənin inkişafına böyük təkan vermişdir. Regional inkişaf Dövlət Proqramı isə bölgələrimizdə bu prosesin daha da sürətlənməsinə imkan yaradır. Ötən müddət ərzində şəhər və rayonlarda çoxlu sayda müasir tipli səhiyyə ocaqları tikilib istifadəyə verilmişdir. Dövlət başçısı ölkədə aparılan genişmiqyaslı işlərin nəticələrini təhlil edərkən demişdir: “Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür… O ki qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm ki, biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə də böyük diqqət göstərilir. Ən müasir avadanlıq – diaqnostika cihazları gətirilir”.

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), YUNİSEF, digər beynəlxalq, dövlət və qeyri–dövlət təşkilatları ilə səhiyyənin vacib istiqamətləri üzrə əməkdaşlıq edilir. Azərbaycan Respublikası hökuməti ilə ÜST Avropa bürosunun birgə fəaliyyətini özündə əks etdirən Medium Text Proqramı (MTP) həyata keçirilir. Proqram çərçivəsində hər bir layihənin həllində, beynəlxalq konfrans və seminarlarda milli mütəxəssislərin iştirakı təmin olunur.

Vərəmlə, QİÇS, malyariya, infeksion xəstəliklərlə mübarizə, ailə təbabəti, uşaqların xilası, ailə planlaşdırması və reproduktiv sağlamlıq, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, kütləvi ummunizasiya və profilaktika kimi layihələr uğurla həyata keçirilir. Görülən işlərin nəticəsində artıq bu gün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən polimielitdən azad bölgə elan edilmişdir.

Azərbaycanda “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf” Dövlət Proqramının həyata keçirilməsində iqtisadi və sosial məsələlərlə yanaşı, səhiyyədə də islahatlar əhəmiyyətli yer tutur. Bu islahatların, geniş layihələrin dünya standartlarına uyğun səviyyədə aparılması daim diqqət mərkəzində saxlanılır.

Bütün bunlar onu göstərir ki, milli səhiyyəmizin təəssübkeşi, hamisi ulu öndər Heydər Əliyevin Azərbaycan tibbinin inkişafı ilə bağlı arzuları və yarımçıq qalmış işləri ölkəmizin rəhbəri tərəfindən layiqincə yerinə yetirilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır.

Biz inanırıq ki, Azərbaycan səhiyyəsi, tibb elmi öz ənənələrinə sadiq qalacaq, dünya səhiyyəsinin inkişafına yeni–yeni töhfələr verəcəkdir.

 

 

Vahid ƏMİROV,

Medi-Lux klinikasının baş həkimi

 

Respublika.- 2013.- 4 may.- S. 13.