Azərbaycanın gələcəyini düşünən lider

 

Hər bir xalqın taleyində onun yetirdiyi dahi şəxsiyyətlərin rolu əvəzsizdir. Tarixin ayrı–ayrı dövlərində xalq ağır sınaqlarla üzləşəndə bütün cəmiyyəti ətrafında birləşdirib vəziyyətdən çıxış yolu tapa bilən liderə ehtiyac duyur. Millət bu rəhbərin sayəsində məhv olmaqdan qurtulub yenidən həyata qayıdır. Heydər Əliyev xalqımızın taleyində məhz belə bir rol oynamış, millət qarşısında əvəzsiz xidmətləri ilə adını həmişəlik tarixin yaddaşına həkk etmişdir. Ümummilli lider ölkəyə rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə fəxr etdiyi və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın sərt sınaqlarından çıxardı.

Azərbaycanın tarixini Heydər Əliyevsiz təsəvvür etmək sadəcə olaraq mümkün deyil. Xalqın otuz ildən artıq bir dövrü əhatə edən tarixi taleyi onun adı ilə bağlıdır. Bu illər ərzində cəmiyyətin ictimai–siyasi və mədəni həyatının bütün sahələrində müşahidə olunan dirçəliş məhz onun xidmətlərinin nəticəsi idi.

 

Ümummilli lider hələ 1969–cu ildə ilk dəfə respublikanın rəhbəri seçiləndə Azərbaycan keçmiş SSRİ–nin geridə qalmış respublikalarından biri idi. Sosial–iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli–mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi iqtisadi potensialın dağılmasının, ictimai–siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi–psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu.

İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

Respublikada hakimiyyət dəyişikliyindən sonra cəmiyyətin həyatı da dəyişməyə başladı. Bütün sahələrdə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi müşahidə edilirdi. Heydər Əliyevin 1969–1982–ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

Həmin illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən iqtisadi–mədəni tənəzzül halları Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Azərbaycan sözün həqiqi mənasında quruculuq meydanına çevrildi. Çoxsaylı sənaye müəssisələri, sosial obyektlər inşa edildi, infrastruktur yeniləndi, kənd təsərrüfatında dirçəliş başladı. Azərbaycan aqrar–sənaye respublikasından sənaye–aqrar respublikasına çevrildi.

Məhz həmin dövrdə Bakıda genişmiqyaslı abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında mühüm əhəmiyyətə malik olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə–neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, görkəmli tarixi şəxsiyyətlərin ev–muzeyləri yaradılmışdır.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizin gərəkli ixtisaslara yiyələnməsindən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli–mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

1969–1980–ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyev üçün xüsusilə böyük əhəmiyyətli məsələ idi.

Ulu öndərin sonralar qeyd etdiyi kimi, “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi–texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Məlumdur ki, 1991–ci il oktyabrın 18–də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, bu müstəqillik əslində formal xarakter daşıyır, müstəqilliyin itirilməsi qorxusu Azərbaycanın başı üzərindən bir an belə çəkilmirdi. Xarici hərbi təcavüz davam edir, ölkə xaos içərisində boğulur, qanunsuzluq baş alıb gedirdi. Müstəqil dövlətin səriştəsiz, məsuliyyətsiz rəhbərləri vəziyyətdən çıxış yolu tapa bilmir, getdikcə xalqın gözündən düşürdü. 1993–cü ilin iyun hadisələri ölkə daxilində cərəyan edən ictimai–siyasi proseslərin kulminasiya nöqtəsi oldu. AXC–Müsavat hakimiyyəti siyasi səbatsızlıq nümayiş etdirərək siyasi səhnədən çəkilmək məcburiyyətində qaldı. Əslində xalq və dövlət başsız qalmışdı. Belə bir kritik məqamda xalq öz böyük oğluna – Heydər Əliyevə üz tutdu. Təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi xalqın təkidli tələbi ilə dövlət rəhbərliyinə qayıdıb xilaskarlıq missiyasını öz üzərinə götürdü. Tezliklə məlum oldu ki, bu, yeganə doğru seçim idi.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı azərbaycanı milli müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Azərbaycan həqiqi müstəqil ölkə kimi inkişafa başladı. Azərbaycanı, onun dövlət müstəqilliyini möhtərəm Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, milli ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərfdən, cəbhə xəttində vəziyyəti sabitləşdərmək üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, nəhayət, 1994–cü ilin mayında atəşkəs əldə edildi. Cəmiyyət nəfəsini dərmək üçün fürsət əldə etdi, dərin böhrandan çıxmaq, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başlamaq, davamlı inkişaf yoluna çıxmaq üçün müqəddəm şərtlər yarandı.

Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, qanunçuluq bərpa edildi, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994–cü il oktyabr və 1995–ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlandı.

1993–cü ildən başlayaraq ölkəmizdə dövlət quruculuğu prosesi böyük vüsət aldı. Sonrakı dövrdə dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçrilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. 1995–ci il noyabrın 12–də müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Əsas Qanunun maddələrinin üçdə biri insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı idi.

Şübhəsiz, yeni müstəqil dövlətin həyatında ən əlamətdar hadisələrdən biri 1994–cü ilin sentyabrında xarici neft şirkətlərinin iştirakı ilə ilk neft müqaviləsinin – “Əsrin müqaviləsi”nin imzalanması idi. Bu sənəd asan başa gəlmədi. Azərbaycan iri regional qüvvələrin ciddi təzyiqləri ilə üzləşdi. Həmin qüvvələr müqavilənin reallaşması, eləcə də sonralar Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşasının qarşısını almaq üçün hər vasitədən istifadə etdilər. Amma Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu maneələri məharətlə aradan qaldırdı və nəticə etibarilə Xəzər hövzəsində gərginliyə son qoyuldu, əməkdaşlıq mühiti yarandı. Neft Azərbaycan üçün sözün həqiqi mənasında tale məsələsi idi və bu məsələdə hər hansı güzəştə getmək mümkün deyildi. Milli iqtisadiyyatın lokomotivi olan neft sənayesi müstəqil ölkə üçün böyük perspektivlər vəd edirdi. Heydər Əliyevin müəllifi olduğu milli neft strategiyası sonrakı illərdə böyük uğurla həyata keçirildi və bütövlükdə iqtisadiyyatın dirçəlməsinə, ölkənin müstəqilliyinin möhkəmlənməsinə, dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətin beynəlxalq aləmdə, ilk növbədə Avropada nüfuzunun artmasına şərait yaratdı. Bu gün Azərbaycanın yaşadığı tərəqqi ilk növbədə milli neft strategiyasının birbaşa nəticəsidir.

Qarşıda duran mühüm vəzifələrdən biri də aqrar sahədə islahatların aparılması idi. Müstəqil Azərbaycanın yeni həyata başlaması üçün vacib olan bütün digər məsələlər kimi torpaq islahatları da ulu öndərin hakimiyyətə gəlməsindən sonra başladı. 1995–ci ildən etibarən torpaq islahatları ilə bağlı mükəmməl hüquqi baza yaradıldı. 52–dən artıq fərman, sərəncam və digər hüquqi sənədlər hazırlandı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və uğurla reallaşdırıldı.

Bu proses üç əsas xüsusiyyəti özündə cəmləşdirərək dünyada analoqu olmayan bir şəkildə həyata keçirildi: birincisi, torpaq ölkə vətəndaşlarına əvəzsiz olaraq verildi; ikincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi; üçüncüsü, bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqdan istifadə və icarə hüququ verildi, eyni zamanda hər bir vətəndaş torpaq alqı–satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak edə bilərdi. Sosial ədalət prinsipi gözlənilməklə həyata keçirilən torpaq islahatı aqrar sektorun dinamik inkişafına təkan verdi və qısa müddətdə islahatların müsbət nəticələri özünü göstərdi.

Beləliklə, torpaq islahatlarının nəticəsi olaraq kolxoz və sovxozlar ləğv edildi, vahid dövlət fondu torpaqları üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri formalaşdırıldı, özəlləşdirilən torpaqların əhaliyə paylanması işi başa çatdırıldı. Yüz minlərlə ailə torpaq mülkiyyətçisinə çevrildi. Bu isə Azərbaycanda formalaşan orta təbəqənin əsas özəklərindən birini təşkil edir.

Torpaq islahatlarının, habelə aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsi idi ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım başladı. Ulu öndər sonralar deyirdi: Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995–1996–cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır. “Məhz Heydər Əliyevin bu cəsarətli addımı sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrildi və bunun böyük bəhrəsini bu gün də görməkdədir.

Ümumiyyətlə, Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil edirdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996–cı ildə milli iqtisadiyyatda sabitlik təmin edildi, 1997–ci ildən sosial–iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başladı.

Ümummilli lider yaxşı bilirdi ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq idi. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə ciddi zəmin yaratmışdır.

Özəlləşdirmə prosesi ilə paralel həyata keçirilən struktur islahatları iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Ümummilli lider məhz özəl sektoru sosial–iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdə mövqelərinin güclənməsinə çalışırdı. 1997–2002–ci illərdə sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradıldı, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırıldı, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanıldı. İnvestisiyaların təşviqi üçün ölkədə əlverişli şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri–neft sektorunun inkişafına yönəltmək üçün kompleks tədbirlər həyata keçirildi.

Heydər Əliyevin uzun illər diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, “holland sindromu”nun Azərbaycanda təkrarlanmasına imkan verməmək idi. “Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur” – deyən ulu öndər iqtisadiyyatın təkqütblü inkişafının yolverilməz olduğunu daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri–neft sektorunun inkişafına xüsusi diqqət yetirirdi. 1997–ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997–2000–ci illər) Dövlət Proqramı əhəmiyyətinə, aktuallığına və miqyasına görə ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı oldu, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirdi. Dövlət proqramında ilk dəfə olaraq sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri–neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapdı. Həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edildi, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərildi. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyisiklik və əlavələr edilmiş, habelə Haqsız rəqabət haqqında, “İnvestisiyaların qorunması haqqında”,”İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edildi. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risk tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirdi, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırdı.

Köklü islahatlar digər sahələri də əhatə edirdi. Məhkəmə–hüquq sahəsində islahatlar müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına yönəlmişdi. Səhiyyə, elm, təhsil, mədəniyyət və digər sahələrdə islahatlar geniş vüsət aldı. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı, ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri idi. Təhsili millətin gələcəyi adlandıran ulu öndər ölkəmizdə təhsil islahatlarının aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla 1999–cu il iyunun 15–də Azərbaycanın təhsil sahəsində islahat Proqramını təsdiq etdi. Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.

Elmi–intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər elm və milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirdi. Diqqətlayiq haldır ki, yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübsində hər zaman elmi fikrin yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Heydər Əliyev elm, alim həmişə yüksək qiymət verirdi. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsipləri üzərində qurması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır.

Həyata keçirilən hərtərəfli, köklü islahatlar nəticəsində müstəqil Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildi və 2001–ci ildə Avropa Şurasının sıralarına qəbul edildi. Ulu öndər Avropa Şurasının tribunasından qitə ictimaiyyətinə üz tutaraq deyirdi: “1991–ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan birmənalı şəkildə Avropaya, onun humanist və demokratik dəyərlərinə inteqrasiya yolunu tutdu. Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaratdıq, prezident, parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi islahatlar apardıq və aparırıq. Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalılaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.

Ulu öndər elə həmin tribunadan Avropanın diqqətini Ermənistanın ekspansionist siyasətinə cəlb edərək deyirdi: “Lakin təəssüflər olsun ki, bütün səylərimizə baxmayaraq, biz Avropa Şurasına üzv olarkən yalnız müsbət dəyişiklikləri və uğurları deyil, müəyyən problemlərimizi də özümüzlə gətiririk. Bu, hər şeydən əvvəl bu gün eyni vaxtda Avropa Şurasına üzv olan Azərbaycanla Ermənistan arasında öz həllini tapmamış Dağlıq Qarabağ problemidir. Bu problemin Azərbaycanda doğurduğu çətinliklər, ilk növbədə isə çoxsaylı qaçqınlar ordusu, ağır iqtisadi və sosial vəziyyət təkcə bizim ölkəmizin deyil, bütün regionun demokratiyaya doğru inkişafını ləngidir, insan haqlarının qorunmasında ciddi maneələr yaradır”.

Erməni separatizmi həmişə olmuşdur. Hətta Sovet hakimiyyəti vaxtı hələ 1973–cü ildə DQMV–nin yaranmasının 50 illik yubileyi münasibətilə ulu öndər o vaxtkı separatçılara demişdi ki,”Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və belə də qalacaqdır”.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin yeritdiyi xarici siyasətin prioritet istiqamətini təşkil edirdi. Ulu öndər bu istiqamətdə ardıcıl səylər göstərir, dünya ictimaiyyətinin problemə biganə qalmamasına çalışırdı. Ümummilli lider həmişə vurğulayardı ki, dövlətin ən mühüm vəzifəsi yurd–yuvalarından didərgin düşmüş soydaşlarımızın güzəranını yaxşılaşdırmaq, onların problem və qayğılarını həll etmək, ən nəhayət, işğal altında olan torpaqları azad etməklə hər bir məcburi köçkünün isti ocağına qayıtmasına nail olmaqdır. Bu dəyişməz kurs Prezident İlham Əliyev hakimiyyətinin də əsas vəzifəsi olaraq qalır. Cənab İlham Əliyev dövlət başçısı vəzifəsinə seçildiyi ilk gündən bəyan etdi ki, Azərbaycanın bir qarış torpağı belə düşmənə verilməyəcək, nə qədər ki sülh danışıqları davam edir, ağır şəraitdə yaşayan həmin vətəndaşların ev və işlə təmin olunması problemi həllini tapacaq. Sülh danışıqları səmərə verməsə, ərazilərimiz üzərində suverenliyimiz istənilən digər vasitə ilə bərpa ediləcək.

Ümummilli liderin yorulmaz səyləri ilə Ermənistanın silahlı təcavüzü nəticəsində ev–eşiklərini itirmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün imkanlar səfərbər edilir, bu məqsədlə dövlət büdcəsindən hər il xeyli vəsait ayrılırdı. Ölkənin iqtisadi vəziyyəti düzələn kimi bu istiqamətdə ardıcıl tədbirlər görülməyə başladı. Prezident Heydər Əliyevin 7 sentyabr 2001–ci il tarixli fərmanı ilə ilk dəfə olaraq məburi köçkünlər üçün 500 evdən ibarət 6 qəsəbə salındı. Sonrakı illərdə bu iş ardıcıl olaraq davam etdirildi. Hazırda köçkün vətəndaşlarımızın əksər hissəsi üçün normal həyat şəraiti yaradılmışdır. Yaxın bir neçə il ərzində bu proses başa çatacaqdır.

Ulu öndər özündən sonra zəngin siyasi irs qoyub getmişdir. Onun dövləti idarəetmə təcrübəsi, çətin məqamlarda yeganə düzgün qərar qəbul etmək məharəti, problemlərə adekvat reaksiya vermək qabiliyyəti müasiri olmuş siyasət adamlarında da bu böyük şəxsiyyətə sonsuz rəğbət doğurmuşdu. Onun siyasi irsindən hələ çox bəhrələnəcəklər.

Xoşbəxtlikdən, Heydər Əliyevin təməlini qoyduğu milli inkişaf konsepsiyası bu gün də uğurla həyata keçirilir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq Azərbaycanın hərtərəfli tərəqqisi, inkişaf etmiş ölkələr səviyyəsinə çatması naminə məqsədyönlü fəaliyyət göstərir.

 

 

Astan ŞAHVERDİYEV,

Milli Məclisin deputatı,

texnika elmləri doktoru, professor

 

Respublika.- 2013.- 5 may.- S. 4.