“Memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir”

 

YAP Yevlax rayon təşkilatının qərargahında “Memarı və qurucusu Heydər Əliyev olan Azərbaycan dövləti etibarlı əllərdədir” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbiri Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Müstəqim Məmmədov açaraq, Türk dünyasının fenomeni, Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən geniş məruzə ilə çıxış etdi. Dünya siyasətinin lideri Heydər Əliyev xalqın çoxsaylı xahişləri, təkidi, tələbi və müraciətləri ilə “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyərək yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra məhz onun müdrikliyi və dühası ilə Azərbaycan təhlükədən xilas olaraq müstəqilliyini möhkəmləndirdi. Qısa zaman ərzində, lakin böyük zəhmətlər hesabına ölkədə güclü, davamlı sabitlik yaradan uzaqgörən siyasətçi respublikanın inkişafı üçün zəruri addımlar ataraq əbədi və dönməz, qüdrətli dövlət yaratdı.

Bəli, XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai–siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənirik.

İndi respublikamızda, dünyanın bir çox ölkələrində bu böyük şəxsiyyətin döğum gününü təntənə ilə qeyd edirlər. İllər, yüz illər keçəndən sonra da xalqın öz xilaskarına münasibəti daha da yüksələcəkdir. Çünki Heydər Əliyev bütün ömrünü xalqının inkişafına sərf etmiş dünya azərbaycanlılarının sevimlisinə çevrilmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, onu 60 milyonluq xalqın lideri kimi qəbul edir. Soydaşlarımızın xarici ölkələrdə təşkilatlanması, milli–mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ etməsi, vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsi Azərbaycanın dünyada nüfuzunu daha da artırmışdır.

Yevlax Telekommunikasiya Qovşağının rəisi Şahlar Vəliyev dedi ki, ulu öndər Heydər Əliyevin yüksək nüfuzu, təşkilatçılıq bacarığı, milli müdrikliyi, intellektuallığı, milli–mənəvi dəyərləri uca tutması, qətiyyətliliyi və bu qəbildən olan digər keyfiyyətləri xalqının inkişafında mühüm rol oynamışdır. 1993–cü ildə onun ali hakimiyyətə yenidən qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin təməlini qoydu. Bəli, Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi dahi rəhbər, güclü siyasətçi rəhbərlik etmiş, məhz bu qeyri–adi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda bütün sahələrdə baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur.

Şəhər poçtamtının rəisi Elman Səfərov çıxışında bütün türk dünyasının görkəmli ictimai–siyasi xadimi Heydər Əliyevin uzun bir dövrdə Azərbaycana rəhbərlik etdiyindən söhbət açdı. Azərbaycan tarixinin mühüm səhifələrini öz əlləri ilə yazmış, yaşaya–yaşaya tarixi yaratmış böyük şəxsiyyət bütün həyatını xalqına xidmət etmişdir. O, Azərbaycan iqtisadiyyatının, siyasətinin, elminin, mədəniyyətinin formalaşmasında və təşəkkül tapmasında misilsiz fəaliyyət göstərmişdir. Azərbaycanımızın başı üzərində kabus kimi dövrə vuran qara qüvvələri, əsl sərkərdələrə xas olan taktiki və strateji gedişləri ilə darmadağın etdi.

Hazırda dünyada sülhsevər ölkə kimi tanınan Azərbaycanımızın nüfuzunun günbəgün artması ümummilli lider Heydər Əliyev şəxsiyyətinin qüdrətindən, parlaq, praqmatik lider İlham Əliyev siyasətindən xəbər verir.

 

 

Zabit Xəlilov

 

Respublika.- 2013.- 5 may.- S. 11.