Heydər Əliyev və dövlət maliyyə nəzarəti

 

XX əsrin son onilliyi tarixdə daha çox ayrı–ayrı millətlərin öz müstəqilliklərini əldə etməsi və bununla da dünyanın siyasi xəritəsində əsaslı dəyişikliklərin baş verməsi ilə yadda qalmışdır. Keçmiş SSRİ–nin tərkibində olan Azərbaycan Respublikası məhz bu dövrdə yenidən öz dövlət müstəqilliyinə qovuşmuş, BMT–nin tam və bərabərhüquqlu üzvünə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə beynəlxalq arenada baş verən qlobal proseslərə uyğun olaraq dövlətçiliyimizin siyasi və iqtisadi əsasları dəyişmiş, bu isə öz növbəsində sovet iqtisadi idarəetmə sisteminin dağılması səbəbindən yeni və daha səmərəli iqtisadi sistemin—bazar iqtisadiyyatının formalaşdırılması və müasir vətəndaş cəmiyyətinin qurulması zərurətini yaratmışdır.

 

Belə ki, iqtisadiyyatın bütün sahələrini reqlamentləşdirən totalitar rejimin ləğv edilməsi dövlət mülkiyyətinin əsas rol oynadığı və inzibati–amirlik metodları ilə idarə edilən iqtisadiyyata istiqamətlənmiş maliyyə nəzarəti sisteminin əsaslarını ciddi dərəcədə sarsıtmışdı. Bu isə öz növbəsində cəmiyyətin tələbatına, sosial–iqtisadi reallıqlarına cavab vermir və təcrübədə bir çox neqativ hallar yaradırdı.

Müstəqillik bərpa edildikdən sonra Azərbaycanın sosial–iqtisadi quruluşunda və iqtisadiyyatın idarəedilməsi metodlarında baş verən köklü dəyişikliklər maliyyə–təsərrüfat fəaliyyətinin idarə edilməsinin mühüm aləti olan dövlət maliyyə nəzarətinin əsaslı olaraq yeniləşməsini zəruri etmişdi. Bu baxımdan yeni iqtisadi quruluş ölkə iqtisadiyyatının bütün sferalarının, o cümlədən maliyyə sahəsində müvafiq dövlət nəzarətinin inkişafını və təkmilləşdirilməsini şərtləndirirdi.

Məlumdur ki, dövlətin davamlı iqtisadi inkişafı və sabitliyi üçün dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, etibarlı maliyyə idarəetməsinin və inzibati fəaliyyətin düzgün təşkili, habelə bu sahədə şəffaflığın təmin edilməsi iqtisadi siyasətin ən vacib hədəflərindən hesab edilir.

Qədim dövlətçilik ənənələrinə malik olan bütün ölkələrdə dövlət maliyyə nəzarəti sisteminin yaradılması dövlət quruculuğunun vacib funksiyalarından olmaqla yanaşı, dövlətin iqtisadi qüdrətinin əsas atributlarından biri kimi qəbul edilir. Respublikamızda baş verən köklü iqtisadi dəyişikliklər və artan maliyyə resursları isə prinsipial olaraq yeni, vahid prinsiplərə əsaslanan, iqtisadi həyatın bütün tərəflərini əhatə edən bütöv bir maliyyə nəzarəti sisteminin qurulmasını zəruri etmişdir.

Ölkəmizdə digər sahələrdə olduğu kimi, bu sahədə də məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mühüm və əsaslı dəyişikliklər həyata keçirildi və qısa zaman kəsiyində dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər öz həllini tapdı. Nəzarət sisteminin təkmilləşdirilməsi və bu sahədə mövcud olan mexanizmlərin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması ulu öndərin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur.

Müasir Azərbaycanda maliyyə nəzarəti sisteminin formalaşdırılması, gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi və onların maddi–texniki təminatının yaxşılaşdırılması kimi məsələlərin həlli ümummilli liderin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aparılan iqtisadi islahatlar, o cümlədən uğurlu neft strategiyası, “Əsrin müqaviləsi”nin imzalanması, özəlləşdirmə, kənd təsərrüfatında çevik torpaq islahatları, sənayenin, xüsusilə qeyri–neft sənayesinin canlanması və s. kimi məsələlərin uğurla həll edilməsi ölkəyə maliyyə axınlarını əhəmiyyətli dərəcədə artırmışdı ki, bu da öz növbəsində ölkənin malik olduğu maliyyə resursları üzərində müvafiq nəzarətin formalaşdırılması zəruriliyini daha da gücləndirirdi. Ulu öndər çıxışlarının birində qeyd etmişdir: “Azərbaycanın Prezidenti olandan gördüyüm işlərin əsasını təşkil edən bu olmuşdur ki, Azərbaycanın vəsaiti qorunsun və onun dağıdılmasına vol verilməsin”.

Azərbaycan xalqının ümummilli lideriyeni iqtisadi vəziyyətin və dövlət idarəetmə prinsiplərinin dəyişməsinin dövlət maliyyə nəzarəti sisteminin yenidən qurulmasına və təkmilləşdirilməsinə ehtiyac yaratdığını nəzərə alaraq, bazar münasibətlərinə uyğun müvafiq dövlət nəzarəti mexanizminin yaradılması, tətbiq edilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirmişdir. Heydər Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində həyata keçirilən çox mühüm və vacib addımlardan biri bu sahədə qayda–qanunun bərpa edilməsi, nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının funksiyalarının müəyyənləşdirilməsi, habelə özbaşınalığın və əsassız yoxlamaların qarşısının alınması olmuşdur. Belə ki, ötən əsrin 90–cı illərinin ortalarında iqtisadi fəaliyyətlə məşğul olan idarə, müəssisə, təşkilatlarda əsassız keçirilən yoxlamaların sayının artması, dövlət nəzarətini həyata keçirən orqanların vəzifəli şəxsləri tərəfindən bir çox hallarda qeyri–qanuni hərəkətlərə yol verilməsi və s. kimi amillər ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında çox böyük subyektiv maneələr yaradırdı. Eyni zamanda, keçmiş SSRİ dövründən miras qalan dövlət nəzarəti sisteminin müasir tələblərə cavab verməməsi də yoxlamalar zamanı vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui–istifadə etməsi üçün şərait yaradırdı ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu. Bu isə öz növbəsində respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı fonunda mülkiyyət formasından və təşkilati–hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə–kredit fəaliyyətində dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni müasir tələblərə cavab verən qanunvericiliklə tənzimlənməsini tələb edirdi. Bu məsələlərin həlli üçün iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq məqsədi ilə ulu öndər tərəfindən imzalanan 17 iyun 1996–cı il tarixli “İstehsal, xidmət, maliyyə–kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərman bu sahədə ciddi və son dərəcədə əsaslı müsbət dəyişikliklərlə nəticələndi. Fərmanın tələblərinə uyğun olaraq istehsal, xidmət və maliyyə–kredit fəaliyyəti sahəsində əsassız yoxlamalar qadağan olundu, bu sahədə aparılan yoxlamalar üçün müvafiq qaydalar hazırlandı, yoxlama və nəzarət xidmətlərinin yenidən qurulması və aparılması üzrə hesabatlılıq forması müəyyənləşdirildi, habelə yoxlamaların ümumilikdə qəbul edilmiş prinsiplər əsasında qurulmasını təmin edən qanunvericiliyin formalaşdırılması barədə konkret tapşırıqlar verildi. Bu fərmanın icrası nəticəsində böyük uğurlar əldə edildi, o cümlədən dövlət maliyyə nəzarəti sahəsində bir–birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı əhəmiyyətli dərəcədə azaldı, o dövr üçün bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən çoxlu sayda mənfi halların qarşısı alındı, habelə vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə mühüm tədbirlər həyata keçirildi.

Bununla belə, 90–cı illərin sonunda ölkə iqtisadiyyatı keçid dövründə olduğu bir zamanda dövlət orqanları tərəfindən yoxlama və nəzarət funksiyalarının həyata keçirilmə mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilmə prosesi başa çatmadığına görə daha təsirli və adekvat tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac duyulurdu. Əsassız yoxlamaların qadağan edilməsinə baxmayaraq, ölkədə sahibkarlığın inkişafı üçün hüquqi bazanın yaradılması və müvafiq bazar infrastrukturlarının təşəkkül tapması ilə yanaşı, yerli və xarici iş adamlarının fəaliyyətinə bəzi dövlət orqanları tərəfindən əsassız müdaxilə hallarına son qoyulmamışdı, habelə hüquqi şəxslərin qeydiyyatı və lisenziyalaşdırması sahəsində də süni maneələr qalmaqda idi ki, bütün bunlar ölkənin iqtisadi imicinə zərbə vurmaqla yanaşı, respublikaya xarici investisiya axınlarının daxil olmasında da ciddi maneələr yaradırdı.

Qeyd olunanlar nəzərə alınaraq nəzarət sahəsində maliyyə intizamının gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui–istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədi ilə ulu öndərin imzaladığı 07 yanvar 1999–cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində çox mühüm addım oldu. Fərman ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətini korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə əlverişli şərait yaratdı.

Bütün bunlarla yanaşı, ümummilli lider beynəlxalq maliyyə institutlarının tövsiyələrini və dünya təcrübəsində maliyyə intizamını gücləndirilməsi, vəsaitlərin məqsədyönlü və səmərəli istifadə edilməsi sahəsində ali dövlət maliyyə nəzarəti orqanlarının müstəsna rol oynamasını nəzərə alaraq icra hakimiyyəti orqanlarından asılı olmayan və yalnız qanunvericilik hakimiyyətini həyata keçirən orqana hesabat verən xüsusi bir qurumun yaradılması barədə qərar qəbul etdi. Məqsəd müasir tələblərə cavab verən dövlət maliyyə nəzarəti sisteminin formalaşdırılması və gücləndirilməsi idi ki, burada həm daxili (müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən), həm də kənar (cəmiyyət qarşısında öz səlahiyyətlərinin səmərəli yerinə yetirilməsi üçün ali audit qurumu tərəfindən həyata keçirilən) maliyyə nəzarətinin imkanlarından maksimum faydalanmaqla güclü dövlət nəzarət sisteminin formalaşmasına nail olmaq idi.

Buna görə də büdcə vəsaitlərinin formalaşması və istifadə edilməsi üzərində səmərəli dövlət maliyyə nəzarəti sisteminin tərkib hissəsi olmaqla icra hakimiyyəti orqanından asılı olmayan, qanunvericilik hakimiyyəti orqanına hesabat verən, beynəlxalq təcrübədə qəbul edilmiş prinsiplər əsasında fəaliyyət göstərən ali dövlət maliyyə nəzarəti orqanının – Ali Audit Qurumunun yaradılması və inkişaf etdirilməsi zəruriliyi müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə dövlət maliyyə resurslarının sərəncamçılarından asılı olmayan, yalnız qanun və cəmiyyət qarşısında məsuliyyət daşıyan kənar dövlət maliyyə nəzarəti ölkədə maliyyə qanunvericiliyinə və intizamına riayət edilməsinin başlıca vasitəsi kimi qəbul edilir.

Bütün bu xüsusiyyətlər nəzərə alınmaqla ölkəmizdə ali dövlət maliyyə nəzarəti orqanının yaradılmasının ilkin hüquqi statusu ulu öndərin təşəbbüsü ilə 1995–ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edildi. Belə ki, Konstitusiyanın 92–ci maddəsində qeyd edilmişdir: “Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyalar təşkil edir, Hesablama Palatası yaradır”. Bundan başqa, səlahiyyətləri 1999–cu ildə qüvvəyə minmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilən Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətə başlaması və inkişafı ilə praktiki olaraq ölkəmizdə kənar dövlət maliyyə nəzarəti institutunun əsası qoyulmuş, bununla da respublikada səmərəli maliyyə nəzarəti sisteminin təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır. Məhz ulu öndərin uzaqgörən siyasəti və təşəbbüsü ilə beynəlxalq qanunvericiliyə və standartlara uyğun olaraq hazırlanmış qanunvericilik aktlarına, habelə “Büdcə sistemi haqqında” qanuna görə ölkənin Ali Audit Qurumu səlahiyyət və funksiyalarını həyata keçirmə hüququ və statusu Hesablama Palatasına verildi. Belə ki, iqtisadiyyatın bütün sferalarını əhatə edən maliyyə nəzarəti, o cümlədən dövlət büdcəsi ilə yanaşı, büdcədənkənar dövlət fondlarının, habelə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərclərinə, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsindən əldə edilən vəsaitlərə nəzarət və s. kimi yüksək səlahiyyətlərlə yanaşı, Palatanın üzvlərinə toxunulmazlıq hüququnun verilməsi ümummilli liderin ölkədə səmərəli və şəffaf maliyyə nəzarətinin inkişafına və təkmilləşdirilməsinə göstərdiyi diqqətinin nəticəsi kimi qəbul edilməlidir.

Ulu öndərin təşəbbüsü və dəstəyi ilə Hesablama Palatasının yaradılmasının hüquqi əsasının Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması, habelə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) tövsiyələrinə müvafiq ölkəmizdə müstəqilliyinə qanunla zəmanət verilən kənar Ali Audit Qurumunun yaradılması, bu qurumun öz fəaliyyətində beynəlxalq standartların tələblərinə uyğun qanunçuluq, müstəqillik, obyektivlik, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanması inkişaf etmiş ölkələrdə Ali Audit qurumlarına xas olan eyni səlahiyyətlərin Hesablama Palatasına verildiyini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması ümummilli lider tərəfindən dövlət idarəetmə sisteminin, o cümlədən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində əsası qoyularaq həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi olmuş, dövlət vəsaitlərindən səmərəli, qənaətlə və məqsədyönlü istifadə olunması üzərində zəruri maliyyə nəzarətinin yaradılmasına prioritet vəzifələrdən biri kimi baxıldığından müvafiq qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilərək Palataya mühüm səlahiyyətlər verilmiş və onun fəaliyyət dairəsi genişləndirilmiş, Palatanın sərbəst və səmərəli fəaliyyəti üçün tam şərait yaradılmışdır.

Heydər Əliyevin dövlət maliyyə nəzarətinə diqqətinin nəticəsi olaraq 1999–cu il 2 iyul tarixli “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Hesablama Palatasının statusu, təşkili, funksiyaları, fəaliyyət dairəsi və fəaliyyət prinsipləri, Hesablama Palatasının üzvlərinə dair tələblər, Palatanın təminatları, maliyyə–büdcə nəzarəti tədbirlərinin həyata keçirilməsi, təşkilati strukturu, fəaliyyət formaları müəyyən edilmişdir.

Ulu öndərin qanunvericilik təşəbbüsü ilə 2001–ci ildə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa beynəlxalq standartlara uyğunlaşdırılma istiqamətində yenidən mühüm dəyişikliklər və əlavələr edilmişdir, o cümlədən Hesablama Palatasının Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə–maliyyə nəzarəti orqanı kimi təşkilati və funksional müstəqilliyi qanunla təsbit edilmiş, fəaliyyət dairəsi və təminatı konkretləşdirilərək genişləndirilmiş və Palata üzvlərinin hüquqi statusuna yüksək zəmanətlər verilmişdir. Belə ki, kənar dövlət maliyyə nəzarətini həyata keçirən Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə–maliyyə nəzarəti orqanıdır. Palata təşkilati və funksional müstəqilliyə malikdir. Mahiyyət etibarilə Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsipləri əsasında qurur, özünün illik fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyalarının yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

1999–cu ilin 2 iyul tarixdə qəbul olunmuş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və ona sonrakı illərdə edilmiş dəyişikliklərə və əlavələrə əsasən Palata dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin və xərclərinin auditini aparır, aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir, dövlət büdcəsinin gəlir və xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir, büdcə prosesinin təkmilləşdirilməsi haqqında müvafiq təkliflərini hazırlayaraq Milli Məclisə təqdim edir, habelə daxil olmuş qanun layihələrinin və beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir.

Bu funksiyaların həyata keçirilməsi ilə əlaqədar olaraq Hesablama Palatasının fəaliyyət dairəsinə dövlət büdcəsinin təsdiq edilməsi və icrası, özəlləşmədən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olması üzərində nəzarətlə yanaşı, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi də daxil edilmişdir.

Beləliklə, Palatanın hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyasından, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından irəli gələn hüquqi normaların məcmusu olmaqla dövlət hakimiyyəti orqanları sistemində onun vəziyyətini (mövqeyini) xarakterizə edir. Bu normaların bir hissəsi dövlət büdcə–maliyyə nəzarəti orqanı kimi onun məqsədlərini, prinsiplərini, vəzifə (funksiya) və fəaliyyətini konkretləşdirən normalardan, digər hissəsi Hesablama Palatasının əsas fəaliyyət dairəsini və konkret səlahiyyətlərini müəyyən edən normalardan ibarət olmaqla tam formalaşdırılmışdır.

Xüsusilə qeyd edilməlidir ki, ümummilli liderin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa 2008–ci ildə edilmiş dəyişikliklər və əlavələr Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunun gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmiş, funksiyalarının yerinə yetirilməsi, habelə maliyyə pozuntuları ilə mübarizədə Palataya daha çox real hüquqlar verilərək icra səlahiyyətləri genişləndirilmişdir ki, bu da ölkə başçısının maliyyə sahəsində şəffaflığın və hesabatlılğın gücləndirilməsinə verdiyi diqqətin bariz nümunəsidir.

Eyni zamanda ulu öndərin fəaliyyəti dövründə səmərəli daxili dövlət maliyyə nəzarəti sisteminin formalaşdırılması və inkişafı məsələləri də diqqətdən kənarda qalmamışdı. Belə ki, dövlət maliyyə nəzarəti sahəsində aparılan uğurlu iqtisadi siyasətin məntiqi davamı kimi maliyyə resurslarının daha çevik və effektiv bölüşdürülməsinin təmin edilməsi, ölkəmizdə beynəlxalq standartların tələblərinə uyğun səmərəli büdcə sisteminin, habelə dövlət gəlir və xərclərinin idarə edilməsi sisteminin formalaşdırılması, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin tərtibi, təsdiqi, icrası, büdcə parametrlərinin icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları, habelə büdcələr arasında qarşılıqlı əlaqələrin idarə olunması üzrə prinsip və mexanizmlərin müəyyənləşdirilməsi məqsədilə ümummilli liderin təşəbbüsü ilə 2002–ci ildə yeni “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Bundan başqa, dövlət büdcəsinin gəlirlərində xüsusilə önəmli çəkiyə malik olan vergi daxilolmalarının artırılması, vergi siyasətinin təkmilləşdirilməsi və onun daha çox beynəlxalq təcrübə ilə uzlaşdırılması istiqamətində də ulu öndərin tövsiyələrinə əsasən təkmil qanunvericilik bazasının yaradılması, inzibati idarəetmənin yaxşılaşdırılması, vergi bazasının genişləndirilməsi və vergilərin dövlət büdcəsinə tam səfərbər olunması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirildi, qısa müddət ərzində dünya standartlarına cavab verən Vergi, Gömrük və digər məcəllələr, habelə iqtisadi həyatımızın digər sahələrini tənzimləyən, o cümlədən bank və kredit fəaliyyəti haqqında müxtəlif qanunvericilik aktları qüvvəyə mindi.

Uğurlu nailiyyətlərin əldə olunmasına zəmin yaratmış ölkə iqtisadiyyatında aparılan hərtərəfli və dərin islahatlara paralel olaraq həyata keçirilən dövlət maliyyə nəzarəti siyasəti respublikada maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlir və xərclərinin ildən–ilə əhəmiyyətli dərəcədə artmasını təmin etmişdir. Bütün bunların nəticəsidir ki, 2002–ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993–cü illə müqayisədə 85 dəfə, xərcləri isə müvafiq olaraq 72 dəfə artmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirdiyi dövlət maliyyə nəzarətinin ölkənin iqtisadi həyatında rolu və əhəmiyyəti Azərbaycan Respublikasında dərin sosial–iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasətində üstünlük təşkil etdiyi, azad və sosialyönümlü vətəndaş cəmiyyətinin bərqərar olduğu indiki şəraitdə getdikcə daha da güclənir. Azərbaycanın müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra ölkədə həyata keçirilən radikal iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən müasir maliyyə nəzarəti sistemini formalaşdırmağa imkan vermişdir.

 

 

Heydər ƏSƏDOV,

Azərbaycan Respublikası

Hesablama Palatasının sədri

 

Respublika.- 2013.- 7 may.- S. 7.