ELÇİNİN SƏNƏT DÜNYASI

 

Hər dəfə xalq yazıçısı Elçin yeni çapdan çıxmış əsərini və son dəfə ikicildliyini mənə hədiyyə edəndə daxili bir səs, güclü bir istək baş qaldırıb: “Niyə ürək sözünü demirsən?” Eh, arzu–istəyə nə var ki?! Vurub–keçir, nəticəsi barədə sən düşünməli olursan. Düşünəndə isə göz önünə ilk olaraq Azərbaycan ədəbiyyatının dünyasını dəyişmiş korifeyləri Məmməd Arif, Məmməd Cəfər, Həmid Araslı, Mir Cəlal, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, hazırda müsəlləh əsgər kimi filologiya elmimizin keşiyində mətin dayanan, ədəbiyyatımızın bir sıra görkəmli xadimləri, eləcə də Elçin yaradıcılığının ən yaxşı tədqiqatçılarından biri Nərgiz Paşayevanın Elçin yaradıcılığına həsr etdikləri təkrarsız məqalələri gəlib. Tərəddüd içində daxildən gələn səsi və istəyi boğmağa, unutmağa çalışmışam. Lakin Elçinin təkcə Türkiyədə dörd nəşriyyat tərəfindən dönə–dönə çap edilən məşhur “Əsli və Kərəm” dastanının motivləri əsasında yazılmış “Mahmud və Məryəm” romanını ədəbiyyatımızın vəfalı dostu Əbdüllətif Bəndəroğlu ilə Kərkükdə çap etmək sevdasına düşəndə məndə çoxdan baş qaldıran istək qaçılmaz oldu.

Elçin deyəndə göz önünə onlarca bədii əsərin, monoqrafiyaların, ədəbiyyatşünaslıq üzrə saysız–hesabsız məqalələrin müəllifi, nasir, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, xalq yazıçısı Elçin Əfəndiyev gəlir.

Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən Elçin Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirant olmuş və “Azərbaycan bədii nəsri ədəbi tənqiddə — 1945–1965″ mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Ədəbi fəaliyyətə 1959–cu ildə çap etdirdiyi “O inanırdı” hekayəsi ilə başlamış, ilk kitabı 1966–cı ildə çıxmışdır. Azərbaycanın ən məhsuldar yazıçılarından olan Elçinin indiyə qədər 90–dan artıq kitabı çap olunmuş və sonralar hər cildi üst–üstə 550 səhifədən az olmayan 10 cildliyində (Bakı, 2005) toplanmışdır.

Elçini bir yazıçı kimi, insan kimi, şəxsiyyət kimi, ictimai xadim kimi dərk etmək üçün oncildliyini oxumaq kifayətdir. Bu oncildlik, eyni zamanda Elçinin böyüklüyünü göstərən sübut–dəlildir. 624 səhifədən ibarət olan 1–ci cild yazıçının “Hakim oxucudur” adlı giriş məqaləsini, hekayələri barədə düşüncələrini və son otuz iki ildə yazdığı hekayələrini əhatə edir. Yeri gəlmişkən, Elçini İraqda yaxşı tanıyırlar. Elçinin hekayələri keçən əsrin sonlarında İraqda çap olunub. Bu, İraqda yaşayan, Füzuliyə qol–qanad verib ölməz əsərlər yazmağa sövq edən, zəmanəmizdə İraq türkmanları kimi tanınan, azərbaycanca danışan elatla tarixi birliyimizə dəlalət edir. XX əsrin 2–ci yarısında bu birlik yenidən gündəmə gəldi, əlaqələrimiz yenidən canlandı. Nümayəndə heyətləri tez–tez İraqı ziyarət etdilər. Bu ziyarətlərin ən əhəmiyyətlisi 1994–cü ilin sentyabrında yer aldı. Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar 128 nəfər ədəbiyyat və incəsənət nümayəndələrindən ibarət heyət Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə İraqa yola düşdü. Bağdadda və Kərkükdə möhtəşəm tədbirlər keçirildi. Nümayəndə heyətinin Kərkükü, geri qayıdanda isə Təbrizi ziyarəti Elçinin səyi nəticəsində baş tutdu. İraq türkmanları yaxşı bilir ki, İraq rejimi illərlə heç bir türk nümayəndə heyətini Kərkükə buraxmırdı. Kərkükün mədəniyyət sarayında Azərbaycan nümayəndə heyəti ilə görüşlər çoxdan bir–birindən xəbərsiz olan doğma qardaşların qovuşmasından, həsrətin vüsala çevrilməsindən xəbər verirdi. Yubiley tədbirlərində İraq tərəfdən təşkilat komitəsinin sədr müavini — Bakı Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin redaksiya şurasının üzvü Əbdüllətif Bəndəroğlu misilsiz xidmətlər göstərdi. Ümumiyyətlə, Əbdüllətif Bəndəroğlu ədəbi əlaqələrimizin inkişafı yolunda böyük işlər görüb. Onun sayəsində keçən əsrin sonlarında “Çağdaş Azərbaycan şeiri”, “Azərbaycan hekayələri”, Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin poeziya topluları, Elçinin hekayələri, bizim “İraq—türkman folkloru”, “Altı il Dəclə–Fərat sahillərində” (ərəbcə) işıq üzü görüb. Bu günlərdə tərəfimizdən tərtib edilən “Rəsul Rza. Ağlayan çox, gülən hanı?!” kitabını (Kərkük, 2007, 182 s.) çap etdirərək müəyyən ictimai–siyasi səbəblərdən ayrı düşdüyümüz bacı–qardaşlarımıza — İraq türkmanlarına töhfə edib. Bu dəfə Elçinin “Mahmud və Məryəm” romanı üzərində dayanmağımız səbəbsiz deyil.

Məlum olduğu kimi, əsər “Əsli və Kərəm” dastanının motivləri əsasında yazılmışdır. “Əsli və Kərəm” dastanı isə türkman elində (xüsusən Tiləfəldə) sazla çalınıb–oxunan yeganə dastandır. Xalq arasında “Qarasevda” dastanı adlanan və çox sevilən “Əsli və Kərəm”lə ilgili olan “Mahmud və Məryəm”in Türkiyədə olduğu kimi, burada da seviləcəyi qənaətindəyik.

“Mahmud və Məryəm” Elçinin roman janrında ilk qələm təcrübəsi olsa da, çox uğurlu alınıb. Tədqiqatçı Nərgiz Paşayevanın roman haqqında qənaəti həqiqətdən kənar deyil: “Folklorda dastan hansı məqamdadırsa, hansı yeri tutursa, bədii əsərdə də roman o yeri tutur”. “Mahmud və Məryəm” romanında folklor qatı lap dərinliklərdən boylanır.

Bir çox dünya dillərinə tərcümə edilən, Xəlil Rza Ulutürkün təbirincə desək, çağdaş nəsrimizin qızıl fonduna daxil olan “Mahmud və Məryəm” XX əsrin sonlarında Türkiyədə ən çox çap olunan, oxunan və sevilən əsərlərdən biri, bəlkə də birincisi olub. Qardaş ölkədə ilk dəfə 1992–ci ildə nəşr olunan əsər, sonralar daha üç nəşriyyat tərəfindən çap olunub (1994, 1997, 2001). Biz hələ əsərin təkrar nəşrlərini demirik.

Ümumiyyətlə, yazıçının Türkiyədə 14 kitabı çıxıb. Yalnız “Ötükən” nəşriyyatı onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarını, “Şuşanın dağlarını duman bürüdü” və “Sarı gəlin” kitablarını çap edib. Dövlət teatrlarında “Mən sənin dayınam”, “Mənim ərim dəlidir” və “Mənim sevimli dəlim” pyesləri tamaşaya qoyulub.

Demək olar ki, Türkiyədə əksər qəzet və dərgilər Elçinin istər romanlarına, istərsə də hekayə, povest və pyeslərinə sanballı məqalələr həsr etmiş, onu oxuculara türk dünyasının ən görkəmli yazıçılarından biri kimi təqdim və təqdir etmişdir.

Elçinin bədii əsərləri, həmçinin keçmiş Sovetlər Birliyində yaşayan xalqların, eləcə də ingilis, fransız, ispan, ərəb, fars, Çin, macar, alman, çex, slovak, bolqar, İsveç və digər dillərə tərcümə olunmuş kitabları çıxmışdır. Elçinin ssenariləri əsasında “Baladadaşın ilk məhəbbəti” (1974), “Arxadan vurulan zərbə” (1977), “Gözlə məni” (1981), “Gümüşü furqon” (1982) kimi bir–birindən maraqlı, tamaşaçı zövqünü oxşayan, mənəvi dəyərlərimizə xidmət edən bədii filmlər çəkilmiş, onun şöhrətinin artmasında böyük rol oynamışdır.

Elçinin bədii nəsrini, o cümlədən də “Mahmud və Məryəm”i, hər şeydən əvvəl, oxunaqlı edən, sevdirən onun dilidir. Elçinin məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya estetik zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşağında bərqərar olmuşdur. Yazıçının dili bulaq, bulud kimi axan, qəlbə yatan, insana rahatlıq gətirən, saf, duzlu, şirin, zəngin bədii dildir. Elçinin əsərlərini, xüsusən də “Mahmud və Məryəm” romanını oxumağa başlayanda ayrıla bilmirsən, az qala birnəfəsə oxuyursan. Yeri gəlmişkən, deyirlər Elçin “Mahmud və Məryəm”i birnəfəsə — 18 günə yazıb. Ancaq demirlər ki, yazıçı mövzu ətrafında illərlə fikirləşib, təfəkkür süzgəcindən keçirib, folklor motivlərini müasir dövr problemləri ilə uzlaşdırmaq üzərində düşünüb–daşınıb. Biz hələ onu demirik ki, bu düşündürücü əsərə girişməzdən əvvəl yazıçı “Əsli və Kərəm” adlı lirik–yumoristik povest yazaraq çap etdirmişdir. “Mahmud və Məryəm” təsadüfən qələmə alınmamışdır. Yazıçının yaradıcılığını izləyəndə açıq–aşkar görmək olur ki, “Baladadaşın ilk məhəbbəti”, “Bir görüşün tarixçəsi”, “Qış nağılı”, “On ildən sonra”, “Günlərin bir günündə” və s. əsərlərində də millilik və müasirliklə bərabər, folklor Elçin yaradıcılığının ana xəttini təşkil edir. Elçin, demək olar ki, əksər əsərlərində xalq yaradıcılığından bəhrələnmiş, yeri gəldikcə, bu xalq müdrikliyinə nəzəri cəhətdən nüfuz etmişdir.

Elçinin Güney Azərbaycan bayatılarına həsr etdiyi “Arazam Kürə bəndəm” məqaləsi Əmin Abid, Əta Tərzibaşı, Mehdi Hüseyn, Rəsul Rza və Ayaz Vəfalının bayatılara həsr etdikləri orijinal elmi–bədii məqalələri ilə bir sırada durur və özünəməxsusluğu ilə seçilir. Onun “Klassik aşıq poeziyasında “Dünya” obrazı” adlı sanballı elmi əsərindən məlum olur ki, o, haqlı olaraq Azərbaycan ədəbiyyatının bütövlüyünü yazılı və şifahi ədəbiyyatın vahid kök üzərində bərqərar olmasında, ana xətdən ayrılan iki qolun təcəssümündə görür.

Elçinin “Klassik aşıq poeziyasında” “Dünya” obrazı” bir daha təsdiqləyir ki, həqiqətən də, “Aşıq poeziyasının kökləri, rişələri folklordan, xalq yaradıcılığından su içirsə, budaqları, qol–qanadı həmişə ədəbiyyatla qovuşur. Ona təsir edir, ondan qüvvət alır”.

Burada bir məsələdən də söz açmaq yerinə düşərdi. Bir çox yazıçı və şairlərimiz folklordan bol–bol bəhrələndikləri üçün Nizami, Füzuli, M.Ə.Sabir, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, S.Vurğun, M.Müşfiq, O.Sarıvəlli, İlyas Əfəndiyev və folklor mövzularında namizədlik və doktorluq dissertasiyaları yazıb. Bizə qalırsa, “Elçin və şifahi xalq ədəbiyyatı” adlı elmi–tədqiqat işinin yazılmasının vaxtı çoxdan çatmışdır. Elçin şifahi xalq ədəbiyyatından bəhrələnməklə bərabər, başqalarından fərqli olaraq özü də şifahi xalq ədəbiyyatının nəzəri problemləri ilə ciddi məşğul olmuşdur ki, bu da tədqiqatçılar üçün geniş meydan açır.

Elçinin yaradıcılıq yoluna nəzər saldıqda göz önünə onun ürəklərdə məskən salmış hekayələri, romanları, sırf elmiliyi ilə seçilən bir–birindən sanballı monoqrafiyaları, ssenariləri, ssenariləri əsasında çəkilmiş maraqlı filmləri, pyesləri gəlir və yazıçıya qibtə etməyə bilmirsən. Elə bil hansısa filosofun dediyi “vaxtı boş keçirmək ən ağır cinayətdir” kəlamını o, gənclikdən dərk etmiş və öz kredosunu müəyyənləşdirmişdir: “Yazıçı üçün ideal şərait vaxtını yazı masasının arxasında keçirməkdir”. Bunun nə demək olduğuna xalq yazıçısı Anarın hədəfə sərrast dəyən “Elçin ləyaqətlə yaşanmış bir ömrün 40 ildən artıq müddətini ədəbiyyata həsr etmişdir” sözləri aydınlıq gətirir.

Fitri istedad sahibi Elçini bir çoxlarından fərqləndirən, yazıçının öz yaradıcılığı ilə bağlı etirafında açıb göstərdiyi bir cəhəti xüsusi vurğulamaq istərdik: “Mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə sözə belə toxunmadan onlar vaxtilə necə yazılıb və necə çap olunmuşdursa, eləcə də yenidən nəşr etdirirəm.

Epoxalar dəyişdi (sovet rejiminə son qoyuldu — Q.P.), siyasi–ictimai münasibətlər dəyişdi və mən — oxucudan gizlətmirəm — daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur”.

Bu sözləri çəkinmədən Elçinin bütün bədii nəsrinə aid etmək olar.

Bədii yaradıcılığa Anar və bir çox başqaları ilə başlayan, buna və keçən əsrin 60–cı illərində birgə yaradıcılıqlarında yeni yolla getdiklərinə görə ədəbi aləmdə “60–cılar” kimi tanınan nəslin ən görkəmli nümayəndələrindən biri Elçindir. Onun istedadı imkan verib ki, bədii əsərlərində, ələlxüsus romanlarında həyatın hər yazıçıya qismət olmayan qatlarına enə bilsin. Başqalarının görə bilmədiklərini görə bilsin, yeni yolla gedə bilsin, oxucuya bənzərsiz əsərlər bəxş edə bilsin. Elçinin bədii əsərlərinə tədqiqatçıların artan marağı, hər şeydən əvvəl, bununla əlaqədardır.

Elçinin yaradıcılığına Azərbaycanda neçə–neçə doktorluq və namizədlik dissertasiyaları həsr edilib. Qardaş Türkiyədə yazıçının əsərlərinə böyük maraq Atatürk Universitetində doktorluq dissertasiyasının müdafiəsinə gətirib çıxarıb. Dr. Sedat Adıgözəl ədəbi və elmi əlaqələrimizə xidmət edən sanballı dissertasiya yazmışdır. Elçinin Türkiyənin Yedditəpə Universitetinin fəxri doktoru seçilməsi də onun bir yazıçı və alim kimi qardaş ölkədə nüfuz sahibi olmağından xəbər verir. Elçin təqribən otuz il əvvəl çoxlarının adını belə çəkməyə cəsarət etmədiyi bir dövrdə (sovet quruluşu Türkiyəni qatı düşmən hesab edir, onun adını çəkən pantürkist damğası ilə damğalanırdı) “Yaxın, uzaq Türkiyə” adlı (əsərin adına fikir verin. Sonralar öndərimiz Heydər Əliyevin bir millət, iki dövlət adlandırdığı türkləri qara qüvvələr nə qədər bizdən uzaq salmışdılar. Əsərin adı buna işarədir) bədii publisistika ilə elmi publisistikanın çulğalaşdığı səfər qeydlərini (əslində, bu əsəri səfər qeydləri adlandırmağa adamın dili gəlmir. Nə edəsən ki, bu janrın tələbidir) ədəbiyyat və elm adamları hadisə kimi qəbul etdilər. Sonralar bir çox ziyalılarımız məna və mətləb dolu bu əsərdən ilhamlanaraq məqalələr yazdılar, ürəklərinin gizlinlərini aşkarladılar, bütün türk aləminin güvənc yeri olan Türkiyəyə məhəbbətlərini izhar etdilər.

“Yaxın, uzaq Türkiyə” bu gün belə bizə çox şeylər deyir. Elçinin bu əsərində göstərilənlərin çoxu acı bağırsaq kimi uzanıb gedən, bitib–tükənməyən, mənəvi dəyərlərin tapdalanmasına gətirib çıxaran ağrılı–acılı “keçid dövrü”ndə başımıza gəldi. Otuz il əvvəl Elçin yazırdı:

“…Qocaman türk yazıçısı Yusif Ahuşkala zarafatla mənə dedi: “Qabaqlar kimin əlinə qələm keçirdi şeir yazırdı, indi kimin əlinə qələm keçir, qəzet və ya dərgi buraxır…”.

Qloballaşmanın qlobal təzadları ilə aləmə meydan oxuduğu, ciddi ənənəvi aşınmalara gətirib çıxardığı, Sabir Rüstəmxanlının doğru olaraq qeyd etdiyi kimi, mətbuatda qeyri–peşəkarlığın tüğyan elədiyi, sözün ucuzlaşdığı, özünü və sözünü bilməyən adamların jurnalistlik iddiası ilə ortaya çıxdığı bir zamanda Yusif Ahuşkalanın sözləri və “Yaxın, uzaq Türkiyə” müəllifinin illər sonra etiraf etməli olduğu “Səviyyəsiz mətbuat, səviyyəsiz də oxucu yetişdirir və bu, faciədir” fikri gün kimi aydın həqiqətlərdən xəbər verir.

Görkəmli yazıçı kimi nəinki Azərbaycanda, onun hüdudları xaricində də yaxşı tanınan Elçin, eyni zamanda ədəbi tənqidimizin formalaşmasında və inkişafında məxsusi yeri və rolu olan ədəbiyyatşünas alimlərimizdəndir. O bu sahədə otuz ildən artıq külüng çalmış, ortaya böyükhəcmli “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassiklər və müasirlər”, “Ədəbiyyatda tarix və müasirlik problemi” və s. kimi fundamental əsərlər qoymuşdur. Tənqidimizin keçdiyi yolu və müasir vəziyyətini təhlil süzgəcindən keçirən müəllifin gəldiyi qənaət, həqiqəti cəsarətlə deməyi adamı heyran edir. Onun adıkeçən və söz açmadığımız çoxsaylı elmi məqalələri böyük məhəbbət və vətəndaşlıq hissi ilə yazılmışdır. Görkəmli yazıçı olan Elçin bu əsərləri yazmaya da bilərdi. Onu bu işə sövq edən vətəndaşlıq borcu və vicdan olmuşdur. İlhamla işlənmiş bu əsərlər orijinallığı, aktuallığı, dərin elmi dəyəri ilə seçilir. Yazıçının bədii dili kimi, elmi dili də zəngindir. Onu da deyək ki, ədəbiyyatımıza, tənqidimizə, ictimai fikir tariximizə elmi obyektiv münasibət bu əsərlərdə əsas meyar kimi götürülmüşdür.

Xeyirxahlığı, şəxsiyyətinin aliliyi, ürəyinin və qələminin xoş niyyətə xidmət etməsi Elçini əksər ziyalıların güvənc yerinə, sevimlisinə çevirmişdir. Etiraf edim ki, yaşca məndən kiçik olsalar da, Anar, Elçin, Vasim Məmmədəliyev kimi ziyalıları həmişə nədənsə özümdən ağsaqqal hesab etmişəm. Hərəsində bir cür büruzə verən müdriklik, sanbal, nüfuz, ləngər, ziyalılıq özümü tanıdığım vaxtdan onların böyüklüyünü, mötəbərliyini mənə təlqin edib. Onların mənəvi paklığı, təmizliyi bir çoxlarına nümunə, örnək olmaq baxımından diqqəti çəkir. Ömrünün az qala 50 ilini insanları mənəvi deformasiyalara uğradan, rüşvətxorluğun gündəlik həyat tərzinə çevrildiyi sovet dönəmində yaşayan, yüksək vəzifələr tutan Elçin bəyan edir:

“…Bu yaşa gəlib çatmışam, amma bu günə qədər heç kimin qarşısında mənim gözüm kölgəli deyil”. Bu sözləri buna mənəvi haqqı olan, bütün ömrü boyu nəfsini boğmağı bacaran, dünya malında gözü olmayan bir adam deyə bilərdi. Və bundan böyük başucalığı, xoşbəxtlik olarmı?! Bunu ona görə xüsusi vurğulayıram ki, Elçin bir yazısında göstərir:

“Mən nə xoşbəxt, nə də bədbəxtəm, taleyin mənə ayırdığı vaxt müddətində də bu dünyanın adi qonağıyam”. Bəlkə də, bu, yeganə haldır ki, yazıçının fikri ilə razılaşmaq olmur. Elçinin, bəlkə də, təvazökarlıqla dediyi “bu dünyanın adi qonağıyam” qəbuledilməzdir. Elçin qeyri–adi taleli, daha doğrusu, xoşbəxt taleli yazıçı, alim və ictimai xadimdir. Yazıçının “nə xoşbəxtəm, nə də bədbəxtəm” fikri ilə razılaşmaq da ən azı insafsızlıq olardı.

Mənə görə, həyatda az da olsa adamlar var ki, pislik etməsə, rahatlıq tapmır. Elə adamlar da var ki, yaxşılıq etməsə, rahatlıq tapmır. Belə adam haqqında xalq arasında deyirlər: “Onun xəmri xeyirxahlıqla yoğrulub”. Elçin ürəyi xeyirxahlıqla döyünən xoşbəxtlərdəndir. Qəribə görünsə də, onun xeyirxahlığı, hətta bədii əsərlərinə belə hopub. Onun xeyirxahlığından, sədaqətli dost olmağından çox danışılıb, çox yazılıb. Onun necə bir dost olması Anarın bircə cümləsində ifadə olunub: “Atamın vəfatı günündə də, anamın keçindiyi gecədə də yadıma ilk düşən Elçin oldu (söhbət xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylidən gedir).

Mövlanə Cəlaləddin Ruminin kəlamı var: “Ya olduğun kimi görün, ya göründüyün kimi ol!” Mövlanənin bu müdrik kəlamını Elçinə ünvanlasaq, görərik ki, o, Azərbaycan milli mədəniyyətini və ədəbi–mədəni mühitini müəyyənləşdirənlərdən biri kimi, çoxşaxəli elmi–ədəbi, ədəbi–bədii və ictimai–siyasi fəaliyyəti ilə (bu fəaliyyət Yazıçılar Birliyinin katibi, “Vətən” cəmiyyətinin sədri, 1997–ci ildən bu günə kimi Baş nazirin müavini kimi yüksək vəzifələri əhatə edir) onilliklərdir ki, olduğu kimi görünən, göründüyü kimi olan, ziyalılıq missiyasını ləyaqətlə yerinə yetirən, xalq tərəfindən etiraf edilən, sənət dünyası ilə əməli üst–üstə düşən bütöv şəxsiyyət, xoşbəxt taleli yazıçıdır.

Keçən əsrin axar–baxarlı 60–cı illərinin sonuna yaxın bir neçə il İraqda tərcüməçi işləyərək vətənə dönmüş, İraqda yaşayan soydaşlarımızın ləhcəsinə namizədlik dissertasiyası yazmışdım. Bir gün avtoreferatımı rus dilinə təmənnasız tərcümə edən dilçi alim Vaqif Aslanovla Dilçilik İnstitutunun dəhlizində söhbət edirdik. Elə bu vaxt şux geyimli bir gənc bizə yaxınlaşıb şəstlə salam verdi. Gur səslə Vaqif müəllimlə kef–əhval tutdu. O gedəndən sonra Vaqif müəllimdən onun kimliyini soruşdum. Vaqif müəllim məni təəccübləndirən cavab verdi: “O, gələcəyin böyük yazıçısı və böyük alimidir. Yazıçı İlyas Əfəndiyevin oğludur. Elçindir”. İlyas müəllimi görmüşdüm. Hələ tələbəlik illərində onun “Söyüdlü arx” və “Körpüsalanlar” romanlarını başqa gənclər kimi böyük məhəbbətlə oxumuşdum. Elçini isə birinci dəfə idi görürdüm. Onu da deyim ki, o vaxt elmə, biliyə, ədəbiyyata qəribə bir maraq və istək vardı. Mətbuatda ara–sıra, məclislərdə tez–tez Anar və Elçinin adları çəkilərdi. Bəziləri onların tez tanınmalarını valideynləri ilə bağlayır, əksəriyyət isə istedadları ilə əlaqələndirirdi. Aradan illər keçdi. Həyat ikincilərin fikrinin doğruluğunu təsdiq etdi.

İndi Azərbaycanda az nəsil tapılar ki, Anar və Elçin adını daşıyan nümayəndəsi olmasın. Təkcə bu fakt onların xalq arasında nə qədər populyar olmalarının göstəricisidir.

Mən Elçinin bədii yaradıcılığına “Ədəbiyyat qəzeti”ndə (7.IX.2007), eləcə də Dr. Əbdüllətif Bəndəroğlu ilə İraqda çap etdirdiyimiz “Mahmud və Məryəm” romanına (Kərkük, 2007, 216 s.) “Elçinin sənət dünyası” adlı əhatəli məqalə həsr etmişəm.

Danılmaz həqiqətdir ki, Elçin görkəmli yazıçı olmaqla bərabər, ədəbi tənqidimizin formalaşmasında və inkişafında məxsusi yeri və rolu olan ədəbiyyatşünas alimlərimizdəndir. Alimin “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassiklər və müasirlər” adlı sanballı əsərləri ədəbiyyatşünas alimlərin stolüstü kitabına çevrilmişdir. Qısaca üzvü olduğum Doktorluq Müdafiə Şurasında Elçinin uğurla müdafiə etdiyi doktorluq dissertasiyasından söz açmaq istəyirəm. Və bunu onunla əlaqələndirirəm ki, adətən, görkəmli yazıçı və şairlərimizin bu sahədəki xidmətləri arxa plana keçirilir, elmi adları, ümumiyyətlə, qeyd olunmur.

Xüsusi qeyd etmək istəyirəm ki, Bəxtiyar Vahabzadəyə akademik, Elçinə filologiya elmləri doktoru elmi adları fəxri adlar kimi verilməyib. Onlar illərlə ədəbiyyatşünaslıq elmimizə böyük fayda verən araşdırmalarla məşğul olublar. Bədii yaradıcılıqlarını məhdudlaşdırmaq məcburiyyətində qalıblar.

Mənim heç bir şübhəm yoxdur ki, Bəxtiyar müəllim də, Elçin də tədqiqatlar apararkən elmi ad sevdasında olmamışlar. Onları bu işə vadar edən vətəndaşlıq borcu və vicdanlarının səsi olmuşdur.

Tədqiqat işində, eləcə də araşdırıcının mövzuya dair çoxsaylı məqalələrində millilik və ümumbəşərilik, ədəbiyyat tarixinin problemləri və ədəbi tənqidin vəzifələri, sənət və sənətkar, ədəbiyyatın vətəndaşlıq missiyası, müasir vəziyyəti və s. kimi ədəbiyyatşünaslıq və tənqidin ədəbi problemləri öz layiqli yerini və həllini tapır.

Elçinin folklorumuza həsr etdiyi əsərləri də sanbalı ilə seçilir. Burada onun Güney Azərbaycan bayatılarına həsr olunmuş “Arazam, Kürə bəndəm” məqaləsini və “Klassik aşıq poeziyasında “Dünya” obrazı” monoqrafiyasını göstərmək istərdik. Elçinin xalq müdrikliyinə nəzəri cəhətdən nüfuz etməsi bədii əsərlərində xalq yaradıcılığından ardıcıl olaraq bəhrələnməsi ilə bağlıdır. Yazıçının “Baladadaşın ilk məhəbbəti”, “Qış nağılı”, “Günlərin bir günündə” əsərlərindən görünür ki, millilik və müasirliklə bərabər, onun əsərlərinin ana xəttini folklor motivləri təşkil edir. Biz hələ Azərbaycanda, Türkiyədə və İraqda dönə–dönə çap olunan “Mahmud və Məryəm” romanını demirik ki, bütövlükdə “Əsli və Kərəm” dastanı ilə səsləşir. Prof. Nərgiz Paşayevanın təbirincə desək – “Folklorda dastan hansı məqamdadırsa, hansı yeri tutursa, bədii əsərdə də roman o yeri tutur”.

Bəli, onlarca bədii əsərin, monoqrafiyaların, saysız–hesabsız məqalələrin müəllifi, nasir, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, xalq yazıçısı Elçindən hər dəfə söz düşəndə görkəmli dilçi alimimiz, unudulmaz Vaqif Aslanov və onun 40 il əvvəlki hədəfə dəqiq dəyən kəlamı yada düşür: “O, gələcəyin böyük yazıçısı və böyük alimidir”.

 

 

Qəzənfər PAŞAYEV,

filologiya elmləri doktoru, professor

 

Respublika.- 2013.- 7 may.- S. 12.