Azərbaycanda sosial firavanlığın təminatı Heydər Əliyev siyasi kursunun mühüm tərkib hissəsidir

 

Doğru deyirlər ki, dahi şəxsiyyətlər dağlara bənzəyirlər, zaman məsafəsi artdıqca onların böyüklüyü, ucalığı daha aydın şəkildə görünməyə başlayır. Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının 90 illik yubileyini sonsuz ehtiram və sevgi hissi ilə qeyd etdiyi, işıqlı xatirəsini andığı ümummilli liderimiz Heydər Əliyev də məhz belə dahi şəxsiyyətlərdən biridir. Aradan ötən zaman məsafəsi böyüdükcə Tanrının Azərbaycan xalqına bəxş etdiyi bu təkrarsız siyasi liderin böyüklüyü, dünyanın görkəmli siyasi xadimləri tərəfindən də dəfələrlə etiraf olunan siyasi əzəməti, onun yalnız mənsub olduğu xalq üçün, ölkə üçün deyil, ümumən region üçün, qlobal əhəmiyyətli problemlərin həlli üçün nə qədər böyük tarixi əhəmiyyət kəsb edən, misilsiz xidmətlər göstərdiyi, siyasi uzaqgörənliyi və əzmkarlığı ilə dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına nə qədər yüksək töhfələr verdiyi, Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolu bir daha gözlərimiz önündə canlanır.

Bu gün dövlət müstəqilliyinin bərpasının 22–ci ilini yaşayan Azərbaycanın bu dövrdə əldə etdiyi, ölkənin dövlət müstəqilliyinin möhkəmlənməsi və beynəlxalq nüfuzunun artmasına, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunmasına, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsinə xidmət edən tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin titanik siyasi kursundan, bu siyasətin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun şəkildə, məqsədyönlü tərzdə davam və inkişaf etdirilməsindən irəli gəlir.

Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biri “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” tezisinə əsaslanmış, sosial firavanlığın təminatı ulu öndərin müdrik və uzaqgörən siyasi kursunun vacib tərkib hissəsi olmuşdur. Azərbaycanda həyata keçirilən sosial siyasət ölməz şəxsiyyət Heydər Əliyevin xalqa bağlılığından, respublika əhalisinə daimi qayğıkeş münasibətindən, onun mənsub olduğu xalqı daim firavan görmək arzusundan qaynaqlanmışdır.

Ümumiyyətlə, ümummilli lider Heydər Əliyev bütün dövrlərdəki fəaliyyəti ilə Azərbaycanın milli dövlət maraqlarına xidmət edərək respublikamızın iqtisadi, siyasi, sosial, mədəni inkişafının fundamental əsaslarını yaradıb. Eyni zamanda, həm sovet dönəmində, həm də müstəqillik illərində ulu öndərimizin Azərbaycana rəhbərliyi respublika əhalisinin rifah halının yüksəlməsinə birbaşa təsir edən sahələrin davamlı olaraq inkişafı ilə müşahidə edilmişdir. Bu tarixi bir faktdır ki, ötən əsrin 60–cı illərinin sonunadək Azərbaycan sosial–iqtisadi inkişaf göstəricilərinə, o cümlədən əmək ehtiyatlarının ictimai istehsala cəlb edilməsi dərəcəsi baxımından keçmiş SSRİ–nin müttəfiq respublikaları arasında ən geridə qalmış respublikalardan biri olmuşdur.

Sosial–iqtisadi göstəricilərin əksəriyyətinə, o cümlədən əməkhaqqının səviyyəsinə, mənzil təminatına, məktəblərin və xəstəxanaların sayına, istehlak səviyyəsinə görə respublika İttifaq ölkələri arasında axırıncı yerlərdən birini tuturdu. O zaman Azərbaycan məhz ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası sayəsində qısa zaman kəsiyində bütün sahələr üzrə öncül yerləri tutmağa başladı.

1969–cu il iyul ayının 14–də respublikanın rəhbəri seçilən Heydər Əliyevin yüksək qətiyyəti və siyasi təşəbbüskarlığı, yorulmadan çalışması, təkrarsız işgüzarlığı sayəsində o zamankı sovet rəhbərliyinin Azərbaycana diqqəti getdikcə artmağa başlamış və Azərbaycanla əlaqədar xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafı məqsədilə qısa bir müddət içərisində keçmiş SSRİ hökuməti tərəfindən bir–birinin ardınca 5 xüsusi qərar qəbul olunmuş və beləliklə, respublikanın xalq təsərrüfatına vəsait qoyuluşu dəfələrlə artmışdır.

Həmçinin müasir və yüksək texniki səviyyəli avadanlıqlarla təchiz olunmuş 249 iri sənaye müəssisəsi tikilmiş, respublika üçün yeni olan müasir elektrik və radiotexnika sənayesi sahələri yaradılmışdır. Həmin vaxtlarda kimya, neft kimyası, elektronika, maşınqayırma və cihazqayırma sahələrinin, kənd təsərrüfatının strukturu isə pambıqçılıq və üzümçülük kimi yüksək əmək tutumlu sektorların inkişaf etdirilməsi ilə yeni tərəqqi dövrünə qədəm qoymuş, respublikada sənaye istehsalı 2 dəfədən çox artmışdır.

Başqa sözlə, 1969–cu ilin iyuluna qədər daha çox kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycan həyata keçirilən iri layihələr nəticəsində sənaye respublikasına çevrilmişdir. Təsadüfi deyil ki, 1970–1980–ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ümumi daxili məhsulda 66 faizə çatmışdı.

1969–1982–ci illər ərzində ölkədə 400–ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969–cu ildə sənaye obyektlərinin sayı 735 idisə, 1982–ci ildə bu rəqəm 1135–ə çatmışdı. Bu isə respublikada əhalinin məşğulluğuna xeyli müsbət təsir göstərmişdi. Orta və kiçik şəhərlərdə, kənd yerlərində əlavə iş yerləri yaradılmış və fəhlə, qulluqçu, kolxozçuların orta illik sayı xeyli artaraq 1985–ci ildə 2 milyon 360 min nəfərə çatmışdı. Qeyd edilən dövrdə ölkəmizin xalq təsərrüfatında məşğul olan əhalinin sayı digər respublikalarla müqayisədə dəfələrlə artmışdır.

Eyni zamanda, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətlərində olduqca mühüm işlər görülmüşdür. Bütün istiqamətlərdə olduğu kimi, iqtisadiyyatın mühüm sahələri üzrə dolğun, yüksək səviyyəli kadr potensialının yaradılması sahəsində də ötən əsrin 70–80–ci illəri Azərbaycan tarixinin bir intibah dövrü kimi qeyd oluna bilər. Məsələn, 1969–cu ilə qədər Azərbaycandan İttifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər olmuşdursa, 1970–ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artmışdı. Ümumiyyətlə, həmin illərdə 3600–dən çox şəxs keçmiş İttifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almışdır. Həm də 1969–1982–ci illərdə respublikada 6 ali məktəb, 792 orta ümumtəhsil məktəbi, 12 orta ixtisas məktəbi, 116 peşə liseyi və məktəbi və s. yaradılmışdı. Bütün bunlar sosial həyatda inkişaf proseslərini stimullaşdırmaqla, həmçinin respublikanın perspektiv gələcəyinə, onun gələcəkdə müstəqil bir dövlət kimi yaşaması üçün zəmin hazırlanmasına hesablanmış olduqca mühüm önəm kəsb edən, məqsədyönlü addımlar olmuşdur.

Qədim və zəngin tarixə malik Azərbaycan xalqı əsrlər boyu müstəqil dövlətini qurmaq arzusu ilə yaşamışdır. 1991–ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, həmin vaxtlarda ölkədə baş verən məlum proseslər səbəbindən bu müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Ulu öndərimiz Heydər Əliyevin 1993–cü ilin iyununda yenidən ölkəyə rəhbərliyə qayıdışı dövlət müstəqilliyinin xilas edilməsinə və bütün sahələri bürümüş tənəzzülün tərəqqi prosesləri ilə əvəz olunmasına səbəb oldu.

Ulu öndər Heydər Əliyev ictimai–siyasi sabitliyin bərpa olunması və dövlət müstəqilliyinin bütün təhlükələrdən xilas edilərək möhkəmləndirilməsi, iqtisadi tənəzzülün qarşısının alınması və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadiyyatın qurulması kimi olduqca çətin və vacib bir tarixi missiyanı həyata keçirməklə yanaşı, əhalinin rifah halının yaxşılaşdırılmasını da diqqətdə saxlamış, iqtisadi islahatlarda sosialyönümlülüyün təmin olunmasını daim ön plana çəkmişdir.

“Dövlət müstəqilliyi Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir” deyən ulu öndər Heydər Əliyev əhalinin yeni iqtisadi sistemə keçid dövrünün doğurduğu çətinliklərdən müdafiə edilməsini əsas vəzifə kimi qarşıya qoyaraq, “Biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır” – deyə bəyan etmişdir.

Ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçid prosesinə, iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə, bu proseslər fonunda əmək və sosial müdafiə sahəsində islahatlara başlanılmasına məhz ümummilli liderin həyata keçirdiyi uğurlu siyasət sayəsində nail olundu. Bu siyasət eyni zamanda artıq davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycan iqtisadiyyatında sosialyönümlülük prinsipinin ön plana çıxmasını şərtləndirmiş oldu ki, bu da aparılan islahatların, həyata keçirilən iqtisadi inkişaf proseslərinin paralel olaraq sosial problemlərin uğurlu həllinə yol açmasına zəmin yaratmışdır.

Ölkənin davamlı iqtisadi inkişafından irəli gələn imkanların, ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsini diqqət mərkəzində saxlayan ulu öndərimiz Heydər Əliyev demişdir: “Müstəqil dövlət olan Azərbaycan hüquqi–demokratik dövlət quruculuğu yolu ilə, iqtisadiyyat sahəsində islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar edilməsi və dünya iqtisadi sisteminə inteqrasiya yolu ilə gedir. Hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir”.

1994–cü il 15 iyun tarixində imzalanan “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərman həmin dövr üçün olduqca önəmli bir addım olaraq Azərbaycanda mövcud olan inflyasiyanın qarşısının alınmasına xidmət etmişdir. Bundan sonra, fərmanın icrası işlərinin daha effektiv yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənədin imzalanması respublika əhalisinin etibarlı sosial müdafiəsi mexanizminin qurulmasında mühüm addımlardan biri oldu. Bununla da 1994–cü il oktyabrın 15–dən minimum əmək haqqı artırılmaqla, digər tərəfdən pensiya, təqaüd və müavinətlərin məbləğləri əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırıldı.

Eyni zamanda, bu dövrdə sosial və işləməyən pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki–peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əmək haqqının iki mislindən az olan ailələrdə 16 yaşınadək uşaqlara pul kompensasiyasının təyin olunması, inflyasiyanın qarşısının alınması prosesinin sürətlənməsi, Mərkəzi Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulması sosial inkişafın təmin olunmasında mühüm rol oynayan tədbirlər oldu.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi, azad sahibkarlığın inkişafına şərait yaradılması 1990–cı illərdə Heydər Əliyevin rəhbərliyi altında aparılan və iqtisadi islahatların ən mühüm tərkib hissələrindən biri olan məqsədyönlü proseslər olaraq əhalinin maddi rifah halının və sosial təminatının daha da güclənməsinə təkan verdi.

Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk milli Konstitusiyası demokratik dəyərləri özündə birləşdirməklə, xalqın rifahının yüksəldilməsini dövlətin məqsədi kimi özündə təsbit etdi. Konstitusiyanın 16–cı maddəsinin 1–ci bəndində qeyd olunur: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.

Əsas Qanunun 35–ci maddəsinin müddəalarına görə, hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı–seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Bu ali sənədin 37–ci və 38–ci maddələrinə əsasən hər kəsin istirahət, sosial təminat hüququ təsbit olunur, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Eyni zamanda, Konstitusiyanın müddəalarına əsasən, dövlətin sosial–iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürməsi əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi baxımından ən mühüm addımlardan biri kimi diqqəti cəlb edir.

Ulu öndərin rəhbərliyi altında iqtisadi yüksəliş dövrünə qədəm qoyan müstəqil Azərbaycanda həyata keçirilən tədbirlər maaşların, pensiyaların, digər sosial müavinətlərin dinamik artımına səbəb olmuş, sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi Prezident təqaüdləri təyin edilmişdir.

1997–ci ildə pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər, 1998–ci ilin avqust ayının 1–dən pensiyaların yeni hesablanma mexanizminin tətbiqi, minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğun aradan qaldırılması üçün 1 yanvar 2000–ci ildən pensiya sahəsində görülən işlər, 29 dekabr 2000–ci il tarixli “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında” sərəncamla ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990–cı il 20 yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlərin artırılması, növbəti ildə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlərin orta hesabla yenidən 50 faizə qədər çoxaldılması və s. tədbirlər ulu öndərin sosial müdafiə sahəsinə xüsusi diqqət və qayğısının bariz ifadəsi olmaqla sosial sahədə müsbət dəyişiklikləri şərtləndirmiş oldu.

Bundan sonrakı dövrdə də bu sahədə tədbirlər uğurla davam etdirildi və dövlət büdcəsinin xərclərinin sosial xarakterli olması ilbəil ənənəvi hala çevrildi. Məsələn, 1997–2005–ci illərdə büdcədən xərclənən vəsaitlərin orta hesabla 50 faizdən çoxu əmək haqqı, pensiya və müavinətlərin verilməsinə yönəldilmişdir.

Ulu öndərin müdrik strategiyasının əsas məqsədlərindən biri ölkəmizdə yoxsulluq probleminin aradan qaldırılması olmuşdur. Nyu–Yorkda BMT–nin təşkilatçılığı ilə 2000–ci ilin sentyabrında Minilliyin sammiti keçirilmişdir. Sammitdə 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından xalqımızın ümummilli lideri Heydər Əliyev imzalamışdır. Bəyannamədə göstərilən və 18 hədəfi, 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasından ibarətdir.

Bəyannaməyə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə icrasını təmin etmək məqsədilə 2003–cü il 20 fevral tarixdə ulu öndər Heydər Əliyev fərmanla “2003–2005–ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir.

Sənəddə Azərbaycan hökumətinin yoxsulluğun azaldılması üzrə strategiyasının altı əsas strateji məqsədlərindən biri kimi, həssas qrupların daha səmərəli sosial müdafiəsi üzrə ən mühüm və ilkin islahat işi olaraq ünvanlı sosial yardım sisteminin yaradılması qərara alınmışdır. Bununla da müvafiq qanunvericilik bazası formalaşdırılmış və respublikada ünvanlı yardım sisteminə keçidin əsası qoyulmuşdur.

Konkret olaraq, qeyd edək ki, müstəqil ölkəmizdə sosial sahədə inkişafın təmin olunması məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən 60–dan artıq sənəd imzalanmışdır ki, bu sənədlərin hər biri ölkə əhalisinin sosial rifahının yüksəlməsində mühüm rol oynamışdır.

Müharibə əlillərinin və şəhid ailələrinin mənzil–məişət şəraitinin yaxşılaşdırılması işlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu proses ilbəil sürətlənmişdir. Əgər 1997–ci ildə 81 əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdursa, 2003–cü ildə bu göstərici təxminən 2,5 dəfə artaraq 200–ə qədər yüksəlmişdir.

Eyni zamanda ulu öndərin diqqət və qayğısı əlilliyi olan vətəndaşların avtomobillə, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatının, əlillərin tibbi–sosial reabilitasiyasına yönələn tədbirlərin ilbəil yüksələn xətlə davam etməsini şərtləndirmişdir. Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində, eləcə də ayrı–ayrı sosial müdafiə tədbirlərinin bir çoxunda ulu öndərimiz Heydər Əliyevin dəfələrlə iştirakı aztəminatlı insanlara yüksək səviyyədə diqqətin real nümunəsi olmuşdur.

Belə ki, 17 yanvar 1995–ci il tarixdə Respublika Protez–Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşən, müəssisənin fəaliyyəti ilə yaxından tanış olan ümummilli liderimiz 6 noyabr 1997–ci ildə Əlillərin III Respublika Yaradıcılıq Sərgi–Müsabiqəsinin, 15 noyabr 1997–ci ildə Bakının 6–cı mikrorayonunda əlil və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli binanın, 30 noyabr 1998–ci ildə Əlillərin I Ümumrespublika bədii yaradıcılıq baxış, müsabiqəsi qaliblərinin yekun konsertinin, 10 oktyabr 1999–cu ildə Naxçıvanda Ticarət–tədris mərkəzinin, 2 noyabr 2000–ci ildə “Bakı Sos–Uşaq Kəndi”nin açılışlarında, 30 iyun 2001–ci ildə Bakının Mehdiabad qəsəbəsində əlil və şəhid ailələrinə 50 mənzilin təqdim olunması mərasimində və digər sosial müdafiə əhəmiyyətli tədbirlərdə şəxsən iştirak etmişdir.

1998–ci ildə, Qurban bayramı ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatına gələrək pansionatın sakinlərini təbrik etməsi, onlarla həmsöhbət olması isə bu böyük şəxsiyyətin ağsaqqal və ağbirçək insanlara yüksək diqqət və qayğısının növbəti bir bariz nümunəsi olmuşdur. Həmin görüşdə ulu öndərimizin “Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır…” dediyi bu sözlər daim həyatda öz real təsdiqini tapır.

30 noyabr 1998–ci ildə Əlillərin I Ümumrespublika yaradıcılıq sərgi–müsabiqəsinin açılışı zamanı çıxışında isə ümummilli liderimiz “Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycanın bütün dövlət xidmət orqanları əlillərə, xüsusən döyüşlərdə əlil olmuş insanlara bundan sonra da bütün qayğıları göstərəcəklər” deyə bildirmişdir. Ulu öndərin 15 noyabr 1997–ci ildə Binəqədi rayonunda 81 mənzilli binanın əlil və şəhid ailələrinə verilməsi mərasimində bildirdiyi “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların yaşayışını nəzarət altında saxlamalıyıq, onların hər birinin sosial təminatını gündən–günə yaxşılaşdırmağa çalışmalıyıq” fikri isə müstəqil Azərbaycan dövlətinin daim güclənən sosial siyasətinin əsas ana xəttini təşkil edir.

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və daha da güclənmişdir. Bu, ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional və konkret sahəvi inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 10 ilə yaxın müddətdə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsində özünü göstərir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda dayanır.

Respublikanın iqtisadi potensialının daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni iş yerlərinin yaradılması və bunun daha çox qeyri–neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olmuşdur. Dövlət başçısının 2003–cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlardan biri olan “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, həmçinin “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında” sənədlər ölkə iqtisadiyyatının daha sürətlə inkişafını təmin etməklə yanaşı, ölkə əhalisinin sosial müdafiəsinin getdikcə güclənməsinə imkan yaratmışdır.

Təkcə 2004–cü ildə ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə möhtərəm Prezident tərəfindən 10–dan çox fərman və sərəncam imzalanmış, nəticədə maaşların, pensiya və müavinətlərin həcmi əhəmiyyətli şəkildə artmışdır.

Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman diqqətdə saxlanılmışdır. “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006–2015–ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”, “2008–2015–ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri buna nümunə kimi göstərmək olar.

Möhtərəm Prezident İlham Əliyev 2005–ci il may ayının 12–də Bakıda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasına dair keçirilən illik konfransda demişdir: “Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”. 2008–ci il sentyabrın 15–də isə möhtərəm Prezident tərəfindən təsdiq edilən “2008–2015–ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən, xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi də əksini tapır.

Ölkədə son 9 ildə əksəriyyəti daimi olan 1 milyon 200 mindən artıq yeni iş yeri yaradılmışdır ki, onların böyük hissəsi regionların payına düşür. Görülən tədbirlər nəticəsində işsizlik səviyyəsi 5,2 faizədək azalmışdır. Azərbaycan dünya iqtisadiyyatını sarsıtmış böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. MDB üzvü olan bir çox ölkələrdə 2009–cu ildə iqtisadi tənəzzül 6 faizdən yüksək olduğu halda, Azərbaycan iqtisadiyyatı 9,3 faizlik artıma nail olmuş və keçid iqtisadiyyatı dövrünü uğurla başa vuraraq keyfiyyətcə yeni tərəqqi mərhələsinə qədəm qoymuşdur. Qlobal maliyyə–iqtisadi böhranı şəraitində hətta inkişaf etmiş ölkələr sosial proqramları təxirə saldığı halda, Azərbaycanda bütün sosial layihələr uğurla və yüksələn templə davam etdirilmişdir.

Ölkə əhalisinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər silsiləsi də 2003–cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, beləliklə, müstəqil Azərbaycan iqtisadi–sosial inkişafın təminatı, əhalinin sosial müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər əldə etmişdir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ümummilli liderimiz Heydər Əliyevin sosial firavanlığın təmin olunması ilə bağlı ideyalarının və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu sosial siyasət kursunun yüksək səviyyədə icrası istiqamətində məqsədyönlü işlər görməkdədir.

Məlum olduğu kimi, 2006–cı il iyul ayının 1–dən etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılmışdır. Həmin yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır və ildən–ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Yardımların təyinatı işlərində daim ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatına ciddi nəzarət göstərilmişdir. Eyni zamanda ünvanlı yardım sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilmiş, yardımların təyinat müddəti 6 aydan 1 ilədək uzadılmış, ünvanlı yardımın əhatə dairəsi genişləndirilmiş, yardım üçün təqdim olunan sənədlərin sayı azaldılmışdır. Potensialları olan aztəminatlı ailələrin özünütəminetmə imkanlarına malik olması və sosial reabilitasiyası üçün 2011–ci ilin aprel ayından etibarən Tovuz, Masallı, İsmayıllı, Xaçmaz, Daşkəsən, Ağstafa, Qazax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində Birdəfəlik sosial yardım “Özünədəstək” pilot proqramının sınaqdan keçirilməsinə başlanılıb. İxtisaslaşmış QHT və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə həmin rayonlar üzrə ümumilikdə 271 ailə seçilərək bu proqrama cəlb edilib.

Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlar və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. 2012–ci il ərzində Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir.

1997–ci ildən 2012–ci ilin sonuna qədər 5 minədək əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. 1997–ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artmışdır. Belə ki, 1997–ci il ərzində 81 mənzil inşa olunduğu halda, 2010–cu ildə bu rəqəm 715 olmuşdur. 2012–ci ildə 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilmişdir. İndiyədək 3525 nəfər bu təbəqələrdən olan vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilmişdir. Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində Prezident İlham Əliyevin dəfələrlə şəxsən iştirak etməsi bu qəbildən olan insanlara qayğıkeşliyin real nümunəsi olmuşdur.

Azərbaycan Prezidentinin təsdiqlədiyi “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına töhfə olaraq, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. Eyni zamanda, Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda əsaslı təmir və yenidənqurma işləri yerinə yetirilməklə, pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur. Ramana Gənc Əlillər Evində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla burada yaşayan əlillərin peşə hazırlığının təşkili üçün də münasib şərait yaradılır.

Onu da bildirim ki, son illərdə Şağan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində nümunəvi yaşayış şəraiti yaradılmışdır. Eyni zamanda, yaxın vaxtlarda Penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə, Respublika Əlillərin Bərpa Mərkəzinin təmirinə başlanılacaqdır.

Bakı şəhərində səfillər üçün 50 yerlik müvəqqəti Sosial Sığınacağın və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inzibati binasının, Gəncə, Şəki və Masallı şəhərlərində əlillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Gəncə şəhərində, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün hər biri 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzlərinin və hər biri 25 yerlik sosial sığınacaqların tikintisi üçün, habelə 1 N–li Şamaxı İxtisaslaşdırılmış Ruhi–Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, 8 N–li Göygöl İxtisaslaşdırılmış Ruhi–Əsəb İnternat Evinin, Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri üçün layihə–smeta sənədləri hazırlanmışdır. Bununla yanaşı, ölkədə bərpa–müalicə və sosial xidmət şəbəkəsinin daha da genişləndirilməsi üçün İsmayıllı və Quba rayonlarında da Əlillərin Bərpa mərkəzlərinin, Xəzər rayonunda Ruhi–Əsəb İnternat Evinin tikintisi üçün layihə–smeta sənədləri hazırlanmışdır. Fəaliyyətinin digər sahələrində də nazirlik tərəfindən ölkənin ümumi inkişaf dinamikasına uyğun işlər görülür. Bütün bunlar ölkə rəhbərinin Azərbaycanda sosial müdafiə sisteminin daim təkmilləşdirilməsinə göstərdiyi diqqət və qayğının real təcəssümüdür.

Göründüyü kimi, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi təmin edilir. Həmçinin sosial siyasətin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilir, əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, beynəlxalq öhdəliklər, milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesi uğurla həyata keçirilir.

Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə olduğu kimi, sosial firavanlığın təmin olunması istiqamətində də böyük tarixi nailiyyətlərə imza atan bir ölkədir. Əldə olunan bu nailiyyətlər Xalq–Prezident birliyinin daim möhkəmlənməsi ilə müşahidə olunur ki, bu da respublikanın gələcəkdə həyatın bütün sahələrində daha möhtəşəm uğurlar qazanması üçün ən mühüm stimuldur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc–a müsahibəsində haqlı olaraq bildirdiyi kimi, “Həyata keçirilən dövlət siyasəti humanizm və insani dəyərləri idarəçiliyin əsas meyarına çevirməyi, Azərbaycanda əsl rifah dövləti yaratmağı hədəfləmişdir. Təbii ki, bu amillər də vətəndaşların cənab Prezidentə inam və etibarını gücləndirməklə yanaşı, həm də iqtisadi inkişaf prosesinə təkan vermiş, kollektiv səmərəliliyi artırmışdır”.

Bütün respublika ictimaiyyəti əmindir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən strategiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi daim inkişaf edən Azərbaycanımıza bundan sonra da yeni–yeni tarixi nailiyyətlər qazandıracaqdır.

 

 

Fizuli Ələkbərov

 

Respublika.-2013.-8 may.-S.7.