Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə səbaillilərin növbəti töhfəsi

 

Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda xüsusi sevgi və məhəbbətlə qeyd olunan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonun idarə və təşkilatlarında, təhsil, səhiyyə, elm və mədəniyyət müəssisələrində keçirilən çoxsaylı tədbirlərdə ulu öndərin xatirəsi böyük hörmət və məhəbbətlə yad edilir. Bu tədbirlərlə yanaşı, əlamətdar gün ərəfəsində sosialyönümlü obyektlərin əsaslı təmiri və yenilərinin istifadəyə verilməsi işləri də aparılmışdır.

Əlamətdar yubileylə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Səbail rayonunda RİH tərəfindən Badamdar qəsəbəsi, Neftçilər küçəsi 2 və 3, Neftçilər döngəsi 5 və 7, Tofiq Məmmədov küçəsi 9 və Nurəddin Paşayev küçəsi 8 ünvanlardakı 7 binada əsaslı təmir və üzləmə işləri yekunlaşdırılmış və rayonun qəsəbələrində həyata keçirilən “Abad həyət” layihəsi əsasında Neftçilər küçəsi 2 ünvanda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərlə görüşdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, rayondao cümlədən Badamdar qəsəbəsində aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, qısa müddət ərzində Badamdarda Heydər Əliyev parkı əsaslı təmir olunmuş, burada ulu öndərin əzəmətli büstü ucaldılmışdır. Ötən il qəsəbədə 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası istifadəyə verilmişdir. Abad həyət” layihəsi əsasında qəsəbədə 15 həyət əsaslı təmir olunmuş, 2 xeyir–şər zalı tikilmiş, yol kənarlarındakı mağaza və obyektlərin fasadları üzlənmiş, hazırda qəsəbədaxili yolların təmiri və asfaltlaşdırılması aparılır.

Qeyd olunmuşdur ki, 50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış 7 binanın fasadı əsaslı təmir olunaraq hər birinə 3500 kvadratmetrdən çox aqlay üzlük çəkilmiş, həyət tərəfdə binanın bloklarında yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılmışdır.

Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilmiş, eyvanlar lambirlə üzlənmiş, taxtadan dekorativ bəzək vurulmuşdur. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunmuş, binalarda ümumilikdə 5000 kvadratmetr sahədə rəngləmə işləri aparılmışdır.

Həyətin səkiləri aqlay üzlüklə üzlənmiş, həyət boyu səkilərə yeni bordür daşlar düzülmüşdür. Həyətdə təmizlik işləri aparılmış, işıqlandırma məsələləri də həll olunmuş, 3500 kvadratmetr sahəyə yeni asfalt örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılmış, burada yeni oturacaqlar, həyətə skamyalar qoyulmuşdur.

Həyətin mərkəzində düzəldilmiş mini stadionda futbol qapıları quraşdırılmış, bura dəmir torla hasara alınmış və rənglənmişdir. AFFA–nın köməyi ilə 500 kvadratmetr sahəsi olan stadiona süni örtük çəkilmişdir. Həyətin uşaqları da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışdır.

Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmış, məişət tullantılarından təmizlənmiş əraziyə bitki örtüklü torpaq qatı salınmışdır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmiş həyətin sakinləri görülən işlərin keyfiyyətindən çox razı qalmış, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Yubileylə əlaqədar Səbail RİH–in təşkilatçılığı ilə rayonda yaşayan aztəminatlı, imkansız 1000 ailəyə ərzaq bağlamaları verilmişdir.

 

 

Məhəmməd VƏLİYEV

 

Respublika.-2013.-8 may.-S.11.