Müstəqil Azərbaycanın qurucusu

 

Xalqımızın böyük oğlu Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna rol oynamışdır. Məhz buna görə ulu öndərin adı tarixdə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilmişdir.

Xalqımız Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qeyd edir. Hər birimiz üçün əziz və doğma olan bu hadisə ərəfəsində ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik. Çünki ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.

Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Hələ 1969–cu ildə Azərbaycana rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Qısa zaman kəsiyində Azərbaycan SSRİ–nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Onun rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tapdı.

Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli–mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş Azərbaycanlı şüurundakı bu qorxunu aradan qaldıra, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol–qanad verməyi bacardı. Bu mənada həm iqtisadi, həm də elmi və ədəbi–mədəni yüksəlişin sayəsində ötən əsrin 70–80–ci illərində müstəqil Azərbaycanın təməli qoyulurdu.

XX əsrin 90–cı illərində Azərbaycanın müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi.

1993–cü ilin may–iyununda dövlət böhranı, hakimiyyətsizlik, xaos, özbaşınalıq kulminasiya nöqtəsinə çatmışdı. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın səsinə səs verən Heydər Əliyev xilaskar missiyası ilə Azərbaycanın idarəçilik sükanı arxasına keçdi, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladı. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Beləliklə, xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə xilaskar missiyası ilə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial–iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai–siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Bir siyasətçi və qətiyyətli dövlət başçısı kimi Heydər Əliyevə olan inamın nəticəsi idi ki, 1994–cü ildə dünyanın ən böyük və nüfuzlu neft şirkətləri ilə Azərbaycan Respublikası arasında Xəzərin karbohidrogen ehtiyatlarının hasilatına və nəqlinə dair bu gün görülən işlərin əsası kimi “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideyası şüurlara hakim kəsildi, milli birlik və həmrəylik təmin edildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini hiss etmişdir.

Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi. Heydər Əliyevin ümummilli lider obrazı ilk növbədə, onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirirdi. Onun şəxsi keyfiyyətlərinin prinsipiallıq və siyasi iradə komponentləri üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Və hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin ötən 20 ili ərzində sosial–iqtisadi həyatımızın ayrı–ayrı istiqamətlərində əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının, siyasi kursunun uğurla davam etdirilməsinin, ideyalarının yaşamasının məntiqi nəticəsidir.

Heydər Əliyevin mahiyyətində xəlqilik və bəşərilik dayanan ideyalarının yaşaması, davam etdirilməsi və bütövlükdə Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai–siyasi və mədəni həyatımızın inkişafı deməkdir. Xüsusən gənc nəsil, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə daha çox müraciət etməliyik. Ulu öndərin doğum gününün hər il ölkə miqyasında qeyd olunması da məhz bu nəcib niyyətdən irəli gəlir. Bu mənada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamı da ictimaiyyət tərəfindən yüksək razılıq hissi ilə qarşılandı. Çünki Heydər Əliyev Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və inkişafı ilə bağlı misilsiz fəaliyyəti ilə hələ sağlığında bütün Azərbaycan xalqının qəlbində özünə taxt–tac qurub.

Son 10 ildə məhz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi ölkəmizə böyük uğurlar qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat–qat artırıb, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna əminlik hissi yaradıb. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və öz Prezidenti ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borc sayır.

Xalqımızın böyük oğlu Heydər Əliyev həm də Azərbaycan idmanının böyük hamisi idi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda idman özünün inkişaf mərhələsinə qədəm qoymuş, dünyada böyük qələbələrə imza atan, hər bir yarışda üçrəngli bayrağımızı ucaltmağa qadir yeni idmançılar nəsli yetişmişdir. Mənim də idmançı kimi yetişməyimdə ulu öndər Heydər Əliyevin idmana qayğısının böyük rolu olmuşdur. Bu qayğının nəticəsi kimi peşəkar idmana qədəm qoymuş, Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyi illərində ilk dəfə dünya və Avropa miqyaslı ağırlıqqaldırma yarışlarının qızıl mükafatçısı olmuşam. Ölkəmin adını beynəlxalq idman arenalarında ucaltmaqla yanaşı özümü ona görə xoşbəxt sayıram ki, mənə də həyatda böyük öndərlə görüşmək qismət olub. Vaxtilə Heydər Əliyev təhsil aldığım İqtisad Universitetinə gəlmişdi. Həmin vaxt mənə də dahi şəxsiyyətlə şəxsən görüşmək müyəssər oldu. Heydər Əliyev qazandığım nailiyyətlərlə yaxından maraqlandı, müdrik tövsiyələrini verdi və yeni qələbələr arzuladı. Bu mənim həyatımın ən xoş və həyəcanlı anı idi. Bu görüşdən sonra bir idmançı kimi üzərimdə daha böyük məsuliyyətin dayandığını hiss etdim.

1997–ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətlərinə malik cənab İlham Əliyevin seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsi üçün böyük imkanlar açdı. Cənab İlham Əliyev ölkədə idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində də böyük işlərə start verildi.

Aradan keçən bu müddət ərzində keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycan idmanının qazandığı uğurlar göstərir ki, cənab İlham Əliyevin MOK–un prezident seçilməsi ölkəmizdə olimpiya hərəkatının sürətləndirilməsinə və idmanın inkişafına xidmət edən ən doğru addım idi. Bunu Azərbaycan idmançılarının son illərdə qazandıqları qızıl medalların sayı da təsdiq edir. Xüsusən, 2000–ci ildə Sidney və 2004–cü ildə Afina, 2008–ci ildə Pekin, 2012–ci ildə London olimpiya oyunlarında qazanılan medallar Azərbaycan idmanının həqiqətən də inkişafda olduğunu, çəkilən əziyyətlərin hədər getmədiyini bir daha təsdiqlədi.

Ölkə başçısı cənab İlham Əliyevin nüfuzu artıq Azərbaycan hüdudlarını da aşmış, ona bölgənin əsas lideri, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi böyük hörmət gətirmişdir. Bu gün Prezident İlham Əliyevə olan geniş beynəlxalq rəğbət həm də Azərbaycanın nüfuzunun yüksəlməsinə şərait yaradır. Bu nailiyyətlər isə tək İlham Əliyevə aid deyil, həm də ona özü qədər inanan və uğurlu fəaliyyətinə böyük ümidlər bəsləyən Heydər Əliyevin əbədiyaşar ruhunun qələbəsi, ümummilli liderimizin siyasi kursunun uzunömürlülüyünün təminatçısıdır.

 

 

Vüqar NAMAZOV

 

Respublika.-2013.-8 may.-S.12.