Vergilər Nazirliyində AMEA ilə birgə ümummilli lider Heydər Əliyev irsini əks etdirən ədəbiyyat sərgisi açılıb

 

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızda böyük ehtiram hissi ilə geniş qeyd olunur. Yubiley münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində dünən Vergilər Nazirliyində Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası (AMEA) ilə birgə Heydər Əliyev irsini əks etdirən kitab sərgisi nümayiş etdirilmişdir.

Sərgini giriş sözü ilə açan AMEA–nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva–Kəngərli bildirmişdir ki, kitabxananın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də Heydər Əliyev irsinin tədqiqi və təbliğidir. Məqsəd Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasıdır.

Qeyd olunmuşdur ki, təqdim olunan sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial–iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 1000–dən çox kitab nümayiş etdirilir.

Vergilər nazirinin müavini Sahib Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğulayaraq, ulu öndərin azərbaycançılıq ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynadığını söyləmişdir.

Ümummilli liderin ömrünün və fəaliyyətinin öyrənilməsinin və gələcək nəsillərə örnək kimi çatdırılmasının vacibliyini vurğulayan S.Ələkbərov xalqımızın böyük oğlunun müasir vergi sisteminin qurulmasında və inkişaf etdirilməsindəki rolundan da danışmış, sərginin ümummilli lider Heydər Əliyev irsinin təbliğinə güclü təkan verəcəyini diqqətə çatdırmışdır.

Vergilər Nazirliyinin kollektivi geniş təəssürat yaradan sərgi ilə böyük maraqla tanış olmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş filmə tamaşa etmişlər.

 

 

Ülvi QARAYEV

 

Respublika.-2013.-8 may.-S.13