Azərbaycanın içməli su təchizatı sahəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

 

XX əsrin ən böyük şəxsiyyətlərindən biri, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, milli təhlükəsizliyin təmin olunması və sosial–iqtisadi inkişafda misilsiz xidmətləri vardır. Azərbaycanın və dünyanın siyasi tarixinə öz adını əbədi həkk etmiş böyük dövlət xadiminin 90 illik yubileyi ərəfəsində ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri bir daha anılır, yaxın keçmişimizdə baş verənlər xatırlanır.

Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 14 iyul 1969–cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermiş, qısa müddətdə böyük nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli–mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Ulu öndərin iradəsi, zəngin təcrübəsi və güclü idarəçilik qabiliyyətinin nəticəsi idi ki, 1982–ci ildə Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkmiş və ittifaq miqyasında tikinti sahəsinə rəhbərlik ona tapşırılmışdı. Böyük dövlət xadimi bu vəzifəni də uğurla icra etmiş və bilavasitə onun rəhbərliyi altında Uzaq Şərqdən tutmuş Avropaya qədər onlarla iri beynəlxalq və ümumittifaq əhəmiyyətli layihə reallaşmışdır. Təsadüfi deyil ki, həmin illərdə Azərbaycanda yaradılan güclü sənaye, dayanıqlı infrastruktur müstəqillik illərində iqtisadiyyatın inkişafına öz töhfəsini vermişdir.

1990–cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində yaranmış təhlükəli vəziyyətdə xalqımız öz taleyini yenidən böyük dövlət xadimi Heydər Əliyevə etibar etmişdir. Xalqın təkidli tələbi ilə 1993–cü ildə hakimiyyətə qayıdan ulu öndər ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etmiş, dövlətçiliyin bərpası və möhkəmləndirilməsi istiqamətində böyük işlər görmüşdür.

Ümummilli liderin müəllifi olduğu yeni neft strategiyası ölkəmizin dinamik inkişafını təmin etmək üçün möhkəm təməl yaratmışdır. Ölkədə həyata keçirilən sosial–iqtisadi islahatlar, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, neft strategiyasının müəyyənləşdirilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi kimi şərəfli tarixi missiyalara ulu öndər Heydər Əliyev imza atmışdır. Mübaliğəsiz demək olar ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrinin bugünkü inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.

Bu yubiley günlərində ümummilli liderin hakimiyyətə gəlişi dövrlərində Azərbaycanın su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərə bir daha nəzər salmaq istərdim. Uzaqgörən siyasətçi və böyük dövlət xadimi əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca amillərindən olan içməli su ehtiyatlarından səmərəli istifadə, əhaliyə verilən suyun keyfiyyətinin yaxşılaşdırılması məsələsini həmişə önə çəkmişdir.

Təsadüfi deyil ki, hazırda Bakı şəhərini içməli su ilə təmin edən 5 mənbənin 2–si – Kür və Oğuz–Qəbələ–Bakı su kəmərləri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Ən böyük mənbə olan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin genişləndirilərək məhsuldarlığının artırılması da Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Göründüyü kimi, ulu öndər həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanın, xüsusən də paytaxt Bakının içməli su təchizatının yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə etmişdir. 1970–ci illərdə Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin içməli suya artan tələbatı Kür su kəmərləri sisteminin yaradılması və Ceyranbatandakı qurğuların məhsuldarlığının artırılması hesabına təmin edilmişdir.

 Qısa da olsa Kür çayının suyunun təmizlənərək Bakıya nəqlini əhatə edən layihənin tarixinə toxunmaq istəyirəm. Kompleksin layihə–smeta sənədləri 1960–cı illərdə hazırlansa da, onun tikintisi yubanırdı. Burada əsas işlər 1969–cu ilin ikinci yarısından sonra görülmüşdür. Heydər Əliyevin 1970–ci il iyun ayının 10–da Azərbaycan KP MK–nın iclasında Kür su kəmərləri sisteminin birinci növbəsinin tikintisinin başa çatdırılması ilə bağlı verdiyi konkret tapşırıqlardan sonra bu sahədə ciddi dönüş yaranmışdı. Respublikanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi, mütəşəkkil şəkildə iməciliklərin keçirilməsi Kür su kəmərinin çəkilişini “ümumxalq tikintisi”nə çevirmişdi. Məhz bunun nəticəsi idi ki, 30 aya görülməli olan işlər təqribən 4 ay ərzində başa çatdırılmışdı. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, tikinti işlərinin qısa vaxtda başa çatdırılmasında Heydər Əliyevin SSRİ rəhbərləri arasında böyük nüfuzu əhəmiyyətli rol oynamışdır. Belə ki, RSFSR, Özbəkistan, Belarusiya, Gürcüstan və digər Sovet respublikalarının sənaye müəssisələri bu layihənin icrasına köməklik göstərmiş, 8 min vahiddən çox avadanlıq və materiallar vaxtından əvvəl hazırlanaraq Azərbaycana göndərilmişdi.

27 sentyabr 1970–ci il. Azərbaycanın su sektorunda mühüm hadisə baş verir. Böyük zəhmət, gərgin əmək hesabına Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verilir. Bakı şəhəri və Abşeron yarımadası üçün böyük tarixi əhəmiyyəti olan bu hadisə ilə əlaqədar təntənəli açılış mərasimi keçirilir. Mərasimdə iştirak edən ulu öndər obyektin açılışını bildirən rəmzi lenti kəsir. Kür suyunun radial durulduculara axması və kəmərin 89–cu kilometrliyində nasos stansiyasının işə salınması ilə Bakı şəhərinin içməli su təchizatında yeni mərhələ başlanır. Həmin mərasimdə çıxış edən respublika rəhbəri Heydər Əliyev Bakı və Sumqayıt sakinlərinə səmimi təbriklərini çatdırır və layihənin faydası barədə fikirlərinin bildirir: “Bu gün biz Kür su kəmərinin çəkilişinin birinci mərhələsində qazanılan qələbəni bayram edirik. Su hər bir kəs üçün sevinc və səadət rəmzidir. Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksinin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır… Mübaliğəsiz demək olar ki, Kür su kəmərinin çəkilişi respublikamızda əsl ümumxalq tikintisi olmuşdur. Bakıya Kür suyunun gəlməsi minlərlə adamın—fəhlələrin, ustaların, briqadirlərin, mühəndislərin əmək qəhrəmanlığının və vətənpərvərliyinin nəticəsidir”.

Bu sahədə qazanılmış zəngin təcrübə Kürdən Bakıya ikinci xəttin çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan vermişdir. Cəmi bir il sonra – 1971–ci il sentyabrın 15–də birinci növbə çərçivəsində ikinci Kür–Bakı su kəməri istifadəyə verilmişdir.

Bakı və Sumqayıt şəhərlərində yeni sənaye müəssisələrinin yaradılması, yeni yaşayış massivlərinin salınması içməli suya tələbatı artırırdı. Artan tələbatı qarşılamaq üçün 1970–ci illərin sonlarında ulu öndərin səyi nəticəsində SSRİ rəhbərliyi Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisinə razılıq verir. 1980–88–ci illərdə Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır.

Bu layihə təkcə həmin dövr uçun deyil, on illər sonra yeni bir məqsəd üçün də əhəmiyyətli olacaqdı. Oğuz–Qəbələ–Bakı su kəmərinin işə düşməsi, yeni tikilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu imkan verəcək ki, gələcəkdə Kürdən Bakıya verilən suyun bir hissəsi ölkənin aran rayonlarının tələbatının ödənilməsinə yönəldilsin. Yeri gəlmişkən, 2012–ci ilin iyulun 16–da təməli möhtərəm Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan–Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərini, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 kənd olmaqla ümumilikdə 121 kəndin içməli su problemini birdəfəlik çözəcəkdir. Bu kəmərin istismara verilməsi ilə 470 min Azərbaycan vətəndaşı keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaqdır.

Kür su kəmərləri sisteminin yaradılması təkcə içməli suyun Bakı şəhərinə çatdırlması ilə yekunlaşmır. Ulu öndərin rəhbərliyi altında bu layihə kompleks şəkildə həyata keçirilir. Həmin illərdə Bakı və Abşerona verilən suyun həcminin xeyli artması, eləcə də yeni yaşayış massivlərinin salınması nəzərə alınaraq şəhərin içməli su və kanalizasiya infrastrukturuna yenidən nəzər salınır. Həmin illərdə Abşeron yarımadasında minlərlə kilometr magistral və paylayıcı su xətləri çəkilir, yeni su anbarları, nasosxanalar tikilib istismara verilir.

Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ceyranbatan sutəmizləyici qurğular kompleksi 1961–ci ildə istismara verilsə də, burada 1970–ci illərdə böyük işlər görülmüşdür. Belə ki, kompleksin üçüncü növbəsi 1978–ci ildə işə salınmış, bununla da mənbənin məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılmışdır.

Bakı şəhərinə böyük həcmdə içməli suyun daxil olması kanalizasiya infrastrukturunun genişləndirilməsi zərurətini yaratmışdı. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1970–ci ildə əhalinin 2000–ci ilə qədər perspektiv artımı nəzərə alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanmışdır. Bu layihə çərçivəsində Hövsan Aerasiya Stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları tikilib istifadəyə verilmişdir. Bunun nəticəsində yalnız mexaniki təmizləmədən keçən və ya təmizlənmədən Xəzər dənizinə axıdılan çirkab suların böyük hissəsinin toplanaraq Hövsan Aerasiya Stansiyasına axıdılması və burada zərərsizləşdirilməsi təmin edilmişdir.

Sovet iqtisadi münasibətlər sisteminin iflasa uğraması ilə 1980–ci illərin sonu, 90–cı illərin əvvəli bütün sahələrdə olduğu kimi su təchizatı və kanalizasiya sektorunda da tənəzzül yaşanırdı. Bir tərəfdən maliyyə imkanlarının məhdudluğu, digər tərəfdən sahənin pərakəndə idarə edilməsi nəticəsində bu sektorda əsaslı iş aparılmır, fiziki və mənəvi cəhətdən köhnəlmə nəticəsində qurğuların, avadanlıqların istismarı çətinləşirdi. Artaraq geniş miqyas alan problemlər bu sahədə kompleks işlərin görülməsini şərtləndirirdi. Fərəhlə demək lazımdır ki, bu problemləri də Azərbaycan xalqının xilaskarı ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra həll etdi. 1990–cı ilin birinci yarısında ölkədə ictimai–siyasi sabitliyi təmin edən Heydər Əliyev sosial sahədə həlli vacib problemlərin çözülməsi istiqamətində işlərə başladı. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın maliyyə vəziyyəti içməli su təchizatı sektorunda irihəcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bunu nəzərə alan ümummilli lider əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürur. 1995–ci ildə fiziki və mənəvi cəhətdən köhnəlmiş Ceyranbatan və Kür Sutəmizləyici Qurğularının yenidən qurulması üçün Dünya, həmçinin Avropa Yenidənqurma və İnkişaf banklarından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanılır. Həmin illərdə maliyyə qurumları yenicə müstəqillik qazanmış postsovet ölkələrinə irihəcmli güzəştli kredit ayırmağa ehtiyatla yanaşırdı. Mahir siyasətçi və strateq bu məsələni də asanlıqla həll etdi və beynəlxalq maliyyə qurumları “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması” layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırmağa razılıq verdi. Bunu fəxrlə deyə bilərik ki, beynəlxalq maliyyə qurumları MDB ölkələri arasında ilk dəfə belə iri məbləğdə güzəştli krediti Azərbaycana ayırmışdır.

1998–ci ildə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması” layihəsinin icrasına başlanılır. Qısa müddətdə Ceyranbatan və Kür sutəmizləyici qurğular komplekslərində, Bakı şəhərinin su təchizatı sisteminin əsas istehsal sahələrində yenidənqurma işləri aparılır və layihə çərçivəsində Azərbaycan hökumətinin iştirak payı da daxil olmaqla 100,93 milyon dollar xərclənir. ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya şirkətlərinin iştirakı ilə sutəmizləyici qurğular əsaslı təmir edilir, burada istifadə olunan avadanlıqlar yeniləri ilə əvəzlənir, Bakı şəhərində 80–dən artıq nasosxana və istehsalat bazaları tikilir, ən müasir texnika alınır. Nəticədə mənbələrdə emal olunan suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılır və paytaxt sakinlərinin dayanıqlı içməli su təchizatı təmin edilir.

Bundan başqa, Bakı və Sumqayıt şəhərlərini içməli su ilə təmin edən Ceyranbatan su anbarının ekoloji cəhətdən çirklənməsinin qarşısını almaq məqsədilə Avropa Birliyinin Azərbaycana fövqəladə yardım proqramı üzrə ayrılmış qrantı hesabına bir neçə layihə həyata keçirilmişdir. Bütövlükdə Ceyranbatan su anbarının ekoloji mühafizəsi layihəsi üzrə işlər 2003–cü ilin sonunda başa çatdırılmış və Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanın müstəqillik tarixində ölkə daxilində reallaşdırılmış ən böyük infrastruktur layihəsi Oğuz–Qəbələ–Bakı su kəmərinin ideya müəllifi ulu öndər Heydər Əliyevdir.

2002–ci il. Sürətli iqtisadi inkişafın astanasında olan Azərbaycanı böyük neft gəlirləri gözləyir. Artıq qərara alınıb ki, Dövlət Neft Fondunda toplanacaq vəsaitin bir hissəsi iqtisadiyyatın digər sahələrinə, o cümlədən infrastruktur layihələrinin icrasına yönəldiləcək. Belə şəraitdə Bakı şəhərinə yeni mənbədən suyun gətirilməsinin yenidən aktual olacağını görən dahi şəxsiyyət tarixi təşəbbüslə çıxış edir. 2002–ci il dekabrın 19–da keçirilən müşavirədə Prezident Heydər Əliyev Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məsələsi üzərində xüsusi dayanır. O, paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz–Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlarını verir: “Vaxtilə akademik Həsən Əliyev təklif vermişdi ki, Qəbələ, Oğuz və oradakı dağlardan gələn bulaqlarda çox su var, onu oradan çəkək gətirək Bakıya… O vaxt həmin sulara baxmışdılar, çox dadlı sular idi. İstəyirdik həmin təklifə baxaq, ancaq ondan sonra mən buradan getdim. O layihə qaldı… Bakıya biz gərək daha çox su gətirək. Özü də təmiz bulaq suyu. Bunu biz edə bilərik. Bu, çox gözəl bir iş olacaqdır. Bakıya bol–bol təmiz su gətirəcəyik. Deyirlər, orada çox gözəl sular var”.

Ulu öndərin irəli sürdüyü bu ideya Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2005–ci ilin sentyabrında Prezident İlham Əliyevin sədrliyi ilə Böyük Bakının su təchizatının yaxşılaşdırılmasına həsr olunmuş müşavirədə layihənin parametrləri müzakirə edilir və qısa müddətdə işlərin başlanmasına qərar verilir. 2007–ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz–Qəbələ–Bakı su kəməri 3 ildən sonra istifadəyə verilir. Layihə çərçivəsində diametri 2 min millimetr olan şüşəlifli (GRP) borulardan istifadə etməklə 262,5 kilometr uzunluğunda kəmər çəkilmiş, 100–dən artıq subartezian quyu qazılmış, baş suqəbuledici qurğular kompleksi və suyun təzyiqinin tənzimlənməsi üçün kəmər üzərində təzyiqqırıcı qurğular inşa olunmuş, yarımstansiya quraşdırılmışdır. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən və məhsuldarlığı saniyədə 5 kubmetr olan Oğuz–Qəbələ–Bakı su kəmərinin istismara verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında stabillik yaranmışdır. Yeni mənbədən əlavə suyun gətirilməsi hesabına bu gün paytaxt sakinlərinin 60 faizindən çoxu 24 saat içməli su ilə təmin edilir.

Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində ulu öndərin başladığı işlər bu gün ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda dövlət başçısının bilavasitə rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ölkənin regionlarında su və kanalizasiya layihələri uğurla icra olunur. Bakı şəhəri və onun qəsəbələrinin sosial–iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Abşeron yarımadasının hər bir yaşayış massivində fasiləsiz su təchizatına nail olmağı hədəfləmişik. Bu məqsədlə Ceyranbatanda dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusu tikilir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq bu qurğuda Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmizlənəcək su Bakı, Sumqayıt və Xırdalan şəhərləri, bütövlükdə Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verəcəkdir.

Ceyranbatan–Balaxanı–Ramana–Qala–Zirə–Pirallahı magistral su kəmərinin tikintisi indiyə qədər mərkəzləşdirilmiş qaydada su almayan kənd və qəsəbələrdə problemin birdəfəlik həllinə gətirib çıxaracaqdır. Eyni zamanda gələcəkdə tikintisi planlaşdırılan 11 ədəd çirkab sutəmizləyici qurğu Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında müstəsna əhəmiyyətə malik olacaqdır.

Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq büdcə vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına 38 şəhər və rayon mərkəzində, həmçinin 350–dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Əsas hədəfimiz cənab Prezidentin tapşırıqlarına uyğun olaraq hər bir kəndi, qəsəbəni və şəhəri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etməkdir. Əminik ki, “Azərsu” ASC–nin çoxminli kollektivi əzmlə çalışaraq qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirəcək və qısa müddətdə bu hədəflərə çatacaqdır.

 

 

Qorxmaz Hüseynov,

“Azərsu” Açıq Səhmdar

Cəmiyyətinin sədri.

 

Respublika.-2013.-9 may.-S.7.