Praqmatik dövlət başçısı, görkəmli siyasətçi

 

XX yüzilliyin sonlarında Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycanda başlanan milli–azadlıq hərəkatı yeni milli dövlətin yaranması üçün ideal şəratin yüksələn xətti idi. Amma imperiyanın külləri altında Azərbaycanın məhvi üçün dəhşətli planlar hazırlanırdı. 1918–ci ildə bolşeviklər tərəfindən aprel işğalı ilə məhv edilən milli dövlətimizi yenidən yaratmaq ideyası şüur altında yaşayırdı və bu ideyanın gerçəkləşməsinə imkan vermək istəməyən qüvvələr Azərbaycanda milli–azadlıq hərəkatını vətəndaş müharibəsinə çevirmək istəyirdilər. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın o vaxtkı səriştəsiz iqtidarı cəmiyyətin vahid bir məqsəd ətrafında birləşməsinə, ictimai şüurda milli dövlətçiliyin fundamental prinsiplərinin möhkəmləndirilməsinə, dövlətçiliyin inkişafı üçün köklü islahatların aparılmasına qadir deyildilər. Qeyd edək ki, müstəqilliyin ilk illərində təcrübəsiz idarəetmə metodları Azərbaycanda yaranmış böhranın əsas səbəblərindən idi. Bu məqamda həm milli birliyi yarada biləcək, həm ərazilərimizin işğalının qarşısını ala biləcək və ən əsası isə yeni yaranmış milli dövləti beynəlxalq hüququn subyekti edə biləcək mükəmməl siyasi dühaya kəskin ehtiyac var idi. Bu müqəddəs qurtuluş missiyasını dövlətçiliyi, hakimiyyəti idarə etmək ustası olan ulu öndər Heydər Əliyev yerinə yetirmiş oldu.

Xatırladaq ki, hələ milli–azadlıq hərəkatının böyük vüsət aldığı vaxt Naxçıvan sürətli tarixi proseslərin önünə keçmişdi. Hərəkatda rəhbərlikdə yeni liderə böyük ehtiyac var idi. Heydər Əliyevin Naxçıvana gəlməsi və Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi və çoxşaxəli fəaliyyəti Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsində böyük əhəmiyyəti oldu. Onun sədrliyi ilə 1990–cı il noyabrın 17–də keçirilən Naxçıvan parlamentinin sessiyası Muxtar Respublikanın adından “sovet sosialist” sözlərini götürdü və “Ali Məclis” sözü ilə əvəz etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını özünün dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Qərarda deyilirdi: “İlk Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilsin. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi—dövlət gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin”. Eyni zamanda Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycanın dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilməsi haqqında qərar qəbul edildi. Naxçıvan MR Ali Məclisi milli azadlıq hərəkatını boğmaq üçün SSRİ rəhbərliyinin 20 yanvarda Bakıda törətdiyi cinayətə siyasi qiymət verdi. Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Sovetinin 1991–ci il fevralın 5–də keçirilən sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.

Əslində milli liderimiz azərbaycançılıq ideologiyasının təməl prinsiplərini Naxçıvanda yaratmış oldu. Həmin günlərdə bu dahi şəxsiyyətin proqram xarakterli çıxışları gələcək milli dövlətin siyasi–ideoloji fundamentini yaradırdı. O, dünya tarixinin yetirdiyi yeganə xarizmatik liderlərdəndir ki, həm nəzəri, həm də praqmatik dühaya malik idi.

Heydər Əliyevin milli siyasət konsepsiyasında əsas məsələlərdən biri təfəkkürdəki, mənəviyyatdakı və mentalitetdəki deformasiyaların qarşısının alınması və sağlam təmələ qaytarılması idi. Nəsilləri Sovet ideoloji stereotiplərdən xilas edərək formalaşdırmaq—Heydər Əliyevin milli siyasət konsepsiyasının məğzini təşkil edirdi. Bu milli siyasət konsepsiyası dəqiq, taraz siyasi oriyentasiyası ilə yanaşı, ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatı bütövlükdə əhatə edən kompleks xarakter daşıyırdı.

Rus siyasi yazarı Andrey Konçalovski “Andropovdan Qorbaçova” adlı siyasi məqaləsində çox maraqlı tarixi interpretasiyalar söyləyir. Müəllif yazır ki, Andropov xəstə olarkən imperiyanın yuxarı eşalonunda yekdil fikir belə idi ki, nəhəng dövləti bundan sonra yalnız Heydər Əliyev idarə edə bilər və Andropov buna çalışırdı. Lakin Heydər Əliyev özü çox gözəl bilirdi ki, siyasi kluarlarda olan müəyyən qüvvələr müsəlman Azərbaycanından olan bir siyasətçinin böyük dövlətin başına gətirilməsinə imkan verməz, onsuz da Heydər Əliyevin bundan əvvəl ümumsovet siyasi səhnəsinə gətirilməsi möhtəşəm əhəmiyyətli bir hadisə idi. Düşünürəm ki, Andropovdan sonra Heydər Əliyevin hakimiyyət başına gətirilməsinə imkan verilsəydi, o, dövlətin demokratik əsaslarda reabilitasiyasını başa çatdırar, millətlərin yeni dünya düzənində inkişaf perspektivlərinin yolunu açmış olardı.

Ulu öndərimiz dərin fenomenal bir düha idi. Onun siyasi müdrikliyinin hər incə nüansını araşdırdıqca, dərin heyranlıq hissi insanı çulğayır. Onun hər hansı taleyüklü siyasi addımlar ərəfəsində tərəddüd etdiyini qəti olaraq görmək mümkün deyil. Elə buna görə də XX yüzilliyin sonlarında Azərbaycanın xilaskarlıq missiyası məhz ona qismət oldu. Onun bütün ictimai–siyasi, mədəni–iqtisadi fəaliyyəti tarixlə müasirliyin ən incə nüanslarının uzlaşmasından yaranan elmi konsepsiya idi. Bu nəticə böyük liderin dərin elmi təfəkküründən doğurdu. Elə buna görə də o, Azərbaycanda elmin milli–mədəni kontekstdə inkişafına xüsusi diqqət yetirirdi.

1997–ci ilin 31 yanvarında Azərbaycan Elmlər Akademiyasının 50 illik yubileyi mərasimində dərin məzmunlu nitq söyləyən böyük strateq Heydər Əliyev özünəməxsus müdrikliklə milli elmin qarşısında duran fundamental vəzifələrdən söz açmış, kifayət qədər mürəkkəb şəraitdə bu sahənin inkişaf strategiyasını, gələcək hədəflərini açıqlamışdır. Həmin mərasimdə Heydər Əliyev ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmiş, xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusü həssaslıqla yanaşmağa çağırmışdır.

Yeni milli dövlət quruculuğu mərhələsində dahi şəxsiyyətin ən böyük uğuru tarixi şüuru bərpa etməsi oldu. Azərbaycanda müstəqil dövlət quruculuğu uğurla davam etdirildiyi bir şəraitdə qarşıda həm də tarixin bərpa olunması, onun bütövlüyünün təmin olunması kimi məsul bir vəzifə dururdu. Təsadüfü deyildir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin əbədiliyinin təmin olunması, dövlətçilik tariximizin müasir mərhələsinin davamlılığının təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb həm də tarixi şüurumuzun bərpa olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tariximizə qatılması sahəsində də məqsədyönlü iş aparırdı.

Dövlət quruculuğu nəzəriyyəsini və praktikasını mükəmməl bilən Heydər Əliyev ilkin dönəmlərdə prioritet istiqamətləri inkişaf etdirməyə nail oldu. Respublikada yüksək iqtisadi inkişaf dinamikasının təmin olunması, müasir NATO sisteminə uyğun milli ordu bölmələrinin yaradılması, ən qiymətli milli sərvətimiz olan dilimizin inkişafı, qorunması və fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsi və s. islahatlar inanılmaz yüksəlişə gətirib çıxardı. Çünki Heydər Əliyev böyük strateq idi və onun dühası həyata keçirdiyi islahatların uğurlu nəticələrinin real təminatı idi. Mən bu düşüncələrimi yazarkən ABŞ–ın tanınmış siyasi xadimi, ABŞ Demokratiya Mərkəzinin prezidenti Aulen Ueynşteynin Heydər Əliyev haqqında fikirlərini xatırladım: “Azərbaycan Prezidenti qeyri–adi, dahi şəxsiyyətdir. Onu ən görkəmli siyasi və dövlət xadimi kimi Corc Vaşinqtonla müqayisə edirəm. Onların hər ikisinin tarixi missiyası arasında uyğunluq var”.

Ümummilli liderimiz Heydər Əliyev XX yüzilliyin ortalarından Azərbaycan dili və mədəniyyətinin qoruyucusu olmuşdur. Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində ulu öndərin müstəsna rolunu hamı etiraf edir.

Heydər Əliyevin Azərbaycan dilinin inkişafında xidmətlərindən danışarkən onun yazı mədəniyyətimiz, əlifba islahatı və türk dünyasının birləşdirilməsi sahəsində gördüyü tarixi xidmətlərini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin 9 avqust 2001–ci il tarixdə imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanı tarixi bir addım idi. XIX–XX əsrlərdə dəfələrlə latın qrafikalı əlifbaya keçmək üçün səylər olsa da real nəticəsi olmamışdır. Latın qrafikalı əlifbaya keçmək ideyası türk dünyasında xüsusi bir mərhələdir. Bu ideyanın yaranması, reallaşması, tətbiqi Azərbaycanla, onun görkəmli şəxsiyyətlərindən sayılan M.F.Axundov, H.B.Zərdabi, C.Məmmədquluzadə, S.M.Qənizadə, N.Nərimanov, Ü.Hacıbəyov, B.Çobanzadə, Ə.Hüseynzadə, S.Ağamalıoğlu və başqaları ilə bağlı olmuşdur. Milli ruhlu bu ziyalılar Azərbaycan xalqının tərəqqisi, maarifə, elmə yiyələnməsi yolunda latın qrafikalı əlifbanın tarixi rolunu dərk etmişlər. O dövrün reallığı bu ideyanın həyata keçməsinə həmişə mane olmuşdur. 1926–cı ildə Bakı şəhərində keçirilən I Türkoloji qurultay türkdilli ölkələrdə latın qrfikalı əlifbaya keçməyi tövsiyə etdi. Qurultayın tövsiyəsini ilk reallaşdıran ölkə Azərbaycan oldu. Lakin 30–cu illərin repressiyası Azərbaycan xalqına çox böyük zərbələr vurdu. Bunlardan biri də latın qrafikalı əlifbanın ləğvi idi. Sovet strategiyasının şovinist siyasəti nəticəsində əlifbamız kiril qrafikalı əlifba ilə dəyişdirildi. Üzərindən neçə onilliklər keçdi, tarix öz ədalətli hökmünü verdi. Azərbaycan Müstəqil respublikaya çevrildi, Heydər Əliyev kimi dünya şöhrətli siyasətçi, qəlbində türkçülük, azərbaycançılıq məşəli yanan dahi bir lider Azərbaycan dövlətinə yenidən rəhbərlik etdi. Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək Azərbaycan xalqını və onun dilinin adını əbədiləşdirdi. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi və latın qrafikalı əlifbaya keçmək haqqında dəyərli, tarixi fərman imzaladı. Bu fərman Azərbaycan dilinin tətbiqi və latın qrafikalı əlifbanın geniş işlədilməsi üçün dövlətin təminatı idi.

Heydər Əliyevin uzaqgörənliyi, məsələnin vaxtında həllinə qərar verməsi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün türk dünyasında sevinclə qarşılandı. Buna görə Heydər Əliyev Türkiyədə “2001–ci ilin müdrik dövlət adamı” seçildi. Türk dünyasında türkçülük ideyasının mübariz təbliğatçısı, Azərbaycanda gedən prosesləri yaxından izləyən qazax yazıçısı Oljas Süleymenov respublikamızda dil sahəsində başlanmış bu inkişafı belə qiymətləndirmişdir: “Latın əlifbasına keçmək böyük cəsarət, qətiyyət, siyasi iradə tələb edirdi. Heydər Əliyevdə bütün bu keyfiyyətlər, habelə zəngin siyasi təcrübə, kəskin tənqid və tarixi prosesləri istiqamətləndirə bilmək istedadı vardır. Bu tarixi bir qərardır”.

Dahi liderimiz Azərbaycan mədəniyyətini yüksəltmək və qorumaq üçün ən inanılmaz qərarları qəbul etməkdən belə heç zaman çəkinməmişdir. Heydər Əliyev zamanlar arasındakı əlaqənin qırılmaması üçün zəruri olanı edirdi. O, Hüseyn Cavidi öz xalqına qaytardı. Görkəmli dövlət xadimi, 1986–cı ildə SSRİ–nin Suriyada fövqəladə və səlahiyyətli səfiri olmuş Aleksandr Dzasoxov öz xatirələrində yazır ki, Heydər Əliyev o zaman böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin nəşini Hələb şəhərindən öz vətəninə gətirmək üçün gərgin diplomatik əmək sərf etdi. 1973–cü ildə dahi şairin 600 illik yubileyi təntənəli surətdə qeyd olundu. Nəsiminin adı bütün ərəb dünyasında da məşhurdur. Onun əsərləri onlarla dilə tərcümə olunub, onun poetik əsərləri və fəlsəfi ideyaları indiki ruhani aləmdə də aktualdır. Həmin vaxt Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Yazıçılar İttifaqının katibi A.Keşkovun rəhbərliyi altında Suriyanın paytaxtı Dəməşqə nümayəndə heyəti göndərildi. Lakin Suriya hakimiyyəti Nəsiminin nəşinin köçürülməsinə razılıq vermədi. Heydər Əliyevin xahişi ilə SSRİ–nin Suriyada o zamankı səfiri yenidən bu ölkənin rəhbərliyinə müraciət etsə də, onların bu dəfəki kəskin mövqeyi bu tarixi mərasimin reallaşmasına imkan vermədi. Böyük insanın bu şərəfli fəaliyyəti ilə tanış olduqca onun milli qeyrətinə və təəssübünə heyran qalmamaq olmur.

Bütün ideologiyalar kimi azərbaycançılığın da heç zaman dəyişməyən metafizikası vardır. Bununla belə o da inkişaf edən, müasirləşən, dövrün müxtəlif miqyaslı konyuktur təzyiqləri ilə hesablaşan bir ideologiyadır. Azərbaycan xalqının ümummilli lideri öz tarixi fəaliyyətində azərbaycançılıq ideologiyasının dəyişməyən metafizikasından çıxış etməklə, ona əsaslanmaqla yanaşı, həyata keçirilmə iyerarxiyasına, metodlarına da xüsusi önəm vermişdir.

Beləliklə, yüzillər boyu mənəvi–mədəni (etnoqrafik), onillər boyu siyasi mübarizə həyatı yaşamış bir ideologiya qalib gələrək öz tarixinin yeni epoxasına daxil oldu.

Ümummilli liderin bir tarixi xidməti həmin missiyanı reallaşdırmaq idisə, ikinci missiyası da azərbaycançılıq ideologiyası qarşısında yeni perspektivlər, üfüqlər açması oldu.

Ümummilli liderin yaratdığı azərbaycançılıq ideologiyası, ən başlıcası nəhəng bir missiyanın —dünya azərbaycanlılarının təşkilatlanmasının, birliyinin məramına çevrildi. Heydər Əliyev müdrikcəsinə bilirdi ki, hər bir dövlətin milli maraqlarının dünyanın istənilən nöqtəsində layiqincə qorunması üçün həmin ölkənin güclü ideoloji bazası və bu fundament üzərində dayanan diasporu olmalıdır. Azərbaycanın bir əsrdən çox çar Rusiyasının tərkibində qalması xalqımızın bütövlüyünü təsdiqləyən ideologiyanın, milli mənlik şüurunun, hətta maraqlarının formalaşmasına mənfi təsir göstərmişdi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir dövlətə çevrilməsi, qarşısında duran problemlərin həll olunması, qanunun aliliyinin təsbit olunduğu demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir missiyanı üzərinə götürmüşdü. Məhz Heydər Əliyevin məhsuldar fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanm milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, doğma vətənləri ilə əlaqələrini möhkəmləndirmiş, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə və burada gördükləri real həqiqətləri bütün dünyaya yaymağa başlamışlar. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001–ci il noyabr ayının 9–10–da Bakıda keçirilmiş birinci qurultayında da ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Qurultayda geniş nitq söyləyən ulu öndər Heydər Əliyev bütün azərbaycanlılar üçün proqram vəzifələr müəyyənləşdirmişdi.

 

 

Elçin ZAMANOV,

Naxçıvan Dövlət Universitetinin elmi katibi,

tarix üzrə fəlsəfə doktoru.

 

Respublika.-2013.-9 may.-S.9.