Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

 

May ayının 7–də Vergilər Nazirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirmişdir. Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov tədbiri giriş sözü ilə açaraq müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən danışmışdır.

Azərbaycanın müasir tarixinin son 40 ilə yaxın bir mərhələsinin ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayan natiq, Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz layiqli yerini tutmasının, qüdrətli bir ölkə kimi təşəkkülünün və davamlı inkişafının dahi öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Məhz onun rəhbərliyi altında ötən əsrin 70–80–ci illərində Azərbaycan iqtisadiyyatının təməli və sahəvi strukturu formalaşdırılmış, respublikamızda yüzlərlə zavod, fabrik tikilib istifadəyə verilmiş, bir çox yeni istehsalat sahələri yaradılmışdır. Bu gün müstəqil Azərbaycan Respublikasının iqtisdiyyatı məhz bu təməl üzərində inkişaf etdirilir.

Qeyd olunmuşdur ki, bu illər ərzində xalqın ictimai–siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş, eləcə də onun təşəbbüsü və rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş, ölkəmizin vergi siyasətinin konsepsiyası, vergi sistemində aparılan islahatların fəlsəfəsi, strategiyası müəyyən olunmuşdur.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai–siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə, regional və qlobal miqyasda mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. O xatırlatmışdır ki, Heydər Əliyev yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır və yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarəetmə bacarığı sayəsində qarşıya çıxan bütün maneələri dəf etmiş, xalqımızı düşdüyü bəlalardan çıxara bilmişdir. Onun rəhbərliyi altında ölkəmiz dünya birliyinin tamhüquqlu üzvünə çevrilmiş, Azərbaycanda sürətli iqtisadi inkişafa nail olunmuş, dövlətçilik ənənələri formalaşdırılmışdır.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bildirmişdir ki, ümummilli lider Heydər Əliyev, sözün hər mənasında, böyük ömür yaşamışdır. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan iqtisadiyyatın Azərbaycan modeli bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz artlıq inkişafın elə bir səviyyəsinə gəlmişdir ki, o, borcalan dövlətdən borcverən dövlətlər sırasına daxil olmuşdur.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Tədbir Azərbaycanın incəsənət ustalarının çıxışları və yubileyə həsr olunmuş ədəbi–bədii kompazisiya ilə başa çatmışdır.

 

 

Ülvi QARAYEV

 

Respublika.-2013.-9 may.-S.12.