Vətəndaş mənafeyinə xidmət edən islahatlar

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan respublikamızda cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu islahatlar zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təminini maksimum səviyyədə özündə ehtiva etmişdir.

1995–ci ilin 12 noyabrında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan sonra respublikada məhkəmə–hüquq islahatları ilə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Demokratik inkişaf yolu ilə inamla irəliləyən Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya kursu seçməsi, Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ədliyyə sistemində əsaslı islahatların aparılmasını, bu orqanın bir sıra funksiyalarının təkmilləşdirilməsini və fəaliyyət dairəsinin genişləndirilməsini vacib məsələlər kimi önə çıxarmışdır. Davamlı olaraq aparılan islahatlar respublikamızın dövlət quruluşu sistemində ədliyyə orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi məqsədinə yönəlmişdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1993–2003– illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, bu müddətdə 70–dək qanun və digər normativhüquqi aktlar qəbul olunmuşdur. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Bütün sahələrdə əhalinin rifahının, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ümummilli liderin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002–ci il tarixli fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar qaydada da aparılması müəyyən edilmiş, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdür.

2003– ildən keyfiyyətcə yeni mərhələdə davam etdirilən məhkəmə–hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev nazirliyin fəaliyyətinin normativhüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə 18 aprel 2006–cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq etmişdir. Yeni Əsasnaməyə uyğun olaraq Nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq–mühafizə orqanı statusu verilmiş, onun fəaliyyət istiqamətləri genişlənmiş, konkret hüquq və vəzifələri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 26 may 2006–cı il “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətlərinin əsaslarını müəyyən edir. Qanunda ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq–mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən vətəndaşların dövlət qulluğunun xüsusi növü hesab edilmişdir.

Azərbaycan Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli fərmanı isə Azərbaycan ədliyyəsi üçün mühümproqram xarakterli sənəddir. Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı konkret işlər görülmüş, o cümlədən normativ sənədlərin hazırlanması üzrə təcrübəli ədliyyə işçilərindən ibarət xüsusi işçi qrup yaradılmış, mərkəzi aparatın yeni strukturu, onun tərkibinə daxil olan baş idarə və idarələrin əsasnamələri təsdiq edilmişdir. Həmçinin ədliyyə orqanlarının ştat sayı xeyli artırılmış, müvafiq əmrlə həmin ştat vahidlərinin aidiyyəti xidmətləri üzrə bölgüsü aparılmış, əsasən bütün qurumların strukturuştat sayı təsdiq olunmuşdur. Qüvvədə olan qanunvericilik aktlarının ədliyyə orqanlarının inkişafı haqqında fərmana uyğunlaşdırılması məqsədilə 6 qanuna və 40–dək digər normativhüquqi akta müvafiq əlavə və dəyişikliklər edilməsi, 50–dək sənədin qüvvədən düşməsi barədə normativhüquqi aktların layihələri hazırlanmış və onların əksəriyyəti qəbul olunmuşdur.

Ədliyyə Akademiyası kimi mühüm tədris ocağının yaradılması da son illərdə həyata keçirilən ədliyyə islahatları sırasında mühüm əhəmiyyətə malikdir. Ədliyyə işçilərinin, digər hüquqşünas kadrlarının ixtisasının artırılmasını və peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün belə yüksək statuslu akademiyanın yaradılması dövrün tələblərindən irəli gəlmişdir. Yerlərdə ədliyyə işinin təşkili, bu orqanların fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi məqsədilə regional ədliyyə şöbələrinin yaradılması da əhəmiyyətli addımlardan biridir. Regional ədliyyə şöbələrinin yaradılması Azərbaycanın bölgələrinin son illərdə sürətlə inkişaf etməsi və əhalinin hüquqi yardıma artan ehtiyacı ilə şərtlənmişdir.

Ümumilikdə, son illər ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq nazirlikdə yeni qurumlaristintaq aparatı, bələdiyyələrlə mərkəzi, icra xidməti və müxtəlif reyestrlər, regional ədliyyə şöbələri yaradılmış, ədliyyə infrastrukturu müasirləşdirilmişdir. Əhalinin Dövlət Reyestri Xidməti üçün yüksək zövqlə müasir üslubda layihələndirilərək inşa olunmuş binanın açılışında dövlət başçısı cənab İlham Əliyevin iştirakı xüsusilə əlamətdar olmuşdur.

Möhtərəm Prezidentimizin 6 fevral 2009–cu il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət Proqramı aktuallığına, əhatə etdiyi məsələlərin miqyasına, ədliyyə sahəsində həllini gözləyən problemlərə kompleks yanaşma mexanizmlərinə görə xüsusilə fərqlənir.

Dövlət Proqramının preambula hissəsində vurğulandığı kimi, ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə–hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq sisteminin infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza–icra siyasətinin humanistləşdirilməsini zəruri edir. Dövlət Proqramının imzalanması da məhz ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqi, normativhüquqimadditexniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramı” ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasının ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə–hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir. Proqramın əsas vəzifələri sırasına isə ədliyyə sahəsində islahatların davam etdirilməsi və bu sahədə inkişafın təmin edilməsi, ədliyyə sistemində və məhkəmələrdə yeni informasiyakommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni prosesinin təşkil edilməsi; cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, ədliyyə sisteminin və məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi və madditexniki bazasının möhkəmləndirilməsi, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi məsələləri aiddir.

Aparılan islahatlar çərçivəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin səmərəliliyinin artırılması və onun müasir tələblər səviyyəsində qurulması da daim xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə dövlət qeydiyyatını tənzimləyən yeni normativhüquqi aktların hazırlanaraq təsdiq olunması, geniş hüquqi maarifləndirmə işinin aparılması, bununla məşğul olan şəxslərin peşə hazırlığının artırılması məqsədilə seminar və təlim məşğələlər keçirilmişdir.

Məlumdur ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusuonun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial–müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqisosial proseslərdə vacib rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının ərazisində hazırda 86 rayon (şəhər) qeydiyyat şöbələri fəaliyyət göstərir.

Xüsusi vurğulamaq istərdim ki, son illərdə dövlət səviyyəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli və məqsədyönlü aparılır. Bu baxımdan Nazirlər Kabinetinin 2011–ci il 12 may tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı mühüm əhəmiyyətə malikdir. Həmin qərarla adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları təsdiq edilmişdir. Eyni zamanda, qərarla “SSRİ vətəndaşlarının familiyalarını, adlarını və atalarının adlarının dəyişdirilməsinə dair xahişlərə baxılması haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 27 sentyabr tarixli qərarı ləğv edilmişdir. Ümumilikdə, Qərar adın verilməsi, ata adının verilməsi, soyadın verilməsi, soyad sonluğuna dəyişiklik edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi kimi məsələləri tənzimləyir.

Ədliyyə Nazirliyinin təklifi ilə doğumun dövlət qeydiyyatının təkmilləşdirilməsi ilə bağlı 20 aprel 2010–cu il tarixli qanunla Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 326–4.3 maddəsinə edilmiş dəyişikliyə görə, üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə xəbərdarlıq edilirya 10 manat civarında cərimə edilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, qanunvericiliklə müəyyən olunmuş müddət bir aydır.

Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi ruhlu islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində hər bir ədliyyə əməkdaşı da qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.

Müstəqil Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeniyeni uğurlara imza atır. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyev vurğulayıb ki, hər hansı ölkənin sabit və davamlı inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində ən qabaqcıl dövlətlərdən birinə çevriləcəkdir.

 

 

Samirə KAZIMOVA,

Gəncə şəhəri, Kəpəz rayonu

qeydiyyat şöbəsinin rəisi.

 

Respublika.-2013.-10 may.-S.17.