Azərbaycanda demokratik və hüquqi islahatların banisi

 

Respublikamıza rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət, qurub–yaratmaq amalı ilə yaşayan ulu öndərimiz mənalı və zəngin həyatı boyu daim millətini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərmişdir. Bu gün müstəqil Azərbaycanın təşəkkülü, qüdrətli, suveren, demokratik bir ölkə kimi layiqli yer tutması üçün məhz Heydər Əliyevə borcluyuq. Ümummilli liderimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın möhkəm təməli qoyuldu. Heydər Əliyev ölkənin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Azərbaycan xalqı həmişə azad, müstəqil ölkənin vətəndaşı olmaq arzusu ilə yaşamış və XX əsrin sonlarında yenidən buna nail olmuşdur. Ölkəmiz 1991–ci il oktyabrın 18–də qəbul etdiyi “Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarların günahı ucbatından ölkədə hərc–mərclik və xaotik vəziyyət hökm sürürdü. Xalqımızın maraqlarına zidd siyasətin yürüdülməsi dərin siyasi və iqtisadi–sosial böhranla nəticələnmişdi.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqüliyini bərpa etdikdən sonra ilk aylarda daha aydın hiss olunmnaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri–sabitiik, tez–tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə getdikcə daha çox Azərbaycan torpaqlarının işğal edilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanılmasının yeganə qarantı ola bilər. Məhz onun sayəsində istiqlaliyyət ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi qorunub saxlana bilər. Qətiyyətlə demək olar ki, XX əsrin 90–cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi, əslində, çağdaş tariximizə müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi və Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycanın müasir tarixinin həyati təcrübəsi faktiki olaraq birmənalı şəkildə təsdiqlədi ki, qazanılmış müstəqilliyi dönməz milli sərvətə çevirmək üçün Heydər Əliyevin qayıdışı tarixi zərurət idi.

Belə bir ağır vəziyyətdə xalqın təkidli çağırışı ilə ulu öndərimiz Heydər Əliyev 1993–cü ilin 15 iyununda Azərbaycanda hakimiyyətə qayıtdı və dövlətçiliyimizin qorunmasını öz üzərinə götürdü. Azərbaycanı və xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edib qorudu, qısa müddətdə bütün qanunsuz silahlı birləşmələr ləğv edildi, separatçılıq meyilləri aradarı qaldırıldı və ölkədə sabitlik yarandı. Müstəqilliyimiz əbədi və dönməz prosesə çevrildi. Ulu öndərimizin rəhbərliyi ilə həyatımızın bütün sahələrində köklü dəyişikliklər həyata keçirildi ki, bu islahatların ən geniş vüsət aldığı sahələrdən biri də ədliyyə və hüquq sistemi idi. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir.

1995–ci il noyabrın 12–də ulu öndərin rəhbərliyi altında hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik–hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Milli Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyası plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları uğurla davam etdirilmişdir.

1996–cı ilin fevralında Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahatlar Komissiyasının yaradılması bir sıra mütərəqqi qanunvericilik aktlarının qəbulu ilə nəticələnmişdir ki, bununla da ölkəmizin beynəlxalq standartlara cavab verən qanunvericilik və məhkəmə–hüquq sistem təkmilləşdirilmişdir. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ümummilli lider, hüquqi islahatlar komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etmişdir. Bu məqsədlə komissiyanın hazırladığı “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və s. qanunların qəbulu məhkəmə–hüquq islahatlarının məntiqi davamı oldu. Milli Məclis 1997–2002–ci illər ərzində Azərbaycan Respublikasının ilk milli Konstitusiyasından qaynaqlanan milli məcəllələr –Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsini və s. qəbul etdi. Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri də ötən əsrin 90–cı illərinin sonlarına doğru ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998–ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Ulu öndərin təşəbbüsü ılə 1998–ci ildə Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı tarixi qərar qəbul etdi. Həmin illərdə 32 əfv fərmanı, amnistiya haqqında 8 qanun qəbul olunmuş, bu amnistiya aktları on minlərlə məhkuma şamil edilmışdir.

Demokratik normaların genişlənməsinə xidmət edən hüquqi və siyasi tədbirlərin nəticəsi olaraq ölkəmiz Avropa Şurası Nazirlər Komitəsinin 2001–ci il 17 yanvar tarixli qərarı ilə təşkilatın tamhüquqlu üzvlüyünə qəbul edilmiş, həmin ilin yanvar ayının 25–də isə Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi keçirilərək, bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. 2001–ci il dekabrın 28–də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbulu və bunun əsasında daha sonra Ombudsman təsisatının fəaliyyətə başlaması üçün hüquqi və maddi bazanın təşkili respublikamızda insan və vətəndaş hüquqlarının təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olub Azərbaycanın Avratlantik məkana sıx inteqrasiyasına zəmin yaratmışdır. Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması ideyası isə hələ respublikamızın Avropa Şurasına qəbulundan üç il əvvəl — ümummilli liderin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ılə bağlı 22 fevral 1998–ci il tarixli fərmanında əksini tapmışdır.

Dünya səviyyəli bu dahi şəxsiyyətin misilsiz tarixi xidmətləri təkcə ölkəmizdə və regionumuzda deyil, bəşəri səviyyədə çox yüksək dəyərləndirilir. Etiraf edilir ki, Heydər Əliyev dünya siyasətinə təsir etməyə qadir və dünyanın ən aktual çağırışlarına cavab verən, tarixi perspektivləri qabaqcadan görən, ən mürəkkəb situasiyalarda yeganə düzgün qərarlar qəbul etməyi bacaran çox nadir şəxsiyyət olub.

Artıq 10 ildir ki ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada son illər hüquqi islahatların daha geniş miqyas aldığını, beynəlxalq standartlarla tam uzlaşdığını, inteqrasiya prosesinin daha da sürətləndiyini xüsusi qeyd etmək vacibdir. Cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan müstəqil məhkəmə sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur.

2004–cü ilin dekabr ayından etibarən məhkəmə–hüquq islahatlarının ikinci mərhələsi başlanmışdır. Bu mərhələdə məhkəmə hakimiyyətinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya–kommunikasiya texnologiyalarının və elektron xidmətlərın geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Siyasi, hüquqi və iqtisadi islahatların paralelliyi prinsipini önə çəkən ölkə başçısı respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı baxımından məhkəmə sisteminin müasirləşdirilməsini, ədalət mühakiməsinin daha çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini, bu sahədə mütərəqqi dünya təcrübəsinin mənimsənilməsini mühüm vəzifələr kimi müəyyənləşdirmişdir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hələ 2004–cü ilin dekabrında “Məhkəmə–Hüquq Şurası haqqında” yeni Qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” Qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Həyata keçirilən məhkəmə–hüquq islahatları sırasında Azərbaycan Prezidentinin 19 yanvar 2006–cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilık aktlarına dəyişikliklər və əlavələr edilməsi” haqqında Qanunun tətbiq edilməsi barədə fərmanının əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Son vaxtlar xüsusi zövqlə inşa edilmiş yeni məhkəmə binaları paytaxtımıza, şəhər və rayonlarımıza yaraşıq verır, lakin şübhəsiz ki, ən vacibi belə şəraitin yaradılması ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vətəndaş hüquqlarının geniş təminatında mühüm amillərdən biridir.

Ötən illərdə ölkəmizin həyatında ən mühüm hadisələrdən biri Ali Məhkəmənin yeni binasının açılışı olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə inşa edilən, həm məzmun, həm də forma baxımından əsl “Ədalət sarayı” olan bu bina Azərbaycanda məhkəmə hakimiyyətinin inkişafına verilən böyük əhəmiyyətin əyani təzahürüdür. Cənab İlham Əliyev bununla bağlı demişdir: “Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim kı, bu bina—ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdir biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür. Son illər ərzində Azərbaycanda məhkəmə–hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Biz bunu görürük, bilirik və yerlərdən bu məsələ ilə əlaqədar gələn şikayətlərin sayı azalır, məhkəmə qərarları ədalətli çıxarılır… Həyatımızın bütün sahələrində ədalət olmalıdır və bu, hər bir cəmiyyətin inkişafı üçün çox vacibdır”.

Bu gün Azərbaycan hər sahədə regionun lider dövlətinə çevrilmişdır. Qazanılan uğurlar isə Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü, bir–birini tamamlayan uğurlu daxili və xarici siyasət Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. İqtisadi, siyasi və hüquqi islahatların paralel şəkildə aparılması nəticəsində müstəqil Azərbaycan dövləti həm iqtisadi artım tempinə, həm də hüquqi islahatların uğurla həyata keçirilməsi baxımından dünya ölkələri arasında ön sıralarda qərarlaşır.

Bütün bunlar onu göstərir ki, şəxsiyyətcə bütöv və birləşdirici rəhbər olan Heydər Əliyevin ölməz ideyaları yaşayır və xalqımızın mütərəqqi inkişaf yoluna işıq saçır.

 

 

Rafiq KAZIMOV,

Balakən Rayon Məhkəməsinin

hakimi.

 

Respublika.-2013.-10 may.-S.17.