Şərəfli ömür yolu

 

Böyük Vətən müharibəsində qazanılmış tarixi qələbədən altmış səkkiz il keçir. Bu qələbə bir çox xalqlar kimi Azərbaycan xalqının da misilsiz igidliyiböyük qurbanlar hesabına əldə edilmişdir.

Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqı II Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunəsi göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945–ci illərdə respublikamızın 681 min oğlan və qızları cəbhəyə getmişdir”.

Çoxları kimi Həzi Məmmədovun adı Azərbaycan müharibə tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Onun sinəsini Böyük Vətən müharibəsinin orden və medalları bəzəyir…

Həzi Məmmədov 1921–ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya göz açıb. Onun ilk gənclik illəri Böyük Vətən Müharibəsinin qanlı–qadalı illərinə təsadüf edir.

1942–ci ilin may ayında könüllü olaraq cəbhəyə yola düşən gənc əsgər Həzi Məmmədovun döyüş yolu Mozdok şəhərindən başlayıb, Rusiya, Ukrayna, Rumıniya, Macarıstan və Avstriya torpaqlarında sovet ordusu tərkibində dünyanı silkələyən Alman faşizminə qarşı döyüşlərdə iştirak etmişbir neçə dəfə yaralanmışdır.

Sonralar Odessa şəhərində hərbi məktəbi bitirərək zabit rütbəsi almışdır. Həzi Məmmədovun taleyində ən maraqlı faktlardan biri də 9 may 1945–ci ildə, yəni müharibə qurtarandan sonra tank qoşunları tərkibində Avstriyadan Cənubi Azərbaycana gələrək Marağa şəhərində qulluq etməsidir. Müharibədən sonra Həzi müəllim ali təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmiş, uzun müddət ədliyyə orqanlarında çalışmış, Nuxa (indiki Şəki) rayon xalq hakimi, Gəncə Vilayət məhkəməsi sədrinin birinci müavini, Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü, Gəncə şəhər məhkəməsinin baş hakimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəxri vəkili və vəkillərin intizam komissiyasının sədri vəzifələrində işləmiş və 40 ildən artıq vəkil kimi insan hüquqlarının müdafiəsi ilə məşğul olmuşdur.

Həzi müəllim ömrünün 92–ci baharını yaşasa da, bu günictimai fəaliyyətini dayandırmayıb. Hazırda Yasamal rayon Müharibə Veteranları Şurasının hərbi–vətənpərvərlik şöbəsinin müdiri kimi respublikamızda hərbi vətənpərvərlik istiqamətində keçirilmiş müxtəlif tədbirlərdə Həzi müəllim fəal iştirak edir, gənclərə keçdiyi həyat və müharibə yollarından maraqlı söhbətlər açır, gəncləri vətəni, torpağı, yurdu sevməyə və qorumağa səsləyir.

Həzi Məmmədovun hələ gənc yaşlarından poeziyaya həvəsi olmuş, şeir, hekayə, novella və pyeslər yazmışdır.

1967–ci ildə onun “Höcət eləmə” adlı librettosuna Ağabacı Rzayeva və İsmayıl Quliyev musiqi bəstələmiş və əsər Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuşdur.

2009–cu ildə müəllifin “Səma” nəşriyyatında “Dünya belə getməz” şeirlər kitabı çap olunmuşdur.

Həzi Məmmədovun şeirləri insanları birliyə, qardaşlığa, sülhə, əmin–amanlığa, paklığa səsləyir. Ana sevgisi, vətən məhəbbəti, ailəyə sədaqət, qayğı, həyata açıq gözlə baxmaq onun insanlara təlqin etməyə çalışdığı ən başlıca keyfiyyətlərdir.

 

Ömür keçib, yaşım çatıb doxsana,

Gözəl günlərimi başa vurmuşam.

Arzularım, xəyallarım çin olub,

Sanmayın illəri daşa vurmuşam.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında uzun müddət ləyaqətlə işləmiş Həzi Məmmədov iftixarla deyir: “Bu gün ölkəmizin vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlıları ulu öndərimizin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir. Bu gün bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin 90 illiyini xüsusi rəğbətlə qeyd edir. Çünki hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır və həmişə də yaşayacaqdır”.

Hər birimiz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanda onun layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə görülən işlər uğurla davam edəcəkdir.

 

 

Rauf İlyasoğlu

 

Respublika.-2013.-10 may.-S.22.