ƏSGƏR RƏŞADƏTİ UNUDULMUR

 

Əvəz Sultanovu Cəlilabadda çoxları tanıyırdı, onun tərcümeyi–halını çoxları bilirdi. O, 1911–cı ildə Yardımlı rayonunda dünyaya göz açmışdı. Uşaqlıq çağlarından zəhmətə alışmışdı, çünki ailəsi, valideynləri də zəhmət adamı idilər, halal çörəklə ömür sürürdülər. Amma elə uşaqlıq çağlarından Əvəzdə düzlük, ədalətsizliyə dözümsüzlük meyilləri daha çox özünü göstərirdi. Elə valideynlərini də darıxdıran, nigaran qoyan oğlunun bircə bu xasiyyəti idi. Axı yaranışdan həmişə elə olub ki, bəzən düzün, hazırcavabın insanlar içərisində özünə layiq yeri olmayıb, düz sözdən xoşu gəlməyən nadanlar sözü üzə deyənləri sıradan çıxarmağa çalışıblar. Atanın başqa nigaranlığı yox idi. Yaxşı bilirdi ki, Əvəz harada olsa, öz çörəyini qazana biləcək, üstəlik, xoş xasiyyəti, təmkini, ağlı və fərasəti sayəsində hamının yanında hörmət–izzət sahibi olacaqdır.

Bu cür oğullar ən çətin, ən müşkül işlərə sinəsini sipər etməyə qabil olurlar, düşmən qarşısında diz çökmürlər, məşəqqətlərə qalib gəlməyi bacarırlar. İndi fikirləşirsən, nə olaydı, Əvəz kişi, onun minlərlə cəbhə yoldaşı öz xatirələrini, görüb–yaşadıqlarını tamamilə açıb göstərəydilər, özləri ilə əbədiyyətə aparmayaydılar. Balalarımız əcaib və qorxulu filmlərə tamaşa etmək əvəzinə babaların igidlik və mərdlik taleyindən xəbər verən əhvalatlara qulaq kəsiləydilər. Onda bütünlükdə cəmiyyət udardı, yaxşını pisdən dəqiq ayırardıq, unutqan olmazdıq, döyüşkən olardıq və hər bir anda qələbə çalardıq, millətimizin bir milyonu bir ovuc erməninin əlindən qaçaq düşməzdi.

Nə isə… mətləbə qayıdaq. Alman faşizmi üzərində qələbənin 68 illiyi ərəfəsində Əvəz Sultanovdan, onun timsalında xalqımızın qəhrəman oğullarından söhbət açaq.

O vaxt alman faşizminin törətdiyi dəhşətli müharibə doğma Azərbaycandan çoxçox uzaqlarda getsə də, adi kolxozçu balası olan Əvəz evdə rahat otura bilmirdi. Kəndin cavanlarının sıraları getdikcə seyrəlirdi, toyların qara zurna səsləri kəsilmişdi. Ara–sıra gələn qara xəbərlər qonumqonşunun qapısını döyürdü. Anaların nalələri, gəlinlərin hıçqıraqları, ahılların qarğışları yerigöyü başına götürürdü. Belə məqamlarda digər tay–tuşları kimi, seyid balası Əvəz də dözmürdü, Allahdan imdad diləyirdi ki, faşizmə qəti bir ölüm hökmü versin. O, başa düşürdü ki, zülmkarlıq, faşizm nə deməkdir. Öz qəlbində dönə–dönə qət edirdi ki, hökmən cəbhəyə gedəcək, məktəb yoldaşlarının, doğmalarının qisasını alacaq.

Günlər birbirini əvəz etdikcə, qara kağızların sayı artdıqca, Əvəzin qəlbindəki intiqam hissləri də artıb coşurdu, sinəsinə sığmırdı. Nəhayət, ona da çağırış vərəqəsi gəldi. O, bir müddət Azərbaycanda təlim keçdi, hərbin nizamına bələd oldu, silahların sirlərini öyrəndi. İnsafən, hələ təlimlərdə hamı ondan razılıq edirdi. Yaxşı atıcı idi, intizamı, davranışı, vətənpərvərliyi də öz yerində.

Əvəz Sultanov o zaman Azərbaycanda təşkil olunmuş hərbi birləşmələrin əsası sayılan 77–ci milli diviziyada xidmətə göndərildi. Bu birləşmədə demək olar ki, bütünlüklə azərbaycanlı oğullar vuruşurdular. Əvəz tezliklə yeni döyüşçü kollektivinə alışdı, Krasnodar diyarının alman–faşistlərindən azad olunmasında şücaət göstərdi. Neçə dəfə ağır yara aldı, bir dəfə də olsun ağlayıb–sızlamadı.

Əvəz kişi bütün döyüşlərdə mərdliklə iştirak etdi, bir dəfə də olsun hücum zamanı dönüb geri baxmadı. Zaporojye vilayətinin düşməndən təmizlənməsində, Nikopol platsdarmındakı ölümdirim savaşında, Sivaşın keçilməsində fərqləndi. 1943– il aprel ayının 13–də onun xidmət etdiyi hissə Krımın paytaxtı Simferopol şəhərini faşist işğalçılarından azad etdi. Krımda ağır yaralandı. Sağaldıqdan sonra onu yenidən cəbhəyə, doğma 77–ci diviziyaya göndərdilər.

Bu diviziya məşhur Sapunqora döyüşlərinin aparıcı qüvvəsi oldu, qəhrəman şəhər Sevastopolu düşmən caynağından xilas etdi. Daha sonra Əvəz Sultanovun tərkibində vuruşduğu məşhur hərbi birləşmə Pribaltikada döyüşdü, Qələbə bayramını Çexoslovakiya torpağında qeyd etdi. Onun cəbhə igidlikləri haqqında teztez doğma kəndə, valideynlərinə xəbərlər gəlirdi.

Əvəz müharibədə üç dəfə ölümcül yaralandı. Ancaq hər dəfə mətin iradəsi və dözümlülüyü yaralara qalib gəlirdi. Hətta dönə–dönə xahiş edirdi ki, bu barədə evdəkilər bir şey bilməsinlər.

Əvəz Sultanov böyük Qələbədən xeyli sonra doğma yurda qayıtdı. Öz ailəsini halal zəhmətlə dolandırmağa başladı. təsərrüfatla məşğul oldu, Cəlilabadın səfalı Çinar kəndində məskən saldı. Kolxozun ən əməksevər üzvlərindən biri oldu. Halal zəhmət isə hər zaman bəhrəsini verir. Əvəz kişi halal zəhmətlə, əllərinin qabarı ilə vətənə layiq övladlar yetişdirdi, öz insanlıq borcunu ödəyib 2006–cı ildə dünyasını tərk elədi.

Mən onun döyüş yollarından daha ətraflı söhbət aça bilərdim. Amma hesab edirəm ki, zaman öz sözünü deyib. Əgər cəbhədə aldığı yaralar olmasaydı, Əvəz kişi bəlkə də indi bizim sıralarımızda olardı, Qələbə gününü birlikdə qeyd edərdik. Onun kimi kişilər cəmiyyətimizin bugünkü xoşbəxtliyi üçün nə lazımsa ediblər, dəfələrlə ölümün gözünə dik baxıblar, şirin canlarını qurban veriblər. Sonra cavanların tərbiyə məktəbinə çevriliblər, gələcək nəsillərdən ötrü örnək olublar. Ona görə belə insanlar unudulmazdır.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.-2013.-10 may.-S.22.