“Respublika” qəzetinin əməkdaşı ulu öndərin 90 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibi oldu

 

“Azərbaycan” nəşriyyatının mükafatları uğrunda kütləvi informasiya vasitələrinin əməkdaşları arasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat yarışları aprelin 26–dan start götürüb və mayın 8–dək davam edib. Xatırladaq ki, Heydər Əliyevin xatirəsinə həsr olunan və artıq ənənə halını almış turnir son illər mətbuat işçiləri arasında daha geniş populyarlıq qazanıb. Builki 16–cı turnirin həm də ulu öndərin yubileyi ilə bağlı keçirilməsi yarışlara olan marağı daha da artırıb, turnirin nüfuzunu daha da yüksəldib. Təsadüfi deyil ki, builki yarışlarda 14 kütləvi informasiya vasitələrini təmsil edən 16 şahmatçının iştirakı turnirə marağın böyük olduğunun təsdiqidir. 12 gün ərzində davam edən turnirdə yarışlar iki qrupda, jurnalistlərin son dərəcə gərgin mübarizə şəraitində davam etmişdir. Birinci qrupda Mehdi Abbasov (“Businessman”), “Ağəli Məmmədov (“Azərbaycan” qəzeti), Pünhan Şükür (“Qanun və hədəf”) və Vəli Xramçaylı (“Ocaq”), ikinci qrupda isə Ceyhun Əliyev (“Gündəlik teleqraf”), Şaiq Həsənov (“Elin sözü”), Xəlil Cabbarov (“Respublika”) və Rövşən Abbasov (“Avrofutbol”) ilk dördlüyə düşərək mübarizəni dörddə bir finalda davam etdirmək şansı qazandılar. Turniri davam etdirə bilməsələr belə Zaur Həsənəliyev (“Avrofutbol”), Zakir Abbas (əməkdar jurnalist) və turnirin yeganə qadın iştirakçısı Ülkər Nazimqızı maraqlı oyunları ilə yadda qaldılar.

Dörddə bir fınal mərhələsində Ceyhun Əliyev, Xəlil Cabbarov, Mehdi Abbasov və Şaiq Həsənov inamlı qələbə qazanaraq mübarizəni davam etdirdilər. Turnirin yarımfinal görüşləri də mübarizənin həddən artıq gərginliyi ilə yadda qaldı. Final görüşündə Xəlil Cabbarov (“Respublika”) və Mehdi Abbasov (“Businessman”) qarşılaşması birincinin qələbəsi ilə başa çatdı.

Yarışların təntənəli bağlanış mərasimində “Azərbaycan” nəşriyyatının baş direktorunun müavini Allahverdi Məmmədov və Təşkilat Komitəsinin məsul katibi Mehdi Abbasov yarışların gedişi barədə məlumat verdilər. Sonra qaliblərin və mükafatçıların təltifetmə mərasimi keçirildi.

“Azərbaycam Şahmat Federasiyasının birinci vitse–prezidenti, Beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxış edərək bu tədbirin kütləvi informasiya vasitələrinin əməkdaşları arasında böyük nüfuz qazandığını və turnirin həmişə Respublika Şahmat Federasiyasının diqqət mərkəzində olduğunu bildirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunması barədə imzaladığı sərəncamın əhəmiyyətindən danışdı. Bu mühüm sənədin idman ictimaiyyəti və xüsusən də öz uğurları ilə dünya şöhrəti qazanan şahmatçılarımız tərəfindən böyük qürur və rəğbətlə qarşılandığını xüsusi qeyd etdi. Sonra Faiq Həsənov Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında şahmat turnirinin təşkilatçıları və iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov dünya səviyyəli siyasətçi və görkəmli dövlət başçısı, ulu öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, xüsusən də şahmatın inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayaraq bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Ayrı–ayrı mətbuat orqanlarının, əlaqədar təşkilatların təsis etdiyi hədiyyə və mükafatlar müxtəlif nominasiyalarda fərqlənmiş şahmatçılara təqdim olundu.

 

 

Elxan HÜSEYNBƏYLİ

 

Respublika.-2013.-10 may.-S.24.