Müstəqil Azərbaycan dövlətinin banisi

 

Müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi olan Heydər Əliyevin 90 illiyinin böyük qürur hissi və təntənə ilə qeyd edilməsi millətin bütün yaradıcısı və tarixi potensialına istinad edilməklə xalqımızın milli–mənəvi və mədəni tarixində çox böyük əhəmiyyətə malik olan mühüm hadisədir. Milli dövlətçilik və azərbaycançılıq fəlsəfəsini Azərbaycan mentaliteti ilə birləşdirən Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində mütərəqqi qüvvələri müstəqilliyin qorunması ətrafında cəsarətlə birləşdirə bilmiş, xalqın və dövlətin demokratik dəyərlər qanunu ilə idarə edilməsinin zəngin məktəbini yaratmışdır. Bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti daxili və xarici siyasətdə böyük nailiyyətlər qazanmış, sosial, iqtisadi, mədəni və beynəlxalq sahədə fundamental müvəffəqiyyətlərə nail olmuşdur.

Heydər Əliyev XX əsrin nadir şəxsiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycanın bütün dünya ölkələri ilə strateji tərəfdaşlığının təməlini qoymuş, tarazlaşdırılmış siyasətin bünövrəsini yaratmış, beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərini hazırlamış, dövlətimizin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmiş, güclü, idarə edilən dövlətin dayaqlarını yaratmış və bununla da XX əsrin reallıqlarında müstəqil və güclü Azərbaycan dövlətçiliyinin memarı olmuşdur. 2013–cü il aprelin 14–də Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyev demişdir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir… biz güclü ölkəyik.

Tarix belə bir aksiomanı sübut etmişdir ki, dünya dahilərin çiynində qərar tutur. Belə dahi liderlər milli ideyanın və mənəvi dəyərlər sisteminin zəngin ideologiyasının kompleks proqramını yaratmaq üçün millətin bütün yaradıcı və tarixi potensialına istinad edir, onun intellektual inkişaf strategiyasını müəyyənləşdirirlər. Tarixin inkişaf dialektikasının qanunauyğun prinsipi həm də ondan ibarətdir ki, bütün dövrlərdə və zamanlarda görkəmli şəxsiyyətlər və liderlər ictimai–siyasi inkişafın lokomotivi olur və yeni cəmiyyət quruculuğunun formalaşmasında həlledici təsirə malik olurlar. Özünün fenomenal və titanik siyasi fəaliyyəti ilə çağdaş Azərbaycan tarixinin əbədiyaşar dahi rəhbəri kimi Heydər Əliyev ölkəmizi mütərəqqi inkişaf orbitinə çıxaran cəsarətli novator islahatçı, ictimai–siyasi xadim, müstəqil dövlətimizin yaradıcısıdır.

Yaxın və Orta Şərq ölkələri tarixində, türkdilli xalqların dövlətçiliyi tarixində və antik sivilizasiyanın siyasi–mədəni tarixində ilk dövlətçilik qurumlarına və müstəqil dövlət yaratmaq qabiliyyətinə və bacarığına malik olan Azərbaycan xalqı antik sivilizasiyanm ən qədim mərkəzlərindən biri olmuş və bu gün də çox böyük milli–mənəvi dəyərlərimizlə fəxr edə bilərik. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı həqiqətən zəngin dövlətçilik ənənələrinə malikdir və tarix boyu qüdrətli dövlətlərə malik olmaqla yanaşı, xalqı öz arxasınca apara bilmək qabiliyyəti, hünəri, ən çətin məqamlarda qələbə əldə etmək və zəfər çalmaq istedadı olan böyük şəxsiyyətlər, siyasi liderlər, görkəmli dövlət xadimləri yetirmişdir. Tariximizin bütün dövrlərində adı və fəaliyyəti ilə fəxr etdiyimiz belə şəxsiyyətlərimiz və dövlət rəhbərlərimiz olmuşdur və indi də vardır. Həmin şəxsiyyətlər tarixin müəyyən zamanlarında bəzən ümumxalq lideri olmaqla yanaşı, özünün intellektual fəaliyyəti və fitri istedadı ilə dünya meydanına çıxır, qlobal və beynəlxalq problemlərin həllində bəşəri əhəmiyyətə malik işlər görür və nüfuz sahibi olur və beləliklə, planetar əhəmiyyətli dünya şəxsiyyətlərinə çevrilir. Belə şəxsiyyətləri yetişdirən ilahi bir varlıqdır, zaman və məkandır. Belə bir məkan dünya xəritəsində kiçik bir əraziyə malik olan, ancaq dünyanın böyük dövlətlərinin diqqət mərkəzində olan Azərbaycan məmləkətidir. Dünyanın siyasi xəritəsində kiçik dövlətlərdən biri olan Azərbaycan dünya əhəmiyyətli siyasi liderlər, görkəmli dövlət xadimləri yetişdirmişdir. Belə şəxsiyyətlərdən biri Azərbaycan xalqının adı ilə fəxr etdiyi, Heydər Əliyevdir. İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən bu dahi şəxsiyyət qısa zaman kəsiyində Azərbaycanı dünyaya tanıtdıra bildi. İstər sovet məkanı vaxtında və istərsə də müstəqilliyimiz illərində Azərbaycan sosial–iqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində fundamental nailiyyətlər qazandı, demokratik dəyərlərə malik yüksək göstəricilər əldə edə bildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969–cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur”. Heydər Əliyev sözün əsl mənasında ümumxalq məhəbbəti qazanan müdrik el ağsaqqalı, görkəmli ictimai xadim, siyasi dövlət xadimi olmuşdur. Heydər Əliyevin bir sözü bir müraciəti ilə milyonlarla insan ayağa qalxdı, hərəkətə gəldi, öz rəhbərinin arxasınca getdi, ona arxa oldu və dəstək verdi. Azərbaycan xalqının bugünkü firavan yaşaması, müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi məhz dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləridir.

Dövlət müstəqilliyi qazanan Azərbaycan xalqı doxsanıncı illərin əvvəllərində ciddi imtahan qarşısında qaldı. Ölkədə dərin və təhlükəli ictimai, siyasi və iqtisadi böhran yarandı. Həmin dövrün ətraflı təhlilini verən ümummilli lider Heydər Əliyev demişdir: “…Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991–ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz–üzə qalmışdı. Beləliklə, 1991–1993–cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı”. Azərbaycan xalqının belə ağır və çətin vaxtında hamının diqqəti o zaman Naxçıvan Ali Sovetinin sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqı belə ağır vəziyyətdən qurtara bilən yeganə şəxsiyyət ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Belə çətin və mürəkkəb bir zamanda Azərbaycan xalqının və Azərbaycan ziyalılarının dəvəti ilə zəngin dövlətçilik təcrübəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev 1993–cü il iyunun 9–da Bakıya gəldi, iyunun 15–də respublika Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə 1993–cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqının tarixində yeni bir dövr başlandı. Milli Məclisin 1997–ci il 27 iyun tarixli iclasında 15 iyun günü Milli Qurtuluş Günü elan edildi.

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev ölkəmizin daxili və xarici siyasət proqramını hazırladı, dağıdılmış iqtisadiyyatın bərpa və inkişaf etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar iqtisadiyyatına doğru dərin və əhatəli islahatlar kursunu inkişaf etdirdi. Ulu öndər Heydər Əliyev qısa zamanda ölkənin sosial–iqtisadi, siyasi və mədəni inkişafının elmi cəhətdən əsaslandırılmış proqramını hazırladı. Dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrlər nəzərə alınaraq yeni–yeni layihələr və dövlət proqramları hazırlandı.

Apardığımız tədqiqatlar və araşdırmalar nəticəsində aydın olur ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə fundamental əhəmiyyətə malik olan tədbirlər həyata keçirildi. Zənnimizcə, həmin tədbirlər əsasən aşağıdakılardır:

Birincisi, Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1969–1982–ci illərdə fundamental nailiyyətlər qazanıldı. Həmin illərdə respublikada 250–dən çox zavod, fabrik və digər sənaye müəssisələri, o cümlədən su elektrik stansiyaları, Bakı kondisioner zavodu, Sumqayıt kompressorlar zavodu, Bakıda neft emal zavodu, neft maşınqayırma zavodu, ELOU–AVT üzən qurğusu, Naxçıvanda, Balakəndə, Zaqatalada aeroportlar, Bakıda yeni təyyarə limanı, Bakı metrosunun 2–ci növbəsi, Bakıda 7 mikrorayon və s. tikilib istifadəyə verildi. Heydər Əliyevin göstərişi ilə Azərbaycanda 6 yeni ali məktəb, C.Naxçıvanski adına Hərbi Məktəb, çoxlu təhsil müəssisələri yaradıldı, milli yaddaş və milli özünüdərk ideyaları inkişaf etdirildi.

1978–ci ildə qəbul edilən Azərbaycan SSR–in yeni Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi qəbul edildi.

Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Aşıq Alı, Ü.Hacıbəyov, M.Maqomayev, H.Cavid və başqalarının təntənəli yubileyləri keçirildi. Taqanroqda, Sevastopolda milli diviziyaların şərəfinə abidələr ucaldıldı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982–ci illər Azərbaycan tarixində dönüş mərhələsi adlanır. Çünki həmin illərdə Azərbaycan sosial–iqtisadi və mədəni inkişafda böyük nailiyyətlər qazandı.

İkincisi, Heydər Əliyev 1990–cı ilin iyununda Bakıya, oradan da Naxçıvana gəldi, 1991–ci ilin sentyabrından Azərbaycanın qurtuluş hərəkatı başlandı. Naxçıvana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin təşəbbüsü ilə əvvəla, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, ikincisi, “Ali Sovet”, “Ali Məclis” adlandırıldı, üçüncüsü, ADR–in üçrəngli bayrağı ilk dəfə Naxçıvan MR–in dövlət bayrağı kimi qəbul edildi, dördüncüsü, Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, beşincisi, SSRİ–nin saxlanılması barədə referendumdan imtina edildi, altıncısı, 20 Yanvar faciəsinə ilk dəfə MR–də siyasi qiymət verildi, yeddincisi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması barədə qərar qəbul edildi. Bu cəsarətli addımların atılması Naxçıvanı qurtuluş mücadiləsinin önünə çıxardı və Heydər Əliyevə ümumxalq məhəbbəti daha da artdı.

Üçüncüsü, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və doxsanıncı illərin əvvəllərində ölkədə yaranmış dərin siyasi hakimiyyət böhranı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı dövlət müstəqilliyimizin taleyini təhlükə qarşısında qoydu. Belə ağır və mürəkkəb vaxtda Azərbaycan xalqının təkidli xahişi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin hərtərəfli fəaliyyəti daha da genişləndi və prinsipial uğurlar əldə edildi.

Dördüncüsü, Heydər Əliyevin hakimiyyətə başladığı ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın və vətəndaş qarşıdurmasının qarşısının alınmasına, sabitliyə, cəbhədə atəşkəsə nail olunmasına, sürətlə artmaqda olan inflyasiyanın qarşısının alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial–iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə yönəldildi.

Qısa zaman kəsiyində Heydər Əliyevin çox böyük təşkilatçılığı və rəhbərliyi, məqsədyönlü siyasəti sayəsində Azərbaycan xalqının milli birliyi bərqərar oldu, ictimai, siyasi sabitlik bərpa olundu, hakimiyyət böhranı aradan qaldırıldı, əhəmiyyətli qərarlar və fərmanlar qəbul edildi, təsirli tədbirlər həyata keçirildi, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əsaslı şərait yarandı.

Beşincisi, Heydər Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı edilən bütün qəsdlərin qarşısı müvəffəqiyyətlə alındı.

Altıncısı, qısa zamanda Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xarici siyasət strategiyasının konseptual, elmi əsasları yaradıldı. Onun beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip və vəzifələri, düşünülmüş taktiki yolları, dünya dövlətləri ilə əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi. Heydər Əliyev hakimiyyətə başladığı ilk gündən milli xarici siyasət konsepsiyasını hazırlayıb başa çatdırmaq üçün bütün qüvvələri və potensial imkanları bir mexanizm kimi hərəkətə gətirdi. Mütəxəssis alimlərin potensial qüvvələrini səfərbərliyə aldı, dünya təcrübəsindən istifadə edərək yeni və elmi cəhətdən əsaslandırılmış xarici siyasət doktrinasının Dövlət Proqramını və onun başlıca istiqamətlərini hazırladı. Respublikamızın geosiyasi vəziyyətini və beynəlxalq siyasətə təsir etmə imkanlarının dərin elmi, nəzəri və praktik təhlili əsasında xarici siyasət konsepsiyasında mövcud reallıqları nəzərə alaraq ölkənin mənafe və maraqlarının qorunmasına yönəlmiş dəyişikliklər edildi. İlk növbədə müstəqil dövlətimizin beynəlxalq münasibətlər müstəvisində dünya dövlətləri ilə əlaqələrinin başlıca istiqamətləri müəyyənləşdirildi, planetin ayrı–ayrı bövük və xırda dövlətləri ilə dərindən düşünülmüş əlaqələr sistemi yaradıldı. Ulu öndər dövlətimizin xarici siyasət proqramını belə müəyyənləşdirirdi: “Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və damşıqlar yolu ilə həll etməkdən, qarşılıqlı əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir”.

Təkcə bu faktı demək kifayətdir ki, Azərbaycan hazırda dünyanın təqribən 180–dən çox ölkəsi ilə diplomatik əlaqə qurmuşdur. Azərbaycanda 70–ə qədər xarici dövlətin səfirlikləri fəaliyyət göstərir. Öz növbəsində Azərbaycanın 60 xarici ölkədə səfirliyi, daimi nümayəndəliyi və konsulluğu fəaliyyət göstərir.

Yeddincisi, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət strukturlarının yaradılmasında və formalaşmasında ilk Milli Konstitusiyamızın qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olunmasını bir daha dünyaya sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğun, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının qorunmasına təminat yaratdı.

Səkkizincisi, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan “Əsrin müqaviləsi” sazişlərinin imzalanması Heydər Əliyev dühasının düşünülmüş və uzaqgörən diplomatiyasının böyük və tarixi qələbəsi, neft strategiyası siyasətinin parlaq uğuru idi. Məhz Heydər Əliyevin fəal və uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan transmilli layihələrə qoşuldu, qlobal və regional layihələrin reallaşdırılmasına, Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin reallaşdırılmasına nail olundu. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Bakı–Tbilisi– Ceyhan neft boru kəməri Heydər Əliyev siyasətinin qələbəsidir.

Doqquzuncusu, Heydər Əliyev siyasətinin ən parlaq uğurlarından biri Azərbaycan xalqının milli–mənəvi dəyərlərinin dirçəlişi və qorunub saxlanılması, böyük cəsarətlə milli söykökümüzə, milli tariximizə, milli ədəbiyyatımıza və incəsənətimizə, ana dilimizə və tariximizə verilən böyük qiymət və dəyərlərdir. Dünya azərbaycanlılarının birinci qurultayında Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz dilini, mədəniyyətini, milli–mənəvi dəyərlərini, adət–ənənələrini yaşatmalıdır”. 1969–1982–ci illərdə və müstəqillik illərində bir çox elm və mədəniyyət xadimlərinə, ədəbiyyat və incəsənət işçilərinə fəxri adların verilməsi, onların yüksək səviyyədə qiymətləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir. Azərbaycançılıq fəlsəfəsinin yeni və inkişaf istiqamətlərini yaradan, bununla da inkişaf dialektikasının əsasını qoyan Heydər Əliyev böyük qürur hissi ilə demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.

Onuncusu, milli soykökümüzə qayıtmaq, tarixi ədalətin bərpa olunması və həqiqətlərin üzə çıxarılması istiqamətində ümummilli lider Heydər Əliyevin cəsarətli siyasəti və qəbul etdiyi təsirli dövlət qərarları böyük tarixi əhəmiyyətə malik olan sənədlərdir. Azərbaycanlı əhalinin 1948–1953–cü illərdə Ermənistan SSR–dən doğma dədə–baba yurdlarından və torpaqlarından zorakılıqla deportasiya edilməsi haqqında 1997–ci il 18 dekabr tarixli və 31 mart azərbaycanlıların soyqırımı haqqında 1998–ci il 26 mart tarixli Heydər Əliyevin imzaladığı fərmanları sözün əsl mənasında xalqımızın tarixinə olan qayğı, diqqət və hörmətdir, tarixi ədalətin və sovet imperiyası dövründə unudulmuş tariximizin və yaddaşımızın bərpasıdır, o tarixi cinayətlərə verilən hüquqi–siyasi qiymətdir. Həmin fərmanlar tarixçi və ictimaiyyətçi alimlərimizə aydın və konkret istiqamətlər verdi və hadisələrin tədqiqinə və araşdırılmasına əsaslı şərait yaratdı.

On birincisi, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ictimai–siyasi, sosial–iqtisadi, mədəni və mənəvi həyatın bütün sahələrində prinsipial dönüşün yaranmasına, dövlətimizin və dövlətçiliyimizin obyektiv və tarixi həqiqətlərə uyğun doğru–düzgün tarixinin yazılmasına əsaslı şərait yaratdı. 80–ci illərin sonu 90–cı illərin əvvəllərində tarix elmində yaranmış subyektiv “ideyalar”, populizm, nihilizm, dilentantçılıq, konyukturçuluq və digər xoşagəlməz meyillər geniş yayılmağa başlamışdı. Xüsusilə, XIX–XX əsrlər Azərbaycan tarixinin müxtəlif mərhələlərinə dair bir–birinə zidd fikirlər sürətlə yayılırdı. Tarix elmimizdə sanki bir boşluq yarandı. Dövlətimizin və tariximizin belə bir mürəkkəb zamanında Heydər Əliyev 1993–cü il sentyabrın 21–də və 1997–ci il yanvarın 31–də Azərbaycan MEA–da ziyalılarla, elmi institutların və ali təhsil müəssisələrinin rəhbərləri ilə, elmi ictimaiyyətin və Azərbaycan tarixçilərinin qabaqcıl nəsli ilə tarixin yaddaşına həkk olunan görüşlər keçirdi. Bu görüşlərdə Heydər Əliyev Azərbaycan tarixi elmində yaranmış vəziyyəti dərindən təhlil etdi, tarixçi alimlərin təklif və mülahizələrinə hörmətlə yanaşaraq XIX–XX əsrlər tarixinin yenidən yazılmasına dair konkret göstərişlər və tapşırıqlar verdi. Bu görüşlərdə Heydər Əliyev son vaxtlarda tarix elmində baş qaldırmış nihilist, populist və volyuntarist meyillərin aradan qaldırılmasını, Azərbaycan tariximizin, xüsusilə XIX–XX əsrlər tarixinin yeni təfəkkür tərzində tədqiq edilməsinin zəruriliyini vurğuladı. Eyni zamanda XIX–XX əsrlər Azərbaycan tarixinin yazılmasını daim nəzarət altında saxlayacağını, ona hərtərəfli kömək və yardım edəcəyini də bildirirdi. Bu, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə dövlət siyasəti səviyyəsində diqqət və qayğısının parlaq ifadəsi, tarixçilər üçün isə Dövlət Proqramı, fəaliyyət proqramıdır.

On ikincisi, iyirminci yüzilliyin 90–cı illərinin ortalarından başlayaraq respublika iqtisadiyyatında köklü dəyişikliklər aparıldı, azad bazar iqtisadiyyatına doğru dərin sosial–iqtisadi, siyasi və mədəni islahatlar keçirildi. Bu baxımdan dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, aqrar islahatların həyata keçirilməsi, şəhər və kənd təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi.

Məhz həmin islahatların nəticəsində Azərbaycan sosial–iqtisadi, siyasi və hərbi cəhətdən inkişaf edən güclü bir dövlətə çevrildi, işsizliyin və inflyasiyanın qarşısı alındı, yeni–yeni iş yerləri açıldı və bu siyasət uğurla davam etdirildi. Bu gün Azərbaycan hərtərəfli güclənir və bölgədə baş verən proseslərə həlledici təsir göstərir.

On üçüncüsü, Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, Dağlıq Qarabağ münaqişəsini ədalətlə həll etmək, erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı azad etmək üçün müasir standartlara cavab verə bilən güclü Silahlı Qüvvələr lazımdır. Bu məqsədlə ordu quruculuğunda köklü islahatların aparılması zəruri idi. 90–cı illərin əvvəllərində Azərbaycan ordusu pərakəndə halda və könüllü hərbi birləşmələrdən ibarət idi. Böyük dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə və dəmir iradəyə malik olan ümummilli liderimiz qısa zaman kəsiyində Silahlı Qüvvələrin yaradılmasına, onun döyüş texnikası ilə və müasir silahlarla təchiz olunmasına, siyasi və təşkilati cəhətdən möhkəmləndirilməsinə nail oldu. Şəxsən özünün diqqətində və nəzarətində saxladığı ordu quruculuğu məsələsi ilə əlaqədar hərbi hissələrə getdi, döyüş cəbhələrində oldu, əsgər və zabitlərlə görüşdü, generalları dinlədi və dünya təcrübəsindən istifadə edərək NATO nümunəsində güclü Silahlı Qüvvələr ordusunu yarada bildi ki, bu gün biz öz milli ordumuzla fəxr edə bilərik. Ordumuzun bütün şəxsi heyəti və komandirləri işğal edilmiş torpaqlarımızı azad etməyə, Ali Baş Komandanımızın əmrinə hazırdır. Danılmaz faktdır ki, müasir Azərbaycan ordusunun yaradılmasının və formalaşdırılmasının memarı ümummilli lider Heydər Əliyevdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq daha da möhkəmləndirdi və dinamik inkişaf yoluna çıxardı.

Çağdaş Azərbaycan tarixinin ən parlaq simalarından olan Heydər Əliyev ulu Tanrının xalqımıza bəxş etdiyi böyük möcüzədir. Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtəediləcək bir şəkildə əks olunmuşdu. Dövlətçilik və azərbaycançılıq onun fundamental fəaliyyətinin və ömür bioqrafiyasının məzmununu təşkil edirdi. Özünün fitri istedadı, güclü idarəetmə qabiliyyəti, nəhəng dövlət mexanizminin təkmilləşdirilməsi ilə bir daha sübut etdi ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.

 

 

Nuru MƏMMƏDOV,

professor

 

Respublika.- 2013.- 12 may.- S. 3.