Müstəqil məhkəmə hakimiyyətinin təminatçısı

 

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir. Xalqımızın dahi şəxsiyyəti, ümummilli lideri, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Ulu öndər Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir.

Azərbaycanın tarixi inkişafının son illərində yaşadığı hadisələr, qarşılaşdığı olaylar Heydər Əliyev fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli və vacib olduğunu əyani şəkildə göstərmişdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimaisiyasi və dövlətçilik fəaliyyəti çoxəsrlik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna bir nəfəs kimi qayıdan, onu canı–qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükü üzərinə götürən qüdrətli bir şəxsiyyət olduğu aşkar görünür.

Müasir dövrdə dünyanın sivil cəmiyyətləri qarşısında duran mühüm vəzifələrdən biri qanunların aliliyini, insan və vətəndaş hüquqlarını və əsas azadlıqlarını təmin edən, demokratik dəyərlərə əsaslanan hüquqi dövlət quruculuğudur. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında da hüquqi dövlətin qəbul olunmuş ümumi prinsiplərinin reallaşdırılması üçün zəruri tədbirləri həyata keçirmək vəzifəsi dururdu. Müstəqilliyin ilk illərinin təcrübəsi göstərdi ki, əldə olunmuş istiqlaliyyəti qoruyub saxlamaq, inkişaf etdirmək, ən azı, onu əldə etmək qədər çətin və bir o qədər də şərəfli vəzifədir.

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütövlüyünü təhlükə altında qoyan təhdidlərin aradan qaldırılması, siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində genişmiqyaslı islahatların başlanmasına şərait yaratdı. Vətəndaş cəmiyyətinin bərqərar edilməsini, hüquqi dövlət quruculuğunu öz inkişafının başlıca istiqamətləri kimi seçən Azərbaycan dövləti qısa müddətdə irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırdı, institusional səviyyədə bir sıra yeni təsisatlar yaradıldı, beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildi. Başlanmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi oldu.

Qeyd etmək yerinə düşər ki, vətəndaş, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, ictimai quruluşun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini müəyyənləşdirən konstitusiyalar müasir cəmiyyətlərin həyatında mühüm əhəmiyyətə malikdir. Ümummilli liderimizin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil bir qolu kimi təsbit edilmiş və Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi nəzərdə tutulmuşdur. Konstitusiyanın qəbulu ilə məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə start verilmiş və genişmiqyaslı islahatlar nəticəsində müasir dövrün tələblərinə, Avropa standartlarına uyğun normativ sənədlər toplusu qəbul edilmiş, müvafiq normativ aktlar əsasında köhnə sovet qanunvericiliyindən yeni qanunvericiliyə keçid həyata keçirilmiş, üçpilləli məhkəmə hakimiyyəti, yeni hakim korpusu formalaşdırılmışdır.

Təqdirəlayiqdir ki, ölkəmizin Əsas Qanunu hazırlanarkən ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf meyilləri də nəzərə alınmış, onlar özünəməxsus milli dəyərlər və artıq təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirilmişdir. Konstitusiyaya əsasən, hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmininin Azərbaycan dövlətinin ali məqsədi bəyan edilməsi, Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü Əsas Qanunun mütərəqqi xarakter daşımasının göstəricisidir.

Son illərdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər qanunun aliliyinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə real hüquqi təminatlar yaratmışdır. 1995–ci ilin 12 noyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə, ümumilikdə cəmiyyətin demokratikləşməsinə yeni imkanlar yaratmışdır.

Konstitusiyada məhkəmə hakimiyyətinin müstəqilliyi birmənalı əksini tapmış, onun hərtərəfli fəaliyyəti üçün real hüquqi istinad bazası yaradılmışdır. Ölkədə aparılan məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər vacib məsələlərin konseptual həlli olmuşdur.

Azərbaycanın iqtisadi, siyasi, hüquqi cəhətdən inanılmaz dərəcədə inkişaf etməsi, cəmiyyət həyatının bütün sferalarında tərəqqi və intibahın aşkar duyulması, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsaslı addımların atılması, respublikamızın insan hüquq və azadlıqlarının daha etibarlı təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulması, Avratlantik məkana inteqrasiya prosesinin sürətlənməsi Konstitusiyaya bir sıra mütərəqqi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir.

Dahi öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkədə hüquqi dövlət quruculuğunun, məhkəmə–hüquq islahatlarının uğurla həyata keçirilməsi, milli hüquq sisteminin formalaşdırılması və inkişafı, şəffaf prosedur və demokratik seçim əsasında yeni hakim korpusunun formalaşdırılması sahələrində ardıcıl surətdə islahatların aparılması Heydər Əliyevin müəyyən etdiyi siyasətin bariz nəticəsidir. Bu gün respublikamızda demokratik prinsiplərin bərqərar olması, aparılan dövlət quruculuğu işləri, ölkənin iqtisadi inkişafı, suverenliyin təmin edilməsi, onun iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, beynəlxalq birliyə inteqrasiya hüquq sahəsində həyata keçirilən genişmiqyaslı islahatlarla bilavasitə bağlıdır. Son illərdə Azərbaycanda hüquqi siyasətin uğurlu təməli qoyulmuş, ədliyyə orqanlarının madditexniki, hüquqqanunvericilik bazasının möhkəmləndirilməsi, hüquq mədəniyyətinin artırılması, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində məqsədyönlü işlər aparılmışdır. Müstəqil dövlətimizin yeni yüksəliş dövrünün başlanğıcı kimi səciyyələnən bu qısa müddət ərzində həyatın bütün sahələrində misli görünməmiş nailiyyətlərin əldə olunması, Azərbaycanın dünyada ən dinamik inkişaf edən dövlətə çevrilməsi hər birimizdə coşqun fərəh və qürur hissləri doğurmuşdur.

Sübut olunmuş faktdır ki, hüquqi, demokratik dövlət quruculuğuna nail olmaq üçün məhkəmə sistemi demokratik prinsiplərlə formalaşdırılmalıdır.

Konstitusiyamızda dövlətin idarə olunmasında hakimiyyət bölgüsü dünya təcrübəsinə uyğun təsbit olunmuş, qanunverici, icra hakimiyyətləri ilə yanaşı, məhkəmə hakimiyyəti də öz yerini tutmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmələrin və hakimlərin müstəqilliyi, hüquq və vəzifələri, zərurət yarandıqda digər hakimiyyətlərin yanlış qərarlarının qarşısını almaq, onları durdurmaq səlahiyyətləri təsbit olunmuşdur. Artıq bu, sivil dövlət quruculuğu təcrübəsinin əməli şəkildə tətbiqi kimi qiymətləndirilməlidir.

İnsan hüquqlarının etibarlı təminatı baxımından böyük zaman məsafəsi qət edərək yüksək inkişaf mərhələsinə çatmış bir sıra qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül prosesini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyəti tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi və cəmiyyətin inkişaf tempinə adekvatlığı ilə şərtlənir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan şərəfli dövrünü yaşayır. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, dövlət və cəmiyyət həyatının bütün sahələrində nailiyyətlər əldə olunur, genişmiqyaslı quruculuq işləri və sosialyönümlü layihələr uğurla həyata keçirilir, Azərbaycanın müdafiə qabiliyyəti və hərbi qüdrəti günbəgün daha da möhkəmləndirilir. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bu gün regionalqlobal əhəmiyyətli layihələrin, sadəcə, iştirakçısı deyil, həmçinin təşəbbüskarı qismində çıxış edir. Davamlı və dinamik inkişaf, demokratik nailiyyətlərin əldə olunmasına yönəlmiş məqsədyönlü fəaliyyət demokratikhüquqi islahatların da davam etdirilməsini zərurətə çevirir. Əminik ki, Azərbaycan Respublikasının Konstitusiyası özünün məram və məqsədi, ideya və qayəsi, prinsip və normaları, ən yüksək hüquqi qüvvəsi ilə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın ailiyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

Ölkədə hüquqi, siyasiiqtisadi islahatların birbirini tamamlaması zərurətini önə çəkən Prezident İlham Əliyev ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə–hüquq islahatlarını yeni dövrün tələbləri səviyyəsində davam etdirir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla intişar tapdığı, həyata keçirilən sosialiqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması da ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlzam Əliyevin qarşıya qoyduğu başlıca vəzifələrdən biridir.

Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davaminkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Ali Məhkəmənin yeni binasının təntənəli açılış mərasimində demişdir: “Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu binaAli Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür”.

Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə qanunların aliliyinin təminatından, məhkəmə–hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. Əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanda hər bir vətəndaşın mənafeyi nəzərə alınmaqla həyata keçirilən məhkəmə–hüquq islahatları da ölkəmizin demokratik imicini daha da gücləndirir.

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” — deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.

 

 

Teyyub MUXTAROV,

Goranboy Rayon

Məhkəməsinin hakimi.

 

Respublika.-2013.-14 may.-S.7.