Keyfiyyətli suvarma məhsuldarlığı artırır

 

Respublikanın hər yerində olduğu kimi, Beyləqan bölgəsi də daim inkişaf edir, insanlar gələcək firavan illərə doğru addımlayırlar. Rayonun sakinləri həmişə olduğu kimi, 2013–cü ildə də yeni qüvvə və ruh yüksəkliyi ilə yaşayır və işləyirlər. Burada kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində iri layihələr həyata keçirilir. Bu gün hər bir beyləqanlı halal əməyin və çörəyin qədrini bilən qurucu insandır. Onların sırasında torpaqları cana gətirən suvarma işçiləri də az deyil.

Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramında aqrar sahənin daha güclü inkişafını əhatə edən tədbirlər silsiləsində torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılmasına, təsərrüfatların suya olan ehtiyaclarının daha dolğun ödənilməsinə dair bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ərazilərdə yeni kollektor–drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, mövcud şəbəkələr və suvarma kanalları lildən təmizlənmiş, hidrotexniki qurğular əsaslı təmir olunmuşdur. Yuxarı Mil kanalı ilə Xan qızı kanalları arasındakı ərazidə, Şərq, Türklər, Sarısu ərazilərində, Hərami düzündə minlərlə hektarda kompleks meliorasiya tədbirləri görülmüş, həmin sahələrdən keçən kollektor–drenaj şəbəkəsi təmizlənmişdir. Hidrotexniki qurğuların böyük bir qismi təmir edilmişdir. Yeni kollektor–drenaj şəbəkəsi tikilib istifadəyə verilmiş, kanalların və şəbəkələrin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmirinə dair nəzərdə tutulmuş tapşırıqlar vaxtında icra edilmişdir. Əkinlərin suvarılmasını təşkil etmək sahəsində xeyli iş görülmüşdür. Suvarma suyunun kifayət qədər verilməsinə xüsusi diqqət yetirilmiş, su itkiyə yol verilmədən sahələrə çatdırılmışdır.

Bu tədbirlər sayəsində rayonda aqrar bölmə sürətlə inkişaf edir, xüsusilə ərzaqlıq məhsul istehsalının artımında inkişaf templəri yüksəkdir.

Beyləqan Suvarma Sistemləri İdarəsinin kollektivi bu sahədə öz işlərini yeni tələblər səviyyəsində qurmağa çalışır. İdarənin rəisi Ələmşah Məmmədquluyevlə görüşüb söhbət etdik. O dedi:

—Beyləqanlılar 2009–2013–cü illərə aid regional proqramın həyata keçirilməsində əzmlə çalışırlar. “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən su təsərrüfatlarının inkişaf etdirilməsinə yönəldilmiş tədbirlər suçuların əmək əhval–ruhiyyəsini daha da artırmışdır.

Biz, əsasən torpaqların suvarılması ilə məşğul oluruq, yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə köməyimizi heç zaman əsirgəmirik. Gördüyümüz işlər son nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının yüksəldilməsinə xidmət edir. Bu tədbirlər sayəsində rayonda aqrar bölmə sürətlə inkişaf edir, xüsusilə bitkiçilik məhsulları istehsalının artımında inkişaf templəri yüksəkdir. Həmin məhsulların istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bütün məhsul istehsalı göstəriciləri üzrə əvvəlki ilin müvafiq dövründəkinə nisbətən artım vardır.

Kollektivimiz qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə layiqli kömək göstərməyə çalışır. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Beyləqanda səfərdə olarkən verdiyi tapşırıqlar sırasında meliorasiya sistemini inkişaf etdirmək məsələsi də mühüm yer tutur.

İdarəmizin qüvvəsi ilə cari ildə 50497 hektar ərazidə suvarma aparılması nəzərdə tutulmuşdur. 19416 hektar taxıl, 25603 hektar yoncalıq, 1368 hektar pambıq, 2112 hektar bostan–tərəvəz, 847 hektar üzümlük, 200 hektar şəkər çuğunduru və 58 hektar qarğıdalı sahəsi yüksək keyfiyyətlə suvarılmalıdır. Ayrıclar vasitəsilə sahələrə 218338 min kubmetr su verilməsi nəzərdə tutulmuşdur. İndiyə kimi əkinlərə təqribən 35350 min kubmetr su verilmişdir.

Ötən il 3 nasos stansiyasında təmir işləri görülüb, bu il isə daha 2 stansiyada əsaslı təmir aparılacıq. Yaxın vaxtlarda Əlləcəli kəndinin ərazisindəki Teymurarxda irihəcmli bərpa işlərinə başlanılacıq.

Suvarma kanallarında ilboyu lildəntəmizləmə işləri aparılır. Bu sırada təsərrüfatdaxili kanallar da mühüm yer tutur. Hazırda bütün su xətləri və hidrotexniki qurğular saz və işlək vəziyyətdədir. Əkin sahələrinin su ilə təminatı əsasən öz axını ilə həyata keçirilir ki, bu da texniki cəhətdən, enerjiyə və yanacağa qənaət sarıdan yüksək səmərə verir.

Ə.Məmmədquluyev qeyd etdi ki, bütün bu işləri görmək texniki vasitələr, güclü nasoslar, maşın və mexanizmlər olmadan qeyri–mümkündür. Buna görə də, hər şeydən əvvəl, maşın–texnika parkının komplektləşdirilməsinə diqqət gücləndirilir. Hazırda idarənin balansında 6 işlək ekskavator, bir neçə buldozer, maşın və mexanizmlər, kifayət qədər digər texniki vasitələr vardır. Sahələrdə çalışan işçilər mobil rabitə vasitələri ilə təmin olunmuşlar.

Mövcud su ehtiyatlarının idarə olunması və onlardan maksimum səmərə ilə istifadə edilməsi, torpaqların münbitliyinin artırılması tədbirləri əlaqədar qurumlarla birgə fəaliyyətdə daha yaxşı nəticə verir. Rayondakı 17 sudan istifadə birliyi ilə əlaqələr son vaxtlar daha da gücləndirilmişdir. Bağlanılan müqavilələrdə qoyulan şərtlərə dürüst əməl edilir, ona görə də hamı bir–birindən razıdır.

Əlbəttə, görülən işlər heç də asanlıqla başa gəlmir. Meliorasiya işləri mürəkkəb relyef şəraitində aparılır. Eyni zamanda mövcud meliorasiya və irriqasiya, habelə suvarma texnikası və texnologiyalarının tətbiqində xeyli yeniliklər etmək lazım gəlir. Problemlərə baxmayaraq, suvarma işçiləri üzərlərinə düşən vəzifələri layiqincə həyata keçirməkdən ötrü gecə–gündüz səylə çalışır, var qüvvələrini sərf edirlər.

Ələmşah müəllim sözlərini belə yekunlaşdırdı:

—Sular bizim milli sərvətimiz, böyük xəzinəmiz, qüdrətimizin mənbəyidir. Unutmayaq ki, əcdadlarımız ən çətin anlarda suya and içmişlər, ona pənah gətirmiş, ondan qüvvət almışlar. Gərək heç zaman onların haqqını itirməyəsən, hər damcı suyun qədrini biləsən, ondan vicdanla, səmərəli istifadə edəsən. Onu nə qədər sevsən, çörəyin o qədər bol olar, firavan yaşayarsan. Süfrən dolu olanda isə dost sevinir, düşmən xar olur.

Vaxtilə ulu öndərimiz Heydər Əliyev bu fikirləri tez–tez təkrar edərdi, açığını deyim ki, onun meliorasiya və suvarma sahəsində gördüyü işlər indi də bizim köməyimizə çatır. Biz suçular o böyük insandan çox şey öyrənmişik. Yaxşı başa düşürük ki, görülmüş işlər son hədd deyildir, möhtərəm Prezidentimizin qarşıya qoyduğu məsul vəzifələrin, rayon rəhbərliyinin hazırladığı planların yerinə yetirilməsində səylərimizi ardıcıl olaraq davam etdirməliyik. Suvarma şəbəkəsinin daha yüksək səviyyədə sahmana salınması, təsərrüfatların suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün hələ xeyli əmək sərf etmək lazımdır.

Tədbirlərin yüksək səviyyədə və kənd zəhmətkeşlərinin arzusuna müvafiq həyata keçirilməsində rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin, Meliorasiya və Su Təsərrüfatı ASC–nin sədri Əhməd Əhmədzadənin kollektivimizə göstərdikləri daimi köməyi yüksək qiymətləndiririk.

Bahar fəsli suvarma işçilərinin qayğılarını daha da artırmışdır, onların boş vaxtı, demək olar ki, yoxdur, suvarmanı yüksək səviyyədə təşkil etməkdən ötrü mühüm işlər görürlər. Bu yüksək fəallığa əsaslanaraq qəti əminliklə deyə bilərik ki, kollektivin üzvləri üzərlərinə düşən vəzifələri uğurla həyata keçirəcək, sosial–iqtisadi inkişafa dair Dövlət Proqramının yerinə yetirilməsinə layiqli töhfələr verəcək, bütün meliorativ tədbirləri daha yüksək səviyyədə aparacaqlar.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.-2013.-16 may.-S.5.