Məktəblilərin və gənclərin yaradıcılıq müsabiqəsinə yekun vuruldu

 

Bu günlərdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Mədəniyyət Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Azərbaycan səninlədir—sənsiz deyil” adlı yaradıcılıq müsabiqəsinin yekun nəticələrinə həsr olunmuş tədbir keçirildi.

Müsabiqənin keçirilməsində əsas məqsəd Binəqədi rayonunda ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması və onların istedadlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması idi. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən də ümummilli lider Heydər Əliyevin respublikamıza siyasi rəhbərliyə qayıdışı ilə milli–mənəvi dəyərlərin dirçəlişinə xüsusi önəm verilmiş, həmçinin istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərlə işi öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edərək gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasına, xüsusi istedada malik olanların üzə çıxarılmasına önəm verir. Bunun təsdiqidir ki, 17 aprel 2006–cı il tarixdə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006–2010–cu illər)” təsdiq edilmişdir. Bu siyasətin həyata keçirilməsi istiqamətində Binəqədi RİH başçısı tərəfindən rayonda “İstedadlı uşaq, yeniyetmə və gənclər haqqında Məlumat Bankı”nın yaradılması barədə sərəncam imzalanmışdır. İki mərhələdə keçirilən və ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş müsabiqəyə bu ilin mart ayından start verilmişdir. Məktəbdaxili mərhələ mart ayı ərzində rayonun orta ümumtəhsil məktəblərində keçirilmişdir. Məktəbdaxili mərhələdə qalib gəlmiş şagirdlər rayon mərhələsinə vəsiqə qazanmışdılar. Müsabiqənin rayon mərhələsi isə aprel ayı ərzində 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 32 orta ümumtəhsil məktəbinin, musiqi məktəblərinin, uşaq–gənclər yaradıcılıq mərkəzlərinin iştirakı ilə keçirilib. Qeyd edək ki, ümumilikdə müsabiqə iştirakçılarının sayı 90 nəfər olmuşdur.

Dövlət Himnimiz səsləndirildikdən sonra müsabiqə iştirakçılarının çıxışlarına geniş yer verildi. Hər bir iştirakçının çıxışı alqışlarla qarşılandı.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirdə çıxış edərək ümummilli liderin müstəqillik illərində gördüyü misilsiz işlərdən, apardığı uğurlu islahatlardan danışdı. Keçirilən tədbirin ulu öndərin anadan olmasının ildönümü münasibətilə təşkil edilən yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr edildiyini bildirdi. Qeyd etdi ki, Heydər Əliyevin ölməz ideyaları mədəniyyətimizin inkişafında güclüyeni stimul yaratmış, onun hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti dünyada daha geniş tanınmağa və təbliğ olunmağa başlamış, incəsənətin ayrı–ayrı sahələrinin tərəqqisinə xidmət göstərən dövlət proqramları qəbul olunmuşdur.

Tədbirin sonunda müsabiqə iştirakçılarına diplom və hədiyyələr təqdim olundu.

 

 

Ramiz YUSİFLİ

 

Respublika.-2013.-17 may.-S.7.