Səyyar qəbullar sakinlər tərəfindən razılıqla qarşılanır

 

Xocalı rayonu 26 fevral 1992–ci ildə erməni təcavüzkarları tərəfindən işğala məruz qaldıqdan sonra əhalisi respublikamızın 48 yaşayış məntəqəsində məskunlaşmışdır. Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun bölgələrdə mütəmadi keçirdiyi səyyar qəbullar həmişə sakinlər tərəfindən razılıqla qarşılanır. Ona görə ki, Xocalı sakinləri uzaq məsafələri qət edib icra başçısının qəbuluna gəlmir, əksinə icra başçısı ayrı–ayrı rayonlarda məskunlaşmış sakinlərlə görüşür, qayğı və problemləri ilə maraqlanır və lazımi köməkliklər göstərir.

Bu ilin 5 ayı ərzində Bakıda 3, Gəncədə 4, Mingəçevirdə 2, Oğuzda 1, Goranboy ərazisində 4, Bərdədə 2, Göyçayda 1 dəfə səyyar qəbul keçirilmiş və 55 nəfər vətəndaşın müraciəti dinlənilmiş və öz həllini tapmışdır.

Göyçay rayonunda Xocalı rayonundan olan 43 ailə, 151 nəfər məskunlaşıb.

Bu günlərdə Göyçay rayonunda keçirilən səyyar qəbullarda rayonun idarə və müəssisə rəhbərləri də iştirak etmişlər. Qəbulda Xocalı rayonundan olan sakinlər respublikamızın Prezidenti İlham Əliyevə, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubova, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyinə onlara göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov sakinləri dinləndikdən sonra çıxış edərək demişdir: “Biz xocalılar ölkə Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyirik. Məcburi köçkünlərin mənzil–məişət şəraitinin yaxşılaşdırılması üçün bir çox dövlət proqramları qəbul olunmuş və uğurla həyata keçirilir. Sizin qaldırdığınız problemlər öz həllini tapacaqdır”.

İcra başçısı qaldırılan məsələlərlə bağlı əlaqədar aidiyyəti təşkilatlara xüsusi tapşırıq vermiş və problemlərin həll olunması üçün müvafiq nazirliklərə müraciət ediləcəyini bildirmişdir. Xocalı sakinləri ümidvar olduqlarını bildirdilər ki, işğal olunmuş ərazilərimiz, o cümlədən Xocalı rayonu dövlət rəhbərinin siyasi iradəsi ilə azad olunacaq və məcburi köçkünlər öz doğma ocaqlarına qayıdacaqlar.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.-2013.-21 may.-S.6.