Tarlalardan bol məhsul gözlənilir

 

“Bu il taxıl zəmilərində yüksək məhsuldarlıq gözlənilir. Hava şəraiti imkan verir ki, bitkilər daha yaxşı inkişaf eləsin”. Mütəxəssislər bu fikirdədirlər. Doğrudan da, Şirvan və Muğan düzlərində göz işlədikcə uzanan taxıl zəmiləri, necə deyərlər, adamın üzünə gülür. Görüşüb söhbət etdiyimiz fermerlər bol taxıl məhsulunun becərilməsində vaxtında verilən suvarma suyunun xüsusi əhəmiyyət kəsb etdiyini deyirlər. Taxılçılar bölgələrdə fəaliyyət göstərən su idarələrinin işindən razıdırlar. Təcrübəli mütəxəssis Talıb Məmmədovun rəhbərlik etdiyi Kürdəmir Suvarma Sistemləri İdarəsində öz işinin ustası olan bacarıqlı kollektiv çalışır. İdarə rayonun böyük bir ərazisini — 33.196 hektar sahəni suvarma suyu ilə təmin edir. Talıb müəllim deyir ki, rayonun 26 kənd və 3 qəsəbəsində suvarılan torpaqların, eləcə də həyətyanı sahələrin su təchizatını biz həyata keçiririk. Yola saldığımız təsərrüfat ilində əkinlər suvarma suyundan korluq çəkməmişlər. Əsas suvarma mənbəyi olan Yuxarı Şirvan kanalından kifayət qədər suvarma suyu qəbul etmişik. Kanalların vaxtlı–vaxtında, normal şəkildə lildən təmizlənməsi sayəsində suvarma suyu tələb olunan sahələrə maneəsiz çatdırılmışdır. Mövsüm ərzində 23 min hektardan çox taxıl, 205 hektar pambıq, 3082 hektar yem bitkiləri, 2168 hektar bostan–tərəvəz, 700 hektar bağ və üzümlük, habelə 4063 hektar həyətyanı sahə ən azı 2–3–4 dəfə suvarma suyu ilə təmin olunmuşdur.

Suvarma suyu axıdılan kanalların, habelə kanallar üzərində hidrotexniki qurğuların saz halda olması bizim iş prosesimizdə əsas göstərici hesab edilir. Odur ki, il ərzində fasiləsiz olaraq bu işlərlə məşğul oluruq. İş prosesində maşın və mexanizmlərin kollektivimizə xüsusi köməkliyi dəyir. Keçən mövsümdə ekskavatorla 650 min kubmetr, buldozer və skreperlə 340 min kubmetr torpaq işi görmüşük. Bütövlükdə 503,8 kilometr suvarma kanalları mexanizmlərlə lildən təmizlənmişdir ki, bu da idarənin balansında olan kanalların 76 faizini təşkil edir. Kanallar üzərindəki hidrotexniki qurğulardan 130 ədədi cari təmir olunmuş, 4 kilometrədək nov, 4 kilometrdən çox beton kanalda da cari təmir işləri görülmüşdür. İdarənin istehsalat bazasında yardımçı binaların 6 ədədində cari təmir işləri başa çatdırılmışdır. İstehsalat bazasının həyəti abadlaşdırılmış, bura çoxlu sayda ağac və gül kolları əkilmişdir.

Xidməti ərazidə 13 ədəd sudan istifadəedənlər birliyi fəaliyyət göstərir. Suvarma suyunun pullu satışından 65 min manat vəsait əldə olunmuşdur. Vəsait suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsinə, elektrik enerjisi xərclərinin ödənilməsinə yönəldilmişdir.

İdarənin kollektivi cari ildə də öz fəaliyyətini yüksək səviyyədə davam etdirir. Hazırda R–16 və R–19 kanallarının mühafizəsi məqsədilə Girdiman və Ağsuçay məcrasında buldozerlərlə təmizləmə işləri görürük. Bundan əlavə, Karrar nasos stansiyasında kabel təsərrüfatını dəyişmişik. Mövsüm ərzində stansiyada elektrik avadanlıqları yeniləşdiyindən stansiyanın fasiləsiz işi təmin olunmuşdur.

Həyatımızın hər sahəsində olduğu kimi suvarma işində də yeni forma və üsullar meydana çıxır. Fermerlərimiz 500 hektara yaxın ərazidə öz əkinlərinin çiləmə üsulu ilə suvarılmasını müsbət qarşılayırlar. Bu üsul yaxın gələcəkdə başqa ərazilərdə də tətbiq olunacaqdır. Aran yerlərində bitkiçiliyin inkişaf etdirilməsi, heç şübhəsiz ki, suvarma işinin normal şəkildə aparılmasından asılıdır. Razılıq hissi ilə deməliyəm ki, kollektivimiz bu işin öhdəsindən layiqincə gəlir. Bu il tarlalardan bol məhsul gözlənilir.

 

 

Tofiq HÜSEYN

 

Respublika.-2013.-21 may.-S.7.