AZƏRBAYCANDA TƏRƏVƏZÇİLİK, BOSTANÇILIQ VƏ KARTOFÇULUĞUN İNKİŞAFINA BÖYÜK QAYĞI

 

Dünyanın 11 iqlim tipindən 9–nun Azərbaycanda mövcud olması onun bu və ya digər zonalarında ilin bütün fəsillərində bol kənd təsərrüfatı məhsulları yetişdirməyə şərait yaradır və beləliklə də əhalini il boyu bu məhsullarla, xüsusilə də tərəvəz, bostan və kartof məhsulları ilə təmin etməyə imkan verir. Lakin respublikanın bu potensialından uzun müddət səmərəli istifadə edilməmiş, tərəvəzçilik və bostan məhsulları istehsalının artırılmasına lazımi diqqət yetirilməmişdir. 1956–1965–ci illərdə respublikamızda cəmi 270 min ton tərəvəz və bostan məhsulları istehsal edilmişdi.

Tərəvəzçilik rayonlarında və təsərrüfatlarında siyasi və təşkilatçılıq işi çox aşağı səviyyədə idi. Ovaxtkı respublika rəhbərliyi və onun yerli orqanları tərəvəzçiliyin və bostançılığın inkişafı problemlərini obyektiv təhlil etmir, elm və aqrotexnikanın nailiyyətlərindən düzgün istifadə edilməsini təmin etmirdilər. Buna görə də təəccüblü deyildi ki, səkkizinci beşilliyin heç bir ilində tərəvəz istehsalı və tədarükü planları yerinə yetirilməmişdi. 1964–1968–ci illərdə tərəvəz və bostan məhsulları istehsalı cəmi 310–425 min ton səviyyəsində qalmış, bu illər üzrə artım nəzərə çarpmamışdı. Yəni tərəvəzin məhsuldarlığı 117–123 sentner, bostanın məhsuldarlığı isə 51–64 sentnerdən yuxarı qalxmamışdı.

Yalnız Heydər Əliyev 1969–cu ildə respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra kənd təsərrüfatı istehsalının digər sahələri kimi, tərəvəzçilik və bostançılıq sahəsində də vəziyyəti köklü surətdə yaxşılaşdırmaq, tərəvəzçiliyin səmərəli idarə olunması üçün təsərrüfat rəhbərlərinin məsuliyyətini artırmaq, 1970–ci ilin planlarının yerinə yetirilməsini təmin etmək və 1975–ci ildən respublikada tərəvəz istehsalını 600–650 min tona çatdırmaq, tərəvəzin tədarükü və satışı sistemini kökündən yaxşılaşdırmaq mümkün oldu. Bu sahənin sürətlə inkişaf etdirilməsini təmin etmək üçün geniş təşkilati tədbirlər işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Çox tezliklə Azərbaycanı keçmiş İttifaqın ən iri tərəvəzçilik bazalarından birinə çevirmək, tərəvəzçiliyi ixtisaslaşdırmaq və təmərküzləşdirmək üçün ardıcıl, məqsədyönlü işlər görülməyə başlandı. Əvvəllər tərəvəz, demək olar ki, bütün rayonlarda əkildiyi, yetişdirildiyi halda, indi başlıca olaraq Lənkəran–Astara və Quba–Xaçmaz iqtisadi zonalarında istehsalın aparıcı sahəsinə çevrildi. Artıq 1972–ci ildə ilk dəfə olaraq, dövlət planı artıqlaması ilə ödənildi və öhdəliyə ləyaqətlə əməl edildi. Respublikanın kolxoz və sovxozlarında 527 min ton tərəvəz–bostan məhsulları istehsal edildi. Əkin sahələri artırılaraq 35 min hektara çatdırıldı.

1982–ci ildə respublikada tərəvəz istehsalı 1 milyon tona çatmışdı. 1981–1982–ci illərdə tərəvəzin hər hektarının məhsuldarlığı 201–219 sentnerə çatmışdı ki, bu da keçmiş Sovetlər İttifaqının ümumi göstəricisindən 60 sentner çox olmuşdur. Tərəvəz və bostan məhsulları istehsalının ümumi həcminə görə Azərbaycan keçmiş İttifaq respublikaları arasında 4–cü yerə, respublikadan kənara faraş və ən faraş tərəvəz göndərilməsinə və hektarın məhsuldarlığına görə birinci yerə çıxmışdı.

Ümumiyyətlə, möhtərəm Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 14 il ərzində respublikada tərəvəz və bostan məhsulları istehsalının həcmi 2,5 dəfə, məhsuldarlığı isə 2 dəfə artmışdı. Bir sözlə, tərəvəz respublikanın ən gəlirli sahələrindən birinə çevrilmişdi. Tərəvəz əkinləri respublikanın ümumi əkin sahəsinin cəmi 3 faizini təşkil etdiyi halda, bitkiçilikdən gələn gəlirin 11 faizini verirdi. Məhz bu sahənin rentabelli olması digər yardımçı sahələrin də sürətlə inkişafına müsbət təsir etmiş, bu sahədə fəaliyyət göstərən işçilərin maddi–rifah halı ilbəil yaxşılaşmış, istehsal və sosial obyektlərin inşası xeyli genişlənmişdir. 1969–1982–ci illərdə Lənkəranda ümumi su tutumu 50 milyon kubmetr olan Xanbulançay dəryaçası, Masallıda 50 milyon kubmetr olan “Viləşçay” dəryaçası, Astarada böyük Lovayın su anbarı tikilib istifadəyə verilmiş, bu bölgələrin suvarma problemləri həll olunmuş, bu qurğuların ətrafında yeni qəsəbələr salınmış, uzunluğu on kilometrlərlə yollar, kommunikasiya xətləri çəkilmişdi. Dəvəçi (indiki Şabran), Xaçmaz, Abşeron, Ağdaş və digər tərəvəzçilik rayonlarında da meliorasiya, suvarma və digər sahələrdə xeyli işlər görülmüşdü.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə respublikanın və xüsusən də şəhərlərin əhalisinin payız, qış və erkən yazda təzə tərəvəzlə təmin edilməsi işində əsaslı dəyişikliklər baş vermişdi. Respublikada 1969–cu ildə cəmi 3 hektarlıq istixana kombinatı fəaliyyət göstərirdi. Hələ 1954–cü ildə İttifaq hökumətinin qərarına əsasən Bakı şəhərinin ətrafında tikintisi nəzərdə tutulan 7 hektar istixana tikintisi 1968–ci ilə qədər heç bir obyektiv səbəb olmadan dayandırılmışdı. 14 il tikintisi dayandırılan bu obyekt yalnız möhtərəm Heydər Əliyevin qayğısı sayəsində 1969–1974–cü illərdə tikilib istifadəyə verilmişdi. Zabrat qəsəbəsində 7 hektar istixana istifadəyə verilmiş, burada işləyən 300 ailə üçün yeni qəsəbə salınmış, abadlıq işləri görülmüşdü.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti 10 avqust 1972–ci ildə “Azərbaycanda istixana təsərrüfatının vəziyyəti və gələcək inkişafı” barədə qərar qəbul etmişdi.

1970–1976–cı illərdə Gəncə şəhəri ətrafında istehsal gücü ildə 2800 ton olan, yəni keçmiş İttifaqda ən böyük — 18 hektar sahəsi olan və ən müasir layihə əsasında istixana kompleksi tikilmişdir.

Lakin statistik göstəricilərə əsasən, 1985–ci ildən başlayaraq, Sovet İttifaqının bütün regionlarında kənd təsərrüfatı bitkiləri, eləcə də tərəvəz, bostan və kartof bitkiləri üzrə əkin sahəsinin, istehsalın və məhsuldarlığın tədricən azaldığı müşahidə olunurdu.

Həmin dövrdə kolxoz və sovxozlara dövlət büdcəsindən lazımi miqdarda vəsait ayrılsa da, bu təsərrüfatlar ziyanla işləməkdə davam edirdilər. Onların istehsal etdiyi məhsul daxili bazarı təmin etmədiyindən, respublikaya kənardan kənd təsərrüfatı məhsulları gətirilirdi.

Heydər Əliyevin göstərdiyi kimi, “Hələ Sovet İttifaqı mövcud olduğu dövrdə gedən mənfi proseslərin məntiqi nəticəsi 1985–ci ildən başlayaraq respublikanın iqtisadiyyatına çox ağır zərbə vurdu və xalqın həyat səviyyəsinin pisləşməsinə səbəb oldu”.

Respublikanın kənd təsərrüfatının aparıcı sahələri olan pambıqçılıq, üzümçülük, tərəvəzçilik və s. sahələrdə durğunluq yarandı, əmək məhsuldarlığı aşağı düşdü. Artıq 80–ci illərin sonuna doğru mərkəz tərəfindən bir çox siyasi və iqtisadi qərarların qəbul edilməsinə baxmayaraq, iqtisadiyyatdakı böhran getdikcə dərinləşirdi.

Sovetlər İttifaqının məlum süqutundan sonra respublikalar arasında uzun illər davam edən iqtisadi əlaqələr dağıldı. Azərbaycan pambıq, üzüm, şərab məmulatları, tərəvəz və s. məhsullar üzrə satış bazarlarını itirdi. Ölkənin ərzaq təminatında ciddi problemlər yarandı.

Məsələn, tərəvəz istehsalı 1986–cı ildə 896,4 min ton olduğu halda, 1993–cü ildə 486 min tona, eləcə də ikinci çörək hesab edilən kartofun istehsalı müvafiq olaraq 189,2 min tondan 152,1 min tona enmişdi.

1993–cü ildə respublikanın rəhbərliyinə möhtərəm Heydər Əliyevin yenidən qayıtması xalq üçün milli qurtuluş oldu. Güclü daxili enerjiyə, böyük və yüksək təşkilatçılıq qabiliyyətinə malik dövlət başçısı Heydər Əliyevin rəhbərliyi altında respublikanın iqtisadi durumu dərindən təhlil edildi, daxili ehtiyat mənbələri aşkara çıxarıldı, ondan düzgün istifadə yolları müəyyənləşdirildi. Ölkəni düşmüş olduğu dərin böhran vəziyyətindən çıxarmaq üçün qəti tədbirlər həyata keçirildi, kənd təsərrüfatını düzəltmək üçün yeni strateji plan hazırlandı.

Ölkədə aqrar islahatın aparılması ilə əlaqədar məsələləri hərtərəfli götür–qoy etmək üçün dünyanın bir sıra ölkələrinin təcrübəsi öyrənilmiş, bu problemin həlli yollarını düzgün müəyyənləşdirmək məqsədilə ümumrespublika əhəmiyyətli bir neçə müşavirə, konfrans və yığıncaq keçirilmişdi. Aqrar islahatların aparılmasında dünya təcrübəsinə əsaslanmaq məqsədi ilə dünyanın bir çox aqrar sahə üzrə iqtisadçı alimlərinin, rəhbər işçilərinin və mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisində “Aqrar islahatların aparılması təcrübəsi”nə dair beynəlxalq konfrans keçirilmişdi.

1995–ci il fevral ayının 18–də Prezident Heydər Əliyevin fərmanı ilə “Aqrar islahatların əsasları haqqında” Azərbaycan Respublikasının 25 maddədən ibarət Qanunu tətbiq edilməyə başladı. Bu qanun Azərbaycan Respublikasının aqrar–sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edirdi.

Həyat göstərdi ki, aqrar islahatlar qısamüddətli olmayıb, tarixi bir prosesdir. Bu prosesdə əvvəlki təsərrüfatçılıq mexanizmi yeni təsərrüfatçılıq mexanizmi ilə əvəz edilir, kənd təsərrüfatının idarə olunması bazar münasibətlərinə keçid prinsipinin tələblərinə uyğunlaşdırılır, köklü struktur dəyişiklikləri aparılır, dövlət mülkiyyəti özəlləşdirilir, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları təşəkkül tapır, sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilati şərait yaradılırdı.

Bütün bu proseslər ölkədə gedən aqrar islahatların sürətlənməsi və daha da dərinləşdirilməsi proqramı çərçivəsində dövlətin və hökumətin bilavasitə dəstəyi, yardımı və himayəsi altında aparılır, ölkə başçısı, möhtərəm Heydər Əliyevin tapşırığı əsasında aqrar sahənin yaxın və perspektiv siyasəti müəyyənləşdirilirdi.

Bu mənada “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999–cu il tarixli fərmanı sonrakı mərhələlərdə kəndin inkişafında tarixi bir sənəd hesab oluna bilər.

Ulu öndər Heydər Əliyev aqrar sahədə gedən prosesləri, baş verən dəyişiklikləri və problemləri təhlil edərək fərmanda aqrar islahatların yeni mərhələsinin həyata keçirilməsini təmin edən Dövlət Proqramının hazırlanmasına, kənd təsərrüfatı məhsulları istehsalının (torpaq vergisi istisna olunmaqla) vergilərdən beş il müddətinə azad edilməsinə, bu vergilərə görə köhnə borcların silinməsinə, aqrar sahədə, xüsusilə fermer təsərrüfatlarının inkişafını təmin edən əlavə kredit resurslarının yönəldilməsinə, kənd təsərrüfatı məhsulu istehsalçılarına neft məhsullarının satışında güzəştlər edilməsinə dair tapşırıqlar vermişdir.

Respublika rəhbəri möhtərəm Heydər Əliyev qabaqcıl təcrübəyə, mütərəqqi becərmə texnologiyasının tətbiqinə, elmin nailiyyətlərindən səmərəli istifadə olunmasına, kadrların düzgün yerləşdirilməsinə daim diqqət ayırmış, əmək adamlarına yüksək qiymət vermişdir. O, ömrü boyu xalqın yolunda fədakarlıqla çalışmış və Azərbaycan xalqının ümumilli lideri olmuşdur. Onun apardığı aqrar islahatların nəticəsi bugünkü Azərbaycan kəndinin inkişafının təməl daşlarıdır.

2003–cü ildə Azərbaycan dünyasının düşünən beyni, görən gözü, vuran ürəyi, görkəmli dövlət xadimi Heydər Əliyev dünyasını dəyişdi. Onun Azərbaycan Respublikasının inkişafı, tərəqqisi, dünya ölkələri arasında tanınması üçün gördüyü işlər bu gün onun varisi, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 

FUAD MƏMMƏDOV,

Kənd Təsərrüfatı nazirliyi ET

Tərəvəzçilik İnstitutunun direktoru,

kənd təsərrüfatı

elmləri üzrə fəlsəfə doktoru.

 

Respublika.-2013.-23 may.-S.6.