Ümumdünya ərzaq təhlükəsizliyi: problemlər, mülahizələr

 

FotoBəşər tarixinin sosioloji təhlili göstərir ki, kifayət qədər təbii–iqlim, torpaqmaddi resursların yetərli olmasına baxmayaraq, yer üzünün əhalisinin böyük bir hissəsi əsrlər boyu aclıqdan əziyyət çəkmiş və çəkməkdə davam edir.

İnternet saytında yerləşdirilən son məlumata görə, BMT–nin ən iri təsisatı olan Ümumdünya Ərzaq Proqramı ötən il 90 ölkədə 100 milyon insanı ərzaqla təmin edib və 4 milyon ton ərzaq paylayıb. Bu təşkilat 2015–ci ilədək aclıq və yoxsulluqdan əziyyət çəkənlərin sayını yarıyadək azaltmaq niyyətindədir. Hazırda dünyada 1 milyarda yaxın (bəzi məlumatlara görə 854 milyon) insan qida çatışmazlığından əziyyət çəkir. Hər 5 saniyyədə bir uşaq ərzaqla bağlı səbəblərdən tələf olur. Aclıq probleminin aktual olduğu bölgələr Afrika, Cənubi Amerika, Yaxın Şərq və Asiya ölkələridir. Azərbaycanda aclıqdan əziyyət çəkən insanların sayı 5 faizdən az təşkil edir. 1994–2008–ci illərdə Ümumdünya Ərzaq Proqramı Azərbaycanda məcburi köçkün və qaçqınlara kömək edib, ölkəmizdə yarım milyona yaxın insana üst–üstə 165 min ton ərzaq paylanıb.

2009–cu ildən etibarən Azərbaycan donorluq fəaliyyətini həyata keçirmək məqsədilə Ümumdünya Ərzaq Proqramının büdcəsinə hər il 100 min ABŞ dolları köçürür. Bu məbləğ təşkilatın müxtəlif ehtiyacları üçün xərclənir. Azərbaycan BMT–nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yalnız öz vətəndaşlarına yardım göstərir. Bu qərar hələlik öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Dünya üzrə orta hesabla hər 6 nəfərdən 1–i ərzaqla bağlı problem yaşayır. Ekspertlər hesab edirlər ki, istər qiymətlərin enməsi və iqtisadi rifah dövründə, istərsə də qiymətlərin kəskin artması və iqtisadi tənəzzül dövründə aclıq çəkənlərin sayının artması Ümumdünya Ərzaq Təhlükəsizliyi sisteminin idarə olunmasındakı boşluqlar və zəifliklərlə bağlıdır.

Əhalinin ərzaqla etibarlı teminatı hər bir dövlətin başlıca vəzifəsi kimi bütün cəmiyyətlərə mənsub olmuş, konkret şəraitə uyğun olaraq buya digər dərəcədə tarixi ardıcıllıqla öz həllini tapmışdır. Və hər hansı bir ölkənin iqtisadi imkanlarından asılı olaraq bu məsələnin reallaşdırılması hər dəfə cariperspektiv dövr üçün yeni tələblər baxımından qarşıya qoyulmuşdur. Əbəs yerə deyil ki, indi bu problem bəşəriyyət üçün nəinki geniş sosialiqtisadi xarakter almış, hətta beynəlxalq siyasətin ən vacib seqmentlərindən birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrində vaxtaşırı ərzaq problemləri üzrə keçirilən ümumdünya konfransları və konqresləri bunu sübut edir.

Bəzi qabaqcıl ölkələrdə orta hesabla adambaşına istehlak edilən qida məhsullarının ümumi kalorililiyi elmi cəhətdən əsaslandırılmış normalara yaxın olarsa belə, onun tərkibi (istehlakın ümumi həcmində ayrı–ayrı ərzaq növlərinin xüsusi çəkisi) çox hallarda tibbi rasionlara uyğun gəlmir, yəni hər hansı bir ərzağın kəsiri, çatışmaması digərinin artıq istifadəsi ilə örtülür, əvəzləşdirilir. Əslində isə hər nemətin özünəməxsus ləzzəti, orqanizm üçün öz gərəkliliyi, öz faydalılığı var. Bioloji nöqteyi–nəzərdən uzun müddət onların bir–birilə müəyyən miqdarda “üzləşdirilməsi”, “əvəzləşdirilməsi” yolverilməzdir. Məsələn, D.İ.Mendeleyev cədvəlindəki elementlərin praktiki olaraq hamısını özündə cəmləşdirən, tərkibində 250–yə yaxın müxtəlif maddə saxlayan, təbiətin özünün hazırladığı ecazkar məhsul olan südü heç bir başqa ruzi növü əvəz edə bilməz.

Tanrının Azərbaycana bəxş etdiyi təbii və torpaqiqlim durumu ərzaq məhsullarının əsas istehsalçısı olan bitkiçiliyin, heyvandarlığın ahəngdar inkişafı üçün etibarlı zəmin yaratmışdır. Buna görə də yaxın və uzaq keçmişimizə nəzər salsaq, görərik ki, yurdumuzda tarixən aclıq təhlükəsi olmamış (müharibələr, təbii fəlakətlər illəri istisna olmaqla), yalnız zamanzaman müəyyən ərzaq məhsullarının qıtlığı özünü büruzə vermişdir. Başqa sözlə desək, diyarımızda ümumi ərzaq çatışmazlığı ilə bağlı siyasi xarakterli problemlər deyil, təbii kataklizmlər və demoqrafik dəyişikliklərlə əlaqədar icrası çox da asan olmayan ərzaq təminatını yaxşılaşdırmaq məqsədini güdən sosialiqtisadi mahiyyətli cariperspektiv proqramlar mövcud olmuşdur.

Hazırda dünyada hələlik elə bir dövlət yoxdur ki, ərzaq probleminin heç olmasa beşinci mərhələsinin tələblərini tam şəkildə həll etmiş olsun. Yalnız o istisna oluna bilər ki, ayrılıqda götürülmüş hər bir ölkədə əhalinin bəzi sosial təbəqələri beşinci və altıncı mərhələlərin məziyyətlərindən zövq alır.

1946–cı ildə BMT–nin xüsusi qurumu statusunu almış Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının —FAO–nun bir neçə il öncəki məlumatlarına görə yer üzünün bütün əhalisinin hər bir nəfərinin gündəlik orta qida məhsulları istehlakı 2600 kkal., dünyanın inkişaf etmiş ölkələrində 3330, o cümlədən Qərbi Avropa ölkələrində 3380, Azərbaycanda isə 2900 kkal təşkil edir.

Qeyd etmək lazımdır ki, respublikamızda istehlak edilən ərzaq məhsullarının ümumi kaloriliyi əsasən fizioloji rasion normalarına uyğun olub tərkibində çoxlu karbohidratlar cəmləşdirən çörəyin, çörək məhsullarının, kartof və şəkərin hesabına əldə olunur.

Zülallara olan tələbat çox hallarda bitki zülallarının hesabına ödənilir ki, amin turşularının tərkibinə görə onlar heyvanat mənşəli zülallara bərabər tutula bilməz.

Həyat göstərir ki, qidalanmanın fizioloji normalarından kənarlaşma insanın həyat fəaliyyətinə ciddi ziyan vurur. Normal həyat fəaliyyəti aşağıdakı faktorlardan asılıdır: qidanın kalorililiyindən, istehlak olunan əsas qida maddələrinin (zülalların, yağların, karbohidratların, mineral maddələrin və vitaminlərin) miqdarından, təhlükəli, yəni tərkibində toksik maddələr olan ərzaqların qəbul edilməsindən; insanların psixoloji əhval–ruhiyyəsindən; insanların sağlamlığına, əkinçiliyin və heyvandarlığın məhsuldarlığına təsir edən iqlimhavaekoloji streslərdən; alkoqolun və narkotiklərin istifadəsindən.

İnsanın optimal həyat fəaliyyətinin təmin edilməsi üçün gündəlik 2,5–3,5 min kkal. enerji tələb olunur. Yetərli olmayan həyat fəaliyyəti üçün 1,5–2,5 min, kritik həyat fəaliyyəti üçün isə 1,0–1,5 min kkal lazımdır. 1,0 min kkal.–dən aşağı enerji istehlak edildikdə insanın nəinki qabiliyyəti zəifləyir, həmçinin onun ömrü də qısalır. İnsanların enerjiyə olan tələbatı norması daxilində tam qidalanmamanın minimum həddini müəyyən edən 1 günlük orta göstərici Yaxın Şərq və Şimali Afrika ölkələri üçün 1710–1990 kkal, AsiyaSakit Okean ölkələri üçün 1710–1920 kkal, MDB ölkələri üzrə 1730–1960 kkal, o cümlədən Azərbaycan Respublikası üçün 1730 kkal təşkil edir.

Mövcud imkanların tam reallaşdırılmasına, istehsal olunmuş məhsul itkilərinin qarşısının alınmasına, bioloji potensialdan maksimum istifadə edilməsinə yalnız kənd təsərrüfatı məhsullarının istehsalı, onların hazır istehlak mallarına çevrilməsi və alıcılara çatdırılması prosesində bioloji, texniki və təşkilati–iqtisadi amillərin vahid sistemdə üzvi şəkildə cəm edilməsi yolu ilə nail olmaq olar. Bu məsələlərin həlli zamanı əsasən sosialiqtisadi xarakter daşıyan çoxlu ciddi problemlər baş verir.

Bizim tədqiqatlarımızla sübut olunmuşdur ki, ölkəmiz enerji tutumuna görə insan orqanizminin enerji məsrəflərinin bərpasını, həyat fəaliyyətinin təzələnməsini tam təmin edən və bütün əhalini ərzaqla zəmanətli təminatının sabit imkanlarına malikdir. Yer kürəsi əhalisinin böyük əksəriyyətinin ömürləri boyu müşaiyət edən aclıq və yetərsiz qidalanma təhlükələri ölkəmizdə həmişəlik aradan qaldırılmışdır. Ərzaq problemi onun fizioloji mənasında əhalinin bütün sosial qrupları istisna edilmədən çoxdan və birdəfəlik həll edilmişdir.

Məlumdur ki, insanların tələbatları ilə maddi nemətlər istehsalı arasındakı mütənasiblik dialektik xarakter daşıyır. İstehsal insanın ehtiyaclarını ödəmək məqsədini güdür, ancaq ehtiyacların artması öz növbəsində istehsalı inkişafa sövq edir. Tələb təklif doğurur və müəyyən dövrlərdə onu qabaqlayır. Belə hallarda həmin uyğunsuzluğu aradan qaldırmaq üçün çatışmayan malların istehsalının artırılması zərurəti yaranır. Son illərdə ölkəmizdə məhz belə şərait mövcuddurbu müsbət meyil davam etməkdədir. 2001–ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı da bu məqsədi güdmüş, 2008–ci ildə qəbul edilmişuğurla icra olunan “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın da əsas hədəfi budur.

Beləliklə, respublikamızda təzahür edən ərzaq problemi fizioloji deyil, sosialiqtisadi xarakter daşıyır. O, bir tərəfdən tələbatlar strukturunun dəyişməsindən və ödənilməli olan təkliflərin sürətlə artmasından, digər tərəfdən isə bəzi zəruri ərzaq məhsulları istehsalının nisbətən aşağı templərlə artmasından irəli gəlir.

Yaranmış vəziyyət müasir şəraitdə ərzaq probleminin həlli yollarını da müəyyən etmiş olur: əvvəla, bütövlükdə kənd təsərrüfatının, xüsusilə heyvandarlığın inkişafının real olaraq sürətləndirilməsi üçün imkanları araşdırmaq; ikincisi, kənd təsərrüfatı məhsulunun sahə və fermadan istehlakçının süfrəsinə qədər olan bütün yol boyu itkikərini azaltmaq və qarşısını almaq, bu əsasda hər kənd təsərrüfatı xammalı vahidindən son məhsul çıxımını artırmaq; üçüncüsü, ərzaq mallarının strukturunu təkmilləşdirmək, onu əhalinin müasir tələbatlarına uyğunlaşdırmaq; dördüncüsü, ərzaq və qeyri–ərzaq xalq istehlakı mallarına olan təklif və tələbat arasında tarazlaşdırılmış mütənasibliyi təmin etmək.

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə hədəflənmiş bu 4 əsas prinsipə dünya ölkələrinin hamısında yerli təbii–iqlim və demoqrafik şəraitdən asılı olaraq buya digər şəkildə əməl olunur. Lakin tarixi təcrübə göstərir ki, həyatımızın digər sahələrində olduğu kimi, ərzaq istehsalı və istehlakı həlqəsindəki bütün mərhələlərdə qənaət rejiminə ciddi əməl olunmasa, qida bolluğu yaratmaq müşkül məsələ olaraq qalacaqdır.

Hesablamalarımız göstərir ki, “istehsalistehlak” həlqəsində ən çox istifadə olunan çörək, ət, süd, meyvə–tərəvəz məhsullarının dörddə biri qədəri təsərrüfatsızlığımız və səhlənkarlığımız ucbatından itkiyə gedir. Bu çox böyük rəqəmdir, bu rəqəm bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Ən azı ona görə ki, ərazimizin 20 faizi işğal altındadır, 1 milyona yaxın qaçqın–köçkünümüz var və ölkəmiz 20 ildən çoxdur ki, müharibə şəraitində yaşayır.

Qənaət rejiminə məhəl qoymamağımız üstə gəl milli mentalitetimizlə bağlı bəzi məqamlar ona gətirib çıxarıb ki, respublikamızda orta hesabla hər bir ailə öz büdcəsinin az qala 60–70 faizini məhz elə ərzaq tələbatının ödənilməsinə sərf edir. Başqa ölkələrlə müqayisədə bu göstərici o qədər də xoşa gələn deyil, çünki insanlarımız üçün heçaz əhəmiyyət kəsb etməyən digər maddi və mənəvi ehtiyacların ödənilməsinə sadəcə olaraq vəsait qıtlığı yaranır.

Nəzərə alsaq ki, itkiyə düçar olanekoloji cəhətdən sağlamlığımıza ciddi fəsadlar verə biləcək bu ərzaq məhsullarının böyük bir qismi dolayı yolla süfrələrimizə təkrarən yol tapır, onda ailə büdcəmizə və xüsusilə də sağlamlığımıza dəyən ziyanı təsəvvür etmək o qədər də çətin deyil.

Belə neqativ hallar bu ya digər dərəcədə dünya birliyi ölkələrinin hamısında mövcuddur. Təxmini hesablamalar göstərir ki, beynəlxalq miqyasda qənaət rejiminə ciddi əməl olunarsa və israfçılığa yol verilməzsə, təkcə bu amil hesabına bir il ərzində yer kürəsi əhalisinin 18–20 milyon nəfərinin aclıq təhlükəsinin sovuşdurulmasına ərzaq ehtiyatı yaradıla bilər.

Ərzaq istehlakının ümumi səviyyəsinə görə ölkəmiz inkişaf etmiş ölkələrdən çox da geri qalmır. Lakin əhalinin qidalanması vəziyyətinin qiymətləndirməsində kəmiyyət amili əsas meyar kimi götürülə bilməz. İnsan orqanizmini ömrü boyu bütün zəruri komponentlərlə miqdar və keyfiyyət nisbəti gözlənilməklə elmi əsaslarla tarazlaşdırılmış qida təmin etməlidir. Yalnız balanslaşdırılmış qidalanma prinsipinin tələblərinə söykənən yeyinti məhsullarının optimal strukturu insanı sağlam, gümrah, əmək qabiliyyətli və psixoloji cəhətdən rahat edir. Qənaət rejiminə söykənən düzgün qidalanma sağlam həyat tərzinin aparıcı atributlarından biri olmaqla uzunömürlülüyün rəhnidir. Odur ki, daha faydalı ərzaq növlərinin hesabına qida strukturunun təkmilləşdirilməsi, qida mədəniyyətinin durmadan yüksəldilməsi məsələsi indiki nəsil üçün ən ümdə vəzifə kimi qarşımızda durur.

 

Bəyalı Ataşov,

 

Azərbaycan Kooperasiya

Universitetinin elmi işlər üzrə

prorektoru, iqtisad elmləri doktoru, professor.

 

 

Respublika.-2013.-26 may.-S.5.