Binəqədidə bayram tədbiri

 

Hər il Respublika Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu il may ayının 24–də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş bayram tədbiri Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Açıq səma altında təşkil edilən bu tədbirdə rayonun bütün idarə, müəssisə və təşkilatlarının, o cümlədən səhiyyə, təhsil, mədəniyyət ocaqlarının təmsilçiləri, hüquq–mühafizə orqanlarının rəhbərləri və Milli Məclisin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Məlumat üçün bildirildi ki, 1918–ci il mayın 28–də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunmuşdur. 1920–ci il aprelin 20–dək cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddət ərzində bir çox mühüm işlər həyata keçirilmişdir. Hər şeydən əvvəl Şərqdə ilk dəfə öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu görmüş, azadlığın şirinliyini dadmışdır. 1920–ci il aprelin 28–də Sovet Rusiyasının beynəlxalq hüquq normalarını pozan hərbi müdaxiləsi nəticəsində Xalq Cümhuriyyəti süqut etmişdir. Lakin çox az yaşamasına baxmayaraq, bu dövlətin yaranması sübut etmişdir ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Daha sonra Binəqədi RİH başçısının müavini Vüsal İsmayılov çıxışında qeyd etdi ki, XX əsrin 80–ci illərinin sonu – 90–cı illərinin əvvəllərində Azərbaycanda başlanmış milli–azadlıq hərəkatı sonda uğurla başa çatmışdır. Xalqın təkidli tələbi ilə 1991–ci il fevralın 5–də Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını dəyişdirərək Azərbaycan Respublikası adlandırmışdır. Həmin il mayın 21–də isə verilmiş xüsusi fərmanla 28 mayRespublika Günü elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 95 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı həmin şanlı tarixi mərhələni böyük qürur hissi ilə qeyd edir.

XX əsrin sonunda Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir. Azərbaycan səriştəsiz iqtidarın fəaliyyəti nəticəsində yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Ulu öndər Heydər Əliyevin böyük siyasi dühası, dəmir iradəsi və əzmi sayəsində Azərbaycan suverenliyini itirmək təhlükəsindən xilas olmuşdur. Ümummilli lider Heydər Əliyev həmin dövrdə ilk addımlarını atan müstəqilliyimizi qorudumüasir, güclü regionda lider ölkə olan Azərbaycan dövlətini yaratdı. Bu gün müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətini özündə yaşadır və inkişaf etdirir. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqımız Respublika Gününü böyük təntənə ilə qeyd edir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yerirolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Daha sonra BDU–nun müəllimi, tarix elmləri doktoru, professor Anar İsgəndərov AXC–nin yaranması zərurəti və fəaliyyəti barədə geniş məruzə ilə çıxış etmişdir.

Bayram tədbiri maraqlı konsert proqramı ilə yekunlaşmışdır.

 

Ramiz YUSİFLİ,

 

Respublika.-2013.-26 may.-S.6.